Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-301/2025 23.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, Lənkəran Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli 2(049)-2930/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək fərdi yaşayış evinin mətbəx hissəsinin bərpası üçün təmir işlərinin dəyəri olan 326 manat məbləğində pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti 10 saylı Lənkəran Ərazi İdarəsinin Texniki pasport və Çıxarışın əsasən iddiaçıya məxsusdur. Həmin fərdi yaşayış evinin arxasında yerləşən ünvan 2 ünvanının sahibi Cavabdeh həmin binanın dövlətə məxsus həyətyanı sahəsinin onlara aid olduğunu iddia edərək 2023-cü ilin oktyabr ayında qəsdən həyətyanı sahəsini betonlayaraq suyun təbii axınını dəyişmiş, nəticədə axan yağış və çirkab suların evinin bünövrəsinə axıdılmasına səbəb olur. Cavabdeh həyətyanı sahənin bütün hissəsin betonlasa da, yalnız onun evinin bünövrə hissəsini betonlamayaraq özü üçün gül bağçası salmışdır. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində 2023-cü ilin oktyabr ayında güclü yağış səbəbindən evinin bünövrə hissəsindən birinci mərtəbəsində yerləşən mətbəx hissəsini su basdığından mətbəxin döşəmə və divarları yararsız hala düşmüşdür. "xxxx" ASC tərəfindən dəymiş ziyan 326 manat hesablanmışdır. Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti şöbəsindən daxil olan xx.xx.2023-cü il tarixli cavab məktubunda X2 tərəfindən yaşayış evinin yan bünövrəsinə bitişik hissədə güllərin əkildiyi və fərdi yaşayış evinin mətbəx hissəsinin divarlarından su sızması faktı öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən Mülki Məcəllənin 170-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdeh iddiaya qarşı Etirazında göstərmişdir ki, 2016-cı ildə Lənkəran Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində razılaşdırılmaqla ona məxsus olan mənzilə bitişik tikilini artıraraq evini inşa etmişdir. İddiaçı isə 2021-ci ildə Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma Məcəlləsinin 69-cu maddəsinə zidd olaraq ara məsafə saxlamadan özünə 2 mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Hazırda iddiaçı ərizəsində onun evinin binövrəsinə onun tərəfindən suyun təbii axınının qarşısını almamaqla əmlakına ziyan dəydiyini iddia edir, lakin onun evinin dam örtüyü düzgün təcrid olunmadığına və suyun axını düzgün istiqamətləndirilmədiyinə görə su evin bünövrəsinə axmışdır. Eyni zamanda iddiaçıya məxsus evin dam örtüyünün suyu onun mülkiyyətinə ciddi ziyan vursa da, qohumluq münasibətlərinə görə iddiaçıya heç bir pretenziya bildirməmişdir. İşlə bağlı səlahiyyətli qurumlar tərəfindən verilmiş sənədlərdə ziyanın onun tərəfindən təbii suyun qarşısının alınmamasına görə baş verdiyi müəyyən olunmadığına görə iddiada göstərilən sübutlar mötəbər sayıla bilməz. Lənkəran Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli 2(049)-2930/2024 saylı qətnaməsi ilə (hakim Muradağa Qasımov) iddia tələbi təmin edilməmişdir. İŞİNHALLARİ: İşdə olan: Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən iddiaçının nümayəndəsi Nümayəndə1 ünvanlanan xx.xx.2023-cü il tarixli 5-2/1-A-147/2-028/2023 nömrəli məktubunda göstərilmişdir ki, mütəxəsisslər tərəfindən aparılmış vizual müşahidə zamanı yaşayış evinin birinci mərtəbəsində yerləşən mətbəxdə divarlarda su sızması izləri müşahidə edilmiş, lakin hansı səbəblərdən suyun sızdığını müəyən etmək mümkün olmamışdır; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-43/2-2728/2024 saylı ekspert rəyindən görünür ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış və **********97-05101-093002 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2011-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən Cavabdeh mülkiyyətində olan 25,5 kv.m sahədən ibarət mənzilin yerləşdiyi yaşayış binasına mövcud baza məlumatlarına əsaəsn gediş-gəliş yolunun mövcud olmaması müəyyən olunmuşdur. Yaşayış binasına faktiki vəziyyətdə gediş-gəliş yolunun şərq istiqamətindən (Heydər Əliyev prospekti istiqamətindən) olması (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir) və binanın yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə aid olması müəyyən olunmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona dəymiş ziyan ödənilməsinə dair iddia ərizəsinə əlavə etdiyi sübutlar, nümayəndəsi Nümayəndə1 verdiyi izahatlar və cavabdehin nümayəndəsi Nümayəndə2 izahatları obyektiv olaraq araşdırılmamış, qətnamədə tam olaraq öz əksini tapmamış və ekspertiza təyin olunmadan sadəcə yerli baxış həyata keçirilərək qətnamə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında sübut kimi təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş rəydə Lənkəran şəhəri Heydər Əliyev prospekti bina 23 ünvanında yerləşən 25.5 kv.m-dən ibarət 3 saylı mənzilin Cavabdeh məxsus olduğu, Lənkəran şəhəri Heydər Əliyev prospekti 23 nömrəli binanın yerləşdiyi torpaq sahəsinin dövlətə məxsus olduğu və Cavabdeh tərəfindən mülkiyyətində olan 25.5 kv.mdən ibarət mənzilinə əlavə olaraq 47 kv.m-dən ibarət tikilinin inşa edilməsinin müəyyən olunduğu göstərilmişdir. Qeyd olunan rəyi sübut kimi məhkəməyə təqdim edərək dövlətə məxsus torpağın Cavabdeh tərəfindən zəbt edilməsi bildirilmişdir. Məhkəmə tərəfindən xx.xx.2024-cu il tarixdə mübahisəli əraziyə yerində baxış keçirilmiş, baxışın nəticəsinə görə cavabdehin istifadəsində olan təxminən 3 metr eninə, 5 metr uzununa olan həyətyanı torpaq sahəsinin çox hissəsi beton örtüklə örtülmüş, həmin beton örtüklə iddiaçının evinin divarı (bünövrəsi) arasında təxminən 50 sm, uzunluğu isə təxminən 5 metr olan torpaq zolağı saxlanılmış, torpaq zolağı ilə beton örtüyün sərhədində suyun həmin torpaq sahəsinə axıdılmasının qarşısını almaq məqsədi ilə, beton bardürlər qurlaşdırılmış, cavabdeh həyətinin beton örtüyünə tökülən suların axıdılması üçün beton örtüyün aşağı hissəsində su trapı qurlaşdırılmış və eksperiment olaraq cavabdehin beton örtüklü həyəti su borusu ilə sulanmış və bu zaman suyun torpaq zolağına deyil, su trapına axdığı müəyyən olunduğu qeyd edilərək dəymiş maddi ziyanın cavabdehin qanunsuz (təqsirli) hərəkətləri nəticəsində əmələ gəldiyi sübuta yetirilmədiyi üçün iddanın təmin edilməməsi ilə bağlı qətnamə qəbul etmişdir. Mübahisəli ərazidə xüsusi biliyə malik olan şəxslər tərəfindən ekspertizanın aparılmasına ehtiyac vardır. İddiaçı məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək onun və ya nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və verdiyi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, özü və ya səlahiyyətli nümayəndəsi məhkəmədə iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilməməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa, həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hazırda apellyasiya şikayətinin dəlilləri təhlil olunduqda müəyyən olunur ki, iddiaçı apellyasiya şikayətində fərdi yaşayış evinə cavabdeh tərəfindən təqsirli olaraq - qəsdən zərər vurulduğunu bildirir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi qənaəti hazırkı mülki işin müəyyən edilmiş faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Habelə kollegiya iş üzrə toplanmış sübutları tədqiq edərək və məcmu halda hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, onun təmini və qətnamənin ləğvi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2025-ci il tarixli 10/1389 saylı ekspert rəyinə əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mətbəx hissəsinin döşəməsində laminat təbəqədə qabarmalar olduğu və divarlarında nəmlənmə izləri, şpaklovka boya qatının aşağı hissələrdə qopması müəyyən edilmişdir. Qeyd olunan qüsurların yaranmasının texniki səbəblərini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin beton məhlulu ilə hamarlandığı, cavabdehə məxsus evin dam örtüyünün iddiaçıya məxsus evə bitişik yerləşən hissəsində navalçanın quraşdırıldığı müəyyən edilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə mülki işin materialları və yuxarıda adıçəkilən - 26 may 2025-ci il tarixli 10/1389 saylı ekspert rəyinə əsasən hüquqi qiymət verərək diqqətə çatdırır ki, Mülki Məcəllənin normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız göstərilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırkı halda İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə müəyyən məbləğdə zərərin dəyməsi onun cavabdehdən tutulması üçün əsas vermir. Çünki bunun üçün eyni zamanda cavabdehin təqsiri – qəsdi yaxud kobud ehtiyatsızlığı, habelə səbəbli-əlaqə mövcud olmalıdır. Göründüyü kimi, cavabdehin təqsiri öz təsdiqini tapmır və buna görə də, iddia da təmin edilə bilməz. Məhkəmə tərkibi eyni zamanda diqqətə çatdırmağı zəruri hesab edir ki, iş materiallarına əsasən hazırkı mübahisə üzrə cavabdeh tərəfindən iddiaçıya münasibətdə Qonşuluq hüququna dair qanunvericiliyin müəyyən etdiyi imperativ tələblər pozulmamışdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə qətnamədən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2025-ci il tarixli 10/1389 saylı ekspert rəyinə görə 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2, 218.3, 372, 384.0.2, 385.1.2, 392, 393 və 402ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli 2(049)-2930/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2025-ci il tarixli 10/1389 saylı ekspert rəyinə görə 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-301/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-301/2025
23.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver