Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-311/2025 16.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü, maddi və prosessual hüquq normasının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-1016/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək 3925 manat əsas borcun, 2260 manat faiz borcunun və 83 manat ödəmiş olduğu dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh qardaşının baldızı oğludur. Cavabdeh ev almaqdan ötrü ondan 4000 manat borc pul istəmişdir. O da həmin vaxt ona pulunun olmadığını demişdir. Həmin vaxt Saleh ona demişdir ki, bankdan öz adına 4000 manat kredit götürüb ona versin. Krediti və ona hesablanmış faizləri onun əvəzindən o, ödəyəcəkdir. O da Salehin xahişi ilə "xxxx" ASC-nin Saatlı filialından 22 avqust 2023-cü il tarixdə illik faiz dərəcəsi 24 % olmaqla 48 ay müddətinə 5240 manat kredit götürüb, həmin günü də həmin kreditdən 4000 manat Salehə borc vermişdir. Saleh həmin puldan birinci ayda ona 75 manat vermiş, sonradan isə ona pul verməkdən qəti olaraq imtina etmişdir. O, Salehin təqsiri üzündən hal-hazıradək olan müddətdə 4000 manat borca görə banka 2260 manat faiz ödəmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq Cavabdeh onu müxtəlif bəhanələrlə aldadaraq ona olan əsas borcundan 3925 manatı və 2260 manat faiz borcunu halhazıra kimi ödəməmişdir Birinci instansiya məhkəməsində icraat Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-1016/2024 saylı qətnaməsi ilə (M.Sadıqov) iddia qismən təmin edilmiş, Cavabdeh 3925 manat borc və ödənilmiş 83 manat dövlət rüsumu, cəmi 4008 (dörd min səkkiz) manatın alınıb İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; "xxxx" ASC-nin Saatlı filialının 22 avqust 2023-cü il tarixli ödəniş qrafikindən görünür ki, İddiaçı "xxxx" ASC-nin Saatlı filialından illik faiz dərəcəsi 24 % olmaqla 48 ay müddətinə 5240 manat kredit götürmüşdür. Həmçinin tərəflər arasında olan diskə baxış zamanı X3 Ağayevin İddiaçı olan borcu ilə bağlı razılaşma əldə edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə araşdırması zamanı iddiaçının özünəinamlı şəkildə verdiyi izahatı ilə müqayisədə cavabdeh qeyri-səmimilik təəssüratını yaradaraq pul almadığını bildirmiş və iddia tələbinə münasibətdə hər hansı əks-arqument irəli sürməmişdir. Bu isə məhkəmədə cavabdehin izahatına tənqidi yanaşmağa, onun izahatı ilə müqayisədə iddiaçının izahatını daha mötəbər sübut kimi qəbul etməyə əsas vermişdir. Ona görə də hazırki mübahisə üzrə iddiaçının izahatını daha mötəbər sübut kimi qəbul edilir. İddiaçı ilə Cavabdeh atası X1 danışıqlarını əks etdirən diskdən görünür ki, X2 Ağayevin İddiaçı olan borcu ilə bağlı razılaşma əldə edilməsini xahiş etmişdir. Bundan əlavə, iddiaçı həm iddia ərizəsində, həm də məhkəmədə verdiyi izahatında cavabdehin məhz ev almağa görə ondan pul aldığını göstərmişdir. Cavabdeh özü də izahatında, həqiqətən də, kredit götürülən tarixdə ev aldığını təsdiq etmişdir. Cavabdeh iddianı etiraf etməsə də, iddia tələbinin 3925 manat borc hissəsində əsaslı olması öz təsdiqini tapır. Odur ki, məhkəmə cavabdehin göstərdiklərini tələbdən yayınmaq üçün özünü müdafiə halı kimi qiymətləndirir. Həmçinin məhkəmə diqqətə çatdırır ki, iddiaçı cavabdehdən 2260 manat faiz borcu tələb etsə də, nəzərə alınmalıdır ki, hesablanmış faiz 48 aylıq müqavilə müddətinin sonuna kimi olmaqla, cəmi kredit götürülmüş 5240 manat pula görədir. Halbuki, həm həmin məbləğin hamısı deyil, 4000 manatı cavabdehə verilmiş, eyni zamanda iddiaçı hələ vaxtı çatmamış faiz ödənişini tələb edir. Odur ki, məhkəmə iddia tələbini qeyd olunan hissədə əsassız hesab edir. Ona görədə iddia qismən təmin edilməli, Cavabdeh 3925 manat borc və ödənilmiş 83 manat dövlət rüsumu, cəmi 4008(dörd min səkkiz) manat alınıb İddiaçı verilməli və iddia qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76, 4.1, 8.1, 9.1 və 217.3, 217.4, 106.1, 88-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçı Məmmədov Gülbala Hüseynqulu oğlu ilə uzun müddətdir ki, dostluq etmişdir. İddiaçıdan heç vaxt borc pul almamışdır. İddiaçı bankdan götürdüyü krediti ona verməmişdir. Əgər iddiaçı bankdan götürdüyü kreditin müəyyən hissəsini ona versəydi, bu hal bankda olan video kameralarda öz əksini tapardı. İddiaçı yalan faktlara əsaslanaraq, ondan əsassız pul tələb edir. O, 2023-cü ilin iyul ayında ev almışdır. Sözügedən evi alan zaman iddiaçıdan hər hansı məbləğdə borc pul almamışdır. İddiaçı Məmmədov Gülbala Hüseynqulu oğlu atası Fərhad Ağayevlə danışıb və atasının səs yazısın sübut kimi məhkəməyə təqdim etmişdir. İddiaçı bunu məqsədli şəkildə edib. Atası iddiaçı ilə danışdıqdan sonra ondan kreditə pul götürdüyünü və ya iddiaçıdan borc aldığını soruşmuşdur. O, kredit götürmədiyini və həmçinin iddiaçıya hər hansı məbləğdə borcunun olmadığını atasına bildirmişdir. İddiaçı Məmmədov Gülbala Hüseynqulu oğlu ilə aralarında şifahi və ya yazılı formada borc razılaşması olmayıb. Ona görədə Saatlı rayon məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(055)-1016/2024 saylı qətnaməsi ləğv edilməlidir və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Bildirir ki, iddiaçı ona 4000 manat məbləğində pul verməmişdir. İddiaçının sübut olaraq göstərdiyi səs yazısında atasının iddia edilən 4000 manat borcdan xəbəri olmamışdır. Telefon danışığını sonlandırdıqdan sonra atası ondan belə bir borcun olub-olmadığını soruşmuş, o da atasında belə bir borcunun olmadığını bildirmişdir. Apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Bildirir ki, cavabdeh ona ev alacağını və maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Cavabdeh ondan borc pul istəmiş, o da bankdan 4000 manat məbləğində kredit götürüb cavabdehə vermişdir. Cavabdeh ona olan borcunu ödəyəcəyini bildirsə də, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdeh borc alarkən heç bir yazılı sənədə imza atmamışdır. İddiasını təsdiq edən tək sübutu iş materiallarında olan səs yazısından ibarətdir. Həmin səs yazılarında əks olunan cavabdehin atası ilə danışıqları oğlunun ona borclu olmasını təsdiq edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Apellyator apellyasiya şikayətinin təmin edilməsini, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-1016/2024 saylı qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya qeyd edir ki, tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını apellyasiya şikayətinin dəlillərinə münasibətdə tam həcmdə yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-1016/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)- 1016/2024 saylı qətnaməsi qismən, Cavabdeh 3925 manat borc və ödənilmiş 83 manat dövlət rüsumu, cəmi 4008 (dörd min səkkiz) manatın alınıb İddiaçı verilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək 3925 manat əsas borcun, 2260 manat faiz borcunun və 83 manat ödəmiş olduğu dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi hesab edir ki, iddia tələbi əsassız, apellyasiya şikayəti isə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə tərkibi ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmə tərkibi hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsi nəzərdən keçirilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtinə görə borc verən pulu və ya digər əvəz edilən əşyaların mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürməli, borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürməlidir. İddiaçının tələbinin əsaslı olması üçün bu şərtlər məcmu halında, yəni tərəflər arasında yazılı və yaxud şifahi formada borc müqaviləsi mövcud olmalıdır. Hazırkı iş üzrə isə iddiaçı ilə cavabdeh arasında elə bir müqavilənin bağlanması iş materiallarından görünmür, nə də cavabdeh tərəfin iddiaçıdan borc pul aldığı barədə etiraf və ya hər hansı sübut təqdim olunmamış, eyni zamanda iddiaçı tərəf isə həmin halı sübut edə bilmir. Məhkəmə tərkibi qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəf cavabdehin ona borc olaraq 3925 manat pul borclu olduğunu bildirsə də, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırkı halda isə iddiaçı tərəf qeyd edilən məbləğdə pulun cavabdehə verildiyini bildirsə də, buna dair hər hansı bir sübut növü təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının özünəinamlı şəkildə verdiyi izahatı ilə müqayisədə cavabdeh qeyri-səmimilik təəssüratını yaradaraq izahat vermişdir. Bu isə məhkəmədə cavabdehin izahatına tənqidi yanaşmağa, onun izahatı ilə müqayisədə iddiaçının izahatını daha mötəbər sübut kimi qəbul etməyə əsas vermişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin Mülki Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərkibi qeyd edir ki, Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Göründüyü kimi qanunverici 3000 manatdan çox olan borc müqaviləsinin yazılı qaydada bağlanmasını imperativ norma kimi müəyyən etmişdir. Hazırki işdə isə tərəflər arasında belə bir müqavilə mövcud deyildir. Eyni zamanda birinci instansiya məhkəməsi iş materiallarında olan “səs yazısına dair “CD” disk”in mötəbər sübut kimi qəbul edib və qeyd edib ki, İddiaçı ilə Cavabdeh atası X1 danışıqlarını əks etdirən diskdən görünür ki, X2 Ağayevin İddiaçı olan borcu ilə bağlı razılaşma əldə edilməsini xahiş edir. Bu da iddianın əsaslı olması qənəaətinə gəlməyə əsas verir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan “səs yazısına dair “CD” disk”in mötəbər sübut kimi qəbul edərək iddianı həmin səs yazısına əsasən təmin edərkən səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki,...mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Göründüyü kimi yuxarıda qeyd edilən qərarda hüquqi mövqe ondan ibarət olmuşdur ki, “başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Hazırkı halda isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısına dair “CD” diskdə olan səs yazısı iddiaçı ilə cavabdeh arasında deyil, iddiaçı ilə üçüncü şəxs arasında olan telefon danışığıdır. Eyni zamanda həmin səs yazısında iddiaçının cavabdehə 4000 manat pul borc verməsi müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi qeyd edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Odur ki, məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-1016/2024 saylı qətnaməsi qismən, Cavabdeh 3925 manat borc və ödənilmiş 83 manat dövlət rüsumu, cəmi 4008 (dörd min səkkiz) manatın alınıb İddiaçı verilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi həmin hissədə rədd edilməlidir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda isə iddiaçı tərəfindən qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-1016/2024 saylı qətnaməsi qismən, Cavabdeh 3925 manat borc və ödənilmiş 83 manat dövlət rüsumu, cəmi 4008 (dörd min səkkiz) manatın alınıb İddiaçı verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə də təmin edilməsin. Məhkəmə xərci iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-311/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-311/2025
16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver