Məhkəmə qərarları › İş №2(106)-285/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-285/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-285/2025 19.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ogluna qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2(073)-1384/2024 saylı qətnaməsindən (hakim Q.Paşayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh ogluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, 18000 (on səkkiz min) manat borcun və 144 (bir yüz qırx dörd) manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2010-cu ildən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən "Sədərək” Ticarət Mərkəzində icarə əsasında 2-ci zona, 8A sırası, beton yolunda yerləşən mağazada tekstil məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olur. Həmin malları xaricdən nəğd qiymətə alır və qazanc əldə etmək məqsədi ilə topdan və pərakəndə satır. Hazırkı iş üzrə Cavabdeh 2011-ci ildən tanımışdır. Həmin vaxtlar İlkin "Sədərək" Ticarət Mərkəzində olan müxtəlif tekstil mağazalarında satıcı, həmçinin onların da mağazalarında 2011-ci ildən 2015-ci ilədək olan müddət ərzində satıcı kimi işləmişdir. 2018-ci ilin yay aylarından isə İlkin özü "Sədərək" Ticarət Mərkəzində icarəyə mağaza götürərək, müstəqil olaraq işləməyə başlamışdır. 2021-ci ilin iyun ayının əvvəllərində İlkin ona zəng edərək, pulunu hissəhissə ödəmək şərti ilə nisyə tekstil malları olan müxtəlif parçalardan satmasını ondan xahiş etmişdir. Cavabdeh ilə həmyerli olduğunu, qardaşı Firdovsi və digər qohumları ilə yaxşı münasibətləri olduğunu nəzərə alaraq etiraz etməmiş və nisyə mal verməyə razılaşmışdır. Həmin vaxtdan başlayaraq Cavabdeh təxminən 5000 manat məbləğində müxtəlif ev tekstili parçalarından vermişdir. Bu şəkildə Cavabdehla aralarında ticarət əlaqələri davam etmiş və İlkin hər verdiyi mala görə pulun az hissəsini ödəyib tam borcunu bağlamadan yenidən nisyə mal götürüb malları müxtəlif bölgələrdə tez bir zamanda satıb pulları ödəyəcəyini söz vermişdir. Bu qaydada 2021-ci ilin iyul ayının əvvəlinə kimi Cavabdeh nisyə aldığı tekstil mallarına görə ona 18000 (on səkkiz min) manat borcu yaranmışdır. Cavabdeh müxtəlif bəhanələr gətirərək nisyə aldığı mallara görə yaranmış borcunu ödəyəcəyinə vəd vermiş, lakin sonradan mağazasını bağlayıb Rusiya Federasiyasına qaçdığını öyrənmişdir. Sonradan Cavabdeh onunla bir ticarət mərkəzində tekstil məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan Emil, Qismət və Maxsud adlı şəxsləri də bu şəkildə aldadıb mallarından nisyə götürüb ələ keçirdiyi məlum olmuşdur. Ticarət mərkəzində malları barədə maraqlandıqda, İlkinin onun mallarını elə orada onun verdiyi qiymətdən daha da ucuz qiymətə başqa mağazalara sataraq qaçıb getdiyini öyrənmişdir. İlkin malların pulunu ona ödəmədiyi, aldadaraq pulları ələ keçirdiyini başa düşdüyü üçün məcbur olub xx.xx.2021-ci il tarixdə Qaradağ rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə fakta görə Cavabdeh barəsində Qaradağ rayon prokurorunun muavini tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq, istintaq aparılması üçün aidiyyəti üzrə Qaradağ RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə cinayət işi Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Coşqun Abbasova həvalə edildiyindən icraata qəbul edilərək istintaq davam etdirilmiş, elə həmin tarixdə Cavabdeh oglu şübhəli şəxs qismində saxlanılaraq Qaradağ RPİ-nin MSY-nə təhvil verilmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə həmin cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilmişdir. O həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş və ona mülki iddia ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Cavabdeh oglu ibtidai araşdırma zamanı borcunu tam etiraf etmiş və imkanı olan kimi həmin borcu qaytarmağa söz vermişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib, izahatında göstərmişdir ki, İddiaçı müxtəlif vaxtlarda müxtəlif çeşiddə tekstil mallarını nisyə almış və satdıqdan sonra dəyərini ödəmişdir. Həmin nisyə alqı-satqı üzrə iddiaçıya 18000 (on səkkiz min) manat borcu qalmış və həmin borcundan 11000 (on bir min) manatını ödəmişdir. Həbs olunan tarixə isə onun iddiaçıya 7000 (yeddi min) manat borcu qalmışdır. O həbs olunduqdan sonra isə iddiaçı onun mağazasından özünə məxsus malları götürmüşdür. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur. İddianı əsassız hesab edir. Cəlilabad Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2(073)-1384/2024 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh oglundan 18000 (on səkkiz min) manat pulun və 144 (bir yüz qırx dörd) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması və mülki işin baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə obyektiv araşdırma aparmadan, işin materiallarını hərtərəfli tədqiq etmədən əsassız nəticəyə gəlmişdir. Belə ki, 2018-ci ildə "xxxx" MMC parça və pərdələrin pərakəndə satışı mağazasından parça məhsulları almışdır, vergi ödəyicisidir. İş materiallarında olan, tərəfindən təqdim edilmiş alqı-satqı faktını təsdiq edən satış qaimələrindən (qəbzlərdən) görünür ki, aldığı parça məhsullarını məhz "xxxx" parça və pərdələrin pərakəndə satışı mağazasından almışdır. Göründüyü kimi, alqı-satqı münasibətləri İddiaçı ilə Cavabdeh arasında yox, "xxxx" MMC ilə Cavabdeh arasında olmuşdur. Belə olan halda, iddia İddiaçı tərəfindən yox, satış qəbzlərində satıcı kimi göstərilən hüquqi şəxs tərəfin qaldırıla bilərdi. Məhkəmə movcud hüquqi münasibətin nədən ibarət olmasını, bu münasibətin subyektlərini, məhkəmədə hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olub-olmamasını müəyyənləşdirməmişdir. Məhkəməyə əsl olmayan tərəfin əvəz edilməsi barədə şifahi vəsatət versə də, vəsatət hakim tərəfindən əsaslandırılmadan təmin olunmamışdır. Hakim Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini kobud surətdə pozaraq göstərilən iddianı qaldırmaq hüququ olmayan İddiaçı iddiasını təmin edərək, ondan 18000 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki iş üzrə təqdim edilmiş sübutların məcmu halda tədqiqi İddiaçı bu iddianı qaldırmaq üçün subyektiv hüququ olmayan şəxs olduğunu deməyə imkan verir. Məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, mübahisənin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, həm "xxxx" MMC, həm də Cavabdeh vergi ödəyicisidir. Mübahisə də sahibkarlıq fəaliyyəti ilə bilavasitə bağlıdır. Mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyətinin müəyyənləşdirilməsi üçün hakim Azərbaycan Respublikası MPM-in 24.3-cü maddəsinə müvafiq olaraq işin məhkəmə aidiyyətini yoxlamalı olsa da, bu vəzifəsini də yerinə yetirməmişdir. Satış qaimələrində satıcı qismində göstərilmiş "xxxx" adlı mağazanın hüquqi şəxs kimi, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi qeydiyyata alınıb-alınmaması barədə, əgər alınmışdırsa, həmin subyektin təsisçisi və təmsilçisinin kim olması barədə, eyni zamanda İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınıb-alınmaması barədə tərəfindən verilən şifahi vəsatətlər əsaslandırılmadan təmin edilməmişdir. Tərəfindən verilmiş həmin vəsatətlər işin həlli, xüsusilə də mübahisənin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi üçün zəruri əhəmiyyət kəsb edən vəsatətlər olsa da, hakim xidməti vəzifəsinə uyğun olaraq vəsatətlərə obyektiv baxaraq əsaslandırılmış qərar qəbul etməli olmasına baxmayaraq, bu vəzifəsini yerinə yetirməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, vergi ödəyicisi kimi qeydiyyatda deyildir, adına VÖEN yoxdur. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh təkrarən məhkəmədə iştirak etməmişdir. “Elektron məhkəmə” infornmasiya sistemində olan məlumatlara əsasən cavabdeh apellyasiya şikayəti verdikdən bir müddət sonra, yəni xx.xx.2024 tarixində ölkəni tərk edərək Rusiya Federasiyasına (Kazan şəhəri) getmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Qaradağ rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli ********* nömrəli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarından görünür ki, Cavabdeh oglunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikasının CPM-in 39.1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh oglu ibtidai istintaq zamanı verdiyi verdiyi izahatında İddiaçı ilə müxtəlif vaxtlarda müxtəlif çeşiddə tekstil malların alqı-satqısını etdiyini, Amildən müxtəlif çeşiddə tekstil mallarını alıb satdıqdan sonra aralarında razılaşdıqları pulu ödədiyini, lakin sonuncu dəfə Amildən götürdüyü tekstil mallarına görə ödəməli olduğu 18000 (on səkkiz min) manat pulun 11000 (on bir min) manatını ödədiyini, Amilə 7000 (yeddi min) manat borcunun qaldığını, lakin pandemiya dövrü olduğundan ziyan etdiyi üçün satış edə bilmədiyini, işçilərin maaşlarını və digər ödənişləri vermək məcburiyyətində qaldığı üçün dəyərindən aşağı qiymətdə satdığını, 7000 (yeddi min) manat pulu Amilə hissə-hissə qaytaracağını göstərmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İş materiallarında olan Qaradağ rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli ********* nömrəli “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi” barədə istintaqın gəldiyi yekun nəticəyə əsasən İddiaçı ilə Cavabdeh arasında müxtəlif çeşiddə tekstil mallarının alqı-satqısından ibarət münasibətlər olmuşdur, belə ki, İlkin Amildən tekstil mallarını nisyə alıb, satdıqdan sonra pullarını ödəmişdir. Cavabdeh oglu ibtidai istintaq zamanı verdiyi izahatında sonuncu dəfə Amildən götürdüyü tekstil mallarına görə ödəməli olduğu 18000 (on səkkiz min) manat pulun 11000 (on bir min) manatını ödədiyini, Amilə 7000 (yeddi min) manat borcunun qaldığını, lakin pandemiya dövrü olduğundan ziyan etdiyi üçün satış edə bilmədiyini, işçilərin maaşlarını və digər ödənişləri vermək məcburiyyətində qaldığı üçün dəyərindən aşağı qiymətdə satdığını, 7000 (yeddi min) manat pulu Amilə hissə-hissə qaytaracağını göstərmişdir. Kollegiya hesab edir ki, nəqədərki, cavabdeh verdiyi izahatında iddiaçıdan almış olduğu tekstil mallarına görə 18000 manat borcunun yarandığını etiraf etmişdir, həmin borcun mövcudluğu artıq sübut olunur. Belə olan halda alınan malların dəyərinin ödənilməsini sübuta yetirmək öhdəliyi keçir cavabdehə. Cavabdeh 18000 manat borcdan 11000 manat hissəsini ödədiyini bildirsə də, iddiaçı bunu inkar edir, cavabdeh isə buna dair hər hansı bir sübut təqdim edə bilmir. Halbuki MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, cavabdehin iddiaçıdan almış olduğu mallara görə 18000 manat məbləğində borcunun mövcud olması işin faktiki halları ilə sübut olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Apellyasiya şikayətinin əsas dəlilləri aşağıdakılardan ibarətdir: 1) cavabdeh bilavasitə iddiaçıdan deyil "xxxx" MMC parça və pərdələrin pərakəndə satışı mağazasından parça məhsulları almışdır. Alqı-satqı münasibətləri İddiaçı ilə Cavabdeh arasında yox, "xxxx" MMC ilə Cavabdeh arasında olmuşdur. Belə olan halda, iddia İddiaçı tərəfindən yox, satış qəbzlərində satıcı kimi göstərilən hüquqi şəxs tərəfin qaldırıla bilərdi. İddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur, 2) cavabdeh vergi ödəyicisi olmaqla, sahibkarlıq fəaliyyətinin subyektidir. Alqı-satqı münasibətləri hüquqi şəxs olan "xxxx" MMC ilə cavabdeh arasında formalaşdığından, mübahisəyə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılaraq hüquqi qiymət verilməli idi. Apellyasiya şikayətinin birinci dəlilinə qiymət verən kollegiya qeyd etməyi zəruri hesab edir ki, həmin dəlili iddiaçının şikayəti əsasında aparılan ibtidai istintaq zamanı cavabdehin özünün verdiyi izahatla inkar olunur. Belə ki, cavabdeh izahatında "xxxx" MMC-nin adını çəkmir, əksinə Amildən tekstil mallarını nisyə alıb, satdıqdan sonra pullarını ödədiyini, sonuncu dəfə Amildən götürdüyü tekstil mallarına görə ödəməli olduğu 18000 (on səkkiz min) manat pulun 11000 (on bir min) manatını ödədiyini, Amilə 7000 (yeddi min) manat borcunun qaldığını bildirir. Odur ki, cavabdehin özünün etirafı baxımından iddiaçı ilə aralarında tekstil məhsullarının alqı-satqısından irəli gələn münasibətlərin formalaşdığı müəyyən olunduğundan, iddiaçı həmin alqı-satqıdan irəli gələn öhdəliklərin icrası tələbini irəli sürməyə müvafiq subyektiv hüquqa malikdir. Apellyasiya şikayətinin ikinci dəlilinə qiymət verən kollegiya qeyd etməyi zəruri hesab edir ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilən məlumatlara əsasən İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır, adına VÖEN yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır; 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunur ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Plenum Qərarının 11-ci bəndində qeyd olunur ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Tərəflər arasında formalaşan mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn olmasına baxmayaraq, subyektiv tərkib baxımından iddiaçı fiziki şəxs olaraq sahibkarlıq fəaliyyətinin subyekti deyildir, məhkəmə aidiyyətinin müəyyən edilməsində qiymətləndirici meyarların hər üçünün qarşılıqlı bağlılığı müəyyən olunmur. Odur ki, mübahisə üzrə məhkəmə aidiyyətinin pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin müəyyən olunan faktiki halları və sadalanan qanunvericilik aktı normaları baxımından əsassızdır, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh oglunun apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2(073)-1384/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar