Məhkəmə qərarları › İş №2(106)-306/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-306/2025

24.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-306/2025 24.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-2768/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 dekabr 2015-ci il təvəllüdlü X11 və 17 dekabr 2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 235 manat, cəmi 470 manat məbləğində alimentin tutularaq ona ödənilməsi və mediasiya xərcinə görə 60 manat pulun tutulub ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ailə qurmuş və nikahlarını 15 yanvar 2016-cı il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə 22 dekabr 2015-ci il təvəllüdlü X11 və 17 dekabr 2018-ci il təvəllüdlü X12 adlı övladları olmuşdur. Münasibətləri pozulduğundan ayrılmışlar. Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə uşaqların saxlanılması üçün cavabdehdən hər bir uşaq üçün 90 manat, cəmi 180 manat aliment tutulmuşdur. Tutulan aliment uşaqların maddi ehtiyaclarını qarşılamır. Cavabdeh uşaqların təhsili və tərbiyəsi ilə maraqlanmır və uşaqların saxlanmasına əlavə heç bir maddi yardım göstərmir. İddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, uşaqlar məktəblidir və onlar böyüdükcə xərcləri də artır. Özü ayda 320 manat əmək haqqı alır. Cavabdeh alimenti ödəsə də, borcu vardır. Alimentin miqdarı az olduğundan uşaqların xərclərinə kifayət etmir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-2768/2024 saylı qətnaməsi ilə (hakim Coşqun Abdullayev) iddia qismən təmin edilməsini, Masallı Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli 2(050)-1067/2019 saylı qətnaməsi ilə 22 dekabr 2015-ci il təvəllüdlü X10 və 17 dekabr 2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 150 (yüz əlli) manat olmaqla iki uşaq üçün 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilmiş və həmin məbləğin cavabdehdən qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh mediasiya xərci qismində ödənilmiş 60 manat pulun İddiaçı, dövlət rüsumu kimi ödənilməli olan 34.40 manat pulun isə tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edərək, 22 dekabr 2015-ci il təvəllüdlü X10 və 17 dekabr 2018- ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay bir uşağa görə 100 (yüz) manat olmaqla, iki uşağın saxlanması üçün hər ay cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin məndən alınıb, İddiaçı verilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İşdə olan: Doğum haqqında şəhadətnamələrdən görünür ki, 22 dekabr 2015-ci il təvəllüdlü X10 və 17 dekabr 2018-ci il təvəllüdlü X9 atası Cavabdeh, anası Cahangirova (Talıbova) Şəfəq Mirhüseyn qızıdır. Masallı Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(050)-1067/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş, 22 dekabr 2015-ci il təvəllüdlü X11 və 17 dekabr 2018-ci il təvəllüdlü X12 analarının yanında saxlanılmış və uşaqların saxlanılması üçün hər ay bir uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı Masallı rayon MKTİB-də “İxtisazsız fəhlə, meşəçilik” vəzifəsində işləyir və əmək haqqısı 374 manatdır. Ödəniş qəbzindən görünür ki, İddiaçı İlkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat pul ödəmişdir. Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında 30 avqust 2020-ci il tarixdə Sabirabad regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 529 № ilə qeyd edilmiş nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə (arvada) Talıbov (a) soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, 25 iyun 2020-ci il təvəllüdlü X5 və 02 sentyabr 2021-ci il təvəllüdlü X6 atası Cavabdeh, anası X3r. Məşğulluq haqqında arayışdan görünür ki, Cavabdeh işaxtaran kimi qeydiyyatdadır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ikinci dəfə həyatı qurmuş, ikinci ailəsində də iki uşağı var. Ona təyin edilmiş 180 manat alimenti hər ay ödəyir. Hazırda iddiaçıya 370 manat aliment borcu var. İddiaçıya olan aliment borcunu nəzərə alaraq, hər ay 200 manat aliment ödəyir ki, borcu bitsin. Qeyd edir ki, İddiaçı Mirhüseyn qızı məndən yüksək miqdarda aliment tələb edir. Qeyd edirki xəstədir. Mütəmadi müalicə alır. Halhazırda çətinliklə dolanır. Heç bir yerdə işləmir. Fəhləlik edir. Əlavə gəlir və qazancı olmur. Əlavə qazancı olarsa, uşaqlarına kömək etməyə hazırdır. Lakin indiki vəziyyətdə 200 manatdan artıq aliment ödəmək iqtidarında deyil. Məhkəmə yuxarıda qeyd etdiyi halları nəzərə almalıdır. Aylıq gəliri ilə, ona təyin edilmiş 300 manat miqdarında alimenti ödəməyə bilmir. Odur ki, alimentin azaldılmasını xahiş edir. Məhkəmə bu halı nəzərə almamışdır. Xəstədir. Bundan əlavə, himayəsində xəstə anası var. Maddi vəziyyəti çox pisdir. Məhkəmə bu hala hüquqi qiymət verməyib. Məhkəmə ikinci ailə həyatı qurduğunu və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halları da nəzərə alaraq İddiaçı ödədiyi alimentin miqdarını artırmamalı idi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdehlə rəsmi qaydada ayrıldıqdan sonra yenidən ailə qurub. Cavabdehlə birgə nikahdan iki uşqları var. İkinci ailəsindən də iki azyaşlı övladı var. Aliment miqdarı təyin edildikdən sonra vaxtında alimentini ödədiyir. Alimentin miqdarı çoxdur. Atası öldüyünü və himayəsində yeni aliəsi, eyni zamanda xəstə anasının olduğunu bildirmişdir. Onu da diqqətə çatdırı ki, o işləmir, gündəlik fəhlə işləri görür. Məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-2768/2024 saylı qətnaməsi dəyişdirilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Konstıtusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Konstıtusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. 20 noyabr 1989-cu il tarixli “Uşaq Hüquqları Haqqında Konvensiya”nın (02 sentyabr 1990-cı il tarixdə qüvvəyə minmişdir) 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları onlara əsas qayğı obyektidir. Həmin Konvensiyanın 3-cü və 4-cü maddələrinin tələblərinə əsəsən uşaq barəsində bütün tədbirlərdə uşaqların maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. Həmin Konvensiyanın 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaqların hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəsinə görə isə hər bir uşaqların yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşaqları sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşaqların qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərinin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşaqların maraqları naminə yol verilə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016- cı il tarixli qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli № 15 qərarı ilə əlavə edilmişdir) 8.4- 1-ci maddəsinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, iki uşaq üçün 300 manat sabit pul məbləğində müəyyən edilmişdir ki, bu Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında ehtiva edilən göstərişlərə uyğun deyildir. AM-in 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən, dispozitivlik və prosessual qənaət prinsiplərini rəhbər tutaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-2768/2024 saylı qətnaməsi alimentin məbləğinin müəyyən edilməsi hissədə dəyişdirilməli, Masallı Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli 2(050)-1067/2019 saylı qətnaməsi ilə 22 dekabr 2015-ci il təvəllüdlü X10 və 17 dekabr 2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment tutulmalı, qətnamə qalan hissədə dəyişdirilməməlidir. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə qətnamədən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 384.0.2, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-2768/2024 saylı qətnaməsi alimentin məbləğinin müəyyən edilməsi hissədə dəyişdirilsin. Masallı Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli 2(050)-1067/2019 saylı qətnaməsi ilə 22 dekabr 2015-ci il təvəllüdlü X10 və 17 dekabr 2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar