Məhkəmə qərarları › İş №2(106)-313/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-313/2025

09.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-313/2025 09.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair (Açar sözlər: alimentin artırılması, maddi hüquq normasının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X21 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair qarşılıqlı iddia tələbləri barədə mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-1210/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün ona ödənilən 117 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq 235 manat məbləğində tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 iyun 2016-ci il tarixli, 2(011)-634/2016 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında bağlanmış, xx.xx.2010-cu il tarixli nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X24 və xx.xx.2012-ci il təvəllüdlü X13 onun himayəsində saxlanılmaları hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Şirvan şəhər məhkəməsinin 2(032)-238/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə cavabdehin iddia tələbi qismən təmin edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X15 ondan alınaraq, cavabdehin himayəsinə verilməsi, xx.xx.2012-ci il təvəllüdlü X13 isə ondan alınması hissəsində təmin edilməməsi, cavabdehin xx.xx.2010cu il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsi müəyyən edilmiş 117 manat aliment məbləğini ödəməkdən azad edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 117 manat aliment məbləğini ödəməkdən azad edilməsi hissəsində iddia ərizəsi təmin edilməmiş, onun Cavabdeh qarşı xx.xx.2012-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş 117 manat alimentin miqdarının dəyişdirilərək 193 manat və uşağın müalicəsinə görə alimentin tutulması barədə qarşılıqlı iddiam təmin edilməmişdir. Şirvan şəhər məhkəməsinin 25 avqust 2022-ci il tarixli,2(032)-1222/2022-ci il tarixli qətnaməsi ilə də onun cavabdehə qarşı aliment məbləğinin artırılması tələbinə dair qarşılıqlı iddiası və cavabdehin ona qarşı sabit pul məbləğində aliment tələbinə dair ilkin iddiası təmin edilməmişdir. Hazirda isə o, maddi vəziyyəti ilə əlaqədar cavabdehə qarşı xx.xx.2012-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş 117 manat sabit pul məbləğində alimentin artırılaraq bir uşaq üçün 2024-cü ildə müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq 235 manat müəyyən edilməsini istəyir. Cavabdeh Bakı şəhərində yanğından mühafizə idarəsində sürüçü işləyir və yetərincə də əmək haqqı alır. Ayda 117 manat alimentdən əlavə cavabdeh uşağın təlimi, təhsili, sağlamlığı ilə maraqlanmamış öz valideynlik borcunu hər ay yalnız 117 manat alimentin ödənilməsi ilə bitmiş hesab etmişdir. Hazırkı iqtisadi vəziyyətə uyğun olaraq əmək haqlarının, pensiyaların artdığı, eyni zamanda “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, bir uşaq üçün yaşayış minimumunun 2024-cü il tarixdə artırılaraq, 235 manata çatdırılmasını nəzərə alaraq, hesab edir ki, hər ay cavabdehin ödədiyi 117 manat ilə 12 yaşlı məktəbli bir uşağın ehtiyaclarını ödəmək mümkün deyildir. Qanunvericiliyin tələbinə uyğun olaraq cavabdeh yuxarı həddə aliment məbləği verməyə borcludur. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği təyin edillərkən həmin il üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun (117 manat) uşağın yaşı az olduğundan həmin vaxt onun geyimə, yeməyə olan tələbatı da hal-hazırkı tələbatından olduqca aşağı olmuşdur. Çünki uşaq böyüdükcə onun geyməyə, yeməyə və qayğıya olan tələbatı da artmışdır. Bu hal uşağın maddi təminatının artırılmasını zəruri edir. O, ilkin olaraq, mediasiya təşkilatına müraciət etmişdir ki, bəlkə cavabdehdə ölmüş olan atalıq duyğusu onu kövrəldər, heç olmasa övladı üçün indiyədək etmədiklərini könüllü olaraq etmək istəyər, hər ay 235 manat (və yaxud da heç olmasa ona yaxın məbləğdə ) alimenti ödəmək istəməsi barədə aralarında razılaşma olar ki, o da məhkəməyə müraciət etməz. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə xx.xx.2010-cu il tarixində rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X24 və xx.xx.2012-ci il təvəllüdlü X19 adında övladları var. Sonradan münasibətləri alınmadığından aralarında olan nikahın pozulması üçün məhkəmədə iddia qaldırılmışdır. Xətai Rayon Məhkəməsinin 2(011)-634/2016 saylı iş 03 iyun 2016-cı il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X15 və xx.xx.2012-ci il təvəllüdlü X13 hazırki işdə qarşılıqlı iddia üzrə üzrə cavabdeh İddiaçı himayəsində saxlanılması və xx.xx.2010-cu il təvəllüdlü X24 və xx.xx.2012-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində ondan tutularaq cavabdehə ödənilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı uşaqlara normal qayqı göstərməməsi səbəbindən ona qarşı Şirvan Şəhər Məhkəməsində iddia qaldıraraq birgə nikahdan doğulmuş xx.xx.2010- cu il təvəllüdlü X24 və xx.xx.2012-ci il təvəllüdlü X19 adında övladlarının cavabdehin himayəçiliyindən alınaraq onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qəmaməsi ilə iddiası qismən təmin olunaraq, xx.xx.2010-cu il təvəllüdlü X15 onun himayəsinə verilməsi və xx.xx.2010-cu il təvəllüdlü X15 onunla birgə yaşamasının nəzərə alınmağı qət edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsin almışdır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, halhazırda ikinci nikahından xx.xx.2019-cu il təvəllüdlü X11 adında bir övladı da var. Buna baxmayaraq cavabdehin himayəsində saxlanılan, xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay 117 (bir yüz on yeddi) manat aliment məbləğini də vaxtı-vaxtında ödəyir. Xüsusilə qeyd etməyi zəruri hesab edir ki, cavabdehlə nikahı pozulduqdan sonra o, qadın salonunda usta kimi fəaliyyət göstərərək maddi cəhətdən vəziyyəti dəyişmiş, özünə Şirvan şəhərində mənzil almışdır. Onun isə maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik olmamış, əksinə, maddi çətinliklərlə bağlı yaşadığı 5 otaqlı mənzili sataraq, daha az sahəli mənzil almağa məcbur olmuşdur. Bu səbəbdən hesab edir ki, xx.xx.2012-ci il təvəllüdlü X1 üçün məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hər əy 117 (bir yüz on yeddi) manat aliment məbləği artırılmamalı, onun himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X2 üçün qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment məbləği tutularaq onun xeyrinə ödənilməlidir. İddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-1210/2024 saylı qətnaməsi ilə (hakim A.Məmmədli) İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə və Cavabdeh sabit pul məbləğində alimentin təyin edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi və məhkəmə xərclərinin tərəflərə aid edilməsi qət edilmişdir . Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Birgə nikahdan anadan olmuş uşaqlardan biri xx.xx.2010-cu il təvəllüdlü X24 atası Cavabdeh yanında, o biri xx.xx.2012-ci il təvəllüdlü X19 isə anası İddiaçı himayəsindədir, Cavabdeh X3 üçün hər ay 117 manat məbləğində aliment ödəyir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia tələbinin təmin edilməsi, aliment ödənilməsini tərəflər arasında pul alıb qaytarma əməliyyatına çevirmiş olar və qanunvericilik məhz bu kimi halların qarşısını almaq üçün hər iki valideynin himayəsində uşaq qaldıqda yalnız bir tərəfdən - daha çox təminatlı olan tərəfdən digər tərəfin - daha az təminatlı olanın xeyrinə alimentin tutulmasını müəyyən edir. İş materiallarından görünür ki, Cavabdeh X12 ilə ailə qurmuş və birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X16 adlı uşaqları anadan olmuşdur. Beləliklə, qanunvericiliyin tələbini və işin hallarını nəzərə alaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, alimentin miqdarı müəyyən edilərkən və ya artırılarkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmalıdır - müddəasından çıxış edərək ilkin iddia üzrə cavabdehin hazırki zamanda ikinci dəfə ailə qurmasını, birinci nikahdan olan övladı xx.xx.2010-cu il təvəllüdlü X15, ikinci nikahdan olan azyaşlı xx.xx.2019-cu il təvəllüdlü X9 da onun himayəsində olması kimi diqqətəlayiq halları nəzərə alır və hesab edir ki, ilkin iddianın təmin edilməsi adları çəkilən uşaqların təminatının pisləşməsinə, atanın ödəmə qabiliyyətinin zəifləməsinə gətirib çıxara bilər. Bundan başqa qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ataya Cavabdeh nisbətən daha az təminatlı olması, uşaqların mənefiyi baxımından qarşılıqlı iddianın təmin edilməsi istisna edilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndi, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.2, 75.4, 77.1, 78.1, 78.2 və 88-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 88, 217.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsalandırılmışdır ki, cavabdeh Bakı şəhərində yanğından mühafizə idarəsində sürücü işləyir və yetərincə də əmək haqqı alır. Ayda 117 manat alimentdən əlavə cavabdeh uşağın təlimi, təhsili, sağlamlığı ilə maraqlanmayaraq, öz borcunu hər ay yalnız 117 manat sabit pul məbləğində aliment ödəməklə bitmiş hesab edir. Hazırkı iqtisadi vəziyyətə uyğun olaraq, əmək haqqlarının, pensiyaların artdığı,eyni zamanda, ”Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq,bir uşaq üçün yaşayış minimumunun 2024-cü il tarixdə artırılaraq 235 manata çatmasını nəzərə alaraq, hesab etmişdir ki, hər ay cavabdehin ödədiyi 117 manat ilə 12 yaşlı məktəbli bir uşağın ehtiyaclarını ödəmək mümkün deyildir. Çünki uşaq böyüdükcə onun geyməyə, yeməyə və qayğıya olan tələbatı da artdığı üçün uşağın maddi təminatının da artırılması zəruridir. Bu səbəbdən də o, ilkin olaraq, mediasiya təşkilatına müraciət edən zaman fikirləşib ki, bəlkə cavabdehdə ölmüş olan atalıq duyğusu onu kövrəldər, heç olmasa övladı üçün indiyənədək etmədiklərini etmək istəyər, 235 manat (və ya heç olmasa ona yaxın məbləğdə) aliment ödəmək istəməsi barədə aralarında razılaşma olar ki, o da məhkəməyə müraciət etməz. Buna baxmayaraq, cavabdeh, nəinki iddianı qəbul etməmiş (heç olmasa qismən də olsa), əksinə ona qarşı iddia verərək, yanında qalan övladıları X2 üçün ondan hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment məbləği tutularaq onun xeyrinə ödənilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, məhkəmə mülki işə baxarkən, cavabdehin daimi iş yerinin olmasını, mülkiyyətində 2 avtomaşınının olması ilə ilə bərabər onun Qəbələ rayonunda evinin və torpaq sahəsinin, Bakı şəhərində mülkiyyətində evinin olmasını, bu səbəbdən də onun maddi cəhətdən imkanlı olmasını, eyni zamanda onun özünün nə evinin, nə də rəsmi iş yerinin olmamasını, hər ay uşağın normal şəraitdə yaşaması üçün ən azından zəruri ehtiyacların ödənilməsi məqsədi ilə çəkiləcək xərclərin 117 manatla qarşılanmayacağını və 2024-cü il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimunun 235 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq, ən azından azyaşlı Yusifin saxlanılması üçün cavabdehdən hər ay ödəniləcək alimentin məbləğini 235 manat (və yaxud ona yaxın məbləğdə) sabit pul məbləğində müəyyən etməli olduğu halda, bunu etməmişdir. Ona görə də Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-1210/2024 saylı qətnaməsini ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməli və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Aellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, təyin edilmiş aliment məbləği övladının xərclərini qarşılamır. Belə ki, oğlu orta məktəbin 7-ci sinif şagirdidir və onun hazırlıq xərcləri kifayət qədərdir. Əlavə olaraq övladının səhhətində problemlər var. Onun həkim xərclərini təkbaşına qarşılamaqda çətinlik çəkir. Özü hazırda işləmir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, övladının səhhətində heç bir problem yoxdur. İddiaçı bunu birinci instansiya məhkəməsi zamanı da qeyd etsə də, bu halı təsdiq edən heç bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Özü FHN-nin Yanğından Mühafizə İdarəsində “sürücü” vəzifəsində işləyir. Aylıq əməkhaqqı 549 manat təşkil edir. Bundan əlavə hər ay ona 95 manat maaşa əlavə haqq yazılır. Hazırda maddi vəziyyəti yaxşı deyil. Yenidən ailə qurmuşdur və başqa övladı da var. Onun hazırlıq xərclərini də özü qarşılayır. Bu halın məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il Qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarə. «Uşaq hüquqları haqqında» Konvensiya «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Qanun: «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Apellyator Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-1210/2024 saylı qətnaməsini ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və ilk iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı tam mübahisələndirilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-1210/2024 saylı qətnaməsini iddiaçının apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq ilk iddianı düzgün olmayaraq tam rədd etmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-1210/2024 saylı qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməklə, alimentin miqdarı artırılmalı, 170 manat aliment Cavabdeh tutulub iddiaçıya ödənilməldir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X24 və xx.xx.2012-ci il təvəllüdlü X19 doğulmuşdur. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-634/2016 saylı qətnaməsi ilə nikah pozulduqdan sonra X15 və X8 anası X10 himayəsində qalması, Cavabdeh X15 və X13 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq, hər ay hər uşağa 117 manat, cəmi 234 (iki yüz otuz dörd) manat sabit pul məbləğində alimentin tutularaq X7 verilməsi qət edilmişdir. Daha sonra müəyyən edilmişdir ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-238/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin iddia tələbi qismən təmin edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X4 Vəfa Rəfayıl qızından alınaraq Cavabdeh himayəsinə verilmişdir. İlk növbədə məhkəmə tərkibi qeyd edir ki, Cavabdeh hazırkı qətnaməni mübahiləndirməmiş onunla razılaşmışdır. Ona görə də, məhkəmə tərkibi qətnaməni X6 apellyasiya şikayətinə münasibətdə qiymətləndirilməsini məqsədəuyğun hesab edir. Birinci instansiya gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh X12 ilə ailə qurmuş və birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X16 adlı uşaqları anadan olmuşdur. Cavabdehin hazırki zamanda ikinci dəfə ailə qurmasını, birinci nikahdan olan övladı xx.xx.2010-cu il təvəllüdlü X15, ikinci nikahdan olan azyaşlı xx.xx.2019-cu il təvəllüdlü X9 da onun himayəsində olması kimi diqqətəlayiq halları nəzərə alır və hesab edir ki, ilkin iddianın təmin edilməsi adları çəkilən uşaqların təminatının pisləşməsinə, atanın ödəmə qabiliyyətinin zəifləməsinə gətirib çıxara bilər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq tam rədd etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Daha sonra məhkəmə tərkibi qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə tərkibi uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, cavabdehin ikinci nikahdan əlavə bir uşağının olması onun əvvəlki nikahdan olan uşağın saxlanılması öhdəliyindən azad etmir. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddiaya münasibətdə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-1210/2024 saylı qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməklə, alimentin miqdarı artırılmalı, 170 manat aliment Cavabdeh tutulub İddiaçı ödənilməlidir. İlk iddia qalan hissədə təmin edilməməlidir. Alimentin tutulmasının əvvəli İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 11 iyul 2024-cü il tarixdən hesablanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-1210/2024 saylı qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Alimentin miqdarı artırılsın. Cavabdeh 170 manat məbləğində aliment pulu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 11 iyul 2024-cü il tarixdən hesablansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar