Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-295/2023 07.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və X2 ibarət tərkibdə, Anar Ağabala oğlu Şükürlünün katibliyi, Salyan Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi və bu sahiblik zamanı ona borclu olduğu 6000 manat pulun geri alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı icarəsində olan qeyri-yaşayış sahəsindən çıxarılma və 6000 manat pulun alınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Sahibkarlıq fəaliyyəti ilə məşğul olur. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 1159 kv.m. olan qeyri-yaşayış sahəsinin 900 kv.mdən ibarət hissəsini müqavilə əsasında icarəyə götürmüşdür. Həmin obyektin nəzdində olan “Papatiya” adlı kiçik ticarət obyektini əvvəllər Cavabdeh1 adlı şəxsə istifadə üçün vermişdir. Anarla aralarında olan şifahi razılaşmaya əsasən həmin obyektdən istifadəyə görə ona hər ayda icarə haqqı olaraq 800 manat pul verməli idi. Anar onunla razılaşmadan, ondan xəbərsiz həmin obyekti digər Cavabdeh2 istifadəyə vermişdir. Həmin obyektin Mirtalehə verilməsi ilə bağlı aralarında heç bir rəsmi müqavilə imzalanmamışdır. Düzdür, Anar təmirdən sonra işə başlamış və iyun-iyul ayları üçün hər ay üçün ona 800 manat olmaqla 1600 manat kirayə haqqı vermişdir. Sonrakı vaxtlarda Anar həmin obyekti ondan xəbərsiz Mirtalehə verdiyindən icarə haqqını sonrakı aylar üçün ona ödəməmişdir. İcarə haqqını tələb etdikdə Mirtaleh bildirmişdir ki, həmin obyekti Anar ona vermiş və kirayə haqqını ödəyir. Anar da ona bildirmişdir ki, artıq kirayə haqqını Mirtalehdən almalıdır. Mirtaleh isə kirayə haqqını ödəməkdən boyun qaçırır. O, Mirtalehdən tələb etmişdir ki, obyekti boşaltsın. Lakin Mirtaleh nə obyekti boşaltmış, nə də borclu olduğu kirayə pulunu vermək istəmişdir. Bu səbəbdən də o, Salyan rayon PŞ-yə rəsmi şikayət ərizəsi ilə müraciət etmiş və iş üzrə araşdırma aparılmaqla 29 yanvar 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar çıxarılmışdır. O, istintaq zamanı da bildirmişdir ki, həmin obyekti Anar vermişdir. Odur ki, Cavabdeh2 qanunsuz istifadəsində olan ünvan 2 ünvandakı “Billur” şadlıq evinin nəzdindəki, onun icarəsində olan “Papatiya” obyektindən çıxarılması və obyektdən istifadə nəticəsində ona borclu qaldığı kirayə haqqı olan 6000 manat pulu müştərək qaydada Cavabdeh1 və X1 onun xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, o, mübahisələndirilən obyekti bir il əvvəl tərk etmişdir. Həmin obyekti digər cavabdehlə birlikdə, müştərək istifadə etmişdir. O, Mirtaleh ilə həmin obyekti götürüb müqavilə bağlamaq niyyətində olmuş, lakin sənədlərdə problem olduğu üçün sənədləşmə alınmamışdır. Buna görə də o, oradan uzaqlaşmışdır. Onun iddiaçıya borcu yoxdur. Hazırda həmin obyektdən Mirtaleh sənədsiz istifadə edir. Salyan Rayon Məhkəməsinin (hakim M.Qasımov) 03 oktyabr 2022-ci il tarixli qətnaməsi İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh2 ünvan 2 ünvandakı “Billur” şadlıq evinin nəzdindəki, “Papatiya” obyektindən çıxarılmaqla həmin obyekt onun qanunsuz sahibliyindən alınaraq İddiaçı geri qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, prosessual pozuntularla qəbul edildiyi üçün iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə tərəfindən qətnamənin əsaslandırılması hissəsində xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 7-ci bəndini əsas kimi qiymətləndirmişdir. Şikayətə görə, əgər iddiaçı bu müqavilə üzrə ona həmin mübahisə predmeti olan obyektin icarə hüququnu verə bilməzdisə, hal-hazırda həmin obyektdən də, çıxarılmasını tələb edə bilməz və həmçinin iddiaçının öz razılığı ilə bu şifahi icarə müqaviləsi baş tutmuşdur. Prosessual məsələlər Tərəflər apellyasiya baxışı iclasında iştirak etməmişlər. Kollegiya, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəçinin işin halları barədə məruzəsini, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından müəyyən edilir ki, notariat qaydasında təsdiq edilmiş xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən X4, qeyri yaşayış sahəsini xx.xx.2021-ci il tarixədək İddiaçı icarəyə vermişdir. Həmin müqavilənin 7-ci bəndinə əsasən, icarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz. Məhkəmə hesab etmişdir ki, icarə müqaviləsində texniki səhvə yol verilərək obyekt icarəyə “xx.xx.2022-ci il tarixədək” verilir əvəzinə, səhvən “xx.xx.2021-ci il tarixədək” verilir göstərilmişdir. Müqavilə özü xx.xx.2021-ci il tarixdə bağlandığı halda, icarənin müddəti müqavilə bağlanan tarixdən qabaq xx.xx.2021-ci il ola bilməz. Bundan başqa, müqavilədə avtomatik prolanqasiya nəzərdə tutulmuşdur. Yəni müqavilənin bitməsinə bir ay qalmış tərəflərdən biri müqaviləni pozmaq haqqında təklif irəli sürməzsə icarə müqaviləsi daha bir il müddətinə uzadılmış sayılır. Beləliklə, sözügedən icarə müqaviləsinə əsasən iddiaçı icarəçidir. Hazırda iddiaçı icarəsində olan qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılmasını tələb etmişdir. Cavabdeh icarə müqaviləsinin mövcudluğunu mübahisələndirməmişdir. Cavabdeh tərəf qeyri-yaşayış sahəsinin qanuni əsas olmadan tutduğunu, həmin sahədən istifadə etdiyini faktiki olaraq etiraf etmişdir. Lakin iddiaçının da onun çıxarmaq hüququnun olmadığını bildirmişdir. Kollegiya hesab edir ki, cavabdehin etirazı əsassızdır. Kollegiya qeyd edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 158.2-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sözügedən icarə müqaviləsi bir ilədək müddətə bağlndığından, onun DƏDRX-də dövlət qeydiyyatına ehtiyac yoxdur. Yəni həmin müqavilə bağlandığı andan qüvvədə olmuşdur. Həmin müqavilənin 7-ci maddəsində iddiaçıya icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilmədiyi qeyd edildiyindən, onun icarəsində olan obyekti cavabdehlərə subicarəyə vermək səlahiyyəti olmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının icarə haqqı olan 6000 manat pul tələbinə dair iddiası təmin oluna bilməsə də onun cavabdehin çıxarılmasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 165.1-ci maddəsinin tələbinə görə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqca sahib onlara son qoyulması üçün iddia verə bilər. Kollegiya məhkəmənin mövqeyini əsaslı sayır və hesab edir ki, iddia əsaslıdır. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Ona görə apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(057)-1383/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti vermək olar. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-295/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-295/2023
07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver