Məhkəmə qərarları › İş №2(106)-289/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-289/2023

14.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-289/2023 14.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 və Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Astara Rayon Məhkəməsinin 2(018)1062/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 fevral 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini, rəis səlahiyyətlərini müvəqqəti icra edən Rafiq Verdiyev Məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər balansında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə 02 avqust 2021-ci il tarixində (mövcüd vəziyyətə əsasən) qeydə alınmış **********37-06301 reyestr nömrəli texniki pasportuna əsasən Astara HMS-nın qeyri-yaşayış binasının və onun yerləşdiyi ərazinin torpaq sahəsinin (dövlət əmlakının) mənimsənilməsinin qarşısının alınması, zəbt edilmiş dövlət əmlakının öz hesabına boşaldılması, qeyri-yaşayış obyektinə qanunsuz pasport qeydiyyatının ləğv edilməsinə və vətəndaş Cavabdeh1 məskunlaşdığı əraziləri boşaltmağına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə edib izahat verərək bildirdi ki, qanunsuz məskunlaşma, dövlət əmlakının mənimsənilməsi və torpaq sahəsinin zəbt edilməsi faktlarının araşdırılması məqsədi ilə Azərbyacan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya xidmətinin rəisi Umayra Tağıyevanın 18 may 2022-ci il tarixli 666/EM nömrəli ezamiyyə əmrinə əsasən Hidrometeorologiya Xidmətin əməkdaşları tərəfindən X2 Mərkəzinin (CRHM) X1 baxış keçirilmişdir. Əraziyə baxış zamanı müəyyən olmuşdur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometorologiya Xidmətinin balansında olan Astara HMS-nın qeyri-yaşayış binası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən 02 avqust 2021-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş **********37-06301 reyest nömrəli texniki pasporta əsasən 2(iki) anbar, 1 (bir) xidmət otağı istisna olmaqla, yerdə qalan 144.9 kv.m hissəsi əvvəllər stansiyada 1982-ci ildən 2022-ci ilədək Astara Hidrometoroloji stansiyasında müxtəlif vəzifələrdə çalışmış vətəndaş Cavabdeh1 tərəfindən qeyri-qanuni zəbt olunmuşdur. Stansiyanın inzibati binasının ətrafında olan və stansiyanın meteoroloji -meydançanın yerləşdiyi ərazinin torpaq sahəsi də, cavabdeh tərəfindən qeyri-qanuni istifadə olunduğunu bildirmişdir. Cavabdeh torpaq sahəsinin təxminən 0.10 hektar hissəsini qanunsuz istifadə edərək ərazidə müxtəlif növ ağaclar əkmiş və qanunsuz tikililər inşa etmişdir. HMS-nın inzibati binasına məxsus otaqları cavabdeh tərəfindən zəbt edildiyindən Astara HMS-nın işçiləri, iş şəraiti yararsız vəziyyətdə olan koridorda iş fəaliyyəti ilə məşğul olmaq məcburiyyətində olduğunu qeyd etmişdir. İşçilərin istifadəsində olan anbarlar otaq kimi istifadə üçün yararsızdır. Qanun pozuntuları aşkar edilmiş Cənub RHM-nın Astara HMS-nın strateji əhəmiyyətli və beynəlxalq ötürücülüyə malik obyekt olmasına baxmayaraq, stansiyanın mövcud yerləşdiyi ərazidə texniki şərtlər kobud şəkildə pozulmuşdur. Qanunsuz məskunlaşmış cavabdehlə ərazinin qanunsuz tutulması ilə əlaqədar söhbətlər aparılmasına baxmayaraq, uzun illər qeyd edilmiş ərazidə stansiya rəisi işləməsini əsas gətirərək, ərazinin tərk etmək istəmədiyini bildirmişdir. Odur ki, o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, təmsil etdiyi şəxsə iddia edilən əmlakın boşaldılmasına dair hər hansı bir xəbərdarlıq məktubu göndərilməmişdir. Cavabdeh1 isə müxtəlif tarixlərdə müdür vəzifəsində işlədiyini, mübahisəli evin xidməti yaşayış sahəsi olduğunu, cavabdehin və sonuncunun ailə üzvlərinin orada qanuni əsasla yaşadığını bildirmişdir. Mübahisəli mənzil Cavabdeh1 1989-cu il tarixdə müqavilə əsasınada ailə üzvüləri ilə birlikdə yaşaması üçün xidməti yaşayış sahəsi kimi verilmiş və bu barədə ev kitabı açılmışdır. Cavabdeh1 həmin xidməti yaşayış sahəsinə həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) tələblərinə uyğun olaraq köçürülməklə orada yaşamış, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində 40 ilə yaxın müddət ərzində işləmişdir. Həmin Məcəllənin tələblərinə görə isə Cavabdeh1 oradan çıxarıla bilməz. Odur ki, o, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh2 və Astara rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələri səbəbi barədə heç bir məlumat verməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 2(018)1062/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi (Hakim M.Məmmədov) ilə, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh2 və Astara rayon İcra Hakimiyyətinə qarşı “qeyri-yaşayış binasının və onun yerləşdiyi ərazinin torpaq sahəsinin mənimsənilməsinin qarşısının alınması, zəbt edilmiş dövlət əmlakın öz hesabına boşaldılması, qeyri yaşayış obyektinə qanunsuz pasport qeydiyyatının ləğv edilməsi və cavabdehin məskunlaşdığı əraziləri boşaltmağı tələbinə dair” iddiasının qismən təmin olunması, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin balansında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin **********37-06301 reyestr nömrəli texniki pasportuna əsasən Astara HMS-nın qeyri-yaşayış binası və onun yerləşdiyi ərazinin torpaq sahəsi (dövlət əmlakı) Cavabdeh1 tərəfindən öz vəsaiti hesabına boşaldılsın və iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə təhvil verilməsi, iddia tələbi “qeyri-yaşayış binasının və onun yerləşdiyi ərazinin torpaq sahəsinin mənimsənilməsinin qarşısının alınması, qeyri yaşayış obyektinə qanunsuz pasport qeydiyyatının ləğv edilməsi” hissəsində təmin edilməməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.2 Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48, 100 və 103-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, iddia edilən əmlakın boşaldılmasına dair cavabdehə heç bir xəbərdarlıq edilməmişdir. Yaşadığı xidməti ev ona 1989-cu ildən bağladığı komunal müqavilə əsasında verilmişdir və o, həmin ildən ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Ötən 40 il ərzində onun ailə üzvləri ilə birlikdə orada yaşamasına kimsə etiraz etməmiş və ona həmin binanı boşaltmağı deməmişdir. Cavabdeh Azərbaycan Respublikası (01 oktyabr 2009-cu ilə qədər qüvvədə olan) Mənzil Məcəlləsinin tələblərinə uyğun həmin evə köçürülmüş və həmin evdə yaşamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Astara Rayon Məhkəməsinin 2(018)1062/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qətnaməsinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin balansında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin **********37-06301 reyestr nömrəli texniki pasportuna əsasən Astara HMS-nın qeyri-yaşayış binası və onun yerləşdiyi ərazinin torpaq sahəsi (dövlət əmlakı) Cavabdeh1 tərəfindən öz vəsaiti hesabına boşaldılsın və iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə təhvil verilməsin hissəsində ləğv olunub iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini Astara Rayon Məhkəməsinin 2(018)1062/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qətnaməsinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin balansında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin **********37-06301 reyestr nömrəli texniki pasportuna əsasən Astara HMS-nın qeyri-yaşayış binası və onun yerləşdiyi ərazinin torpaq sahəsi (dövlət əmlakı) Cavabdeh1 tərəfindən öz vəsaiti hesabına boşaldılması və iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə təhvil verilməsin hissəsində ləğv olunub iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini Astara Rayon Məhkəməsinin 2(018)1062/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə də, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Astara Rayon Məhkəməsinin 2(018)1062/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” İddiaçı iddianən təmin edilməyən hissəsini mübahisələndirməmiş, cavabdeh isə iddianın təmin edilən hissəsini mübahisələndirmişdir. Odur ki, Məhkəmə kollegiyası Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri (mübahisələndirilən hissədə) həddində, Astara Rayon Məhkəməsinin 2(018)1062/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. 103-cü maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin 2(018)1062/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş **********37-06301 reyestr nömrəli texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası Astara Hidrometroloji stansiya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin balansındadır. İş materiallarına əlavə edilmiş 19 may 2022-ci il tarixli aktdan görünür ki, Cənub RHM-nin Astara HMS-də əraziyə baxış zamanı Astara HMS-nin qeyri yaşayış binasının 08 fevral 2021-ci il tarixdə verilmiş texniki pasportda qeyd edilən 2 anbar, 1 dəhliz və 1 xidmət otağından başqa yerdə qalan bütün sahəsi vətəndaş Cavabdeh1 tərəfindən qeyri-qanuni istifadə edilməsi, həmçinin stansiyanın yerləşdiyi ərazinin torpaq sahəsi, stansiyanın meteoroloji meydançasının yerləşdiyi ərazi və torpaq sahəsi vətəndaş Cavabdeh1 tərəfindən qeyri-qanuni istifadə olması, torpaq sahəsinin yerləşdiyi ərazidə Cavabdeh1 tərəfindən ağac və güllər əkildiyi, bir hissəsi parnik kimi, digər bir hissəsi isə ev quşlarının saxlandığı hin kimi istifadə olunduğu, texniki pasportda qeyd edilən inzibati binanın həyətində yerləşən anbar sahəsi də, Cavabdeh1 tərəfindən qeyri-qanuni istifadə olunduğu müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbyacan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya xidmətinin rəisi Umayra Tağıyeva tərəfindən imzalanmış 30 iyun 2022-ci il tarixli məktubdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometorologiya Xidmətinin balansında olan Azərbaycan HMS-nın qeyri-yaşayış (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən 02 avqust 2021-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş **********37-06301 reyestr nömrəli texniki pasportuna əsasən 02 anbar, 01 xidmət otağı istisna olmaqla 144.9 kv.m hissəsi və stansiyanın 0.10 hektar torpaq hissəsi Cavabdeh1 tərəfindən qeyri-qanuni istifadə olunduğu, ərazidə müxtəlif növ ağaclar əkildiyi və qanunsuz həyət tikilisi inşa edildiyi barədə sonuncuya bildirilmişdir. Cənub RHM-nın Astara HMS-sı strateji əhəmiyyətli və beynəlxalq ötürücülüyə malik obyekt olduğunu nəzərə alaraq həmin ərazinin dərhal könüllü boşaltmağı cavabdehdən xahiş edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbində iddia edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometorologiya Xidmətinin balansında olan Astara HMS-nın qeyri-yaşayış binası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən 02 avqust 2021-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş **********37-06301 reyest nömrəli texniki pasporta əsasən 2(iki) anbar, 1 (bir) xidmət otağı istisna olmaqla, yerdə qalan 144.9 kv.m hissəsi əvvəllər stansiyada 1982-ci ildən 2022-ci ilədək Astara Hidrometoroloji stansiyasında müxtəlif vəzifələrdə çalışmış vətəndaş Cavabdeh1 tərəfindən qeyri-qanuni zəbt olunmuşdur. Tələbin maddi hüquqi əsası kimi Mülki məcəllənin 157.2, 180.4-cü maddəsi, Hidrometrologiya fəaliyyəti haqqında qanunun 1,20-ci maddələri, həmçinin Torpaq məcəlləsinin 111.1,111.2 və 111.3-cü maddələrinin təşkil etdiyini göstərir. Cavabdeh1 iddia tələbinə etirazından müəyyən olunur ki, o, iddia tələbini qəbul etmir və iddia edir ki, o, Cənub RHM-nın Astara HMS-də müxtəlif vəzifələrdə müdür vəzifəsində işlədiyini, mübahisəli evin xidməti yaşayış sahəsi olduğunu, cavabdehin və sonuncunun ailə üzvlərinin orada qanuni əsasla yaşadığını bildirmişdir. Mübahisəli mənzil Cavabdeh1 1989-cu il tarixdə müqavilə əsasındada ailə üzvləri ilə birlikdə yaşaması üçün xidməti yaşayış sahəsi kimi verilmiş və bu barədə ev kitabı açılmışdır. Cavabdeh1 həmin xidməti yaşayış sahəsinə həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) tələblərinə uyğun olaraq köcürülməklə orada yaşamış, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində 40 ilə yaxın müddət ərzində işləmişdir. Həmin Məcəllənin tələblərinə görə isə Cavabdeh1 oradan çıxarıla bilməz. Odur ki, o, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası **********37-06301 reyestr nömrəli texniki pasportuna əsasən Astara Hidrometroloji stansiyası həqiqətən də, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin balansındadır və Cavabdeh1 həmin müəssisədə müxtəlif tarixlərdə müdür vəzifəsində işləmiş, işlədiyi müddətdə qeyd olunan qeyri-yaşayış binasını heç bir hüquqverici sənəd olmadan yaşayış sahəsi kimi istifadə edərək ailə üzvlərini də ora köçürmüşüdür. Hazırda cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin balansında olan qeyri-yaşayış binasını boşaltmaq istəmir, əsas kimi isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində 40 ilə yaxın müddət ərzində işlədiyi, həmin binanın ona və ailə üzvlərinə xidməti yaşayış sahəsi kimi verildiyini, bu barədə ev kitabı açıldığını, hətta xidməti yaşayış sahəsi kimi istifadə etdiyi yaşayış sahəsinə görə işıq, qaz, su, və kirayə haqqı olaraq komunal xidmət haqqının da, ondan alınmasını göstərir. Azərbaycan Respublikası Mülki məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. 103-cü maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Birinci instansiya məhkəməsinin hesab etmişdir ki, **********37-06301 reyestr nömrəli texniki pasportuna əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası Astara Hidrometroloji stansiyası həqiqətən də, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin balansında olmaqla cavabdehin qanunsuz sahibliyindədir və cavabdeh qeyri yaşayış binasının xidməti ev kimi ailə üzvlərini də, qanunsuz olaraq ora köçürərək yaşayış sahəsi kimi istifadə etməsinin iddiaçının hüquqlarının və qanunla qorunan mənafeyini pozması kimi qəbul edilməli, zəbt edilmiş dövlət əmlakı cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir.” qənəatinə gəlmişdir. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdehin nümayəndəsi və vəkili verdiyi apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmamış, təmsil etdiyi şəxs Cavabdeh1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində 40 ilə yaxın müddət ərzində işləmiş, həmin bina ona və ailə üzvlərinə xidməti yaşayış sahəsi kimi verilmiş, bu barədə onun adına ev kitabı açılmış, hətta xidməti yaşayış sahəsi kimi istifadə etdiyi yaşayış sahəsinə görə işıq, qaz, su, və kirayə haqqı olaraq komunal xidmət haqqını da ödəmişdir. Belə olan halda Cavabdeh1 yalnız ona başqa yerdə yaşayış sahəsi verilməklə çıxarıla bilər. Kollegiya cavabdehin nümayəndəsi və vəkilinin yuxarıda qeyd olunan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, hüquq müəyyənedici sənəd olmadan cavabdeh tərəfindən iddiaçıya məxsus əmlak hüququnu özündə ehtiva edən inzibati binanın xidməti yaşayış evi kimi ona verilməsini iddia etməsi özü-özlüyündə əhəmiyyətsizdir. Ona görə ki, artıq həmin inzibati binanın hüquqi rejimi müəyyən edilmiş və qeyri yaşayış binasının xidməti yaşayış evi kimi ona və ailə üzvlərinə verilməsini bildirməsinin hüquqi əhəmiyyəti yoxdur. Bundan başqa cavabdeh apellyasiya şikayətində iddiaçı təşkilat tərəfindən onun müdir işlədiyi müddətdə inzibati binanın ona xidməti yaşayış sahəsi kimi verilməsinin əsasını təşkil edən (xidməti order) orderin verilməməsini mübahisələndirmir, o, yalnız işin həlli üçün əhəmiyyət kəsb etməyən hüquqi baxışlarını bildirir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətində verilmiş iddia tələbinə etirazının heç bir əhəmiyyəti yoxdur. Məhkəmə bu barədə sübutlar tələb etməməlidir. Əks halda Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozmuş olardı. Burada söhbət işin həlli üçün önəmli olmayan hallardan və faktlardan gedir. Yəni cavabdehin Cavabdeh1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində 40 ilə yaxın müddət ərzində işləməsi, inzibati binanın ona və ailə üzvlərinə xidməti yaşayış sahəsi kimi verilməsi, bu barədə onun adına ev kitabının açılması, hətta xidməti yaşayış sahəsi kimi istifadə etdiyi yaşayış sahəsinə görə işıq, qaz, su, və kirayə haqqı olaraq komunal xidmət haqqının ödəməsini bildirməsi, zəbt edilmiş dövlət əmlakının boşaldılaraq iddiaçıya təhvil verilməməsinin qanuni əsası deyil. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq Cavabdeh1 adına ev kitabının olması, hətta xidməti yaşayış sahəsi kimi istifadə etdiyi yaşayış sahəsinə görə işıq, qaz, su, və kirayə haqqı olaraq komunal xidmət haqqının ödəməsi ilə bağlı araşdırma aparmamışdır. Bu isə işin faktiki hallarının birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmaması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Astara Rayon Məhkəməsinin 2(018)1062/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 2(018)1062/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar