Məhkəmə qərarları › İş №2(106)-270/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-270/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-270/2023 18.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə Beyləqan Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli 2(020)-1496/2022 saylı qətnaməsindən (hakim R.Nurullayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında "pul" tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, 23 avqust 2021-ci il tarixli “nisyə alğı-satqı müqaviləsinə əsasən 1590 manat gecikdirilmiş borcun, 127.2 manat cərimənin və 38 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, su filterlərinin satışı ilə əlaqədar olaraq Cavabdeh ilə aralarında 23 avqust 2021-cİ il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq alğı-satqı qiyməti 1690 (min altı yüz doxsan) manat məbləğində olan su təmizləmə sistemi quraşdınlaraq cavabdehə təhvil verilmiş və bu barədə müvafiq təhvil-təslim aktı tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. 23 avqust 2021-ci il tarixli saylı nisyə alğı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh su fılterini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbardar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyinin icrasından qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 23 avqust 2021-ci il tarixli BA 25 saylı nisyə alğı-satqı müqaviləsinə görə, cavabdeh alğı-satqı müqaviləsinin 2.4-cü bəndinə göstərilən qaydada 18 ay müddətinə olmaqla hər ayın 1-dən gec olmayaraq, hər ay 100 manat ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsi tərəfindən Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə müvafiq olaraq cavabdehə iddia ərizəsinin surəti, hüquq və vəzifələrinin izahı barədə rəsmi bildiriş göndərilmişdir. Cavabdeh tərəfindən qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etiraz verilməmişdir. Beyləqan Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli 2(020)-1496/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh 23 avqust 2021-ci il tarixli BA 25 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 1590 (min beş yüz doxsan) manat əsas borc, 30 (otuz) manat cərimə və 38 (otuz səkkiz) manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Beyləqan Rayon Məhkəməsində keçirilən məhkəmə iclasları barədə ona məlumat verilmədiyindən, həmin icaslarda iştirak edə bilməmişdir. Bildirir ki, "xxxx" MMC-nin işçiləri tərəfindən satdıqları su filterləri barədə ona yalan informasiyalar verilmiş, guya suyun təmiz və keyfiyyətli olacağı və sair bu kimi vədlər verilmişdir. O da həmin deyilənlərə inanaraq müqavilə bağlamışdır və su fılteriərinin quraşdırılmasına razılıq vermişdir. Lakin, sonradan internet informasiya ehtiyatlarından əldə etdiyi məlumatlara əsasən məlum olmuşdur ki, filterin satışını həyata keçirən şəxslər ona düzgün informasiya verməmişlər. Belə ki, su filterləri suyun tərkibindəki qum, lil ilə yanaşı, insan orqanizmi üçün xeyirli olan mineralları da tutub saxlayır. Belə olan halda suyun minerallıq qabiliyyəti itir. Həmin sudan istifadə etdikdə isə müəyyən xəstəliklər yarana bilər (mənbə: https://modern.az/news/32376/azersudan-heyecan-siqnali-sufilterleri-tehlukelidir-aiqlama/). Bu informasiyaları oxuduqdan və araşdırdıqdan sonra tam əmin olmuşdur ki, iddiaçı "xxxx" MMC-nin əməkdaşları onu aldatmışdır. Aralarında bağlanmış müqavilə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış müqavilədir. Müqavilə bağlandıqdan təxminən 3-4 gün sonra filteri quraşdırmış şəxslərlə əlaqə saxlayaraq, həmin filteri gəlib sökmələrini və müqaviləyə xitam vermələrini xahiş etmişdir. Onlar gözləməyi xahiş etmiş və ona bu barədə məlumat verəcəklərini bildirmişlər. Lakin, daha sonra heç bir məlumat verilməmişdir. Daha sonra bir neçə dəfə iddiaçı "xxxx" MMC ilə əlaqə saxlasa da, bunun bir nəticəsi olmamış, ondan gözləməyi bu barədə ətraflı məlumat veriləcəyi bildirilmişdir. Daha sonra qeyd edilən qətnamə ünvanına gəlimiş və iddiaçı "xxxx" MMC-nin onu məhkəməyə verməsini və qətnamə qəbul edilməsini bilmişdir. İş materialları ilə gedib Beyləqan Rayon Məhkəməsində tanış olduqda, iş materiallarında pretenziya məktubunun olmasını görmüşdür. Lakin, həmin pretenziyanın ona çatdırılmasını sübut edən heç bir dəlil yoxdur. Bildirir ki, həmin pretenziyanı almamışdır. Sadalanan xüsusatlardan da göründüyü kimi, iddiaçı ilə arasında bağlanmış müqavilə etibarsızdır. Belə ki, həmin müqavilə əsaslı yanılmanın təsiri altında bağlanmışdır. Bunu başa düşdükdən dərhal sonra iddiaçının özü ilə əlaqə saxlamışdır, nisyə alqı-satqı müqaviləsinin predmeti olan su fiiterinin geri qaytarılmasını tələb etmişdir. Ondan gözləməyi xahiş edilsə də, iddiaçı tərəfindən xəbəri olmadan məhkəməyə müraciət edilərək, həmin pulun məhkəmə qaydasında ondan tutulması üçün qətnamə qəbul edilmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Şirvan Apellyasiya Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2(106)-2520/2022 saylı qərardadına əsasən Mülki Prosessual Məcəllənin 394-1.4-cü maddəsinə müvafiq olaraq işə iddia icraatı qaydasında məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmə baxış iclaslarında hər hansı bir üzürlü səbəbini bildirmədən iştirak etməmiş, iddiaçı nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayəti əsasında mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın isə rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görədə, məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gələrək, maddi hüquq normalarını düz tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 23 avqust 2021-ci ildə bağlanmış BA 25 saylı müqavilədən görünür ki, iddiaçı tərəfindən müqaviləyə əlavə 1-də göstərilən malın alıcıya satılması, alıcı tərəfindən isə malın dəyərinin ödənilməsi müqavilənin predmetini təşkil etmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən alıcı satılacaq mala görə satıcıya 1690 manat ödəyəcəkdir. Müqavilənin 4.3-cü bəndinə əsasən malın qiymətinin ödənilməsi müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 1-də müəyyən edilən ödəniş cədvəlinə əsasən alıcı tərəfindən icra edilir. Müqavilənin 4.5-ci bəndinə əsasən alıcı ödənişi, ödəniş cədvəlində müəyyən edilmiş müddətdə ödəməzsə, hər gecikdirilmiş gün üçün ödənilməli məbləğin 2% miqdarında dəbbə pulu ödəyəcəkdir. Dəbbə pulunun ödənilməsi alıcını müqavilə üzrə öhdəliklərin icrasından azad etmir. Müqavilənin 7.3-cü bəndinə əsasən alıcı ödənişləri vaxtında həyata keçirməzsə, gecikdirərsə, satıcı bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv edə bilər. Müqavilə vaxtından əvvəl ləğv edildikdə, alıcı müqavilə üzrə ödəmsəli olduğu bütün məbləği 3 iş günü ərzində satıcıya ödəməlidir. İş materiallarına əlavə olunmuş tərəflər arasında 23 avqust 2021-ci ildə bağlanmış BA 25 saylı müqaviləyə əlavə 1-ə əsasən, satıcı "xxxx"MMC bir ədəd KYR006 markalı, 1690 manat dəyərində su filterini ilkin 100 manat ödəniş edilməsi, qalan 1590 manatının isə 30 sentyabr 2021-ci il tarixindən başlayaraq 18 ay müddətində hər ay 90 manat, sonuncu ay isə 60 manat ödənişlər edilməsi şərti ilə alıcı Cavabdeh satmışdır. İş materiallarına əlavə edilmiş 23 avqust 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, təhvil verən "xxxx" MMC tərəfindən bir ədəd KYR006 markalı su təmizləyici sistemi alıcıya məxsus olmaqla Beyləqan rayonunun Yuxarı Aran kəndindəki evdə quraşdırılaraq, tam işlək və qüsursuz vəziyyətdə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 25 avqust 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 23 avqust 2021-ci il tarixli müqavilə üzrə Cavabdeh 1590 manat əsas borc, 127.2 manat cərimə borcu vardır. İş materiallarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, cavabdehdən gecikdirilmiş borcun 3 iş günü ərzində ödənilməsinin təmin olunması xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı diqqətinə çatdırılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ; 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir, 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir, 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir, 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər, 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur, 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin, 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır, 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür, 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Kollegiya hesab edir ki, cavabdeh iddiaçı bağlamış olduğu əşyaların alğı-satqısı müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca yerinə yetirmədiyindən, yəni almış olduğu malın dəyərini ödəmədiyindən, iddiaçının tələbi yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından əsaslı olmuşdur. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunan hallarına əsasən tərəflər arasında bağlanmış əşyaların nisyə alğı-satqısı müqaviləsinə əsasən iddiaçı bir ədəd müqavilədə nəzərdə tutulan su təmizləmə sistemini cavabdehə sataraq, ünvanında quraşdırılması, işlək vəziyyətdə təhvil verilməsi öhdəliyini, cavabdeh isə aldığı malın dəyərini müqavilədə nəzərdə tutulan qaydada ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı öhdəliklərini yerinə yetirsədə, cavabdeh öhdəliklərinin icrasından yayınmışdır. Azərbaycan Respublikası Mülki Mcəlləsinin ; 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər, 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Cavabdehin su təmizləmə sistemi quraşdırılandan sonra internet resurslarından su filterlərinin suyun tərkibindəki qum, lil ilə yanaşı, insan orqanizmi üçün xeyirli olan mineralları da tutub saxlamasından, belə olan halda suyun minerallıq qabiliyyətinin itməsindən, müqaviləni vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlamasından ibarət apellyasiya şikayətinin dəlillərinə qiymət verən kollegiya qeyd edir ki, həmin dəlillər mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, cavabdeh internet resurslarından su təmizləmə sistemi mənzilində quraşdırılandan sonra əldə etdiyi informasiyanı müqavilə bağlayanadək də, əldə edə bilərdi. Qeyd olunan hal isə müqavilənin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması dəlilini şübhə altına alır. Digər tərəfdən cavabdeh mənzilində quraşdırılmış su təmizləmə sisteminin suyun tərkibindəki qum, lil ilə yanaşı, insan orqanizmi üçün xeyirli olan mineralları da tutub saxlamasına, suyun minerallıq qabiliyyətini itirməsinə dair sübutlar verməmişdir. Bunlardan da savayı cavabdeh iddiaçı tərəfindən ona qarşı məhkəmədə iddia qaldırılanadək, müqavilə üzrə aldığı su təmizləmə sisteminin işində aşkarladığı çatışmamazlıqlarla bağlı iddiaçı təşkilata rəsmi qaydada müraciət etdiyini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Cavabdehin apellyasiya şikayətinin dəlilləri faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin yalnız formal mülahizələrə görə ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən olunur. Hazırki iş üzrə iddianın qiyməti 1717.2 manat təşkil etmiş, apellyasiya baxışı zamanı təmin olunan hissədə 1620 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki halda iddianın mübahisələndirilən hissədə qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli 2(020)-1496/2022 qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar