Məhkəmə qərarları › İş №2(106)-309/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-309/2024

15.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-309/2024 15.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi barədə Ağcabədi Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı Cavabdeh qarşı Ağcabədi şəhəri, Xəlfərəddin küçəsi 70 saylı evə istifadə hüququnun tanınması və cehiz əmlakları olan evin 2-ci mərtəbəsindəki üç otaq və bir zaldan ibarət yaşayış sahəsinə köçürülməsi və ödəmiş olduğu 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh el adəti ilə evlənib ailə həyatı qurmuş və 29 noyabr 2003-cü il tarixdə nkahlarını rəsmiləşdirmişlər. İddiaçı və cavabdehin birgə nikahlarından 15 fevral 2007-ci il təvəllüdlü X5, 05 fevral 2012-ci il təvəllüdlü X3 və 28 yanvar 2017-ci il təvəllüdlü X4 adlı üç nəfər uşaqları anadan olmuşdur. İddiaçı cavabdehlə ailə qurduqdan sonra cavabdehin qayınanasına məxsus Ağcabədi şəhəri, Xəlfərəddin küçəsi 70 saylı evdə əri və qayınanası ilə birgə yaşamışlar. İddiaçı ilə cavabdehin münasibətləri son 4-5 ildə pisləşməyə başlamışdır. Belə ki, Cavabdeh iddiaçını tez-tez döymüş və təhqir etmişdir. Buna görə də iddiaçı 2022-ci ildə nikahın pozulması və evdən istifadə tələbinə dair Ağcabədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə tərəfindən barışıq üçün tərəflərə vaxt verilmiş və bu müddət ərzində Cavabdeh ilə iddiaçı barışmışlar. Lakin, cavabdehin iddiaçıya qarşı olan münasibəti dəyişmədiyindən iddiaçı yenidən məhkəməyə müraciət etmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq İddiaçı Ağcabədi şəhəri, Xəlfərəddin küçəsi 70 saylı evə istifadə hüququnun tanınması və iddiaçının cehiz əmlakları olan evin 2-ci mərtəbəsindəki üç otaq və bir zaldan ibarət yaşayış sahəsinə köçürülməsi, ödənilmiş 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili Nümayəndə həmçinin göstərmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(017)-1481/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və uşaqlarla birgə həmin evə köçürülmə tələbinə dair iş üzrə icraata xitam verilsə də, hazırkı mübahisə ailə mübahisəsi olmaqla davam edən mübahisədir. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ilə el adəti ilə evlənib ailə həyatı qurmuş və 29 noyabr 2003-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 15 fevral 2007-ci il təvəllüdlü X5, 05 fevral 2012-ci il təvəllüdlü X3 və 28 yanvar 2017-ci il təvəllüdlü X4 adlı üç uşaqları anadan olmuşdur. İddiaçı ailə qurduqdan sonra Ağcabədi şəhəri, Xəlfərəddin küçəsi 70 saylı evdə iddiaçı, o, və anası yaşamışdır. Son vaxtlarda iddiaçı valideynlərinin evində yaşayır və həftədə bir dəfə evə gəlir. O, iddianı qəbul etmir. Belə ki, iddiaçı ilə bir evdə yaşaması mümkün deyildir və ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin (hakim Rəşad Nuriyev) 05 dekabr 2023-cü il tarixli qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Ağcabədi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(017)-1481/2022 saylı qanuni qüvvəyə minmiş qərardadı olduğundan İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki iş üzrə icraata xitam verilmiş, ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı qaytarılması qərara alınmışdır. Qərardaddan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayət vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında bu iddia tələblərindən əvvəl 2022-ci tarixdə Agcabədi Rayon Məhkəməsində iki ayrı-ayrı hakimin icraatında mülki iş olmuşdur. “Nikahın pozulması, uşaq və aliment” tələbi üzrə olan 2(017)-1090/2022 saylı mülki iş hakim Etibar Quliyevin icraatında olmuş, “fərdi yaşayış evinə istifadə hüququnun tanınması və uşaqlarla birlikdə həmin evə köçürülmə” tələbi üzrə 2(017)-1481/2022 saylı mülki iş isə hakim Rəşad Nuriyevin icraatında olmuşdur. “Fərdi yaşayış evinə istifadə hüququnun tanınması və uşaqlarla birlikdə həmin evə köçürülmə” tələbi üzrə 2(017)- 1481/2022 saylı mülki işdə vəkil kimi o, özü iştirak etmişdir. Qeyd edir ki, İddiaçı “fərdi yaşayış evinə istifadə hüququnun tanınması və uşaqlarla birlikdə həmin evə köçürülmə” tələbi üzrə 2(017)-1481/2022 saylı mülki iş üzrə iddiadan imtina barədə ərizə verilməsinə səbəblər aşağıdakılardan ibarət olmuşdur: İddiaçı ilə cavabdeh nikahın pozulması işində barışdıqları üçün ərizə verərək ailə münasibətlərini davam etdirmək üçün verilmiş iddia tələbindən imtina etmişlər və hakim Etibar Quliyevin icraatında olmuş həmin 2(017)-1090/2022 saylı mülki iş üzrə icraata xitam verilmişdir. Bu səbəbdən məhkəmədə paralel olaraq gedən “fərdi yaşayış evinə istifadə hüququnun tanınması və uşaqlarla birlikdə həmin evə köçürülmə” tələbi üzrə 2(017)- 1481/2022 saylı mülki iş üzrə də iddianın davam etdirilməsinə ehtiyac qalmamış çünki, artıq tərəflər ailə münasibətlərini davam etdirdiklərindən evə istifadə hüququnun tanınmasına və uşaqlarla birlikdə həmin evə köçürülməyə lüzum qalmamışdır. Çünki, barışıq oldugu üçün tərəflər ailə kimi həmin mübahisə predmeti olan evdə uşaqları ilə birlikdə rahat yaşayacaq və evə dair hər hansı bir mübahisələri yaşanmayacaqdır. Həmçinin, 2(017)-1481/ 2022 saylı mülki iş üzrə iddianın davam etdirilməsi bir ər kimi, ailə başçısı kimi X10 ogluna pis təsir edəcəkdi və ailənin bərpası, barışıq bu üzdən pozulacaqdır. Bu səbəbdən 2(017)-1481/2022 saylı mülki iş üzrə məhkəmə iclasında o, vəkil kimi hakimdən xahiş etmişdir ki, iddia ərizələrini tərəflər digər mülki iş üzrə barışdıgı üçün geri götürsünlər və yaxud, ərizə verək ərizələrinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilsin və bu barədə məhkəmə iclasında şifahi vəsatət vermişdir. Hakim onlara bildirmişdir ki, mülki iş üzrə neçə proses keçirilib, bu mərhələdə ərizənin geri götürülməsi yaxud, baxılmamış saxlanılması mümkünlüyü problemlidir, ən yaxşısı iddiaçı iddiadan imtina etsin və icraata xitam verək. Vəkil bildirmişdir ki, elə olduğu təqdirdə bəs tərəflər arasında yenə münasibət pisləşərsə və nikah pozularsa onlar bu iddia tələbini yenidən qaldıra biləcəklərmi? Birinci instansiya məhkəməsinin hakimi vəkilin sualına cavab vermişdir ki, belə olduğu təqdirdə ailə münasibətləri davam edən münasibətlər oldugundan və bu xitam da barışıga əsasən verildiyindən yenə nikahları pozularsa, bu iddianın təkrar qaldırılması ailə münasibətlərinin davam edən münasibətlər olduguna əsasən mümkün olacaqdır və heç bir problem olmayacaqdır. O, yenə də, bu cavabla razı qalmamış və ərizənin geri qaytarılmasını yaxud, baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə növbəti iclasa təyin olunmuşdur. Çünki həmin gündə həmdə nikahın pozulması işinə də baxılacaqdı və tərəf ərizə verəcəkdi. Nümayəndə sonuncu prosesdə iştirak etməmişdir. Həmin gün hakim Etibar Quliyevin icraatında olmuş 2(017)-1090/2022 saylı mülki iş üzrə İddiaçı ərizə verib iddiadan imtina etmiş və bu əsasla icraata xitam verilmişdir. Həmin gün ondan 2(017)-1481/ 2022 saylı mülki iş üzrə də eyni məzmunlu ərizə alınmış və icraata xitam verilmişdir. Həmin qərardadda bu tələb üzrə bir daha eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə təkrar iddia qaldırılmasının mümkün olmayacağı barədə qeyd edilməmişdir. Çünki, qərardad qəbul edən hakimin də mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin arasında yenidən ailə münasibətlərinin pozulacağı təqdirdə bu münasibətlər davam edən münasibətlər olduğundan və hazırkı iddia tələbinin də ailə münasibətlərindən irəli gəldiyindən davam edən münasibətlər kimi təkrar eyni iddianın qaldırılması yolverilən olacaqdır. Hesab edir ki, yuxarıda qeyd etdiyi əsaslara görə Ağcabədi Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2(017)-2162/2023 saylı qərardadı ləgv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün davam etdirilməlidir. Şikayətə baxılmış, Ağcabəsi Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə tərəflərə müvafiq bildiriş göndərilmiş, 15 yanvar 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə vəsatət göndərmiş, vəsatət qərardaddan verilmiş şikayətin dəlilləri ilə əsaslandırılmış, vəsatətdə məhkəmə iclasında sübutların tədqiq olunmasında iştiraklarının təmin edilməsi üçün məhkəmə iclasının tərəflərin iştirakı ilə şifahi qaydada keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfin şikayətə qarşı yazılı etiraz və ya vəsatəti məhkəməyə daxil olmamışdır. Məhkəmə kollegiyası, məruzəçini dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq nomalarına riayət etməsini yoxlayır. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən qərardad ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. İşin hallarından görünür ki, İddiaçı Cavabdeh qarşı Ağcabədi şəhər, Xəlfərəddin küçəsi 70 saylı evə istifadə hüququnun tanınması və cehiz əmlakları olan evin 2-ci mərtəbəsindəki üç otaq və bir zaldan ibarət yaşayış sahəsinə köçürülməsi və ödəmiş olduğu 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbində göstərmişdir ki, cavabdeh onun həyat yoldaşıdır. Birgə nikahdan üç uşaqları vardır. Cavabdehlə ailə qurduqdan sonra cavabdehin qayınanasına məxsus Ağcabədi şəhəri, Xəlfərəddin küçəsi 70 saylı evdə əri və qayınanası ilə birgə yaşamışlar. İddiaçı ilə cavabdehin münasibətləri son 4-5 ildə pisləşməyə başlamışdır. Belə ki, Cavabdeh iddiaçını tez-tez döymüş və təhqir etmişdir. Buna görə də iddiaçı 2022-ci ildə nikahın pozulması və evdən istifadə tələbinə dair Ağcabədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə tərəfindən barışıq üçün tərəflərə vaxt verilmiş və bu müddət ərzində Cavabdeh ilə iddiaçı barışmışlar. Lakin, cavabdehin iddiaçıya qarşı olan münasibəti dəyişmədiyindən iddiaçı yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üzrə icraata xitam verərkən Azərbaycan Respublikasının MPM-nin 261.0.2-ci maddəsinə əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən faktiki əsas olaraq Ağcabədi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(055)-1481/2022 saylı qərardadına əsaslanmışdır. Belə ki, həmin qərardadla İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və uşaqlarla birgə həmin evə köçürülmə tələbinə dair iş üzrə İddiaçı iddiadan imtina etdiyindən icraata xitam verilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə də tələb əvvəlki ilə eynidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsassız sayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində iddianı fərdiləşdirən iki elementi qeyd etmək lazımdır: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. İlk növbədə qeyd edilməlidir ki, iddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti- iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. (“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarı). Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Birinci instansiya məhkəməsi əvvəlki iddia ilə hazırkı iddianın predmetinin və əsasının eyni olduğuna istinad etmişdir. İşin hallarından görünür ki, hazırkı iş üzrə tərəflər eyni olsa da, iddia yeni əsasla qaldırılmışdır. Tərəflər arasındakı mübahisə ailə münasibətlərindən irəli gələn mübahisədir. Əvvəl tərəflər barışdığı üçün iş üzrə icraata xitam verilsə də, hazırda onların münasibətlərinin gərginləşməsi, iddiaçının buna görə yenidən iddia qaldırılması hüququnu istisna etmir. Kollegiya hesab edir ki, hazırkı iddia tərəflər arasında münasibətlərin yenidən pozulması kontekstində baş verdiyindən iddiaya yeni əsasla verilən yeni tələb kimi baxılmalıdır. Əvvəlki qətnamə ilə müəyyən edildiyi halda həmin iş üzrə müəyyən edilmiş faktlara gəldikdə isə bu faktlar (müəyyən edildiyi halda!) həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (MPM-in 82.3cü maddəsi). Yeni faktlar sübut edildiyi halda buna müvafiq qaydada qiymət verilə bilər. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Bu isə Azərbaycan Respublikasının MPM-nin 385.1-ci maddəsinə əsasən məhkəmə aktının ləğvi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, qərardad əsassız olduğundan ləğv edilməli, mülki işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə-yetirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, MPM-in 151.3-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. İşə baxan məhkəmə Qanunun bu tələbini də nəzərə almalıdır. MPM-in 402-ci madəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qanunun mənasına görə digər qərardadlardan şikayət verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2(017)-2162/2023 saylı qərardadı ləğv edilsin və İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə-yetirilməsi üçün mülki iş Ağcabədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar