Məhkəmə qərarları › İş №2(106)-298/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-298/2023

01.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-298/2023 01.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun ödənilməsindən azad edilmə tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(036)-1793/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16000 manat aliment borcunun ödənilməsindən tamamilə azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2007-ci il tarixində nikahlarını qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X16, xx.xx.2008-ci il təvəllüdlü X17 və xx.xx.2014-cü il təvəllüdlü X11 adlı uşaqları doğulmuşdur. Cavabdehlə və uşaqları ilə xx.xx.2022-ci il tarixədək olan müddətdə birlikdə İmişli rayonunun Çaxırlı kəndində anasına məxsus fərdi yaşayış evində yaşamışlar və cavabdeh ilə birlikdə nikaha daxil olduqları gündən xx.xx.2022-ci il tarixinədək birgə təsərrüfatı idarə etməklə bir yerdə ər-arvad kimi yaşamışlar. Cavabdehin və uşaqlarının maddi və mənəvi təminatları, onların qayğısına qalmaq bir vəzifə kimi iddiaçının üzərində olmuş və iddiaçı həyat yoldaşı və ata kimi bütün öhdəliklərini yerinə yetirmişdir. 2016-cı ildə cavabdeh iddiaçıya demişdir ki, sosial yardım almaq üçün formal olaraq nikahlarını məhkəmə qaydasında ləğv etdirmək lazımdır. İddiaçı isə adında avtonəqliyyat vasitəsi olduğu üçün onlara sosial yardım verilməyəcəyini bildirmişdir. Lakin cavabdeh nikahı ləğv etdirməkdə təkid etmişdir. İmişli Rayon Məhkəməsinin 25 avqust 2016-cı il tarixli, 2(036)- 3210/2016 saylı qətnaməsi ilə nikahları pozulmuş və üç uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində cəmi 240 manat alimentin ondan tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Halbuki, iddiaçı cavabdehlə ər-arvad kimi bir evdə yaşamaqda davam etmişdir. Uşaqları da onlarla birlikdə yaşamışdır. Cavabdeh özü İmişli rayon İcra və Probasiya şöbəsinə yazdığı ərizədə iddiaçı ilə bir yerdə yaşadığını və ondan aliment tələb etmədiyini bildirmişdir. Cavabdehlə nikahlarının qeyd edildiyi gündən xx.xx.2022-ci il tarixədək olan müddətdə iddiaçının anasına məxsus İmişli rayonunun Çaxırlı kəndində yerləşən fərdi yaşayış evində birlikdə təsərrüfat idarə etmələri İmişli rayonu, Çaxırlı kənd sakinləri olan X12 və qeyriləri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktla təsdiq olunur. Həmçinin, F.Quliyev adına Çaxırlı kənd tam orta məktəbinin direktoru tərəfindən verilmiş 18 mart 2022-ci il tarixli, 27 saylı arayışdan da görünür ki, iddiaçının cavabdehlə birgə nikahdan doğulmuş uşaqları xx.xx.2022-ci il tarixədək dərsləri davam etdirərək Çaxırlı kənd tam orta məktəbinin müvafiq siniflərində təhsil almışlar. Eləcə də qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında SOCAR-ın müvafiq qurumunun tərtib etdiyi xx.xx.2017-ci il tarixli, ******* saylı aktda da görünür ki, iddiaçının cavabdehlə birlikdə yaşadıqları Çaxırlı kəndindəki evə quraşdırılmış qaz sayğacı cavabdehin adına rəsmiləşdirilmişdir. Bundan başqa, cavabdeh Çaxırlı kəndində anasına məxsus olan mağaza binasını fərdi sahibkar kimi işlətmiş, onun özünün VÖEN-i olmuş və İmişli rayonunun daxil olduğu Beyləqan Ərazi İdarəsinə vergi ödəmişdir. 2022-ci ilin fevral ayında cavabdeh iddiaçının bacısı ilə dalaşmış, aralarında münaqişə yaranmış və bundan sonra cavabdeh iddiaçıdan narazı qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment borcu iddiaçıdan asılı olmadan üzrlü səbəbdən yaranmışdır. İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(036)-1793/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ülvi Qənbərov) iddia tələbi təmin olunmuş, iddiaçı Ağayev X9 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(036)-3210/2016 saylı icra sənədinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X16, xx.xx.2008-ci il təvəllüdlü X17 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh xeyrinə kəsilmiş ayda 240 manat sabit pul məbləğində alimenti xx.xx.2022-ci il tarixədək ödəmək öhdəliyindən azad edilərək həmin müddətdə yaranmış aliment borcu ləğv edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(036)-1793/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçı ilə rəsmi nikaha daxil olaraq evlənmiş və birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X16, xx.xx.2008-ci il təvəllüdlü X17 və xx.xx.2014-cü il təvəllüdlü X11 adında uşaqları olmuşdur. İmişli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə nikahları pozularaq uşaqlar cavabdehin yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə hər bir uşaq üçün 80 manat olmaqla, hər ay 240 manat sabit pul məbləğində aliment qət edilmişdir. Lakin boşandıqdan sonra cavabdeh yaşayış yerini dəyişməyərək İmişli rayonunun Çaxırlı kəndində birgə nikah dövründə tikdirdikləri mənzildə uşaqları ilə birlikdə yaşayaraq həmin ünvanda açdığı ticarət məntəqəsində qeyri-ərzaq məhsullarının pərakəndə satışını həyata keçirərək əldə etdiyi qazancla uşaqlarını saxlamışdır. İddiaçı isə həmin kənddə yerləşən valideynlərinin yaşadığı mənzildə yaşayaraq cavabdehə və uşaqlarına heç bir maddi yardım etməmişdir. Bütün bunların nəticəsi olaraq, 16 fevral 2022-ci ildə iddiaçı və onun ailə üzvləri cavabdehi və uşaqlarını yaşadıqları evdən çıxarmış, aralarında münaqişə olmuş və həmin vaxt cavabdeh döyülərək evdən qovulmuşdur. İddiaçı indiyədək uşaqların maddi ehtiyaclarının ödənilməsində iştirak etmədiyindən 16320 manat məbləğində aliment borcu qalmışdır. Cavabdeh bu borcu dəfələrlə İmişli rayon İcra və Probasiya şöbəsində tələb etsə də, hər dəfə icrasız qalmışdır. İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Birincisi, cavabdeh iddiaçı ilə heç vaxt birlikdə yaşamamış və o, uşaqlarına nikah pozulan vaxtdan xx.xx.2022-ci il tarixə və ya hal-hazırkı günə kimi heç bir maddi yardım etməmişdir. İkincisi, işdən göründüyü kimi, onların nikahı pozulduqdan sonra aralarında mübahisə düşmüş və İmişli RPŞ-də münaqişəli ailə kimi qeydiyyata alınmışlar. Bu hallar üzrə məhkəmə heç bir araşdırma aparmadan və ya bu sənədlərə hüquqi münasibət bildirmədən, icrası qeyrimümkün olan qətnamə qəbul etmişdir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə etirazının əsası kimi istinad etdiyi halları müvafiq icra hakimiyyəti orqanına təqdim etsə də, məhkəmə bu halları nəzərə almamışdır. Borclunun hazırkı borcu 18000 manatı keçmişdir. Bu barədə məhkəmə icra şöbəsində olan icra işini tələb etməmişdir. Bundan başqa, həmin tarixə kimi tərəflər arasında dəfələrlə mübahisə olmuş və həmin müddətdə cavabdehin iddiaçı ilə heç bir halda birgə təsərrüfat aparmasından söhbət gedə bilməz. Uşaqların mənafeyi nəzərə alınmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi ailə tərkibi haqqında arayış saxtadır. Ona görə ki, cavabdeh azyaşlı uşaqları ilə birlikdə həmin həyətdə yerləşən birgə nikah dövründə inşa etdikləri fərdi yaşayış evində yaşamışdır. İddiaçı isə hər zaman cavabdehi və uşaqlarını həmin fərdi yaşayış evindən çıxarmağa çalışmış və sonda buna nail olmuşdur. Odur ki, nümayəndəlik tərəfindən təqdim edilən arayışın heç bir hüquqi əhəmiyyəti yoxdur. Cavabdeh icra sənədinin icrasının dayandırılması barədə heç vaxt ərizə verməmişdir. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh və onun nümayəndəsi Vəkil çıxış edərək bildirdilər ki, iddiaçı ilə cavabdehin nikahı 25 avqust 2016-cı ildə pozulmuş, birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün isə məhkəmə qətnaməsi ilə cəmi 240 manat sabit pul məbləğində alimentin iddiaçıdan alınıb cavabdehə verilməsi qət edilmişdir. Lakin İddiaçı öz aliment öhdəliyini icra etməmiş, bununla da 17 fevral 2022-ci il tarixədək onun təxminən 16000 manat aliment borcu yaranmışdır. Tərəflər birgə nikah dövründə İmişli rayonunun Çaxırlı kəndində iddiaçının anasına məxsus həyətdə ikinci evi tikmişlər. Nikah pozulduqdan sonra cavabdeh uşaqları ilə birlikdə həmin evdə yaşamış, özü üçün VÖEN açdırmaqla xırda ticarətlə məşğul olmuş, iddiaçı ilə hər hansı birgə təsərrüfat aparmamışdır. Cavabdeh verilmiş suallara cavab olaraq bildirdi ki, icra şöbəsinə icra hərəkətlərinin dayandırılması barədə ərizəni mahiyyətini bilmədən o yazıb imzalasa da, onu buna iddiaçı məcbur etmiş, iddiaçı özü həmin ərizəni aparıb icra şöbəsinə təqdim etmişdir. Lakin icra şöbəsinə təqdim edilmiş ərizə icra işinə əlavə edilsə də, qanunla nəzərdə tutulmuş qaydada qeydə alınmamışdır. Sonradan cavabdeh nə qədər icra şöbəsinə getmək istəsə də, iddiaçı buna icazə verməmişdir. Həmçinin, o verilmiş digər suala cavab olaraq bildirmişdir ki, həqiqətən də, tez-tez, təxminən ayda bir dəfə iddiaçı ilə birlikdə İrana getsələr də, o, iddiaçıdan sürücü kimi istifadə etmiş, getdikləri yerlərdə birlikdə qalmamış, hətta oteldə belə ayrı-ayrı otaqlarda qalmışlar. Bir sözlə, boşandıqdan sonra iddiaçı ilə birgə yaşadıqları müddət ərzində birgə təsərrüfat aparmamışlar, iddiaçı uşaqlara baxmamışdır. Onlar apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında İddiaçı çıxış edərək bildirdi ki, cavabdehlə ailə münasibətləri əvvəllər normal olmuş, sonradan 2016-cı ildə cavabdeh ona sosial yardım almaq məqsədilə formal olaraq nikahlarını pozmağı təklif etmiş, o, əvvəlcə imtina etsə də, cavabdehin təkidləri səbəbilə qəbul etməyə məcbur olmuşdur. İmişli Rayon Məhkəməsinin 25 avqust 2016-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuş, məhkəmə uşaqların saxlanması üçün ondan hər ay 240 manat sabit pul məbləğində alimentin cavabdehin xeyrinə tutulmasını qət etmişdir. Cavabdehin özü 08 noyabr 2016-cı ildə birgə yaşadıqlarına görə icra sənədinin icrasının dayandırılması barədə İmişli rayon İcra şöbəsinə ərizəni imzalamışdır. Göründüyü kimi, nikahları pozulsa da, onlar yenə də İmişli rayonunun Çaxırlı kəndində iddiaçının anasına məxsus evdə yaşamağa davam etmiş, birgə təsərrüfat aparmışlar. Belə ki, onlar cavabdehin adına VÖEN açdıraraq xırda ticarətlə məşğul olmuş, tez-tez birlikdə İrana gedib-gəlmişlər. Səfər zamanı gecələmək lazım gəldikdə isə oteldə eyni otaqda qalmışlar. Hətta 20 oktyabr 2020-ci ildə iddiaçı cavabdehin "xxxx" QSC ilə bağladığı uzunmüddətli kredit müqaviləsi üzrə zamin də durmuşdur. Bundan başqa, cavabdeh 2020-ci il və 2021-ci ildə iddiaçıya nəqliyyat vasitəsindən istifadə və sərəncam verilməsi ilə bağlı etibarnamələr də vermişdir. Bütün bunlar onu göstərir ki, onların nikahının pozulması formal xarakter daşımış, onlar yenə də bir ailə kimi yaşamağa davam etmişlər. İddiaçı özü öz övladlarının maddi ehtiyaclarını qarşılamağa davam etmişdir. Bu səbəbdən də, 17 fevral 2022-ci il tarixinə 16000 manat məbləğində aliment borcu əslində hesablanmamalı idi. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini xahiş etməklə, onu tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə surəti olan İmişli Rayon Məhkəməsinin 2(036)-3210/2016 saylı, 25 avqust 2016-cı il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh arasında 01 noyabr 2007-ci il tarixdə bağlanmış rəsmi nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X16, xx.xx.2008-ci il təvəllüdlü X17 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh xeyrinə İddiaçı hər bir uşaq üçün ayda 80 manat olmaqla, hər ay 240 manat sabit pul məbləğində aliment müəyyən edilmiş, alimentin tutulmasının 25 avqust 2016-cı il tarixdən hesablanması qət edilmişdir. İşdə surəti olan İmişli Rayon Məhkəməsinin 2(036)-3210/2016 saylı, 25 avqust 2016cı il tarixli icra vərəqəsindən görünür ki, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X16, xx.xx.2008-ci il təvəllüdlü X17 və xx.xx.2014-cü il təvəllüdlü X2 Gülnar Əliteymur qızının yanında qalmalı, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh xeyrinə İddiaçı hər bir uşaq üçün ayda 80 manat olmaqla, hər ay 240 manat sabit pul məbləğində aliment müəyyən edilməli, alimentin tutulması 25 avqust 2016-cı il tarixindən hesablanmalıdır. İşdəki İmişli rayon İcra şöbəsinin 25 oktyabr 2016-cı il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, İmişli Rayon Məhkəməsinin 25 avqust 2016-cı il tarixli, 2(036)-3210/2016 saylı icra sənədi ilə bağlı iş üzrə icraata başlanılmışdır. İşdəki tələbin könüllü icrası haqqında 25 oktyabr 2016-cı il tarixli bildirişin surətindən görünür ki, İmişli Rayon Məhkəməsinin 25 avqust 2016-cı il tarixli, 2(036)-3210/2016 saylı icra sənədində göstərilən tələbin hər ay vaxtında yerinə yetirilməsi İddiaçı tələb edilmişdir. İşdəki Cavabdeh tərəfindən imzalanmış və İmişli rayon İcra şöbəsinə ünvanlanmış 08 noyabr 2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh uşaqlarla birlikdə İddiaçılə bir evdə yaşadığını, onunla razılaşdığını, razılaşmalarına əsasən, onun uşaqların maddi ehtiyaclarını ödəyəcəyinə söz verdiyini bildirmiş, bu səbəbdən icra sənədinin icrasını dayandırmağı və hələ ki ondan alimentin ödənilməsinin tələb edilməməsini xahiş etmiş, alimentin ödənilməsini tələb edəcəyi halda İmişli rayon İcra və Probasiya şöbəsinə yenidən müraciət edəcəyini qeyd etmişdir. İşdəki ******* nömrəli, xx.xx.2017-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, sifarişçi (istehlakçı) kimi Cavabdeh göstərilmişdir. İşdəki qeydiyyat nömrəsi ********** olan fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İmişli rayonu, Çaxırlı kəndi ünvanında xx.xx.2020-ci il tarixində 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi uçotuna alınmışdır. İşdəki Cavabdeh tərəfindən imzalanmış və İmişli rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 17 fevral 2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı icra sənədi üzrə həmin tarixədək ona heç bir məbləğdə aliment ödəmədiyini bildirmiş, İddiaçı yaranmış 16080 manat aliment borcunun alınıb ona verilməsinə köməklik edilməsini, ödəməyəcəyi halda isə onun inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunvericiliyə müvafiq tədbir görülməsini xahiş etmişdir. İşdəki İmişli rayon İcra və Probasiya şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 17 fevral 2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, sonuncu aliment borcunu ödəməmiş, aliment borcunu ödəməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ondan qalıq aliment borcunun tələbkara tam ödənilməsi tələb edilmiş, əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi barədə məhkəməyə protokol veriləcəyi bildirilmişdir. İşdəki İddiaçı tərəfindən İmişli rayon İcra və Probasiya şöbəsinə verilmiş 21 fevral 2022-ci il tarixli izahatdan görünür ki, İddiaçı aliment ödəmədiyini, lakin uşaqların maddi ehtiyaclarını bugünədək ödədiyini, həmin tarixə tələbkara 16080 manat aliment borcu olduğunu, həmin tarixədək Cavabdeh və 3 uşağı ilə birlikdə bir evdə yaşadıqlarını, ailənin maddi ehtiyaclarını özünün ödədiyini, buna görə də aliment ödəmədiyini, alimenti hazırda ödəyə bilmədiyini, lakin Cavabdeh evi tərk edəcəyi təqdirdə aliment ödəyəcəyini, taksi fəaliyyəti ilə məşğul olduğunu, aylıq qazancının 150 manat olduğunu, mülkiyyətində heç bir əmlakının olmadığını və pensiya və ya sosial müavinət almadığını bildirmişdir. İşdə surəti olan İmişli Rayon Məhkəməsinin 3(036)-113/2022 saylı, 21 fevral 2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 20 gün müddətə inzibati qaydada həbs edilmiş, həbsdə saxlama müddətinin əvvəlinin 21 fevral 2022-ci il tarixdən, saat 15:30-dan hesablanması qərara alınmışdır. X19 adına Çaxırlı kənd tam orta məktəbinin 27 nömrəli, 18 mart 2022-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı övladları – X11 həmin məktəbin 2-ci sinfində, X17 7-ci sinfində, X16 isə 9-cu sinfində təhsil alırlar. Onun qeyd edilən övladları xx.xx.2022-ci il tarixindən dərsə davam etmirlər. İşdəki İmişli rayonunun Çaxırlı kənd sakinləri X12, X6, X18, X7, X3 tərəfindən tərtib edilərək imzalanmış 28 mart 2022-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh 17 fevral 2022-ci ilə qədər övladları və həyat yoldaşı İddiaçı ilə birlikdə İmişli rayonunun Çaxırlı kəndində yaşamışdır. Aktdakı imzalar İmişli RİHB-nin Məzrəli kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. İşdəki İmişli RİHB-nin Məzrəli kənd inzibati dairəsi üzrə nümayəndəliyinin 11 aprel 2022-ci il tarixli, 227 nömrəli arayışının surətindən görünür ki, İddiaçı Cavabdeh ilə 2006-cı ildə ailə həyatı qurmuş, üç övladları var, 17 fevral 2022-ci ilə qədər bir evdə, bir təsərrüfatda, bir həyətdə övladları ilə birgə Çaxırlı kəndində yaşamışlar. İşdəki İmişli rayon İcra və Probasiya şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş 08 fevral 2023-cü il tarixli, 36 nömrəli məktubundan görünür ki, İmişli Rayon Məhkəməsinin 25 avqust 2016-cı il tarixli icra sənədinə əsasən üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 240 manat aliment tutulub Cavabdeh xeyrinə ödənilməlidir. İcra sənədi üzrə İmişli rayon İcra və Probasiya şöbəsində xx.xx.2016-cı il tarixdə başlanılmış icraat zaman (böyük icra məmuru Ramil Paşayev) İddiaçı tərəfindən aliment ödənilməmiş, onda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Borclunun qeydiyyatda olduğu ünvana icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası barədə bildiriş göndərilmiş və ondan alimentin vaxtlı-vaxtında ödənilməsi tələb olunmuş, habelə qanuni qüvvəyə minmiş məhkəmə qərarını qəsdən icra etmədiyi halda qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barədə məlumat verilmişdir. Tələbkar Cavabdeh xx.xx.2016-cı il tarixdə ərizə ilə müraciət edərək İddiaçılə birgə yaşadıqlarını, razılaşmalarına əsasən borclunun uşaqların maddi ehtiyaclarını ödəyəcəklərinə söz verdiyini bildirərək icra sənədinin icrasının dayandırılmasını xahiş etmişdir. Tələbkar Cavabdeh ərizəsi nəzərə alınaraq icra sənədi üzrə icra tədbirləri dayandırılmışdır. Tələbkarın xx.xx.2022-ci il tarixədək aliment tələbi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə müraciəti olmamışdır. Tələbkar xx.xx.2022-ci il tarixli ərizə ilə yenidən şöbəyə müraciət edərək borclunun ona aliment ödəmədiyini bildirmiş, onun inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunvericiliyə müvafiq tədbir görülməsini xahiş etmişdir. Borclu İddiaçı İmişli rayon İcra və Probasiya şöbəsinə dəvət edilmişdir. Borclu xx.xx.2022-ci il tarixdə şöbəyə gəlmiş, izahatı alınmış və alimenti ödəməsi tələb edilmişdir. Borcluya alimenti ödəməyəcəyi halda inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliyə müvafiq tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı izahatında aliment ödəmədiyini, alimenti tələbkar Cavabdeh evi tərk edəcəyi halda ödəyəcəyini bildirmişdir. Borclu barəsində xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İmişli Rayon Məhkəməsinə verilmiş, həmin məhkəmənin inzibati xəta haqqında həmin tarixli qərarına əsasən borclu 20 gün müddətində inzibati qaydada həbs edilmişdir. Borclu məhkəmənin inzibati xəta haqqında qərarından narazı qalaraq Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı qeyd edilən icra sənədi üzrə xx.xx.2022ci il tarixədək aliment ödəmək öhdəliyindən azad edilmişdir. İşdəki "xxxx" QSC ilə zamin İddiaçı arasında bağlanmış 20 oktyabr 2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, borclu Cavabdeh Bankla bağlanmış 20 oktyabr 2020ci il tarixli, məbləği 100000 manat, müddəti 120 ay, faiz dərəcəsinin yuxarı həddi 28 faiz olan uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün İddiaçı Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və Cavabdeh ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşdəki 24 sentyabr 2020-ci il tarixli, 372099 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh “VAZ 21041 minik” markalı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini İddiaçı etibar etmişdir. İşdəki 20 avqust 2021-ci il tarixli, 5856 reyestr nömrəli nəqliyyat vasitəsinə dair sərəncam hüququ haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh “VAZ 21041 minik” markalı nəqliyyat vasitəsi üzrə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi səlahiyyətləri İddiaçı etibar etmişdir. İşdəki İddiaçı məxsus C00961190 nömrəli pasportun surətindən görünür ki, o, avtomobillə mütəmadi olaraq İran İslam Respublikasına gedib-gəlmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı tələbini cavabdehin və uşaqlarının 17 fevral 2022-ci il tarixədək onunla birlikdə, eyni ünvanda yaşamaları, nikahlarının pozulmasının formal xarakter daşıması, nikah pozulduqdan sonra da birgə təsərrüfatın aparılması, uşaqlarının maddi ehtiyaclarını qarşılaması, cavabdehin öz ərizəsi əsasında icra sənədi üzrə icra tədbirlərinin dayandırılması ilə əsaslandırmış, bu səbəbdən həmin tarixə 16000 manat məbləğində aliment borcunun əslində hesablanmamalı olduğunu bildirmişdir. Cavabdeh isə nikahın pozulmasının formal xarakter daşımaması, nikah pozulduqdan sonra eyni ünvanda yaşasalar da, eyni evdə yaşamamaları, birgə təsərrüfat aparmamaları, icra şöbəsinə ünvanlanmış ərizəni iddiaçının məcbur etməsi nəticəsində imzalaması əsasları ilə etiraz etmişdir. İş materialları ilə müəyyən edilir ki, İmişli Rayon Məhkəməsinin 2(036)-3210/2016 saylı, 25 avqust 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 01 noyabr 2007-ci il tarixdə bağlanmış rəsmi nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X16, xx.xx.2008-ci il təvəllüdlü X17 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh xeyrinə İddiaçı hər bir uşaq üçün ayda 80 manat olmaqla, hər ay 240 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmiş, alimentin tutulmasının 25 avqust 2016-cı il tarixdən hesablanması qət edilmişdir. Həmin qətnamə əsasında icra vərəqəsi verilmiş, İmişli rayon İcra şöbəsinin 25 oktyabr 2016-cı il tarixli qərarı ilə İmişli Rayon Məhkəməsinin 25 avqust 2016-cı il tarixli, 2(036)- 3210/2016 saylı icra sənədi ilə bağlı iş üzrə icraata başlanılmışdır. Cavabdeh tərəfindən imzalanmış və İmişli rayon İcra şöbəsinə ünvanlanmış 08 noyabr 2016-cı il tarixli ərizə ilə Cavabdeh uşaqlarla birlikdə İddiaçılə bir evdə yaşadığından, onunla razılaşmalarına əsasən, iddiaçı uşaqların maddi ehtiyaclarını ödəyəcəyinə söz verdiyindən, icra sənədinin icrasını dayandırmağı və hələ ki ondan alimentin ödənilməsinin tələb edilməməsini xahiş etmiş, alimentin ödənilməsini tələb edəcəyi halda İmişli rayon İcra və Probasiya şöbəsinə yenidən müraciət edəcəyini qeyd etmişdir. İmişli rayon İcra və Probasiya şöbəsi tərəfindən tələbkar Cavabdeh ərizəsi nəzərə alınaraq icra sənədi üzrə icra tədbirləri dayandırılmışdır. Cavabdeh tərəfindən imzalanmış və İmişli rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 17 fevral 2022-ci il tarixli ərizə ilə Cavabdeh İddiaçı icra sənədi üzrə həmin tarixədək ona heç bir məbləğdə aliment ödəmədiyini bildirmiş, İddiaçı yaranmış 16080 manat aliment borcunun alınıb ona verilməsinə köməklik edilməsini, ödəməyəcəyi halda isə onun inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunvericiliyə müvafiq tədbir görülməsini xahiş etmişdir. İddiaçı İmişli rayon İcra və Probasiya şöbəsinə dəvət edilmiş, xx.xx.2022-ci il tarixdə şöbəyə gəlmiş, izahatı alınmış və alimenti ödəməsi tələb edilmiş, ona alimenti ödəməyəcəyi halda inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliyə müvafiq tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı barəsində xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İmişli Rayon Məhkəməsinə verilmiş, həmin məhkəmənin inzibati xəta haqqında həmin tarixli qərarına əsasən o, 20 gün müddətində inzibati qaydada həbs edilmişdir. İddiaçı məhkəmənin inzibati xəta haqqında qərarından narazı qalaraq Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı qeyd edilən icra sənədi üzrə xx.xx.2022-ci il tarixədək aliment ödəmək öhdəliyindən azad edilərək, həmin müddətədək yaranmış aliment borcu ləğv edilmişdir. Məhkəmə kollegiyası cavabdehin iddiaçı ilə nikahın pozulmasının formal xarakter daşımaması və birgə təsərrüfat aparılmaması ilə bağlı bildirdiklərini işin hallarına uyğun saymır. Belə ki, tərəflərin nikahı 25 avqust 2016-cı il tarixində pozulmuş olsa da, İmişli RİHB-nin Məzrəli kənd inzibati dairəsi üzrə nümayəndəliyinin 11 aprel 2022-ci il tarixli, 227 nömrəli arayışından göründüyü kimi, tərəflər 17 fevral 2022-ci ilə qədər bir evdə, bir təsərrüfatda, bir həyətdə övladları ilə birgə Çaxırlı kəndində yaşamışlar. Cavabdeh apellyasiya şikayətində qeyd edilən arayışın saxta olduğunu bildirsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmiş, həmin arayışda qeyd edilənlərin əksini təsdiq edə bilməmişdir. Bununla yanaşı, arayışda qeyd edilənlər İmişli rayonunun Çaxırlı kənd sakinləri X12, X6, X18, X7, X3 tərəfindən tərtib edilərək imzalanmış 28 mart 2022-ci il tarixli aktla da təsdiq edilir. Fərhad Quliyev adına Çaxırlı kənd tam orta məktəbinin 27 nömrəli, 18 mart 2022-ci il tarixli arayışı ilə İddiaçı övladları – X11 həmin məktəbin 2-ci sinfində, X17 7-ci sinfində, X16 isə 9-cu sinfində təhsil almaları, lakin onların xx.xx.2022-ci il tarixindən dərsə davam etməmələri müəyyən edildiyindən, məhkəmə kollegiyası belə hesab edir ki, tərəflərin qeyd edilən 17 fevral 2022-ci il tarixinədək İmişli rayonunun Çaxırlı kəndində birgə yaşamaları halı təsdiq olunur. Həmçinin, cavabdeh tərəfindən imzalanmış və İmişli rayon İcra şöbəsinə ünvanlanmış 08 noyabr 2016-cı il tarixli ərizə ilə cavabdeh uşaqlarla birlikdə iddiaçı ilə bir evdə yaşadığını, onunla razılaşdığını, razılaşmalarına əsasən, iddiaçının uşaqların maddi ehtiyaclarını ödəyəcəyinə söz verdiyini bildirmiş, bu səbəbdən icra sənədinin icrasını dayandırmağı və hələ ki ondan alimentin ödənilməsinin tələb edilməməsini xahiş etmiş, alimentin ödənilməsini tələb edəcəyi halda İmişli rayon İcra və Probasiya şöbəsinə yenidən müraciət edəcəyini qeyd etmişdir. Apellyasiya məhkəməsinin iclasında cavabdeh həmin ərizəni özünün imzaladığını bildirsə də, bunu iddiaçının onu məcbur etməsi səbəbilə etdiyini və həmin ərizəni iddiaçının şöbəyə təqdim etdiyini bildirmiş, sonrada icra şöbəsinə müraciət etməsinə iddiaçının mane olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin tez-tez İran İslam Respublikasına səfər etməsini və sahibkarlıqla məşğul olmasını nəzərə alaraq, sonradan onun ərizə ilə şöbəyə müraciət etməsinə iddiaçının mane olması ilə bağlı bildirdiklərini inandırıcı hesab etmir və bunu işin hallarına uyğun saymır. Belə ki, cavabdehin tez-tez İran İslam Respublikasına sərbəst şəkildə səfər edə bilməsinə və ya öz bildirdiyinə görə müstəqil şəkildə sahibkarlıqla məşğul olmasına baxmayaraq, ərizəsində qeyd etdiyi kimi alimentin ödənilməsi ilə bağlı iddiaçının mane olması səbəbindən icra şöbəsinə müraciət edə bilməməsi ağlabatan deyil. Bundan əlavə, iş materiallarından görünür ki, "xxxx" QSC ilə iddiaçı arasında bağlanmış 20 oktyabr 2020-ci il tarixli zaminlik müqaviləsi ilə iddiaçı cavabdehin Bankla bağlanmış 20 oktyabr 2020-ci il tarixli, məbləği 100000 manat, müddəti 120 ay, faiz dərəcəsinin yuxarı həddi 28 faiz olan uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və cavabdeh ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağa razı olmuşdur. 24 sentyabr 2020-ci il tarixli, 372099 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında, eləcə də 20 avqust 2021-ci il tarixli, 5856 reyestr nömrəli nəqliyyat vasitəsinə dair sərəncam hüququ haqqında etibarnamələrin surətlərindən göründüyü kimi ki, cavabdeh əvvəlcə “VAZ 21041 minik” markalı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini, sonra isə həmin nəqliyyat vasitəsilə bağlı sərəncam vermə və digər səlahiyyətləri iddiaçıya etibar etmişdir. Bu qeyd edilənlər isə tərəflər arasındakı nikahın məhkəmə qaydasında pozulmasına baxmayaraq, onların nikahının faktiki olaraq davam etdiyini və birgə təsərrüfatın aparıldığını göstərir. Cavabdeh tərəfindən imzalanmış və İmişli rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 17 fevral 2022-ci il tarixli ərizə ilə cavabdeh iddiaçının icra sənədi üzrə həmin tarixədək ona heç bir məbləğdə aliment ödəmədiyini bildirmiş, iddiaçıdan yaranmış 16080 manat aliment borcunun alınıb ona verilməsinə köməklik edilməsini, ödəməyəcəyi halda isə onun inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunvericiliyə müvafiq tədbir görülməsini xahiş etmişdir. İddiaçı barəsində bundan sonra müvafiq tədbirlər görülmüş, o, İmişli Rayon Məhkəməsinin 3(036)-113/2022 saylı, 21 fevral 2022-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 20 gün müddətə inzibati qaydada həbs edilmişdir. Bundan sonra isə iddiaçı əvvəlcə müvafiq sənədləri toplayaraq mediatora müraciət etmiş, lakin mediator Elvin Abbasov tərəfindən 06 may 2022-ci il tarixində ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. İddiaçı isə sonradan hazırkı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göründüyü kimi, məhkəmə qaydasında aliment üzrə borcları ödəməkdən azad edilmənin əsaslarına aliment borcunun onu ödəməli olan şəxsin xəstəliyi və yaxud başqa üzrlü səbəblərdən əmələ gəlməsi və ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan verməməsi daxildir. Qanunvericilik bu halların müəyyən edilməsini məhkəmənin səlahiyyətinə aid edir. Məhkəmə kollegiyası iddiaçının 25 avqust 2016-cı il tarixindən 17 fevral 2022-ci il tarixinədək 16000 manat məbləğində aliment borcunun yaranması ilə bağlı belə nəticəyə gəlir ki, tərəflərin nikahı 25 avqust 2016-cı il tarixində pozulsa da, onların nikahının pozulması formal xarakter daşıdığından, tərəflər yenə də eyni evdə yaşayaraq birgə təsərrüfat idarə etdiklərindən və uşaqlar cavabdeh ilə yanaşı, iddiaçının da himayəsində olduğundan, cavabdeh öz imzası ilə 08 noyabr 2016-cı il tarixli ərizəni imzalayaraq, icra tədbirlərinin dayandırılmasını xahiş etdiyindən, aliment öhdəliyinin icra edilməsi ilə bağlı cavabdeh sonradan – 17 fevral 2022-ci il tarixində icra şöbəsinə müraciət etdiyindən, qeyd edilən müddətdə aliment borcunun yaranması iddiaçıdan asılı olmayan üzrlü səbəblərə görə baş vermişdir. Bununla yanaşı, məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçı taksi fəaliyyəti ilə məşğul olur və onun aylıq gəliri təxminən 150 manatdır, buna baxmayaraq o, hər ay üç uşağının saxlanması üçün cavabdehə cəmi 240 manat sabit pul məbləğində aliment ödəməlidir. Bu isə onu təsdiq edir ki, iddiaçının maddi vəziyyəti üzrlü səbəbdən yaranmış 16000 manat aliment borcunu ödəməyə imkan vermir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 17 fevral 2022-ci il tarixinədək uşaqları cavabdehlə yanaşı iddiaçının da himayəsində olduğundan və o, öz uşaqlarının maddi və mənəvi qayğısına qaldığından, həmin müddətədək olan aliment borcunun ondan tutulması ədalətlilik prinsipinin də tələblərinə cavab vermir. Qeyd edilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçını 17 fevral 2022-ci il tarixinədək yaranmış aliment borcunu ödəmək öhdəliyindən azad etməklə, həmin müddətdə yaranmış aliment borcunu ləğv edərək düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(036)-1793/2022 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar