Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-295/2025 23.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlakın inventarlaşması və texniki pasportun tərtib olunması üçün zəruri ölçmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması və həmin işlərin aparılmasına edilən müdaxilələrin cavabdehlərə qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-295/2025 Açar sözlər : ölçmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması, müdaxilələrin cavabdehlərə qadağan edilməsi; X21 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə2 və Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlakın inventarlaşması və texniki pasportun tərtib olunması üçün zəruri ölçmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması və həmin işlərin aparılmasına edilən müdaxilələrin cavabdehlərə qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(017)-845/2024 saylı (hakim E.Quliyev) qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlakın inventarlaşması və texniki pasportun tərtib olunması üçün zəruri ölçmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması və həmin işlərin aparılmasına edilən müdaxilələrin cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X17 xx.xx.2000-ci il tarixdə, anası Cavabdeh1 Qulam qızı xx.xx.2002-ci il tarixdə vəfat etmişlər. Mərhum atası Ağcabədi şəhəri H.Aslanov küçəsində özünə məxsus torpaq sahəsində ev tikdirib həmin evdə yaşamışdır. Arxivdən verilmiş xx.xx.2029-cu il tarixli 349 saylı arxiv arayışı ilə müəyyən olunur ki, Ağcabədi şəhər XDS-nin 1963-1965-ci illərə aid 66 saylı təsərrüfatbasına kitabın 2171 saylı təsərrüfatında atası X10 adına 0,07 ha torpaq sahəsi olması barədə qeydiyyat var. Həmin torpaq sahəsində atasından qalma ev vardır. Atasından qalmış ev və torpaq sahəsinə münasibətdə vərəsəlik haqqında şəhadətnamə verilməsi ilə bağlı onunla ailə tərkibində olan qardaşı X11 notariat ofisinə müraciət etmiş, yaşayış evinə və torpaq sahəsinə aid hüquq müəyyənedici sənədlər olmadığından, şəhadətnamə verilməsi mümkün olmamışdır. Həmçinin həmin torpaq sahəsində 2023-cü ildə 2 otaq, 1 zal və digər yardımçı otaqlardan ibarət ev tikmişdir. Atasının adına 0,07 ha torpaq sahəsinin qeydiyyatı olsa da, istifadədə olan torpaq sahəsi 0,13 ha təşkil edir. Yəni 0,06 ha torpaq sahəsi qeydiyyatda olduğundan artıqdır və bələdiyyə torpaqlarına aiddir. Lakin bələdiyyəyə aid 0,06 ha torpaq sahəsinin ümumi torpaq sahəsinin hansı hissəsində olması müəyyən olunmamışdır. Həmin torpağın sərhədlərinin müəyyən olunduqdan sonra satın almaq və mülkiyyətinə keçirmək istəyir. Bu məqsədlə müraciəti əsasında Ağcabədi bələdiyyəsinin əməkdaşları baxış keçirmiş, lakin cavabdehlər ölçü işlərinin aparılmasına maneçilik törədərək mübahisə yaratmışlar. Ona görə də Ağcabədi şəhər XDS-nin 1963- 1965-ci illərə aid 66 saylı təsərrüfatbaşına kitabın 2171 saylı təsərrüfatında mərhum atası X10 adına 0,07 ha torpaq sahəsi, habelə həmin torpaq sahəsindən artıq 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində tikdirdiyi yaşayış evinin inventarlaşdırılması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin işlərin aparılmasına edilən müdaxilələrin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdi və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və izahatında göstərdi ki, ailəsi ilə birlikdə mübahisəli ünvanda yaşayır. İddiaçının tələb etdiyi torpaq sahəsinin 0,0768 ha hissəsinə artıq əri X5 adına rəsmiləşdirilmiş və çıxarış alınmışdır. Qaldı kı, ərazidə artıq torpaq sahəsi vardır. İlkin olaraq həmin torpaq sahəsi onlara təklif olunmalıdır. Əlavə torpaq sahəsində olan tikilinin isə iddiaçıya heç bir aidiyyəti yoxdur. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Cavabdeh2 izahatına uyğun izahat vermişdir. Ağcabədi Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(017)-845/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi ev 12-də (yeni qaydalarla AZ 0400 Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi, giriş 22) yerləşən 0,0768 ha torpaq sahəsindən əlavə olan torpaq sahəsində zəruri ölçmə işlərinin aparılmasına yönəlmiş maneələr aradan qaldırılması və həmin işlərin aparılmasına edilən müdaxilələr cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək, Ağcabədi rayon Məhkəməsinin 2(017)-845/2024saylı 24 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı"daşınmaz əmlakın inventarlaşması və texniki pasportun tərtib olunması üçün zəruri ölçmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması və həmin işlərin aparılmasına edilən müdaxilələrin cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, və Ağcabədi Rayon Məhkəməsinin 2(017)-845/2024 saylı 24 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Mübahisəli qətnamə əsaslandırılmamış, işin faktiki hallarına uyğun olmayan, maddi və prosessual hüquq normalarnın pozulması ilə nəticələnən ədalətsiz və qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən iddiaçının hazırki iddia tələbini irəli sürə bilməyi üçün subyektiv hüququnun olub-olmaması araşdırılmamış, cavabdehlər tərəfindən verilmiş izahatlar təhrif edilmiş, nümayəndə olaraq onun izahatı ümumiyyətlə qətnamədə qeyd edilməmişdir. İddiaçı bildirmişdir ki, atasından qalmış ev və torpaq sahəsinə münasibətdə vərəsəlik haqqında şəhadətnamə verilməsi ilə bağlı onunla ailə tərkibində olan qardaşı X11 notariat ofisinə müraciət etmiş, yaşayış evinə və torpaq sahəsinə aid hüquq müəyyənedici sənədlər olmadığından, şəhadətnamə verilməsi mümkün olmamışdır. Həmçinin həmin torpaq sahəsində 2023-cü ildə 2 otaq, 1 zal və digər yardımçı otaqlardan ibarət ev tikmişdir. Atasının adına 0,07 ha torpaq sahəsinin qeydiyyatı olsa da, istifadədə olan torpaq sahəsi 0,13 ha təşkil edir. Yəni 0,06 ha torpaq sahəsi qeydiyyatda olduğundan artıqdır və bələdiyyə torpaqlarına aiddir. Lakin bələdiyyəyə aid 0,06 ha torpaq sahəsinin ümumi torpaq sahəsinin hansı hissəsində olması müəyyən olunmamışdır. Həmin torpağın sərhədlərinin müəyyən olunduqdan sonra satın almaq və mülkiyyətinə keçirmək istəyir. Halbuki, iş materiallarında olan çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi ev 12-də (yeni qaydalarla AZ 0400 Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi, giriş 22) yerləşən fərdi yaşayış evi ümumi mülkiyyət hüququ ilə X6, X8, Cavabdeh1 və X2 məxsusdur. Mübahisəli bələdiyyə torpağına yerləşən fərdi yaşayış evi isə iddiaçı tərəfindən deyil, iddiaçının mərhum qardaşı X18 tərəfindən 2013-cü ildə tikilmişdir. Məhz məhkəmə iclasında dindirilməsi xahiş edilmiş şahidlər bu faktı təsdiq edəcəkdilər. Lakin məhkəmə tərəfindən şahidlərin dindirilməsi ilə bağlı vermiş olduqları vəsatət əsassız olaraq rədd edilmişdir. Eyni zamanda bildirmişdir ki, mərhum X12 övladları X13 və X4 bələdiyyəsinə müraciət edib həmin torpaq sahəsində ataları tərəfindən fərdi yaşayış evini inşa etdirilməsini səbəb göstərərək mübahisəli torpaq sahəsinin onlara satılmasını xahiş etmişlər, lakin bələdiyyə tərəfindən hazırki mübahisəli qətnamə əsas gətirilməklə həmin qətnamənin qanuni qüvvəsinin almasından sonra tələbə təkrar baxıla biləcəyi qeyd edilmişdir. Həmçinin iddia tələbi torpağın mülkiyyətçisi – Ağcabədi bələdiyyəsi tərəfindən deyil, həmin torpaq sahəsinə hər hansı formada hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır, məhkəmə tərəfindən isə buna diqqət yetirilməmiş, subyektiv hüququ olmayan şəxsin iddiası təmin edilmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilən hissədə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, mübahisəli torpaq sahəsi vahid hasar içərisindədir. Həmin torpaq sahəsinə küçədən yalnız bir darvazadan giriş mövcuddur. Cavabdehlər həmin torpaq sahəsindən artıq uzun müddətdir ki, istifadə edirlər. Mübahisəli ərzidə olan torpaq sahəsinin 0,0768 ha hissəsinə artıq cavabdehlərdən Cavabdeh2 əri Məhəmmədin mülkiyyət hüququ tanınmış, müvafiq çıxarış verilmişdir. Digər hissədə olan torpaq sahəsi isə təxminən 6 sota yaxındır. Həmin hissədə iddiaçı tərəfindən hər hansı tikili inşa edilməmişdir. Həmin hissədə inşa edilmiş yarımtikili ev isə iddiaçı tərəfindən deyil, iddiaçının mərhum qardaşı X18 tərəfindən 2013-cü ildə tikilmişdir. Həmin evdə indiyədək yaşayış olmamış və heç kəs tərəfindən istifadə olunmamışdır. Belə ki, həmin evin damı vurulsa da qapı və pəncərələri qoyulmamış, daxili hissəsi təmir olunmamışdır. Hesab edirlər ki, iddiaçının həmin yarımtikili evə dair hər hansı ilkin sənədləri olmadığından, həmçinin həmin evdən istifadə və ona faktiki sahiblik etmədiyindən iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ mövcud deyildir. İddiaçının Ağcabədi şəhərində ayrıca evi var və uzun müddətdir ki, həmin evində yaşayır. Mübahisəli evin və həmin evin yerləşdiyi torpaq sahəsinin iddiaçıya hər hansı aidiyyəti yoxdur. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq, həmçinin ona ünvanlanan suallara cavabında göstərmişdir ki, mübahisəli ərazidə mövcud olan ev iddiaçı tərəfindən inşa edilmişdir. Həmin evin qapı və pəncərələri yoxdur. Evdə yaşayış olmayıb. Mübahisəli ev cavabdehlərin yaşadığı evin yerləşdiyi torpaq sahəsi ilə eyni hasar daxilindədir. Həmin torpaq sahəsinə küçədən yalnız bir qapı və darvaza açılır. İddianın başqa yerdə yaşayış evinin olmasını bildirmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin təmin olunan hissədə ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə qətnaməni mahiyyətcə tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını, məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İş materiallarında olan xx.xx.2019-cu il tarixli 349 nömrəli arxiv arayışından görünür ki, Ağcabədi şəhər XDS-nin 1963-1965-ci illərə aid 66 saylı təsərrüfatbasına kitabın 2171 saylı təsərrüfatında X10 adına 0,07 ha torpaq sahəsi olması barədə qeydiyyat vardır. İş materiallarına əlavə edilmiş ölüm haqqında AZ-İİ 036721 nömrəli şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2000-ci il tarixdə Ağcabədi rayonunda ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında AZ-İİ 036720 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 Qulam qızı xx.xx.2002-ci il tarixdə Ağcabədi rayonunda ölmüşdür. İş materiallarında olan Çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi ev 12-də (yeni qaydalarla AZ 0400 Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi, giriş 22) yerləşən fərdi yaşayış evi ümumi mülkiyyət hüququ ilə X6, X8, Cavabdeh1 və X3 məxsusdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 98 nömrəli məktubdan görünür ki, Ağcabədi bələdiyyəsinin əməkdaşları Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində yerləşən mübahisəli ünvanda yerləşən torpaq sahəsinə baxış keçirilən zaman ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən imkan verilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. İddiaçı qətnamə ilə razılaşmış və apellyasiya şikayəti verməmişdir. Lakin Cavabdeh1 çıxarılmış qətnamədən narazı qalmış və birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmişdir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçının qətnamə ilə ölçmə işlərinin aparılmasına yönəlmiş maneələr aradan qaldırılması tələb edilən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən evə dair iddia vermək üçün iddiaçının subyektiv hüququ yoxdur. Belə ki, apellyator bildirir ki, həm mülkiyyətlərində olan 0.0768 ha, həm də həmin torpağa birləşik olan təxminən 0.06 ha torpaq sahəsi uzun müddət onların faktiki istifadəsində olmaqla vahid daş hasar daxilindədir. Mübahisəli ərazidən küçəyə bir qapı (darvaza) vardır. Mülkiyyətdə olmayan mübahisəli torpaq sahəsində inşa edilən yarımçıq yaşayış evinin küçəyə ayrıca çıxışı və qapısı yoxdur. Həmçinin cavabdehlər bildirirlər ki, mübahisəli yaşayış evi iddiaçı tərəfindən inşa edilməmişdir. Bundan başqa bildirirlər ki, iddiaçı uzun müddətdir ki, mübahisəli ərazidə yaşamır. Onun başqa ünvanda fərdi yaşayış evi var və o, ailəsi ilə birlikdə həmin evdə yaşayır. İddiaçı birinci instansiya məhkəməsi zamanı mübahisələndirilən torpaq sahəsinin (təxminən 0.06) ona bu və ya digər formada aiddiyyətinin olmasını, həmçinin həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin onun tərəfindən tikilməsi ilə bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş və ya edə bilməmişdir. Buna görə də Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Çünki, işin halları ilə müəyyən olunur ki, Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi ev 12də (yeni qaydalarla AZ 0400 Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi, giriş 22) 0,0768 ha torpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evi ümumi mülkiyyət hüququ ilə X7, X14, Cavabdeh1 və X1 mülkiyyətinə verilmişdir. Həmçinin həmin ünvanda vahid daş hasar ilə əhatə olunan ərazidə əlavə olaraq təxminən 0.06 hektar da müvafiq mülkiyyət sənədi olmayan torpaq sahəsi mövcuddur. Tərəflərin izahatına əsasən həmin torpaq sahəsində tam təmir olunmayan, qapı-pəncərəsi və yaşayış üçün yararlı olmayan fərdi ev inşa edilmişdir. İddiaçı həmin evin onun tərəfindən inşa edildiyini bildirsə də bunu sübuta yetirə bilmir. Cavabdehlər isə həmin evin iddiaçı tərəfindən inşa edilmədiyini göstərir. Göründüyü kimi iddiaçı mübahisələndirilən torpaq sahəsinin (təxminən 0.06) bu və ya digər formada ona aiddiyyətinin olmasını, həmçinin həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin onun tərəfindən tikilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-845/2024 saylı, 24 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlakın inventarlaşması və texniki pasportun tərtib olunması üçün zəruri ölçmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması və həmin işlərin aparılmasına edilən müdaxilələrin cavabdehlərə qadağan edilməsi” tələbinə tələbinə dair iddiaları təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(017)-845/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlakın inventarlaşması və texniki pasportun tərtib olunması üçün zəruri ölçmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması və həmin işlərin aparılmasına edilən müdaxilələrin cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh1 ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-295/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-295/2025
23.01.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver