Məhkəmə qərarları › İş №2(106)-281/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-281/2023

09.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-281/2023 09.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Sulidin oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işi üzrə Lerik Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(048)-701/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü X3 adlı uşaqın yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər ay Cavabdeh 193 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(048)-701/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Lerik Rayon Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli 2(048)-425/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi, əlavə olaraq 50 (əlli) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Lerik rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan nikah qeydi pozulmuş onların birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 70 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Hazırda təyin olunmuş alimentin miqdarı uşağın heç bir təlabatını ödəmir. Uşaq məktəblidir. Məsrəfləri yetərincə artmışdır. Uşağın bütün qayğısını və ehtiyaclarını tamamilə özü çəkir. Bu səbəbdən də alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə teleqramla müraciət edərək iddanı qəbul etdiyini, işə onun iştirakı olmadan baxılıb alimentin miqdarı artırılaraq 193 manat miqdarında olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X7 iddianı qismən qəbul edərək bildirmişdir ki, hazırda oğlu Gənclik City” restaranında kababçı vəzifəsində işləməklə 300 manat əmək haqqı alır, iddiaçının tələb etdiyi alimentin miqdarı çoxdur, bütün bunları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan Lerik Rayon Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli 2(048)-425/2014 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin sürətlərindən görününr ki, tərəflərin xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 adlı uşaqları vardır. İş materiallarına əlavə edilmiş 06 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən “Gənclik City” restaranında kababçı vəzifəsində işləyir.Restoranın ştat cədvəlinə uyğun olaraq Cavabdeh 300 (üç yüz) manat məbləğində əmək haqqı alır. Lerik Rayon Məhkəməsi mülki işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Lerik Rayon Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli 2(048)-425/2022 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda cavabdehin ödəməli olduğu aliment uşaqın tələbatını ödəmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları- onlara əsas qayğı obyektidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasını nəzərə alaraq belə hesab etmişdir ki, Lerik Rayon Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli 2(048)-425/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi, əlavə olaraq 50 (əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat. a) Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gǝliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin (gəlirindən) müəyyən hissə valideynin qazancından kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunvericiliyin tələbi onu göstərir ki, alimentin tutulmasını tələb edən valideynin xahişi ilə aliment sabit pul məbləğində tutula bilər. Buna istinad edərək iddiasında alimentin sabit pul məbləğində tutulmasını xahiş etmişdir. Belə ki, şəxsin peşəsinin olmaması onu tez-tez iş dəyişməyə məcbur edir. Bu isə gələcəkdə alimentin tutulmasında müəyyən problemlər yarada bilər. 2022-ci il üçün yaşayış minimumu haqqında qanuna Əsasən uşaqların yaşayış minimumu 193 manat müəyyən olunmuşdur. Lakin məhkəmə qətnamə qəbul edən zaman ümumiyyətlə yaşayış minimumu haqqında qanuna istinad etməmiş və yaşayış minimumdan çox aşağı aliment təyin etmişdir. Qeyd edilənlərə əsasən üzrə Lerik Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(048)701/2022 saylı qətnaməsinin ləğv edilərək apellyasiya şikayətinin tam təmin olunması və alimentin miqdarının artırılaraq sabit pul məbləğində 193 manat müəyyən olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı və cavabdeh tərəf hər hansı bir üzürlü səbəb olmadan məhkəmədə iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə cavabdehin hərbi qulluqçu kimi aylıq sabit qazanc əldə etməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment müəyyən edilməlidir. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Sübutların qiymətləndirilməsi: Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator Lerik Rayon Məhkəməsinin 02 dekabr 2022ci il tarixli, 2(048)-701/2022 saylı qətnaməsinin ləğv edilərək apellyasiya şikayətinin tam təmin olunması və alimentin miqdarının artırılaraq sabit pul məbləğində 193 manat müəyyən olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası Lerik Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(048)-701/2022 saylı qətnaməsini tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə, alimentin tutulması qaydası və məbləği dəyişdirilməlidir. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, həmin apellyasiya şikayətində qeyd olunanlar şikayətin təmin edilməsi və alimentin tutlması qaydası və məbləğinin dəyişdirilməsi üçün əsaslıdır. Belə ki, birinci instаnsiyа məhkəməsi аlimentin miqdаrını müəyyən edərkən tərəflər arasındakı qarşılıqlı münasibətə, uşağın azyaşlı olmaqla ananın himayəsində olmasına, tələbin alimentin yalnız sabit məbləğdə müəyyən edilməsi, alimentin eləcə də uşaqlar üçün yaşayış minimumunun məbləğinə xüsusi diqqət yetirməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında qeyd etdiyi dəlillər onu uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşaqları saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin izahatında qeyd etdiyi dəlillər, onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi atanın da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarının cavabdehin hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi və əlavə olaraq 50 (əlli) manat sabit pul məbləğində müəyyən edərkən düzgün nəticəyə gəlməmişdir. Birincisi ona görə ki, Lerik Rayon Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli, 2(048)- 425/2014 saylı qətnaməsi ilə də müəyyən edilmiş alimentin miqdarı sabit məbləğdə olmuş, həmçinin iddiaçının tələbi də alimentin sabit məbləğdə müəyyən edilməsi olmuşdur. İkincisi kollegiya Cavabdeh xx.xx.2022-ci il tarixdən “Gənclik City” restoranında kababçı vəzifəsində işləyərək 300 (üç yüz) manat məbləğində əmək haqqı almasına da etibarlı yanaşmır. Çünki arayışdan da göründüyü kimi cavabdeh “Gənclik City” restoranında xx.xx.2022-ci il tarixdən işləyir. Bu isə kollegiyaya cavabdehin qazancının (gəliri) qeyrimüntəzəm və dəyişən olması qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən cavabdehin hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi və əlavə olaraq 50 (əlli) manat sabit pul məbləğində aliment (cəmi 125 manat), uşağın fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyüməsi və inkişaf etməsi üçün heç də kifayət qədər yetərli sayıla bilməz. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Ona görə də kollegiya belə qənaətə gəlir ki, müəyyən olunmuş alimentin qaydası və miqdarı dəyişdirilməli və Cavabdeh tutulacaq alimentin məbləği 193 manat müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Lerik Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(048)-701/2022 saylı qətnaməsi alimentin tutulması qaydası və onun məbləğinə münasibətdə dəyişdirilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu (193-70=123; 123x12=1476) 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qətetdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lerik Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(048)-701/2022 saylı qətnaməsi müəyyən olunmuş alimentin miqdarı hissəsində dəyişdirilsin. Lerik Rayon Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli, 2(048)-425/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 193 manat müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar