Məhkəmə qərarları › İş №2(106)-311/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-311/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-311/2023 16.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 1346/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(073)-1346/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim Vüsal Cəbrayılov) iddia qismən edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə vasitəsi ilə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 2(051)-123/2022 saylı, 25 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğvinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Belə ki, apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin cavabdeh hazırkı iş üzrə qəbul edilmiş Cəlilabad Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(073)-1346/2021 saylı qətnaməsinin ləğv olunmasını deyil, hazırkı işlə əlaqəsi olmayan Cəlilabad Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(051)-123/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Odur ki, apellyatorun tələbinin hazırkı iş üzrə qəbul etmiş qətnamənin ləğvinə yönəlməsi dəqiq olaraq müəyyən edilmir. Apellyasiya şikayətinin “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Lakin apellyator sadəcə Mülki Məcəllənin 375, 377.1 və 379.1.1-ci maddələrini qeyd etmiş, həmin maddələrin qarşısında onların pozulmasının və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olmasına dair mövqeyini aydın şəkildə ifadə edən izah verməmişdir. Apellyasiya şikayətinin “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Lakin apellyator bu hissədə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad etmiş, onun qarşısında həmin maddənin pozulmasının və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olmasına dair natamam fikir ifadə etmişdir. Mülki Prosessual Məcəllənin 361.1.4-cü və 361.1.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, eləcə də, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1346/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar