Məhkəmə qərarları › İş №2(106)-277/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-277/2025

16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-277/2025 16.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-277/2025 Açar sözlər: alimentin miqdarının artırılması tələbi. X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2(049)-3071/2024 saylı qətnaməsindən (hakim M.Aslanov) cavabdehin nümayəndəsi (anası) Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh xx.xx.2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üzrə alimentin (məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq) Lənkəran Rayon Məhkəməsinin 2(049)-891/2012 saylı, 02 may 2012-ci il tarixli qətnaməsi ilə təyin olunmuş və cavabdehdən tutulan alimentin miqadarı artırılaraq 400 manat sabit pul məbləğində aliment müəyyən edilməklə alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Lənkəran rayonu, Boladi kəndində yaşayır. Cavabdeh ilə 2009-cu il tarixdə evlənmişlər. Nikahı 29 mart 2011-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahdan 02 oktyabr 2010-cu il tarixdə Rəqsanə adlı övladı anadan olmuşdur. Cavabdeh ilə ilk vaxtlarda münasibətləri normal olsa da, lakin sonradan bu münasibətlər pozulmuş və Lənkəran Rayon Məhkəməsinin 2(049)- 184/2012 saylı, 27 mayrt 2012-ci il tarixli qətnaməsi ilə nikahı pozulmuşdur. Sonradan alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdim və Lənkəran Rayon Məhkəməsinin 2(049)-891/2012 saylı, 02 may 2012-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh övladı 02 oktyabr 2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində olmaqla hər ay 50 (əlli) manat alimentin alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda övladının saxlanması üçün əvvəlki qətnamədə qeyd edilən aliment övladının aylıq vacib tələbatlarını ödəməyə yetmir. Uşağın təlim və tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını da ödəmək tək qadın olaraq ona çox çətindir. Uşaq böyüdükcə maddi ehtiyacları və gündəlik tələbatları artmış, həmçinin uşaq üçün ərzaq, geyim, məktəb ləvazimatları və dərsliklər böyük xərc tələb edir. Bir məktəbli uşağın hər ayda xərci 300-350 manat həddinə çatır. Lakin cavabdeh uşağın bu ehtiyaclarına qarşı heç bir diqqət və qayğı göstərmir. Ölkə, qanunvericiliyi daima artmaqda olan qiymətləri nəzərə alaraq uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu hər il artırır. Hesab edir ki, qanunvericiliyin bu tələbini rəhbər tutub - uşağının da aliment miqdarı qanunla hər il uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu 235 manat miqdarında müəyyən edilməlidir. Hesab edir ki, maddi vəziyyəti məhkəmənin çıxaracağı adil qərarla düzələcək. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında iddia ərizəsində göstəriklərini təsdiq edib, cavabdehin uşaqları uzun müddətdir görmədiyini, uşaqları ilə maraqlanmadığını, təyin edilmiş alimenti ödəmədiyini bildirərək alimentin miqdarının artırılmasını xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişini poçt vasitəsi ilə alsa da, məhkəmə iclasına gəlməmiş, lakin onun nümayəndəsi Nümayəndə2 məhkəməyə xx.xx.2024cü il tarixdə ərizə göndərərək iddianı qismən qəbul etdiyini və 100 manat aliment verə biləcəyini qeyd etmişdir. Lənkəran Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2(049)-3071/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2010-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(049)-891/2012 saylı qətnaməsi əsasında cavabdeh İbadov(İbadsoy) Ramin Rəcəb oğlundan hər ay tutulmalı olan alimentin həcmi artırılaraq hər ay üçün 200 (iki yüz manat) manat sabit pul məbləğində müəyyən edilmiş və xx.xx.2010-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İbadov(İbadsoy) Ramin Rəcəb oğlundan qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi (anası) Nümayəndə2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsindən başa düşülür ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmənin alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Demək məhkəmə 2012-ci ildə qətnamə qəbul edərkən tərəflərin maddi vəziyyəti nəzərə alaraq alimentin təyin etmiş, lakin həmin vaxt işləmədiyindən aliment sabit pul məbləğində müəyyən edilmişdir. Məhkəmənin müəyyən etdiyi 50 manat aliment məbləğini birdən-birə 200 manata yüksəltməsi düzgün deyil. Eyni zamanda Cavabdeh yeni evliliyindən olan 2 nəfər xx.xx.2014-cü il təvəllüdlü Rəsul İbadovun və xx.xx.2016-cı il təvəllüdlü Rəcəb Dadaşov adlı azyaşlı uşaqlarının olmasını, onların dolanışıqları üçün maddi vəziyyətlərini nəzərə almadan 200 manat aliment müəyyən etmişdir. İddiaçı özü əmək qabiliyyətli olmaqla uşaqların saxlanılması üçün müəyyən işlər görə bilər, Ailə Məcəlləsi uşaqların saxlanılması borcunu valideynlərin üzərinə qoymuş, yəni hər iki valideyn uşaqların saxlanılması üçün əlindən gələni etməlidir. İddiaçı da özü işləyib uşaqların saxlanılması üçün lazımı tədbirlər görməli olduğu halda bunu etmir və bütün təlabatını cavabdehdən almağa çalışır. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və cavabdeh tərəfə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdehin nümayəndəsinin vermiş olduğu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, mahiyyətcə qətnaməni tam olaraq mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin şikayətinin dəlilləri üzrə, tam yoxlanılmasını qanunauyğun hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşağlarını saxlamadıqda uşağlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşağların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardı “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında göstərirlir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 235 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının və cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 891/2012 saylı, 02 may 2012-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin İbadov(İbadsoy) Ramin Rəcəb oğlundan tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hər iki tərəfin və uşağın mənafeyini nəzərə alaraq, alimenti artırmış və 200 manat müəyyən etmişdir. Qətnaməni cavabdehin nümayəndəsi (anası) mübahisələndirir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yaxud da, dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun keçən on iki il ərzində artmasını, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini, uşağın hazırda iddiaçının yanında olmasını nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə iddianı qismən təmin etmişdir. Məhkəmə uşaqların saxlanması üçün alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanması üçün cavabdehin indiyədək iddiaçıya ödəməli olduğu alimentin miqdarını, 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, eyni zamanda, alimentin miqdarı müəyyən olunduqdan sonra keçən müddət ərzində alimentin miqdarının artırılması barədə müraciət olunmadığını və alimentin miqdarının artırılmadığını, habelə, uşağın saxlanması valideynin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə tərəflərin birgə nikahından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilməsini qət etmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi hər iki tərəfin və uşağın mənafeyini nəzərə alaraq, alimenti artırıb 200 manat sabit pul məbləğində müəyyən etmişdir. Cavabdehin qazancının aşağı olması və s. barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir və belə əsaslar onu aliment öhdəliyindən azad edə bilməz. Eyni zamanda ölkə üzrə uşaqlar üçün yaşayış minimumu artıq 235 manat müəyyən edilmişdir, Məhkəmə də, məhz hər iki tərəfin maddi vəziyyətini nəzərə alaraq 200 manat aliment təyin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində gətirdiyi dəlillər qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən olunur. Hazırkı iş üzrə alimentin artırılması hissədə iddianın qiyməti 5000 manatdan çox deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göründüyü kimi hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehin nümayəndəsi (anası) Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2(049)-3071/2024 saylı qətnaməsi Cavabdehin nümayəndəsi (anası) Nümayəndə2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar