Məhkəmə qərarları › İş №2(106)-300/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-300/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-300/2023 31.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Kərimov Tale Sulddin oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(049)-2189/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 04 oktyabr 2022-ci il tarixli 2(049)-2189/2022 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək Cavabdeh 6793.88 manat məbləğində əsas, 4212,21 manat məbləğində faiz, 60 manat cərimə, 921,60 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 11987,69 manat borc və ödənilmiş 140.31 manat məbləğdə dövlət rüsumu tutularaq "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(049)-2189/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Lənkəran Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qərardadına əsasən apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, apellyasiya şikayətinə Cavabdeh tərəfindən onun istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar əlavə edilməmiş, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını apellyasiya şikayətinin mümkün hesab edilərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qərardadına əsasən Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM-in 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(049)-2189/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət əsaslıdır. Belə ki, MPM-in 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada (Məcəlləyə əlavə forma 2) verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini MPM-in 361-ci maddəsinin tələblərinə uyğun tərtib edilmədiyi üçün geri qaytarmışdır. Məhkəmə qərardadında göstərmişdir ki, apellyasiya şikayətinə Cavabdeh tərəfindən istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutları əlavə edilməmiş, apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə uyğun tərtib olunmamışdır. Məhkəmə kollegiyası Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(049)-2189/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətini tədqiq edərək şikayətin Məcəllə ilə müəyyən olunan forma məzmuna uyğun tərtib edilməməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, apellyasiya şikayəti Məcəllə ilə müəyyən olunan formada tərtib olunması ilə yanaşı, məzmun etibarı ilə də Məcəllənin tələblərinə uyğundur, yəni şikayət verən tərəf birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmamasının əsaslarını, maddi və prosessual hüquq normalarının pozulmasının, düzgün tətbiq edilməməsinin nədən ibarət olduğunu şikayətində öz mövqeyinə uyğun əsaslandırmış, istinad etdiyi konkret fakt və halları isə göstərilmişdir. MPM-in 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti əsaslı olduğundan təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(049)-2189/2022 saylı qərardadı prosessual hüquq normalarına riayət olunmadan çıxarıldığından ləğv edilməli, qətnamədən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilərək, baxılmasından ötrü sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və MPM-in 397.2, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilsin. İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(049)-2189/2022 saylı qərardadı ləğv edilsin. Lənkəran Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(049)-2189/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilsin və apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar