Məhkəmə qərarları › İş №2(106)-275/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-275/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-275/2023 16.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Ağcabədi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusuna uyğun razılığa əsasən Сəsarət Ələkbərova 27 yanvar 2020-ci il tarixli, 0064075AZN06795 nömrəli kredit müqaviləsinə əsasən 18 ay müddətinə, illik 26 % ödənilməsi şərtilə 2000 manat məbləğində kredit verilmişdir. Hazırkı tələbində İddiaçı ASC Cavabdeh 27 yanvar 2020-ci il tarixli, 0064075AZN06795 nömrəli kredit müqaviləsinə əsasən 600.65 əsas borc, 60.22 faiz borcu və 1273.90 manat cərimə borcu olmaqla, cəmi 1934.79 manat və ödənilmiş 40 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh kredit xətti müqaviləsi və kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. Birinci instansiya məhkəməsində iddiaya qarşı münasibətini bildirməsi barədə cavabdehə müvafiq məktub göndərilmiş, müəyyən edilmiş müddət ərzində cavabdehin münasibət məktubu məhkəməyə daxil olmamışdır. Ağcabədi Rayon Məhkəməsinin (hakim R.Nuriyev) 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin iddiası qismən təmin edilmiş, Cavabdeh 27 yanvar 2020-ci il tarixli, 0064075AZN06795 nömrəli kredit xətti müqaviləsinə əsasən 600.65 əsas borcun, 60.22 faiz borcunun və 100 manat dəbbə (cərimə) pulunun və ödənilmiş 40 manat dövlət rüsumunun, cəmi 800 (səkkiz yüz) manat 87 (səksən yeddi) qəpik pulun alınaraq iddiaçı "PAŞA BANK” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 467, 739.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı ASC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- cərimə borcuna dair hissədə ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi hesablanan cərimə pulunun azaldılmasını əsaslandırmamışdır. Həmçinin borcalan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Prosessualməsələlər Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 06 yanvar 2023-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Əsaslandırma Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı tərəf cərimə borcunu mübahisələndirmişdir. İşin hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh (bundan sonra "Borcalan") arasında xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC- 13416İB/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusuna uyğun razılığa əsasən Cavabdeh 27 yanvar 2020-ci il tarixli, 0064075AZN06795 nömrəli kredit müqaviləsinə əsasən 18 ay müddətinə, illik 26 % ödənilməsi şərtilə, 2000 manat məbləğində kredit verilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, borcun ödənilməsində pozuntular olduğuna, müqavilə şərtlərinə əməl edilmədiyinə görə, Bank əvvəlcə yazılı surətdə cavabdehdən borcunu tələb etmiş, borcun ödənilməsi təmin edilmədiyindən məhkəməyə müraciət etmişdir. İddiaçı borcunu müqavilə müddəti bitdikdən sonra tələb etmişdir. İşin hallarından görünür ki, cavabdeh (borclu) borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdeh borcunu qrafikə uyğun olaraq vaxtında ödəməməklə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçının xəbərdarlığına baxmayaraq, mövcud borcunu ödəmədiyindən bu icranı gecikdirmə sayılmalıdır. Ona görə də iddiaçı kredit borcunu və borca hesablanmış cəriməni haqlı olaraq tələb etmiş, məhkəmə də tələbi təmin etmişdir. İddiaçı tərəf apellyasiya şikayətində qətnaməni cərimə borcuna dair hissədə mübahisələndirmiş, məhkəmə tərəfindən əsassız olaraq cərimə borcunun azaldıldığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Kollegiya işə apellyasiya şikayəti həddində baxaraq, cərimə borcunun artırılması üçün əsas görmür. Belə ki, birinci instansiya məhkəməsi əsas borca mütənasib olaraq cərimə məbləği müəyyən etmişdir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırda mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Ona görə də hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(017)-1750/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar