Məhkəmə qərarları › İş №2(106)-297/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-297/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-297/2025 05.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil1 oğlunun, Cavabdeh və onun nümayəndəsi Vəkil2 Qubad qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-1317/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil1 oğlu və cavabdehin nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 61100 (altmış bir min yüz) manat və ödənilmiş 273 manat 30 qəpik məbləğdə dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı ərizədə tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Cavabdeh tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Cavabdeh 3 ildən artıq bir müddətdir ki, onun anası Şəfayə Abdurahmanovaya məxsus olan ünvan 3 ünvanda yerləşən mağazada lombard fəaliyyəti ilə məşğul olan Məlahət adlı qadının yanında işləyir. Təxminən 1 il bundan əvvəl Cavabdeh onun yanına gələrək ondan tanışı Zahid və onun arvadı Vüsalənin alver etmək istədiyini demiş və ondan 2000 manat pul istəmişdir. O, Cavabdeh inanıb xx.xx.2022-ci il tarixdə yaşadığı evin həyətində İlahəyə 2000 manat pul vermişdir. İlahə pulu ondan alandan sonra ona 100 manat pul verərək həmin pulla alverdən gələn gəlirdən ilk öncədən verdiyini bildirmişdir. Bundan sonra yenidən Cavabdeh ondan pul istəmiş və o, İlahəyə inanıb ona pul vermişdir. İlahə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək alver etmək üçün 61100 manat pul almışdır. Sonuncu 8000 manat pulu isə cavabdehin ona göndərdiyi kart hesabına xx.xx.2023-cü il tarixdə göndərmişdir. xx.xx.2023-cü il tarixdə o, İlahədən ona verdiyi pullardan bir qismini istəmiş, İlahə isə pulu qaytarmaq üçün ondan bir həftə vaxt istəmiş, lakin həmin müddət keçəndən sonra onun pulu qaytarmadığını görüb İlahədən yenidən pulunu istəmişdir. Lakin İlahə pulunun olmadığını bildirib müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. İlahənin ona borclu olduğu pulu qaytarmadığına görə əsəbləşib qohumunun DTX-də işlədiyini və onun vasitəsi ilə pulunu alacağı barədə ona səsli mesaj göndərmişdir. Əslində isə DTX-da heç bir qohumu işləmir. xx.xx.2023-cü il tarixdə İlahə anası Səfayəyə borclu olduğu 4200 manat pulu qaytarmışdır. O, Cavabdeh pulunu istədiyinə görə İlahə ondan Kürdəmir rayon polis şöbəsinə şikayət etmiş və şöbədə araşdırma aparılaraq Cavabdeh tələbi mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Hal-hazırda İlahənin ona 61100 manat borcu var və həmin məbləğdə borcu İlahəyə faizlə verməmişdir. İşdə olan: Kürdəmir rayon polis şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı X8 Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlarması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin və qanun pozuntularının qarşısını almaq məqsədi ilə Cavabdeh ilə İddiaçı ailəsini Kürdəmir RPŞ-də “münaqişəli ailə” kimi qeydiyyata alınmaqla barələrində profilaktiki tədbirlər görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin İTB-yə göndərilmiş və tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Həmin qərarda araşdırma zamanı Cavabdeh 2021-ci ilin noyabr ayında İddiaçı 10 faizə 25000 manat pul aldığını etiraf edərək, ayrı-ayrı vaxtlarda Aygünə olan borcunu ödədiyini, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Aygünə olan 4200 manat borcunu yaşadığı evdə Aygünün anası Səfayəyə videoçəkilişlə verdiyini bildirmişdir. Araşdırma zamanı İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək alver etmək üçün Cavabdeh 61100 manat pul verdiyini, sonradan isə Cavabdeh onun anası Səfayəyə 4.200 manatpul verdiyini bildirmişdir. İddiaçı anası X4 izahatında xx.xx.2023-cü il tarixdə Cavabdeh qızı Aygünə olan borcundan 4200 manat aldığını və bu barədə qızı Aygünə məlumat verdiyini bildirmişdir. Məhkəmənin sorğusuna əsasən Kürdəmir rayon polis şöbəsindən alınıb iş materiallarına əlavə edilmiş Kürdəmir RPŞ-nin TB-də araşdırılmış HK-1-1-1780 nömrəli material üzrə Kürdəmir rayon polis şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı X8 Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından Cavabdeh tərəfindən Kürdəmir rayon prokuroruna verdiyi şikayətə əsasən həmin xx.xx.2023-cü il tarixli qərar cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və materialın əlavə araşdırma aparılmasından ötrü qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarı ilə ləğv edilmiş və material əlavə araşdırma aparılmasından ötrü RPŞ-yə qaytarılmışdır. Həmin materiala əlavə edilmiş Kürdəmir rayon polis şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı X14 Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin və qanun pozuntularının qarşısını almaq məqsədi ilə Cavabdeh ilə İddiaçı ailəsini Kürdəmir RPŞ-də “münaqişəli ailə” kimi qeydiyyata alınmaqla barələrində profilaktiki tədbirlər görülməsi üçün qərarın surəti Kürdəmir Prokurorluğuna göndərilmiş və tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-1317/2024 saylı qətnaməsi ilə (hakim Müseyib Bayramov) iddia qismən tələbi təmin edilməsin Cavabdeh 25000 manat əsas borc və iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 165 manat dövlət rüsumu olmaqla, ümumilikdə 25165 (iyirmi beş min yüz altmış beş) manat pul alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçının nümayəndəsi Vəkil1 oğlu apellyasiya şikayəti verərək Kürdəmir rayon Məhkəməsinin 23 sentyabr 2024-cü iltarixli 2(041)-1317/2024 saylı qətnaməsinin dəyişdirilərək iddianın tələbinin tam təmin edilməsini xahiş etmişdir. Onun apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin və qanun pozuntularının qarşısını almaq məqsədi ilə Cavabdeh ilə İddiaçı ailəsini Kürdəmir RPŞ-də “münaqişəli ailə” kimi qeydiyyata alınmaqla barələrində profilaktiki tədbirlər görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin İTB-yə göndərilmiş və tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Həmin qərarda araşdırma zamanı Cavabdeh 2021-ci ilin noyabr ayında İddiaçı 10 faizə 25000 manat pul aldığını etiraf edərək, ayrı-ayrı vaxtlarda Aygünə olan borcunu ödədiyini, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Aygünə olan 4200 manat borcunu yaşadığı evdə Aygünün anası Səfayəyə video çəkilişlə verdiyini bildirmişdir. Müdafiəçisi olduğu İddiaçı və Cavabdeh ilə arasında “Whatsapp” yazışmalarına birinci instansiya məhkəməsi heç bir hüquqi qiymət verməmişdir. Sadəcə olaraq Kürdəmir rayon polis şöbəsində araşdırmaya qiymət vermiş, lakin Cavabdeh “Whatsapp” vasitəsi ilə səsli mesaj göndərərək İddiaçı 24600 manat, 11000 manat və 8000 manat etiraf etmiş, lakin məhkəmə “Whatsapp” yazışmasına heç bir hüquqi qiymət verməmişdir. Cavabdeh “Whatsapp” səsli mesajda İddiaçı 43600 manat borclu olduğunu etiraf etsə də, məhkəmə həmin hissəyə qiymət verməmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edərək iddianın tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində adı çəkilən guya Cavabdeh tərəfindən tanışı Zahid və arvadı Vüsalə üçün götürülmüş pulla bağlı isə ümumiyyətlə heç bir sübut yoxdur və adıçəkilən şəxslər məhkəmə iclasında iştirak etməmiş və pulla bağlı hər hansı bir məlumat verməmişlər. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən ona əsaslanmışdır ki, Kürdəmir RPŞ-də Cavabdeh iddiaçıdan 25000 manat pulun 10 faizə götürməsini əsas gətirmişdir. Əgər məhkəmə “etirafla” deyilən məbləği götürdüyünü əsas gətirirsə nədən video çəkilişlə göstərilən borcdan yerdə qalan 4200 manatı qaytardığını və artıq onlara borcu qalmadığını açıqaydın qarşı tərəfin anası da təsdiq edirsə, hansı əsasla sözü gedən qətnamə qəbul edilməsini ədalətli saymaq olar? Birinci instansiya məhkəməsi sadəcə iddiaçının yazdıqlarına heç bir mötəbər sübut olmadan qətnamə çıxarmaqla absurd bir qətnamə ilə cavabdehin vəziyyətini dahada çətinləşdirmişdir. Qətnamənin “qət etdi” hissəsində qeyd edilir ki, “Cavabdeh 25000 manat əsas borc və iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 165 manat pul təmin edilsin”. Çox maraqlıdır ki, iddiaçının iddia tələbində 61100 manatı hansı formada, necə cavabdehə verməsi məhkəmədə araşdırma zamanı müəyyən edilə bilməsə də, məhkəmə 25000 manatı cavabdehin Kürdəmir RPŞ-də cavabdehin araşdırma zamanı etiraf etdiyini göstərsə də, nədənsə həmin etiraf edilən məbləğin müxtəlif vaxtlarda ödənildiyini və sonda da videoçəkilişdən də göründüyü kimi 4200 manat ödənilir və sonda heç bir borc qalmadığını iddiaçının anası söyləməsini məhkəmə görməməzlikdən gəlir. İddiaçının nümayəndəsi Vəkil1 oğlu məhkəmə iclasında öz apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və onun təmin olunmasını xahiş etmişdir. O məhkəmə iclasında izahatında bildirmişdir ki, tərəflər arasında borcla bağlı yazışmalar olmuşdur. Eyni zamanda cavabdeh də səsin onun ona məxsus olmasını etiraf etmişdir. Onu da nəzərə çatdırır ki, həmin səs yazıları birinci instansiya məhkəməsində də tədqiq edilmişdir. 4200 manat məbləğində borc vəsaiti barədə onu bildirmək istəyir ki, cavabdehin iddiaçının anasına borcu olmuşdur. İş materiallarında olan izahatlarda isə iddiaçının anası imza atsa da, o həmin izahatın məzmunu ilə tanış deyildi. İddiaçı cavabdehə güvənərək pul vermişdir. Cavabdeh ümumilikdə 43000 manatdan çox hissədə iddiaçıya olan borcunu etiraf etmişdir. İddiaçı məhkəmə iclasında öz apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. O, həmçinin bildirmişdir ki, səsyazılar olan disk 2023-cü ilin sentyabrının əvvəllərində - hələ polisə müraciət etməzdən öncə yazılmışdır. Cavabdehin nümayəndəsi vəkili Vəkil2 məhkəmə iclasında apelliyasiya şikayətinin dəllilərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 8000 manat, daha sonra 4200 manat məbləğində pulu iddiaçının anasının yanında videoçəklişlə verdiyini bildirmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-1317/2024 saylı qətnaməsi dəyişdirilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində X7 61100 manat pul verdiyini göstərsə də o, cavabdehə həmin məbləğdə pul verməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Lakin Cavabdeh məhkəmə iclasında izahat verərkən o, iddiaçıdan 2021-ci ilin noyabr ayında 10 faizə 25000 manat pul aldığını etiraf etmiş və ayrıayrı vaxtlarda iddiaçıya olan borcunu ödədiyini, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 4200 manat borcunu iddiaçının anası Səfayəyə ödədiyini göstərsə də, iddiaçı cavabdehin ona borclu olduğu pulu qaytarmadığını, cavabdehin anasına qaytardığı 4200 manat pul isə cavabdehin anasına borclu olduğu pulun olduğunu bildirmişdir. Cavabdeh iddiaçının anası X3 verdiyi 4200 manat pulu sonuncudan geri tələb etmək hüququ vardır. İddiaçı Cavabdeh 61000 manat məbləğində borc pul verdiyini göstərsə də, həmin məbləğdə pulu Cavabdeh verməsi ilə bağlı məhkəməyə heç bir sübüt təqdim etməmiş, lakin məhkəmə araşdırması zamanı Cavabdeh özünün etirafına əsasən onun iddiaçıdan 25000 manat borc pul alması sübuta yetirilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Tətbiqedilənhüquq: Kollegiya diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bundan başqa, MM-in 882-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir və işin bütün faktiki halları tam araşdırılmamışdır. Belə ki, kollegiya mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində cavabdehə 61100 manat pul verdiyini göstərsə də, o, cavabdehə həmin məbləğdə pul verməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, lakin cavabdeh birinci instansiya məhkəməsində izahatında, habelə işdə olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və ona əlavə edilmiş materiallarda iddiaçıdan ümumilikdə 25000 manat məbləğdə pul vəsaiti aldığını etiraf etmiş və ayrı-ayrı vaxtlarda iddiaçıya olan borcunu ödədiyini, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 4200 manat məbləğdə borcunu iddiaçının anası Səfayəyə ödədiyini göstərmişdir. İddiaçı cavabdehin ona borclu olduğu pulu qaytarmadığını, cavabdehin onun anasına qaytardığı 4200 manat məbləğdə pulun isə anasına borclu olduğunu bildirmişdir. Kollegiya diqqətə çatdırır ki, iddiaçının anası X5 polisdə araşdırma zamanı (səh. 14) həmin 4200 manat məbləğdə pul vəsaitinin qızı İddiaçı aid olduğunu və bu barədə qızına məlumat verdiyini qeyd etmişdir. Həmin pulun iddiaçının tapşırığı üzrə anasının qəbul etməsi işin hallarına əsasən mübahisəsizdir. Belə ki, iş materiallarına əsasən iddiaçının anası ilə mövcud münasibətləri də bunu deməyə əsas verir. Nəzərə almaq lazımdır ki, X5 və Cavabdeh arasında hər hansı borc münasibətinin olması haqqında iş materiallarında heç bir fikir səsləndirilməmişdir. Ən əsası, iddiaçı birinci instansiya məhkəməsində anası X2 şahid qismində dindirilməsi barədə vəsatət verə və onun dindirilərək polis araşdırması zamanı bildirdiyi həmin hallara aydınlıq gətirə bilərdi. Lakin iddiaçı buna heç cəhd də etməmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, həmin 4200 manat məbləğdə pul vəsaiti məhz İddiaçı verdiyi borcun əvəzi olmaqla, iş üzrə qərar qəbulu zamanı nəzərə alınmalıdır. Həmin vəsaitin yalnız iddiaçının anası X1 tələb edilməsinin mümkünlüyü barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razlaşmaq olmaz. Bundan əlavə, kollegiya diqqətə çatdırır ki, 4200 manat məbləğdə pul vəsaitinin qaytarılması iddia ərizəsində də öz əksini tapmışdır. Kollegiya eyni zamanda, diqqətə çatdırır ki, iddiaçı ərizəsində göstərmişdir ki, cavabdehə xx.xx.2022-ci il tarixdə 2000 manat məbləğdə pul vermiş, cavabdeh isə həmin pulu alandan sonra ona 100 manat məbləği geri qaytarmışdır. Həmin 100 manat məbləğdə pul vəsaitinin də iddiaçıya qaytarılması halı mütləq qaydada nəzərə alınmalıdır. Çünki həmin pul ərizənin məzmunundan da göründüyü kimi, borcdan qaytarma kimi nəzərdə tutulmuşdur. Bununla bərabər, qeyd edilməlidir ki, iddiaçı tərəfin öz apellyasiya şikayətində, habelə izahatlarda tərəflər arasında səsyazının tədqiq edilməməsi barədə dəlili üzrə qeyd edilməlidir ki, həmin səsyazıların əks olunduğu diskdə cavabdehin komkret olaraq iddiaçıya hər hansı məbləğdə borcunun olması əksini tapmamışdır. Habelə həmin səsyazılar iddiaçının polisə müraciət etməsindən də əvvvəlki tarixə aid olduğundan cavabdehin sonuncu – polisdə araşdırma zamanı bildirdiyi məlumatlar əsas götürülməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Habelə həmin məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının cavabdehə 61000 (yaxud əsas borc olaraq 50000 manat) məbləğdə pul verməsi deyil, cavabdehin 25000 manat məbləğdə pul vəsaitini iddiaçıdan alması təsdiqini tapmışdır. Ancaq həmin vəsaiti faizə alması barədə cavabdeh məhkəməyə hər hansı mötəbər sübut (razılaşma və s.) təqdim etməmişdir. Cavabdehin iddiaçıya 4200 manat və 100 (iddia ərizəsinə əsasən), ümumilikdə 4300 manat qaytarması iş materialları ilə təsdiqini tapmışdır. Buna görə də, 25000 manat məbləğdə pul vəsaitindən iddiaçıya qaytarılmış 4300 manat çıxıldıqdan sonra qalan 20700 manat məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi Vəkil1 oğlunun apellyasiya şikayəti təmin edilməməli, cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə borcun tutulması hissədə dəyişdirilərək Cavabdeh borc qismində 20700 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli və qətnamə qalan hissədə dəyişdirilməməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, çəkilmiş xərclər tərəflərin özlərinə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçının nümayəndəsi Vəkil1 oğlunun apellyasiya şikayəti təmin edilməsin. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-1317/2024 saylı qətnaməsi borcun tutulması hissədə dəyişdirilsin. Cavabdeh borc qismində 20700 (iyirmi min yeddi yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar