Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-271/2023 11.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlunun (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əvəzi ödənilməklə ictimai yola keçidin (gediş-gəliş yolunun) ayrılması və həmin keçid (gediş-gəliş yolu) üzərində servitut hüququnun tanınması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-10/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara şəhəri, Qum küçəsi 86 ünvanında yerləşən torpaq sahəsinə əvəz ödənilməklə ictimai yola keçidin (gediş-gəliş yolunun) ayrılması və həmin keçid (gediş-gəliş yolu) üzərində servitut hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Astara şəhəri, Qum küçəsi 86 ünvanında yerləşən 0,02666 ha torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsi Cavabdeh tərəfindən satılmışdır. Torpaq sahəsinə gediş-gəliş yolu Cavabdeh torpaq sahəsindən keçir. Cavabdehin torpaq sahəsindən keçid, yəni gediş-gəliş yolunun açılması ilə bağlı Astara Rayon Məhkəməsinə müraciət edilmişdir. Astara Rayon Məhkəməsinin 19 aprel 2016-cı il tarixli, 2(018)-15/2016 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli, 2(106)-1595/2016 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Astara Rayon Məhkəməsinin 19 aprel 2016-cı il tarixli, 2(018)-15/2016 saylı qətnaməsi ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli, 2(106)-1595/2016 saylı qətnaməsində qeyd edilir ki, Astara Rayon Məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan 0,02666 ha torpaq sahəsinə gedən faktiki yol Cavabdeh qanuni mülkiyyətində olduğu üçün tutulmamışdır. Bununla yanaşı qeyd edilmişdir ki, İddiaçı mülkiyyətinə getmək üçün başqa yol mövcud deyil. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli və obyektiv araşdıraraq qeyd etmişdir ki, mövcud mübahisə ilə bağlı iddia tələbinin özü düzgün qoyulmamışdır. Belə ki, ekspertiza rəyindən də göründüyü kimi İddiaçı mülkiyyətində olan torpaq sahəsindən ictimai yola keçid yalnız Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən mümkündür. Belə vəziyyətdə Mülki Məcəllənin 175.1-ci maddəsinə əsasən İddiaçı Cavabdeh tam əvəzi ödənilməklə ictimai yola zəruri keçidin ayrılmasını və həmin keçid üzərində onun servitut hüququnun tanınmasını tələb edə bilərdi. Bundan başqa, yol verilməsi ilə bağlı Cavabdeh razılıq vermiş və bunun müqabilində pul aldığını da yazılı izahatı ilə təsdiq etmişdir. Astara rayon bələdiyyəsinin 29 saylı, xx.xx.2018-ci il tarixli arayışına görə, 0,01 ha torpaq sahəsinin qiyməti 500 manat təşkil edir. Cavabdeh iddia ərizəsinə yazılı qaydada etiraz verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, onun tərəfindən İddiaçı hər hansı torpaq sahəsi satılmamışdır. Sözügedən 0,02666 ha torpaq sahəsi X1. Barat Həsənov aldatma yolu ilə torpaq sahəsini cavabdehdən almışdır. Barat Həsənov bilirdi ki, Cavabdeh mülkiyyətində olan həmin torpaq sahəsinə yol yoxdur və torpaq sahəsindən keçid açılması mümkün deyil. Barat Həsənov cavabdehdən aldığı torpaq sahəsini iddiaçıya satmışdır. İddiaçı aldığı torpaq sahəsinə yolun olmadığını bildiyi halda, cavabdehlə qərəzli münasibətinə görə torpaq sahəsini almış, eyni predmet və eyni əsasla cavabdehə qarşı tələblərlə məhkəməyə müraciət etmişdir. Həmçinin, iddiaçı onunla düşməndir. İddiaçıya mülkiyyətində olan torpaq sahəsindən yol verilməsi mümkün deyil. Cavabdehin həyətindən başqa şəxs üçün yol açılması heç cür mümkün deyil. Cavabdeh iddiaçının həm evini, həm də torpaq sahəsini 100000 manata alarsa, cavabdeh həmin həyətdən çıxaraq başqa yerdə özünə ev ala bilər, əks halda həyətindən yol verilməsi mümkün deyil. Astara Rayon Məhkəməsinin 2(018)-10/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddia təmin edilməmiş, ekspertiza xərcini təşkil edən 100 manat məbləğində pulun İddiaçı alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE **********000 ******* X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFTBİKCTREAZ 22 nömrəli hesaba ödənilməsi, mütəxəssis rəyi ilə bağlı ekspertiza xərcini təşkil edən 300 manat məbləğində pulun İddiaçı alınaraq “X7” MMC-yə "xxxx" ASC Sahil filialı – Kod 201218 VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37 NABZ 013501**********1944, VÖEN **********, Hesab AZ64AİİB400900C**********208 nömrəli hesaba ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 2(018)-10/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməsi Şirvan Apellyasiya Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli, 2(106)- 1595/2016 saylı qətnaməsi ilə bağlı olmuşdur. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli, 2(106)-1595/2016 saylı qətnaməsinin hüquqi məsələlər hissəsində (səh.5) qeyd edilir ki, ekspertiza rəyindən göründüyü kimi İddiaçı mülkiyyətində olan torpaq sahəsindən ictimai yola keçid Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən mümkündür. Mülki Məcəllənin 175.1-ci maddəsinə əsasən iddiaçı cavabdehdən tam əvəzi ödənilməklə ictimai yola keçidin ayrılmasını və həmin keçid üzərində onun servitut hüququnun tanınmasını tələb edə bilər. Bundan əlavə, iddiaçı cavabdehin mübahisəli torpaq sahəsinə ona keçid verəcəyinə dair vəd verməsini iddia etsə də, bu, hər hansı bir sübutla təsdiq edilmir. Apellyasiya şikayətinə əlavə edilmiş cavabdehin 18 sentyabr 2017-ci il tarixli izahatı keçid verəcəyinə dair vəd kimi qəbul edilə bilər. İddia tələbinin təmin edilməməsinə əsas kimi torpaq sahəsinin coğrafi yerləşməsini, hüdudlarını və döngə nöqtələrinin koordinatlarını müəyyən edən torpaq sahəsinin planı və ölçüsü sənədi DƏDRX-nin müvafiq ərazi idarəsi tərəfindən tərtib edilməməsinə əsaslanmışdır. Halbuki, Şirvan Apellyasiya Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli, 2(106)-1595/2016 saylı qətnaməsi ilə mülkiyyətində olan torpaq sahəsinə yol cavabdehin mülkiyyətində olan torpaq sahəsindən mümkündür. Əgər torpaq sahəsinin coğrafi yerləşməsi məlum deyilsə, DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışı hansı əsaslara görə onun adına verilmişdir? Çıxarışa əsasən 0,02666 hektar torpaq sahəsi ünvan 1 ünvanda da cavabdehin fərdi yaşayış evi yerləşir. Həmin ünvanda da iddiaçıya satılmış torpaq sahəsi yerləşir. Mülkiyyətində olan torpaq sahəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsidir və X6 alqı-satqı qaydasında satılmış və X8 da həmin torpaq sahəsini iddiaçıya satmış, iddiaçının adına DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarış verilmişdir. Cavabdeh torpaq sahəsinə yol verilməsinə dair yazılı izahat vermiş və yazılı izahatında torpaq sahəsinə getmək üçün maşın yoluna icazə verdiyini təsdiq edir. Hal-hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə heç bir yerdən yol yoxdur. Bunları Astara Rayon Məhkəməsi mülki qanunvericiliyin tələbləri baxımından araşdırmamışdır. Astara Rayon Məhkəməsinin 19 aprel 2016-cı il tarixli, 2(018)-15/2016 saylı qətnaməsi ləğv edilsə də, həmin iş üzrə olan ekspert rəyinin mötəbər sübut olması Şirvan Apellyasiya Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli, 2(106)-1595/2016 saylı qətnaməsi ilə təsdiq olunur. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli, 2(106)-1595/2016 saylı qətnaməsində həmin ekspert rəyinə əsaslanması ekspert rəyinin qüvvədə olduğunu təsdiq edir. Belə ki, Astara Rayon Məhkəməsinin 19 aprel 2016-cı il tarixli, 2(018)-15/2016 saylı qətnaməsində ekspert rəyinə istinad etməklə qeyd edilmişdir ki, Astara Rayon Məhkəməsi tərəfindən təyin edilmiş torpaqşünaslıq ekspertizasının rəyinə əsasən iddiaçının mülkiyyətində olan 0,02666 ha torpaq sahəsinə gedən faktiki yol cavabdehin qanuni mülkiyyətində olduğu üçün tutulmamışdır, iddiaçının mülkiyyətinə getmək üçün başqa yol mövcud deyil. Bu iş üzrə Astara Rayon Məhkəməsi torpaq sahəsinin yerləşdiyi əraziyə yerli baxış keçirsəydi, torpaq sahəsinə heç bir yerdən yol olmadığını müəyyən edə bilərdi. Məhkəmə yerli baxış keçirmədən və heç bir əsas olmadan qətnamədə (səh.4) hazırkı işin faktiki halları ilə iddiaçının mülkiyyətində olan Astara şəhəri, Qum küçəsində yerləşən 0,02666 ha torpaq sahəsinə gediş-gəliş üçün yol yalnız cavabdehin mülkiyyətində olan torpaq sahəsində olan yoldan keçməsi halı sübut edilməmişdir kimi göstərilmişdir. Həmin halın əsassızlığını Şirvan Apellyasiya Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli, 2(106)-1595/2016 saylı qətnaməsi təsdiq edir. Məhkəmə torpaq sahəsinin yerləşdiyi əraziyə yerli baxış keçirilməsini təmin etsəydi, belə bir nəticəyə gəlməzdi. Astara Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə ekspertlərin gəldiyi nəticə üst-üstə düşmür. Ekspertlər əsassız olaraq ekspertiza təyini barədə qərardadın ikinci və üçüncü sualları üzrə tədqiqat aparmamışlar. Torpaq sahəsinə yol verilməsi əsasları MM-in 175.1-ci maddəsində təsbit edilmiş və bu da Astara Rayon Məhkəməsinin qətnaməsinin əsassızlığını təsdiq edir. Cavabdeh hərəkətləri ilə sui-istifadəyə yol verir, iddiaçının mülkiyyətində olan torpaq sahəsində mülkiyyət hüquqlarını həyata keçirməsinə mane olur. Heç bir əsas olmadan mülkiyyətində olan torpaq sahəsinə qanuni əsaslarla yolun verilməsindən imtina edir. Bunlar sübutlarla təsdiq olunur. İş materiallarından aydın olur ki, hazırda iddiaçının torpaq sahəsinə zəruri yol yoxdur. Lakin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə yolun verilməsi üçün ən əlverişli variant cavabdehin mülkiyyətində olan torpaq sahəsindən müəyyən hissənin ayrılmasıdır. Belə ki, məhkəmənin istinad etdiyi məhkəmə ekspertizası rəyindən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinə daxil olmaq üçün yol mövcud deyil. İddiaçıya məxsus evə cavabdehə məxsus torpaq sahəsindən piyada və nəqliyyat yolunun verilməsi mümkün, cavabdehə məxsus torpaq sahəsindən başqa digər ərazidən zəruri yolun verilməsi isə mümkün deyil. Torpaq sahəsinə zəruri yolun verilməməsi iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı teleqramla məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini bildirmiş, məhkəmə iclasının onsuz keçirilib ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh da teleqramla məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin tamamilə ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Astara şəhəri, Qum küçəsində yerləşən 0,02666 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı həyətyanı torpaq sahəsi 16 iyun 2015-ci ildə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə surəti olan Astara Rayon Məhkəməsinin 19 aprel 2016-cı il tarixli, 2(018)-15/2016 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək, Astara şəhəri, Qum küçəsində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı və ******* saylı Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətinə 16 iyun 2015-ci il tarixdə qeydiyyata alınan 0,02666 hektar həyətyanı torpaq sahəsinə, Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən zəruri yolun açılması, İddiaçı 300 manat birdəfəlik ödəniş şəklində kompensasiyanın alınıb Cavabdeh verilməsi qət edilmişdir. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2016-cı il tarixli, 2(106)-1595/2016 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Astara Rayon Məhkəməsinin 19 aprel 2016-cı il tarixli, 2(018)-15/2016 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə zəruri yolun açılması” tələbinə dair iddiası təmin edilməmişdir. İşdəki “X7” MMC-nin 17 noyabr 2021-ci il tarixli, 421 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, mübahisələndirilən yol ərazisi üzrə tədqiq olunan 0,02666 ha torpaq sahəsi AR ƏMDK yanında DƏDRX-nin 10 saylı ərazi idarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli seriya RX ******* saylı çıxarışla İddiaçı mülkiyyətinə verilmişdir. Lakin həmin torpaq sahəsinin coğrafi yerləşməsini, hüdudlarını və döngə nöqtələrinin koordinatlarını müəyyən edən Torpaq sahəsinin planı və ölçüsü sənədi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsi tərəfindən tərtib edilməmişdir. Mərz nöqtələri (koordinatları) bəlli olmayan torpaq sahəsi üzərində sualları cavablandırmaq mümkün deyil. Bu səbəbdən qərardadda qoyulmuş sualları cavablandırmaq mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. İşdəki 28 mart 2022-ci il tarixli, 10/7300 saylı ekspert rəyində qeyd edilmişdir ki, AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, seriya RX ******* saylı Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş Astara şəhəri, Qum küçəsində yerləşən 0,02666 ha torpaq sahəsinin koordinatları və döngə nöqtələri müəyyən edilməsi mümkün olmamışdır. Bu səbəbdən də qərardadın ikinci və üçüncü sualları ilə bağlı tədqiqat aparılmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyası bildirir ki, “X7” MMC-nin 17 noyabr 2021-ci il tarixli, 421 nömrəli rəyi hazırkı iş mötəbər sübut olaraq qəbul edilə bilməz. Belə ki, həmin MMC-nin bu cür mübahisələr üzrə rəy verməsi əsaslı olmamaqla yanaşı, onun torpaq mübahisələri ilə bağlı rəy vermək səlahiyyəti də müəyyən edilmir. Həmin rəy əsasında verilmiş 28 mart 2022-ci il tarixli, 10/7300 saylı ekspert rəyi də mötəbər sübut olaraq qəbul olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin onu da vurğulayır ki, həmin rəylərin sübut kimi qəbul edilməməsi həm də həmin rəylərlə hər hansı bir halın müəyyən edilməməsi ilə bağlıdır. İddiaçı apellyasiya şikayətində tərəflər arasında əvvəllər olmuş məhkəmə mübahisəsi zamanı alınan 16 fevral 2016-cı il tarixli, 1295 saylı ekspert rəyinə istinad etmişdir. Lakin məhkəmə kollegiyası bildirir ki, qeyd edilən ekspert rəyi hazırkı iş üzrə təyin edilmiş ekspertiza nəticəsində alınmamışdır. MPM-in 99.1-ci maddəsinə əsasən, ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən istinad edilən ekspert rəyinin özü ayrıca olaraq iş materiallarında olmamaqla yanaşı, onun bu qaydalara riayət olunmaqla alındığını müəyyən etmək olmur. Bu səbəblərdən məhkəmə kollegiyası iddiaçı tərəfindən istinad edilmiş həmin ekspert rəyini hazırkı iş üzrə iddiaçının tələbinin əsasını təsdiq edən mötəbər sübut olaraq qiymətləndirmir. Qeyd edilənləri nəzərə alan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 01 fevral 2023-cü il və 21 iyun 2023-cü il tarixli qərardadlar qəbul edilməklə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli, **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Astara şəhərinin Qum küçəsində yerləşən 0,02666 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin, kontur və koordinatlarının müəyyənləşdirilməsi, iddiaçının Astara şəhərinin Qum küçəsində yerləşən 0,02666 ha həyətyanı torpaq sahəsindən ictimai yola hər hansı keçidin (gediş-gəliş yolunun) olubolmamasının müəyyən edilməsi, əgər iddiaçının Astara şəhərinin Qum küçəsində yerləşən 0,02666 ha həyətyanı torpaq sahəsindən ictimai yola hər hansı keçid (gediş-gəliş yolu) yoxdursa, belə keçidin (gediş-gəliş yolunun) cavabdehin torpaq sahəsindən ayrılmasının mümkünlüyünün müəyyən edilməsi, belə keçidin ayrılması mümkündürsə, həmin keçidin hansı ölçüdə olması, cavabdehin torpaq sahəsindən istifadə etməklə ayrıla biləcək keçiddən başqa, iddiaçının torpaq sahəsindən ictimai yola ən səmərəli keçidin (gediş-gəliş yolunun) ayrılması üçün alternativ imkanın mövcud olub-olmaması, belə keçidin ayrılması mümkündürsə, həmin keçidin hansı ölçüdə olmalı olması, heç bir qonşunun həyətyanı sahəsinə müdaxilə etmədən iddiaçının torpaq sahəsindən ictimai yola keçidin (gediş-gəliş yolunun) ayrılmasının mümkün olub-olmaması, belə keçidin ayrılması mümkündürsə, həmin keçidin hansı ölçüdə olmalı olması barədə suallar qoyulmuş, ekspertizanın məhkəməyə məlumat verilməklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin mütəxəssisləri tərəfindən müvafiq rəy tərtib edilməklə, tərəflərin iştirakı ilə keçirilməsi qərara alınmışdır. İşdəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 25 may 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Cavabdeh qarşı “əvəzi ödənilməklə ictimai yola keçidin (gediş-gəliş yolunun) ayrılması və həmin keçid (gediş-gəliş yolu) üzərində servitut hüququnun tanınması” tələbinə dair mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasında iştirak edilməsi, mütəxəssis rəyinin, baza məlumatlarının, mübahisəli torpaq sahəsinin koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxemin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilməsi barədə müraciətlərə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsində baxılmışdır. Müraciətdə göstərilən tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyinin hazırlanması təmin ediləcəkdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 04 yanvar 2021-ci il tarixli, 02 nömrəli Qərarına uyğun olaraq iş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc barədə tərtib olunmuş smeta və hesab vərəqi təqdim edilir. Təqdim edilən smetada nəzərdə tutulmuş xidmət haqqı ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə təqdim olunacağı təqdirdə mütəxəssis rəyinin məhkəməyə göndərilməsi təmin ediləcəkdir. Məktuba əlavə edilmiş mütəxəssis rəyinin verilməsinə dair ekspertiza xərclərinin 066 nömrəli, 18 may 2023-cü il tarixli smetasına əsasən 95 manat xidmət haqqı ödənilməlidir. Mütəxəssis rəyinin verilməsi üçün ödənilməli olan 95 manat məbləğində xidmət haqqının ödənilməsi ilə bağlı İddiaçı 02 iyun 2023-cü il tarixli məktubla rəsmi məlumat göndərilmiş, ona ödənişin edilməməsi halında ekspertiza üzrə rəyin verilməyəcəyi və işdə olan sübutlar əsasında mübahisəyə hüquqi qiymət veriləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Həmin məktubun 07 iyun 2023-cü il tarixində çatdırılmasına baxmayaraq, mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqının ödənilməsinə dair iddiaçı tərəfindən hər hansı hərəkət icra edilməmişdir. İş materiallarında olan 118 nömrəli, 06 iyun 2023-cü il tarixli telefonoqramdan görünür ki, həmin tarixdə iddiaçının əri X4 istifadəsində olan mobil telefonla əlaqə saxlanılaraq mütəxəssis rəyinin verilməsinə dair ekspertiza xərclərinin smetası barədə və MPM-in 97.5-ci maddəsi barədə ona məlumat verilmiş, iddiaçının əri X9 maddi imkanlarının olmadığı üçün 95 manat məbləğində xidmət haqqını ödəyə bilməyəcəyini qeyd etmişdir. Bundan sonra, mütəxəssis rəyinin verilməsi üçün ödənilməli olan 95 manat məbləğində xidmət haqqının ödənilməsi ilə bağlı iddiaçıya və cavabdehə 24 iyun 2023-cü il tarixli məktubla yenidən rəsmi məlumat göndərilmiş, onlara ödənişin edilməməsi halında ekspertiza üzrə rəyin verilməyəcəyi və işdə olan sübutlar əsasında mübahisəyə hüquqi qiymət veriləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Həmin məktub 04 iyul 2023-cü il tarixində cavabdeh tərəfindən, 05 iyul 2023-cü il tarixində isə iddiaçı tərəfindən qəbul edilsə də, yenə də tərəflər mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqının ödənilməsinə görə hər hansı hərəkət icra etməmişlər. İşdəki 177 nömrəli, 25 iyul 2023-cü il tarixli telefonoqramdan görünür ki, həmin tarixdə mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqının ödənilməsi ilə əlaqədar iddiaçı ilə onun istifadəsində olan mobil telefon vasitəsilə əlaqə saxlanılmış, ona MPM-in 97.5-ci maddəsi barədə yenidən xəbərdarlıq edilmiş, iddiaçı xidmət haqqının ödənilməsi ilə bağlı məlumatlandırılmasına baxmayaraq, maddi vəziyyətinə görə ödəniş etmək iqtidarında olmadığını bildirmişdir. İşdəki 178 nömrəli, 25 iyul 2023-cü il tarixli telefonoqramdan görünür ki, həmin tarixdə mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqının ödənilməsi ilə əlaqədar cavabdeh ilə onun istifadəsində olan mobil telefon vasitəsilə əlaqə saxlanılmış, cavabdeh mütəxəssis rəyinin verilməsi üçün xidmət haqqının ödənilməsi ilə əlaqədar məlumatlandırıldığını, lakin həmin xidmət haqqını iddiaçının ödəməli olduğunu qeyd edərək, xidmət haqqını ödəməyəcəyini bildirmişdir. MPM-in 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Beləliklə, iddiaçı Astara şəhəri, Qum küçəsi 86 ünvanında yerləşən torpaq sahəsinə əvəz ödənilməklə ictimai yola keçidin (gediş-gəliş yolunun) ayrılması və həmin keçid (gedişgəliş yolu) üzərində servitut hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etsə də, həmin məsələ ilə bağlı xüsusi bilik tələb edən mübahisəli halların müəyyənləşdirilməsi üçün təyin edilmiş ekspertiza üzrə mütəxəssis rəyinin verilməsinə görə nəzərdə tutulmuş 95 manat məbləğində xidmət haqqını bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, ödəməmişdir. Belə olan halda isə məhkəmə kollegiyası iddiaçının ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəməməsini nəzərə alaraq və MPM-in 97.5-ci maddəsini tətbiq edərək, belə nəticəyə gəlir ki, barəsində ekspertiza təyin edilən faktlar rədd edilmiş hesab edilməli, iddiaçının tələbinin əsasını təşkil edən hallar sübut edilməmiş sayılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, servitut — bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır . Torpaq Məcəlləsinin 54.3-cü maddəsinə əsasən, torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 175.1-ci maddəsinə əsasən, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. MM-in 175.2-ci maddəsinə əsasən, sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Həmin Məcəllənin 255.1-ci maddəsinə əsasən, servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Mülki Məcəllənin 255.4-cü maddəsinə əsasən, servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı öz tələbinin əsasını təşkil edən halları sübut edə bilməmiş və MPM-in 97.5-ci maddəsinin tələbləri barədə xəbərdar edilməsinə baxmayaraq, ekspertizanın aparılması üçün tələb olunan xərcləri – mütəxəssis rəyinin verilməsinə görə nəzərdə tutulmuş 95 manat məbləğində xidmət haqqını ödəməmiş, iddiaçının istinad etdiyi 16 fevral 2016-cı il tarixli, 1295 saylı ekspert rəyi hazırkı iş üzrə alınmadığına görə hazırkı mübahisənin həllində mötəbər sübut kimi qəbul edilməmişdir. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 2(018)-10/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-271/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-271/2023
11.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver