Məhkəmə qərarları › İş №2(106)-304/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-304/2023

14.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-304/2023 14.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı eyni zamanda digər İddiaçı4 nümayəndəsi İddiaçı1 və İddiaçı3 iştirakları ilə, Lənkəran Rayon Məhkəməsinin 2(049)2435/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə 14 fevral 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 məxsus Lənkəran rayonu, Seyidəkəran kəndində yerləşən paybəlli torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən törədilən maneələrin aradan qaldırılmasını, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması və onlara dəymiş 5000 manat maddi ziyanın alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad edib məhkəməyə ərizə ünvanlayaraq cavabdehlər Cavabdeh1 və X1 tərəflərindən törədilən maneələrin (onların paybəlli torpaqlarına icazəsiz olmadan girməsinə, onlara əsassız yerə söyüb təhqir etməsinə, torpaq sahələrinə gələn traktorların və avtomobillərin qarşısının qanunsuz alınması və yoldan təsadüfən rastlaşdıqda təhqir etməsini) aradan qaldırılmasını, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması və onlara dəymiş 5.000 manat maddi ziyanın alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Lənkəran rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli qərarı ilə Seyidəkəran kəndi ərazisində onların, yəni 5 nəfərdən ibarət olan ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0.25 ha payıbəlli torpaq sahəsi verilmişdir. Bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrdə A120629, №1014178, RX seriyalı Daşınmaz Əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayış №02/01487, DƏDRX-nin 10 saylı ərazi idarəsinin mühəndisi Ədalət Əmirov, Lənkəran rayonun, Aşağı-Nüvədi bələdiyyəsinin sədri İqbal İbrahimov, Lənkəran rayonu, Kənarmeşə kəndi üzrə Ərazi İcra Nümayəndəsi Fail Həşimov, Lənkəran ŞRPŞ-nin Kənarmeşə kənd ərazi üzrə sahə rəisi Ələkbər Məmmədovun iştirakı ilə tərtib olunmuş akt DƏDRX-nin 10 saylı LTİnin mühəndisi Qiyas Quliyevin və Lənkəran rayon Aşağı-Nuvədi bələdiyyəsinin sədri İqbal İbrahimov tərəfindən yazılmış akt verilmişdir. Lənkəran rayon məhkəməsinin 30 yanvar 2019cu il tarixli 2(049)-76/2019 saylı qətnaməsi qət edilmişdir. Həmin qətnamədə Lənkəran rayonun, Seyidkəran kəndində yerləşən 0.25 ha payıbəlli torpaq sahəsi X3 və onun 4 (dörd) nəfərdən ibarət ailə üzvləri, oğlu X4, həyat yoldaşı İddiaçı2, qızı İddiaçı5 və oğlu İddiaçı4 mülkiyyətinə aid olan pay torpağıdır. Lənkəran rayon məhkəməsinin tələbinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Lənkəran rayon İcra və Probasiya şöbəsi 16 aprel 2019-cu il tarixdə Lənkəran rayon Məhkəməsinin qətnaməsini icra edib Seyidəkəran kəndində olan 0.25 ha torpaq sahəsini ölçüb onlara təhvil verilmişdir. Çox təəssüf hissi ilə bildirmək istəyir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dövlətin qanunlarına tabe olmaq istəmirlər. 16 aprel 2019-cu il tarixində Lənkəran rayon İcra və Probasiya şöbəsinin əməkdaşları icra tədbirləri həyata keçirərkən Cavabdeh2 həmişə olduğu kimi qanuna zidd hərəkətlər edərək onlara hədə qorxu gələrək, təhqir və nalayiq söyüşlərlə üstlərinə hucum etmişdirlər.Onların ailəsinin şərəf və ləyaqətinə yaraşmayan nalayiq sözlərlə təzyiq etmişlər. Bu məsələ ilə əlaqədar Lənkəran rayon polis şöbəsinə müraciət etmiş, Lənkəran Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixdə Cavabdeh2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Bildirmək istəyir ki, Şirvan Apellyasiya Məhkəməsi də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şirvan Apellyasiya məhkəməsinə şikayət ərizəsinə cavab olaraq 20 avqust 2020-ci il tarixində Lənkəran rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2 (049) 76/2019 saylı qətnaməsinin düzgünlüyünü təsdiq etmişlər. Yəni Lənkəran rayonu Seyidəkəran kənd ərazisində 0.25 ha torpaq sahəsinin, həqiqətən də, İddiaçı1 və onun 4 (dörd) nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə aid olduğunu Cavabdeh1 və Cavabdeh2 bildirmişlər. Davamlı olaraq Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərətındən Şirvan Apellyasiya Məhkəməsində işə yenidən baxılmasını tələb etmişdir. 27 yanvar 2022- ci il tarixində Ali Məhkəməyə cavab olaraq dəqiqliyi ilə baxılmış, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 382, 384.0.1-ci, 392-393-cü, 405.0.1-ci maddələrini rəhbər tutaraq qətnamə qəbul edilmişdir. Yəni, Ali Məhkəməyə cavab olaraq Şirvan Apellyasiya Məhkəməsi Lənkəran rayon məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(049)-76/2019 saylı qətnaməsinin düzgünlüyünü təsdiq etmişdir. Artıq Ali Məhkəmə də, həqiqətən Lənkəran Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2 (049)-76/2019 saylı qətnaməsinin düzgünlüyünü qəbul etmişdir. Yəni Lənkəran rayonu Seyidəkəran kənd ərazisində verilmiş 0,25 ha payıbəlli torpaq sahəsi, həqiqətən də, İddiaçı1 və onun 4 nəfərdən ibarət ailə üzvlərinin payıbəlli torpaq sahəsidir. Lənkəran rayonun Seyidəkəran kəndində yaşayan Cavabdeh1 və Cavabdeh2 Mülki Prosessual Məcəllənin 15-ci maddəsini bilə-bilə pozurlar. Lənkəran rayonun Seyidəkəran kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 bir neçə ildir ki, bilə-bilə onlara və ailə üzvlərinə qarşı qeyri-qanuni hərəkətlər edirlər. Zorakılıq edib payıbəlli torpaqlarından istifadə etməyə icazə vermirlər. Payıbəlli torpaqlarına daxil olarkən Cavabdeh1 və Cavabdeh2 onlara paya, ağac, yaba ilə hücum edirlər. Şərəf və ləyaqətlərini təhqir edirlər. Bu haqda dəfələrlə Lənkəran-ŞRPŞ-nə müraciət etmişlər. Hər ildə 2-3 dəfə Azərbaycan Respublikasının DİN-nin «102» xidmətinə onların təzyiqlərinə məruz qaldıqlarına görə müraciət etmişlər. Lənkəran ŞRPŞ-nin tərəfindən göndərilmiş arayışların surəti ərizəyə əlavə edimişdir. Artıq bir neçə ildir ki, Cavabdeh1 və Cavabdeh2 bilə-bilə onlara ziyan vururlar. Hətta onları söyüb və təhqir edirlər. Onlara və ailə üzvlərinə qarşı edilən bu zorakılığa, şərəf və ləyaqətlərinə qəsdən təhqirlərə bilə-bilə vurulan bu ziyana görə Cavabdeh1 və Cavabdeh2 haqqında Azərbaycan Respublikası Konstitutsiyasının 46-cı maddəsinin CM 147 və 148-ci maddəsini və başqa aidiyyatı üzrə qanuni maddələrin tətbiq edilməsini xahiş edir. Ailəliklə, Azərbaycan Respublikasının qanunlarına əsasən hüquqlarının qorunmasını xahiş edirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların 5 nəfərdən ibarət olan ailəyə mənəvi və maddi ziyan vurduqlarına görə ailənin ziyanını qanun çərçivəsində ödəsinlər. Həmişə olduğu kimi 23 may 2022-ci il tarixində, saat 15 radələrində öz payıbəlli torpaqlarından otu biçmək istəyəndə Cavabdeh1 və Cavabdeh2 onların payıbəlli torpaqlarında paya ilə üstlərinə hücum edib, təzyiq və təhqirlərlə nalayiq sözlərlə müqavimət göstərmişdirlər. Cavabdehlərin qanunsuz hərəkətlərinə dair video çəkilmişdir. O, məcbur qalıb Azərbaycan Respublikasının DİN-nin «102» xidmətinə məlumat vermişdir. Az sonra Lənkəran ŞRPŞ-nin işçiləri gəlib onları onun payıbəlli torpağından çıxartmışdırlar. Ancaq otu biçən traktor artıq mübahisəni gördüyünə görə ordan uzaqlaşmışdır. Onlar öz paybəlli torpaqlarından Cavabdeh1 və Cavabdeh2 təzyiqlərinə görə istifadə edə bilmirlər. Bir neçə ildir bilərəkdən ailəyə ziyan vururlar. Belə ki, həmin torpaq sahəsində hər il 120 ədəddən ot bükümü yığılması mümkündür. Lakin, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iyirmi ildən çoxdur ki, otu yığa bilməmişlər. Cavabdehlər onlara 5000 manatdan çox ziyan vurmuşdurlar. Ona görə də, onlara dəymiş ziyanı da tələb edirlər. Məhkəmə iclasında iddiaçı və həmçinin İddiaçı4 nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı5, cavabdehlər Cavabdeh1, Cavabdeh2 heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)2435/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: T.Məmmədov), iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyan” tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 77 və 81-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Sadıxov X8 Rayon Məhkəməsinin 2(049)2435/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı1 oğlu apellyasiya icraatı zamanı apellyasiya şikayətini müdafiə edərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)2435/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı3 apellyasiya icraatı zamanı məhkəmədən qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” İddiaçılardan yalnız İddiaçı1 qətnamənən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Odur ki, məhkəmə kollegiyası İddiaçı1 apellyasiya şikayətinin dəlilləri həddində Lənkəran Rayon Məhkəməsinin 2(049)2435/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcələsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən isə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)2435/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Seriya RX ******* nömrəli DƏDR-dən Çıxarışdan (qeydiyyat tarixi xx.xx.2017, reyestr nömrəsi:**********41) görünür ki, Lənkəran rayonu, Seyidəkəran kəndində 0.25 ha kənd təsərrütafı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran rayon məhkəməsinin 2(049)-76/2019 saylı 30 yanvar 2019-cu il tarixli qətnamənin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək cavabdeh X2 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrdən RX seriyalı ******* nömrəli çıxarış üzrə İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətində olan Lənkəran rayonun, Seyidəkəran kəndində 0.25 ha torpaq sahəsinin 0.2164 ha hissəsindən çıxarılması qət edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-104/2022 saylı 27 yanvar 2022-ci il tarixli qətnamənin surətindən görünür ki, cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran rayon məhkəməsinin 2(049)-76/2019 saylı 30 yanvar 2019-cu il tarixli qətnaməsi cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran rayon məhkəməsinin 3(049)-470/2019 saylı 19 aprel 2019-cu il tarixli qərarının surətindən görünür ki, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat miqdarında inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş JN seriyalı 128 nömrəli Kod 80204028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 04 nömrəli qərarı ilə Lənkəran rayonu, Seyidəkəran kəndində yerləşən 0.09 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün həmin kəndin sakini X7 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 08 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş İddiaçı1 və Cavabdeh1 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı1 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası iş materialları araşdıraraq müəyyən edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1 və X1 tərəflərindən törədilən maneələrin (onların paybəlli torpaqlarına icazəsiz olmadan girməsinə, onlara əsassız yerə söyüb təhqir etməsinə, torpaq sahələrinə gələn trakorların və avtomobillərin qarşısının qanunsuz alınması və yoldan təsadüfən rastlaşdıqda təhqir etməsini) aradan qaldırılmasını, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması və onlara dəymiş 5.000 manat maddi ziyanın alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etsələr də tələbdə göstərilmiş maneələrin real olaraq törədilməsinə, mülkiyyətə olan qəsd və ya başqa maneələrə dair məhkəməyə mötəbər sübut təqdim etməmişlər. Lənkəran rayon məhkəməsinin 2(049)-76/2019 saylı 30 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən, cavabdeh X2 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrdən RX seriyalı ******* nömrəli çıxarış üzrə İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətində olan Lənkəran rayonun, Seyidəkəran kəndində 0.25 ha torpaq sahəsinin 0.2164 ha hissəsindən çıxarılması qət edilmişdir. Məhkəmə hesab edir ki, Lənkəran rayon məhkəməsinin 2(049)-76/2019 saylı 30 yanvar 2019-cu il tarixli qətnamə üzrə qəbul edilmiş tələb üzrə məcburi qüvvəyə malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin iddiaçılar 5.000 manat maddi ziyanın ödənilməsini tələb etsələr də vurulmuş ziyanın nədə ifadə olunması, ziyan məbləği ilə bağlı birinci instansiya məhkəməsinə mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası iddia tələbi üzrə qeyd edir ki, iddiaçının iddia tələbi daşınmaz əmlakı olan torpaq sahəsinin cavabdeh tərəfindən maneələr edilməklə həmin torpaq sahəsindən istifadəsinə çətinlik yaratmasına görə iddiaçının mülkiyyət hüququnun cavabdeh tərəfindən məhdudlaşdırılması təşkil etməklə həmin halın aradan qaldırılmasına yönəlmişdir. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (MM 157.4-cü maddəsi). Bu iddia tələbinin üç dispozisiya şərti var, iddia tələbi irəli sürülərkən hər üç şərt mövcud olmalı və ayrı-ayrılıqda yoxlanmalıdır. a) iddiaçı əşyanın mülkiyyətçisi olmalıdır; b) maneə cavabdeh tərəfindən törədilməlidir. c) cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Məhkəmə kollegiyası birinci dispozisiya şərti ilə əlaqədar qeyd edir ki, Seriya RX ******* nömrəli DƏDR-dən Çıxarış ilə (qeydiyyat tarixi xx.xx.2017, reyestr nömrəsi:**********41) Lənkəran rayonu, Seyidəkəran kəndində 0.25 ha kənd təsərrütafı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 mülkiyyətinə verilmişdir. Kollegiya göstərilən ikinci və üçüncü dispozisiya şərtləri bir-birləri ilə əlaqəli olduğundan, hər iki dispozisiya şərti ilə əlaqədar araşdırma apararaq müəyyən edir ki, iddiaçılar cavabdehlər tərəfindən törədilən maneələrin (onların paybəlli torpaqlarına icazəsiz olmadan girməsinə, onlara əsassız yerə söyüb təhqir etməsinə, torpaq sahələrinə gələn traktorların və avtomobillərin qarşısının qanunsuz alınması və yoldan təsadüfən rastlaşdıqda təhqir etməsini) təsdiq edən mötəbər sübutları nə birinci instansiya məhkəməsi nədə apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir. Kollegiya həmçinin 5.000 manat maddi ziyanın cavabdehlərdən alınıb iddiaçılara verilməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən “zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.". Lakin iddiaçılar vurulmuş ziyanın nədə ifadə olunması, ziyan məbləği ilə bağlı mötəbər sübut təqdim etməmişdir. Yəni ziyanın necə, nə cür və hansı həddə vurulması, həmçinin maddi ziyan qismində qeyd edilən 5000 manat məbləğin nəyin əsasında hesablanması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası aparılmış dəyərləndirmə üzrə yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin “iddianın əsaslılığını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, təqdim edilmiş sübutlar isə iddianın təmin edilməsi üçün kifayət etmədiyindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyan” tələbinə dair iddiası rədd edilməlidir.” mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)2435/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar