Məhkəmə qərarları › İş №2(106)-289/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-289/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-289/2025 14.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər –Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli 2(056)-1681/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış və 1 saylı Bakı “ASAN Xidimət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı 2885 manat məbləğində pul vəsaitini xx.xx.2023-cü il tarixədək qaytarmaq şərtilə borc formasında Cavabdeh vermişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış və 3 saylı Bakı “ASAN Xidimət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı 2000 manat məbləğində pul vəsaitini xx.xx.2023-cü il tarixədək qaytarmaq şərtilə borc formasında Cavabdeh vermişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı kart hesabına xx.xx.2023-cü il tarixdə 505 manat, xx.xx.2023-cü il tarixdə 606 manat, xx.xx.2023-cü il tarixdə 404 manat, xx.xx.2023-cü il tarixdə 244 manat və xx.xx.2023-cü il tarixdə 200 manat pul vəsaiti köçürmüşdür. Azərbaycanda Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/448 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 5-ci vərəqində olan şəxsiyyət vəsiqəsinin kserosurətinin arxa tərəfində Cavabdeh İddiaçı 600 manat məbləğində pulun borc alması və qaytarılması barədə xx.xx.2022-ci il tarixli borc qəbzinin aşağı hissəsində “İmza:” yazısı qarşısındakı imza və 6-cı vərəqində 07 dekabr 2022-ci il tarixli Kredit müqaviləsinin arxa tərəfində “İddiaçı cəmi 1000+1000+1150 m əlavə 1500=götürmüşəm” yazılar və həmin yazılardan aşağıdakı imza -X4 tərəfindən icra olunmuşdur. Mülki işin 5-ci vərəqində olan şəxsiyyət vəsiqənin kserosurətinin arxa tərəfində Cavabdeh İddiaçı 600 manat məbləğində pulun borc alması və qaytarılması barədə xx.xx.2022-ci il tarixli borc qəbzin əlyazma mətni- X4 tərəfindən yox, başqa şəxs tərəfndən icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı - Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11645 manat borcun əvəzinin və ödənilmiş dövlət rüsumunun əvəzi 126 manat pul vəsaitinin onun xeyrinə tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh ilə xx.xx.2022-ci il tarixində Bakı şəhəri 1saylı Bakı “ASAN xidmət” mərkəzinin xüsusi notariat ofisində kredit müqaviləsi bağlamışlar. Kredit Müqaviləsinə əsasən cavabdeh 2885 manat pul vəsaitini xx.xx.2023-cü il tarixinədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Bundan başqa daha bir kredit müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsinə əsasən cavabdeh 2000 manat məbləğində pul vəsaitini xx.xx.2023-cü il tarixə kimi qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh əlbəəl şəkildə müxtəlif vaxtlarda hər dəfəsində 1000 manat olmaqla 7000 manat pul vəsaitini ondan alaraq evlərində hüzür düşdüyünü və yaxın müddət ərzində verəcəyini ona bildirmişdir. Cavabdeh bugünə kimi borcundan 200 manat geri qaytarmışdır. Həmin ödəniş xx.xx.2023-cü il tarixdə olmuş, bu barədə kağız üzərində ümumi borcunu və ödəniş etdikdən sonra qalan məbləği öz şəxsi imzası ilə təsdiq etmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu qaytarmamışdır. Odur ki, iddiannı təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən, yəni İddiaçı 11645 manat borcun deyil, məhz ümumilikdə 5000 manat borcunun olduğunu etiraf edib və həmin borcun notarial qaydada rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli Kredit Müqavilələri əsasında yarandığını qeyd edərək, eyni zamanda həmin müqavilələrdən başqa iddiaçı ilə onun arasında digər borc müqavilələrinin bağlanmadığını, həmçinin iddiaçının xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli Kredit Müqavilələri əsasında ona verdiyi pul vəsaitlərinə aylıq 30% əlavə borc hesabladığı üçün, o, götürdüyü borc pula əlavə olaraq hesablandığı faizləri hər dəfə müxtəlif vaxtlarda və məbləğlərdə iddiaçının kart hesabına köçürdüyünü, lakin sonradan həmin faizləri ödəyə bilmədiyini, faizlərin hesablanmasının dayandırdığını, iddiaçının isə əsas borca əlavə faizləri hesablamaqla ona borc kimi yazdıraraq güya ki borc verdiyini dəlil gətirib, yanlış olaraq ümumilikdə 11645 manat vəsaitin ondan tələb etdiyini bildirmişdir Sabirabad Rayon Məhkəməsinin 2(056)-1681/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Nurəddin Bağırov) iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsindən yaranmış 2885 (iki min səkkiz yüz səksən beş) manat, xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsindən yaranmış 2000 (iki min) manat və əlavə olaraq 115 (yüz on beş) manat borc vəsaitinin, ümumilikdə 5000 (beş min) manat pul vəsaitinin, həmçinin iddianın məhkəməyə verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun 60 (altmış) manat hissəsinin Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 739.1, 740, 442, 385, 430, 445.2.1, Mülki Prosessual Məcəllənin 119.1, 191.3, 220.5, 107-ci istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli Kredit Müqavilələri bağlanmaqla həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmış, iddiaçı iddiasının əsası kimi borcun ödənilməmiş qalıq məbləğinin məhz 11645 manat olması faktına istinad etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi həmin hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş və bununla da istinad etdiyi həmin faktları sübut edə bilməmişdir, cavabdeh isə iddiaçıya məhz 5000 manat borcunun olduğunu etiraf etmişdir. Yəni iddiaçının xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli Kredit Müqavilələrindən əlavə olaraq, şifahi formada cavabdeh arasında digər borc müqaviləsinin mövcudluğuna dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, yəni məhkəmə iddiaçının cavabdehlə şifahi formada borc müqaviləsinin bağlandığının təsdiqi kimi təqdim etdiyi müvafiq hesablaşmaları əks etdirən əlyazmaları mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin əlyazmalarda tərəflər arasında hansı şərtlərlə, hansı məbləğdə və müddətdə, həmçinin kimlər arasında borcun verilməsi və ya hansı borcun etiraf olunması görünmür. Bu hallar və eyni zamanda tərəflər arasında borc münasibətlərinin məhz notarial qaydada rəsmiləşdirilmiş müqavilələr əsasında olmasını tərəflər bir qayda kimi öz aralarında müəyyən etdikləri baxımından məhkəməni iddiaçının təqdim etdiyi əlyazmalarda təsbit olunmuş müvafiq hesablaşmaları iddiaçının xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli Kredit Müqavilələri üzrə yaranmış borca əlavə olaraq faiz şəklində borcun hesablanması fikrinə gəlməyə əsas verir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan hakim işə səthi yanaşmış və heç bir araşdırma aparmadan cavabdehin xeyrinə qətnamə çıxarmışdır. Belə ki, hakim cavabdeh tərəfindən verilən ifadəni əsas götürmüş, kredit müqaviləsini, verilən ifadəni, əlyazmaları və ödəniş qəbzləri ilə verilən ifadə arasında səbəbli əlaqənin olub-olmamasını, ödəniş cədvəllərini araşdırmamışdır. Düşünür ki, məhkəmə tərəfindən əsassız qəbul edilmiş qətnamə apellyasiya instansiya qaydasında iddianın təmin edilməyən hissəsindən ləğv edilməli və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdı. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, ekspert rəyi ilə razıdırlar. Apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək, təmin olunması, qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv olunaraq həmin hissədə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri həddində Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-1681/2024 saylı qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.2-ci maddəsinin tərəflər arasında borc münasibətlərinin yarandığı zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. 529.3-cü maddəsindən də göründüyü kimi, borclu tərəfindən kreditora verilən borc qəbzi onlar arasında öhdəlik münasibətlərinin mövcud olduğunu təsdiq edən yazılı sənəd kimi çıxış edir. Mülki Prosessual Məcəllənin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə - qismən iddianın təmin olunmayan hissəsində ləğv edilərək yeni qətnamə çıxarılmalı və həmin hissədə iddia qismən təmin edilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: Tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. İddiaçı tərəf apellyasiya şikayətində qeyd etmişdir ki, əgər onun borcu 5000 manatdırsa, nəyə əsasən cavabdeh kredit müqaviləsində öz imzası ilə ümumi borcunu 11645 manat olduğunu etiraf etmişdir. İşə baxan məhkəmə həmin kredit müqaviləsində cavabdehin öz əli ilə yazılan qeyd və imzanı araşdırmamış, həmin əl ilə yazılan pulu borc olmaması qənaətinə gələrək tələmtələsik qətnamə çıxarmışdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Mülki iş üzrə təqdim edilmiş sənədlərin və aparılmış məhkəmə ekspertizasının nəticələrinin tədqiqi zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində mübahisələndirilən hissə ilə bağlı iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi təqdim olunmuşdur. Ekspert rəyinə əsasən, mülki işin 5-ci vərəqində olan şəxsiyyət vəsiqəsinin kserosurətinin arxa tərəfində yer alan, xx.xx.2022-ci il tarixli borc öhdəliyinə dair “İddiaçı 600 manat məbləğində pulun borc alması və qaytarılması” məzmunlu borc qəbzində “İmza:” yazısının qarşısındakı imza və işin 6-cı vərəqində olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin arxa tərəfində yazılmış “İddiaçı cəmi 1000+1000+1150 və əlavə 1500 = götürmüşəm” ifadəsi və həmin yazıların altındakı imza, cavabdeh X2 məxsusdur. Lakin, həmin 5-ci vərəqdə olan borc qəbzinin əlyazma mətni– yəni borcun alındığını və qaytarıldığını bildirən əsas hissə ekspert rəyinə əsasən, cavabdeh X4 tərəfindən deyil, başqa bir şəxs tərəfindən icra edilmişdir. Bu hal göstərir ki, 600 manat məbləğində borc və onun qaytarılması barədə qeyd olunan mətnin cavabdeh tərəfindən yazılması sübut olunmamışdır. Bununla yanaşı, iş materiallarında olan sübutlarla müəyyən edilmişdir ki, cavabdeh X4 tərəfindən İddiaçı bank kartı hesabına müxtəlif tarixlərdə aşağıdakı məbləğlərdə pul vəsaiti köçürülmüşdür: -xx.xx.2023-cü il tarixdə – 505 manat, -xx.xx.2023-cü il tarixdə – 606 manat, -xx.xx.2023-cü il tarixdə – 404 manat, -xx.xx.2023-cü il tarixdə – 244 manat, -xx.xx.2023-cü il tarixdə – 200 manat. Bu ödənişlərin ümumi məbləği 1959 manat təşkil edir. Məhkəmə tərəfindən həmin ödənişlər cavabdehin borc öhdəliklərinin qismən yerinə yetirilməsi kimi qiymətləndirilmişdir. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin arxa tərəfindəki qeydi-yəni cavabdehin öz əli ilə yazılmış və imzalanmış 3150 manat məbləğində borcun alındığı barədə iradə ifadəsi ekspertiza nəticəsi ilə tam sübut olunmuşdur və bu, borcun mövcudluğunu və məbləğini təsdiqləyən mötəbər sübut kimi qəbul edilmişdir. Beləliklə, cavabdehin ümumilikdə 5250 manat məbləğində borc öhdəliyi mövcud olmuş, ondan 1959 manat ödənildiyi sübuta yetirilmişdir. Qalan 3291 manat məbləğində borcun ödənilməsinə dair cavabdeh tərəfindən hər hansı yazılı sübut, ödəniş sənədi və ya digər hüquqi əhəmiyyətli dəlil təqdim olunmamışdır. Bu hal Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq, öz iddiasını və etirazını əsaslandırmalı olan tərəfin sübutetmə borcunu yerinə yetirmədiyini göstərir. Odur ki, 3291 manat məbləğində borc vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki hüquq sistemində bir şəxs tərəfindən digər şəxsə qarşı götürülmüş öhdəliklərin icrası, hüquqi münasibətlərin sabitliyinin və hüquq qaydasının təmin olunmasının əsas şərtlərindən biridir. Belə ki, müqavilə tərəflər üçün qanun qüvvəsinə malikdir və onlar həmin müqavilənin şərtlərinə uyğun olaraq öhdəliklərini icra etməyə borcludurlar. Qeyd olunanlara əsasən, cavabdehin öhdəliyi icra etməsi qanunvericiliyin tələbidir, bu isə mülki dövriyyənin sabitliyini, əqdlərə inamı və ədalət prinsiplərinin qorunmasını təmin edir. Əgər borc öhdəliyi yerinə yetirilməzsə, bu, digər tərəfin hüquqlarının pozulması, etibarlı hüquqi münasibətlərə zərbə və mülki məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Mülki prosesdə hər iki tərəfin iddialarını və mövqelərini əsaslandırmaq üçün sübutetmə və etiraf etmə mühüm rol oynayır. Bu mexanizmlər məhkəmənin hadisələrin obyektiv həqiqətini aşkar edib ədalətli qərar qəbul etməsində əsas yer tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilən prinsip, hüquq sisteminin ən əsas prinsiplərindən biri olan “sübutetmə yükü” prinsipi məhkəmələrdə mübahisələrin həlli zamanı aşağıdakı məqsədləri təmin edir: 1.Ədalətli qərar qəbul etmək- Məhkəmə yalnız təqdim olunan sübutlar əsasında qərar qəbul edir və tərəflərin hər birinin mövqeyini əsaslandırmaq üçün eyni imkanlara malik olmasını təmin edir.

2. Həqiqətin müəyyən olunması-sübutetmə yükü tərəflərin prosessual aktivliyini artıraraq, faktiki halların tam və hərtərəfli araşdırılmasını təmin edir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində əsassız hesab edilərək ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli və Cavabdeh 3291 (üç min iki yüz doxsan bir) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.3, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 2(056)-1681/2024 saylı qətnaməsi qismən iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilərək yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh 3291 (üç min iki yüz doxsan bir) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar