Məhkəmə qərarları › İş №2(106)-301/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-301/2024

13.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-301/2024 13.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, X8 oğlunun katibliyi ilə, İddiaçı Məhərrəmli oğlunun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Məhərrəmli oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı maddi ziyan tələbinə dair iş üzrə Lənkəran Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(049)-832/2023 saylı qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(049)-832/2023 saylı qətnaməsi ilə (hakim Anar Pənahov) iddia qismən təmin edilərək vurulmuş maddi ziyana dair 7200 (yeddi min iki yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı verilməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 (yetmiş beş) manat 60 (altmış) qəpik məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh2 MMC apellyasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv edilməsi, dəymiş zərərin, ekspertiza xərcinin və dövlət rüsumunun Cavabdeh2 MMC-dən tutulması hissəsində rədd edilməsi, apellyasiya şikayətinə görə ödənilmiş 63 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh2 MMC-yə ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12000 manat məbləğində vurulmuş maddi ziyanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində “Nissan Sunny” markalı ** KS *** dövlət qeydiyyat nişanlı avtomobil olmuş və o, bu nəqliyyat vasitəsini “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. O, xx.xx.2022-ci il tarixində saat 16 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının qarşısında olarkən taksi axtaran bir xanımla rastlaşmış və o, Lənkəran rayonunda yerləşən Vərəm dispanserinə getmək istəmişdir. O, Mərkəzi Xəstəxananın yaxınlığındakı aptekə getməli olduğunundan həmin xanımın gedəcəyi yerə aparmasına dair razılığına gəlmiş və həmin xanım avtomobilin arxa sağ tərəfində əyləşdirmişdir. Sonra, o, idarə etdiyi avtomobillə yaşadığı Lənkəran rayon Göyşaban kənd istiqamətində hərəkətə başlayıb. Heydər Əliyev prospektində yerləşən Vərəm dispanserinin qarşısına çatdıqda avtomobilin surətini azaldaraq, dönmə işıqlarını yandıraraq və yolun sol tərəfinə doğru avtomobilini hərəkət etdirməyə başlamışdır. Həmin vaxt onun avtomobilinin arxasınca “Mercedes Benz” markalı avtomobil hərəkətdə olmuş və ötmə əməliyyatı etməyə çalışmışdır. Lakin “Mercedes Benz” markalı avtomobilin sürücüsü onun sola döndüyünü gördüyü üçün ötmə əməliyyatını dayandırmışdır. Bundan sonra o, yolun tam təhlükəsiz olduğunu düşünərək avtomobili sola döndərmişdir. Lakin o, idarə etdiyi avtomobilin əks hərəkət zolağının ortasında olarkən arxadan gəldiyini görməyib, bir avtomobilin onun idarə etdiyi avtomobilin sol arxa qanadından toqquşmasını görmüşdür. Toqquşmadan sonra onun idarə etdiyi avtomobil təxminən 5-6 metr sürüşmüş, toqquşan avtomobil isə yol səkisinə çırpılıb dayanmışdır. Özünün idarə etdiyi avtomobilin arxa sağ oturacağında oturan xanım heç bir xəsarət almamışdır. Hadisə zamanı onun özü isə sol çiyin və sol çanaq sümüyündən, həmçinin bel və baş nahiyələrindən xəsarət almışdır. O, toqquşan avtomobilin arxadan hərəkət etdiyini və ötmə əməliyyatı etdiyini görmədiyindən hadisədən sonra bu avtomobilin Cavabdeh2 MMC şirkətinə məxsus olan “Khazar SD” markalı ** PV *** dövlət qeydiyyat nişanlı minik avtomobili olduğunu, avtomobilin sürücüsünün isə Cavabdeh1 olduğunu görmüş və öyrənmişdir. Hadisənin araşdırılması üçün həmin əraziyə polis əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirilmiş və hər iki tərəfdən, yəni ondan və toqquşan avtomobilin sürücüsündən izahatlar alınmışdır. Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqi X1 02 dekabr 2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında HK-4002 nömrəli materiallar üzrə qərarı ilə Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh1 yol nəqliyyat hadisəsi törətməsi faktı üzrə toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Cavabdeh1 barəsində inzibati qayadada tədbir görülməsindən ötrü Lənkəran ŞRPŞ-nin DYPB-yə göndərilmiş, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 19 dekabr 2022-ci il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 20 noyabr 2022-ci il tarixli rəydə göstərilir ki, onun mülkiyyətində olan “Nissan Sunny” markalı ** KS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi zamanı arxa sol hissədən deformasiyaya uğramış, burulmuş, təmir üçün yararsız hala düşmüşdür. Bu da onu deməyə əsas verir ki, onun avtomobili tam yararsız hala düşdüyündən və təmir olunması qeyri-mümkün olduğundan “Nissan Sunny” markalı ** KS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hazırkı bazar qiyməti 12000 manat dəyərində hesablandığı üçün cavabdehlər tərəfindən ona 12000 manat məbləğində ziyan vurulmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh2 MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC ilə digər Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli MAS-5345 saylı daxili lizinq müqaviləsi bağlanmış və Cavabdeh2 MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmçinin avtomobilin idarə olunması ilə bağlı Cavabdeh1 etibarnamə verilmişdir. Cavabdeh2 MMC tərəfindən iddia ərizəsinə etiraz məhkəməyə təqdim edilərək etiraza müqavilənin və etibarnamənin surəti əlavə edilmişdir. Birinci instansiya məhkəməsi sübutları araşdırmış olsaydı, “Khazar SD” markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblik hüququnun digər Cavabdeh1 keçdiyini müəyyən edərək Mülki Məcəllənin 1108.1-ci maddələrini düzgün tətbiq edərdi. Mülki Məcəllənin 1108.1-ci maddəsinə münasibətdə qeyd edilir ki, lizinq obyekti olan avtomobili Cavabdeh1 Daxili lizinq müqaviləsinə əsasən sahiblik hüququ vardır və etibarnamə ilə idarə etmişdir. Həmin maddədə də qeyd edilmişdir ki, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, Cavabdeh2 MMC daxili lizinq müqaviləsi və etibarnamə ilə sübut etmişdir ki, yüksək təhlükə mənbəyi onun sahibliyindən çıxmışdır. Birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, Cavabdeh2 MMC “Khazar” markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibliyindən çıxdığını sübuta yetirən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddia ərizəsinə onlar tərəfindən etiraz verilmiş və etiraza digər Cavabdeh1 ilə bağlanmış Daxili lizinq müqaviləsi və avtomobilin idarə olunması ilə bağlı verilmiş etibarnamənin surəti əlavə edilmişdir. Məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən qeyd edilən faktı araşdırmamış və tamamilə başqa nəticələrə gəlmişdir. Cavabdeh2 MMC-nin nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı Məhərrəmli oğlu məhkəmə iclasında izahat verərək bildirmişdir ki, “Nissan Sunny” markalı ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilinə zərər dəymişdir. Hesab edir ki, Cavabdeh2 MMC də onun avtomobilinə dəymiş maddi zərərə görə məsilyyət daşıyır. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı mübahisələndirməmişdir. İcbari sığortası yoxdur. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(049)-832/2023 saylı qətnaməsi maddi ziyanın Cavabdeh2 MMC-dən tutulması hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməməlidir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqi X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla HK- 4002 nömrəli material üzrə Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh1 yol nəqliyyat hadisəsi törətməsi faktı üzrə toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Cavabdeh1 barəsində inzibati qaydada tədbir görülməsindən ötrü Lənkəran ŞRPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır. İşdə olan Lənkəran ŞRPŞ-nin Yol Patrul Xidmətinin inspektoru Amid Şərifov tərəfindən Cavabdeh1 barəsində 19 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 19/789 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyinin nəticə hissəsindən görünür ki, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 12000 manat olmuş 2011-ci buraxılışlı “Nissan Sunny” markalı ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələrin dəyəri nəzərə alınmaqla, nəzəri qaydada təxminən 7200 manat (12000m-40 faiz) manat müəyyən edilir. Sözügedən avtomobil servis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra müəyyən edilmiş salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra müəyyən edilmiş salamat qalmış hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşunaslıq ekspertizalarının aparılması məqsədəmüvafiq hesab olunduğundan 2(049)-832/2023nömrəli mülki iş üzrə ekspertiza tədqiqatı xx.xx.2023-cü il tarixli Qüsur aktı üzrə təqribi və təxmini hesablanır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, ekspertiza tədqiqatlarının dəyəri cəmi 100 manat təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi təqdim etmək üçün 126 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödəmişdir. İşdə olan BD seriyalı 274551 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2010-cu buraxılış ili olan “Nissan Sunny” markalı ** KS *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan BB seriyalı 263073 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2022-ci buraxılış ili olan “Khazar SD” minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə yekun qənaətə gələrkən hesab etmişdir ki, Cavabdeh1 nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti haqqında qaydaları pozaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı məxsus “Nissan Sunny” markalı ** KS *** dövlət qeydiyyat nişanlı avtomaşına ziyan vurmaqla, nəticədə iddiaçıya maddi ziyan vurmuşdur. İddiaçı hadisə zamanı idarə etdiyi “Nissan Sunny” markalı ** KS *** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh2 MMC-nin xüsusi mülkiyyətindədir. Cavabdeh2 2022-ci buraxılış ili olan “Khazar SD” minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin onun sahibliyindən çıxdığını sübuta yetirən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, yüksək təhlükə mənbəyinin sahibi olaraq bu mənbənin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması) nəticəsində iddiaçıya dəymiş zərər üçün bu Məcəllənin 1108.1- ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hazırkı mülki işin hallarını apellyasiya şikayətinin dəlillərinə uyğun dəyərləndirərək bildirir ki, hazırkı iş üzrə maddi ziyanın ödənilməsi tələbi iki cavabdehdən - Cavabdeh1 və Cavabdeh2 MMC-dən alınıb iddiaçıya verilməsindən ibarət olmuşdur. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 MMC-nin apellyasiya şikayəti əsasında maddi ziyanın sonuncudan tutulması hissədə mübahisələndirilmişdir. Beləcə, apellyasiya şikayətinin dəlilləri qətnamənin əsaslılığının qeyd edilən hissəsində yoxlanılmasına yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Qeyd edilməlidir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 MMCdən İddiaçı xeyrinə maddi ziyanın tutulmasının təmini hissədə mübahisələndirilmişdir və kollegiya hesab edir ki, qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılaraq tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iş üzrə maddi ziyanın Cavabdeh2 MMC-dən tutulması hissəsində iddianın təmin edilməsi üçün hüquqi əsas mövcud deyildir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia tələbi əsaslı, əgər uzlaşmırsa, iddia tələbi əsassız hesab edilir. MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normalarla əlaqədar diqqətə çatdırır ki, MM-in 1108-ci maddəsində delikt məsuliyyətinin subyekti kimi yüksək təhlükə mənbəyinin sahibi göstərilmişdir. Yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxs yüksək təhlükə mənbəyinin sahibi hesab edilir. Həmin mənbənin sahibi də burulmuş zərəri ödəməyə borcludur. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdırarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə uyğun şəkildə hərtərəfli araşdırma aparmayaraq mübahisələndirilən hissədə işin faktiki hallarına düzgün qiymət verməmiş və yekunda yanlış nəticəyə gəlmişdir. Belə ki, MM-in 1108.1-ci maddəsinin tələbindən də göründüyü kimi ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəqliyyat vasitələrindən istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin normanın dispozisiya şərtlərinə uyğun şəkildə işin faktiki hallarına hüquqi qiymətin verilməsi əsas önəm kəsb edir. Belə ki, iş materiallarına əlavə edilmiş BB seriyalı 263073 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən (səh. 8) görünür ki, 2022-ci buraxılış ili olan “Khazar SD” minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 xüsusi mülkiyyətindədir. Eyni zamanda, Cavabdeh2 MMC-nin Cavabdeh1 verdiyi 03 noyabr 2022-ci il tarixli Etibarnamədən (səh. 36) görünür ki, Cavabdeh1 03 noyabr 2022-ci il tarixdən 28 noyabr 2022-ci il tarixli tərəflər arasında bağlanmış 28 iyun 2022-ci il tarixli MAS-5345 saylı Daxili Lizinq müqaviləsi əsasında lizinqə verilmiş 1 ədəd “Khazar SD” minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı maşının Azərbaycan Respublikası ərazisində idarə etmək səlahiyyəti verilmişdir. Yol-nəqliyyat hadisəsi isə 14 noyabr 2022-ci il tarixində, yəni müvafiq etibarnamənin qüvvədə olduğu müddət ərzində baş vermişdir. Qeyd edilməlidir ki, işdəki 28 iyun 2022-ci il tarixli MAS-5345 saylı Daxili Lizinq müqaviləsinə (və onun tərkib hissəsi Əlavə N1) əsasən Cavabdeh1 müvəqqəti sahibliyi və istifadəsində olan ümumi dəyəri 16130 manat təşkil edən Ağ rəngli “Khazar SD” minik markalı avtomobil (lizinq obyekti) üçün lizinq ödənişləri etməyi öhdəsinə götürmüşdür. Beləliklə, lizinq obyekti qismində “Khazar SD” minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil işdən göründüyü kimi Cavabdeh1 qanuni sahibliyində olmuş və buna görə də, 14 noyabr 2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Məhərrəmli oğluna dəymiş zərərə görə məsuliyyəti də məhz Cavabdeh1 daşıyır. Bununla da, həmin zərər üzrə Cavabdeh2 MMC-nin hər hansı məsuliyyətinin müəyyən edilməsi mülki qanunvericiliyin yuxarıda göstərilən normalarının imperativ tələbləri baxımından yolverilməzdir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(049)- 832/2023 saylı qətnaməsi mübahisələndirilən – vurulmuş maddi ziyana görə 7200 (yeddi min iki yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh2 MMC-dən tutularaq İddiaçı verilməsi hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi rədd edilməlidir. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə qətnamədən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh2 MMC-nin özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(049)-832/2023 saylı qətnaməsi mübahisələndirilən – vurulmuş maddi ziyana görə 7200 (yeddi min iki yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh2 MMC-dən tutularaq İddiaçı verilməsi hissədə ləğv edilsin və həmin hissədə iddia tələbi rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, o, qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar