Məhkəmə qərarları › İş №2(106)-309/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-309/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-309/2025 23.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-309/2025 Açar sözlər: pul tələbi X8 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh ogluna qarşı pul tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(048)-658/2024 saylı qətnaməsindən (hakim Y.Zeynalov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6500 (altı min beş yüz) manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh sonradan tanımış və o iş qurmaq adı ilə ondan 11000 (on bir min) manat pul almış pulun bir qismini qaytarmış 6500 (altı min beş yüz) manat pulu bu günə kimi ona qaytarmır. Dəfələrlə ondan pulunu istəmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə pulunu verməkdən boyun qaçırır. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək cavabdehin ondan iş qurmaq adı ilə aldığı 11000 (on bir min) manat puldan 4500 (dörd min beş yüz) manatını qaytardığını, qalan 6500 (altı min beş yüz) manat pulu qaytarmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında İddiaçı aldığı pulu qaytardığını, ona heç bir borcunun olmadığını bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(048)-658/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş və Cavabdeh 5950 (beş min doqquz yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun 79,5 (yetmiş doqquz manat əlli qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia qalan hissədə rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Lerik Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(048)-658/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Lerik rayon Məhkəməsi iddianın qismən təmin edilməsi qənaətinə gələrkən, Cavabdeh tərəfindən ödənilmiş pulun məbləğini düzgün hesablamamış, məhkəməyə təqdim etdiyi hesabdan çıxarışlar üçün tədqiqat aparmamışdır. Belə ki, hesabdan çıxarışlarda göstərilən 416973****7823 nömrəli kart hesabının iddiaçıya məxsus olmasını iddiaçı özü etiraf etmişdir. Eyni zamanda, cavabdehin təqdim etdiyi 416973******1330 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 2300 manat pulun ödənilməsini məhkəmə nəzərə almamış, müdafiə mövqeyini üzərinə götürərək, guya həmin ödəniş qəbzinə qiymət verərək qeyd edir ki, həmin ödəniş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 05 mart 2024-cü il tarixli qərardan əvvəl edilmiş ödənişdir, cavabdehin özünün “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 05 mart 2024-cü il tarixli qərarda verdiyi izahatında iddiaçıya 18000 manat borc min borc məbləğindən 7550 manat ödədiyini qeyd etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışı iclaslarında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cinayət işinin başlanılmasının rədd materiallarında “Ağa” kimi qeyd etdiyi şəxs elə İddiaçı özüdür. Belə ki, Asifi iş yerində hamı “Ağa” kimi çağırmışdır. Bildirmişdir ki, Asifdən pul almış, lakin həmin pulları hamısını Asifə geri qaytarmışdır. “Cinayət işinin materiallarında da qeyd etdiyi kimi Asifdən faizlə 18000 manata yaxın pul almış və həmin pulları tamamilə qaytarmışdır. Onun hazırda Asifə borcu qalmamışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, iddiaçını ticarət mərkəzində iş münasibətlərindən tanıdığını, onunla alış-veriş etdiyini, cavabdehi isə tanımadığını bildirmişdir. Bildirir ki, iddiaçı Bakı şəhəri Dərnəgül prospektində yerləşən ticarət mərkəzində dam örtüklərinin satışı ilə məşğul olur, o iddiaçıdan bir neçə dəfə dam örtükləri götürmüş, lakin pulunu həmin vaxt verə bilməmişdir. O, bir müddət sonra dam örtüklərinin pulunu vermək üçün iddiaçının iş yerinə gəlmiş, lakin iddiaçı orada olmamışdır. O, iddiaçı ilə əlaqə saxlamış, iddiaçı ona dam örtüklərinin pulunu cavabdehə verməyini bildirmiş, o da bir dəfə 1800 manat və bir dəfə də 2000 manat pulu cavabdehə vermiş, cavabdeh isə ona həmin pulu iddiaçıya verəcəyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X1 “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 05 mart 2024-cü il tarixli qərarından görünür ki, X3, İddiaçı, X4 və X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan görünür ki, İddiaçı ərizə ilə Nərimanov RPİnin 17-ci PŞ-yə müraciət edərək bildirmişdir ki, tanıdığı Cavabdeh 2023-cü ilin noyabr ayında Xəzər rayonu Binə qəsəbəsində torpaq sahəsi alacağına, həmin sahədə ev tikib sataraq qazanc əldə edəcəyinə dair vədlər verərək 2023-cü ilin noyabr ayının əvvəlində ondan ümumilikdə 11000 (on bir min) manat pul almış, lakin sonradan heç bir iş görməyərək pulu qaytarmamışdır. İşə əlavə edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 05 mart 2024cü il tarixli Qərarda olan Cavabdeh izahatından görünür ki, o 2009-cu ildən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 507 küçədə yerləşən taxta bazarında taxta alış-satışı ilə məşğul olan Elman İbrahimov yanında rəsmi olaraq fəhlə kimi işləmişdir. Lakin, Elman İbrahimov işdə olmadığı vaxtlarda o, Elmanın yerinə satışla məşğul olmuşdur. Elmanla o, aylıq və illlik uçot aparmışdır. 2022-ci ilin uçotunu apararkən təxminən 20.000 manat ziyan etdiyini, yəni alış-satışda səhv etdiyini görmüşdür. Yəni həmin pullar texniki səhvə görə yaranmışdır, o bunları gördükdə həmin ziyanı aradan qaldırmaq üçün düşünməyə başlamışdır. Çünki, onun həmin dövrə qədər Elmanla arasında hər hansı pul söhbəti olmamış və bu səbəbdən Elmanın onu pis tanımasını istəməmişdir. Çünki, Elman vaxtı vaxtında onun əmək haqqısını və əlavə pullarını vermişdir. O, bu səbəbdən qonşuluqda makler kimi fəaliyyət göstərən Ağa (Asif) adı ilə tanıdığı şəxslə söhbət etmişdir. İlkin olaraq Ağa bildirmişdir ki, tanıdığı adam var və 5000 manat pul verərsə qarşılığında 5 gün ərzində 5700 manat pul qaytarmalıdır. O, çarəsiz onunla razılaşmışdır və 2023-cü ilin əvvəllərində ondan həmin məbləğdə pulu almış və həmin pulu satış adı ilə Elmana ödəmişdir. Artıq onun Elmana 15000 manat borcu qalmışdır. Lakin Elmanın bundan xəbəri olmamışdır. O, 5 gün sonra Ağaya pulu qaytarmaq üçün artıq obyektdən taxtalar sataraq 5700 manat pul düzəltmiş və Ağaya obyektdə vermişdir. Bu minvalla Ağa ilə onun alış-verişi başlamışdır. O, hər dəfə Ağadan pul götürüb Elmana satış adı ilə vermişdir. Daha sonra obyektə mal gəlməməyə başladığı üçün o, artıq taxta sata bilməmişdir. Bu səbəbdən Ağaya (Asifə) yaranmış 18000 manat borcu ödəmək üçün qonşuluqda taxta alış-satışı ilə məşğul olan Yeganə adlı şəxsə müraciət etmişdir. O, 10% sələm ilə Yeganədən 5000 manat pul götürüb Ağaya vermişdir. Artıq o, hər dəfə Ağadan götürüb Yeganəyə, Yeganədən götürüb Ağaya pul vermişdir. Artıq hər ikisinə xeyli miqdarda borcu yarandığı üçün o, Malik adlı şəxsə müraciət etmişdir. Ondan ilk dəfə 15000 manat almış və aparıb Yeganəyə vermişdir. Yenidən təxminən 8 gün sonra Malikdən 14000 manatda pul alıb satış adı ilə Elmana vermişdir. Artıq Malikə 29000 manat borcu olmuşdur. Onun Malik, Ağa və Yeganəyə əl borcu yaranmışdır. Obyektdən isə taxtalar satmışdır. O, artıq pul almağa adam tapa bilməmişdir. xx.xx.2024-cü il tarixdə Yeganə onunla əlaqə saxlayaraq bildirmişdir ki, 6 metrəlik döşəmə taxtası lazımdır. O, Yeganəyə onlarda olanın 4 metr olmasını demişdir. Daha sonra maraqlanmağa başlamışdır. O, Yeganənin istədiyi taxtanı qonşuluqda olan Füzulidə tapmışdır. Füzulidən 1500 kvadrat taxtanı 13.40 manatdan götürmüş və ona bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə pulunu verəcəkdir. Həmin taxtalar 20100 manat dəyərində olmuşdur. O taxtaları Yeganəyə 11.70 manata satmışdır. Yeganə bunun qarşılığında ona 17550 manat pul vermişdir. O, həmin puldan 7550 manatını Ağayla görüşüb ona vermişdir. Qalan 10000 manatı saxlamışdır ki, səhər üstünü düzəldib Füzuliyə verər. Lakin, axşam Füzuli bundan xəbər tutmuş və onun üstünə gələrək bütün pulu tələb etmişdir. Oda üstündə olan 10000 manatını ona verib qalanında sabah verəcəyini demişdir. Bundan sonra Füzuli getmişdir. Təxminən 10-15 dəqiqə sonra Füzuli onu öz yerinə çağırmışdır. Füzuli ondan pulunu tələb etmişdir və oda bildirmişdir ki, səhərə qədər vaxt verərsə pulunu ödəyəcəkdir. O öz yerlərinə gəldikdən sonra Füzulidə onun arxasınca gəlmiş və konkret olaraq pulun həmin an verilməsini tələb etmişdir. O isə pulu olmadığını bildirmişdir. Bu zaman onlar mübahisə etmiş və Füzuli onun yaxasından tutmuşdur. Bu hadisə onun butkasında baş vermişdir. Füzuli onun yaxasından tutaraq ya pulunu yada malını verməyini istəmişdir. O, Füzuliyə yenidən pulunun olmadığını bildirmişdir. Bu zaman Füzuli bildirmişdir ki, pulun qarşılığında obyektdə olan taxtaları götürüb gedəcək. O, Füzuliyə etiraz edərək taxtaların onun olmadığını bildirmişdir. Lakin, Füzuli ona əhəmiyyət verməyərək yük avtomobili çağırmışdır. O artıq Füzulinin əsəbləşərək ona hər hansı ziyan yetirməməsi üçün məcbur onunla razılaşmışdır. Birinci yük avtomobili yüklənib çıxmışdır. Bundan sonra özü yük avtomobili tapa bilmədiyi üçün onun vasitəsi ilə yük avtomobili çağırmışdır. Onuda yükləyib aparmışdır. Qeyd etmişdir ki, Füzuli onun borclu olduğu qədər taxta aparmış. O Füzulinin ona ziyan vuracağını düşündüyü üçün səsini çıxarmamışdır, lakin nə öz istəyi, nə də ki, razılığı ilə taxtaları vermişdir. Səhər gün o artıq ailə üzvlərinə bütün olanları danışmışdır. Birlikdə Elmanla da söhbət etmişlər. Kollegiya hesab edir ki, tərəflər arasında olan münasibətlərə əsassız varlanma ilə bağlı normalar tətbiq edilməlidir. Belə ki, tərəflər arasında boc pulun alınması ilə bağlı hər hansı yazılı əqd bağlanmamışdır. Cavabdeh isə iddiaçının hesabına qanuni və hüquqi əsas olmadan varlanmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq şöbəsində HK-1/189 və HK-1/263 saylı materiallar üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış münasibətlər zamanı cavabdehin iddiaçıya 18000 manat borcu yaranmış, cavabdeh həmin borcu ödəmək üçün Füzuli adlı şəxsdən taxta götürmüş və həmin taxtaları Yeganə adlı şəxsə satmış, Yeganə adlı şəxs bunun qarşılığında ona 17550 manat pul vermiş, o isə həmin puldan 7550 manatını Ağayla görüşüb ona vermişdir. Belə olan halda cavabdehin iddiaçıya 18000 manat-7550 manat=10450 manat borcu qalmışdır. Bundan başqa iddiaçı cavabdehin ona 4500 manat qaytarmasını bildirdiyindən (10450 manat-4500 manat =5950 manat) cavabdehin iddiaçıya 5950 manat borcu qalmışdır ki, məhkəmə də 5950 manat pulu cavabdehdən iddiaçının xeyrinə tutmaqda haqlı olmuşdur. Çünki cavabdeh iddiaçıya 18000 manat borcunun qalmasını etiraf etmiş, lakin pul vəsaitlərinin iddiaçıya qaytarmasını iddia etsə də həmin bütün pul vəsaitlərinin iddiaçıya qaytarmçasını sübut edə bilməmişdir. İddiaçı da məhkəmənin qət etmiş olduğu 5950 manatla razılaşmış və apellyasiya şikayəti vermədiyindən kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində araşdırma aparmışdır. Birinci instansiya məhkəmə cavabdehin təqdim etdiyi hesabdan çıxarışlara dair sənədlərə hüquqi qiymət verərək qeyd etmişdir ki, hesabdan çıxarışlarda göstərilən 416973****7823 nömrəli kart hesabının iddiaçıya məxsus olmasını iddiaçı özü etiraf etmiş, həmin kart hesabına göndərilən pulların ondan alınan dam örtüklərinə görə müştərilərin ona ödəməli olduğu pulların cavabdehə verərək onun kart hesabına göndərilən pullar olduğunu bildirmiş, qeyd edilən hal məhkəmə iclasında şahid qismində dindirilmiş Rövşən Rüstəmovun ifadəsi ilə də öz təsdiqini tapmışdır. Digər hesabların isə iddiaçıya məxsus olmasına dair hər hansı bir mötəbər sübutu cavabdeh məhkəməyə təqdim edə bilməmiş, iddiaçı da həmin bank hesablarının ona məxsus olmadığını bildirmişdir. Məhkəmə cavabdehin təqdim etdiyi 416973******1330 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 2300 manat pulun ödənilməsi barədə qəbzə münasibət bildirərək qeyd edir ki, iddiaçı həmin kart hesabının ona məxsus olmasını etiraf etsə də, məhkəmə həmin ödəniş qəbzinə qiymət verərək qeyd edir ki, həmin ödəniş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 05 mart 2024-cü il tarixli qərardan əvvəl edilmiş ödənişdir, cavabdehin özünün “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 05 mart 2024-cü il tarixli qərarda verdiyi izahatında iddiaçıya 18000 manat borcunun olduğunu, həmin borc məbləğindən 7550 manat ödədiyini qeyd etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(048)-658/2024 saylı qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş rüsum məbləği cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar