Məhkəmə qərarları › İş №2(106)-315/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-315/2024

30.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-315/2024 30.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və Samir İlham oğlu Mayılovdan ibarət tərkibdə, katib X4, iddiaçı R.Babazadənin, onun nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı X6 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi Cavabdeh ilə X11 01 oktyabr 2015-cı ildən rəsmi nikahda olmuşlar. Birgə nikahdan iki uşaq- 06 iyun 2016-cı il təvəllüdlü Amil və 26 dekabr 2017-ci il təvəllüdlü Hüseyn doğulmuşdur. Masallı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(050)-2373/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə Tairova (Babazadə) Röya Elxan qızı arasında 2 saylı Bakı "ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 01 oktyabr 2015-cı il tarixdə 2407 nömrə ilə qeydə alınmış nikahın pozulması, 06 iyun 2016-cı ildə anadan olmuş Tairov Amil və 26 dekabr 2017ci ildə anadan olmuş Tairov Hüseynin anaları X9 yanında saxlanması və Cavabdeh, 06 iyun 2016-cı il təvəllüdlü X3 və 26 dekabr 2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat miqdarında alimentin tutularaq X12 ödənilməsi və alimentin tutulmasının 03 noyabr 2021-ci il tarixdən hesablanması qət edilmişdir. Hazırki tələbində X11, 06 iyun 2016-cı ildə anadan olmuş X7 və 26 dekabr 2017-ci ildə anadan olmuş X2 barələrində təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, hər uşaq üçün hər ay ödənilməsi şərti ilə sabit pul məbləğində 250 manat, cəmi hər ay 500 manat məbləğində aliment ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, atası evində, Masallı rayonunun Qəriblər ərazisinin Şıxlar kəndinə gəlib valideyinlərinin yanında məskunlaşmışdır. İki azyaşlı uşaqlar da onun himayəsində olmaqla onun tərbiyəsi altında yaşamaqla kənd məktəbində təhsillərini davam etdirirlər. Boşanmadan sonra soyadını dəyişmişdir. Hazırda işləmir. Olduqca çətin maddi şəraitdə dolanır, gecikdirilməklə aldığı aliment pulu uşaqlarının dolanışığına, yaşam tərzinə, məktəb (bir uşağa məktəbli geyimi 100 manata başa gəlir) və sağlamlıq (oğlu Amilin ciddi nitq qüsurları vardır) xərclərinə yetmir. Bu gün ölkədə uşaqların yaşaması və normal qidalanması üçün yaşayış minimumu belə 193 manatı ötmüşdür. Bu gün maddi çətinliklərinin mövcudluğuna ciddi diqqət yetirməklə, 2 azyaşlı övladının da sıxıntılarını nəzərə alaraq, alimentin miqdarının artırılmasına və sabit pul məbləğində hər bir uşaq üçün 250 manat aliment pulu ödənişinin məhkəmə qaydasında müəyyən edilməsinə ciddi ehtiyacı var. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qismən qəbul etmiş, izahatında bildirmişdir ki, hazırda heç bir yerdə işləmir. İkinci dəfə qeyri-rəsmi nikaha girmişdir. Hazırda yoldaşı hamilədir. Meyxana ilə məşğul olur. Hər ay uşaqların saxlanılması üçün cəmi 300 manat vermək iqtidarındadır. Masallı Rayon Məhkəməsinin (hakim Z.Zeynalov) 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh 06 iyun 2016-cı il təvəllüdlü X3 və 26 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 180 manat olmaqla, iki uşağa görə 360 (üç yüz altmış) manat müəyyən edilərək iddiaçı X8 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin artırılmış miqdarının tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Qətnamədən iddiaçı X11 apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı X11 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin olunaraq, uşaqların saxlanılması üçün cavabdehdən bir uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə cavabdehin maddi vəziyyətini araşdırmadan 2018-ci illərin alimentini kəsmişdir. Cavabdehin maddi imkanı olduqca yüksəkdir, aylıq qazancı da qənaətbəxşdir. Məhkəmə heç bir araşdırma aparmadan olduqca az bir miqdarda aliment təyin etmişdir. İzahatlar Apellyasiya baxışında iştirak edən iddiaçı R.Babazadə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, o uşaqlara görə işləyə bilmir. Valideynləri işləyir. Övladlarını qoyub işləyə bilmir. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bildirmişdir ki, cavabdehin yeni ailəsi var. Cavabdehin imkanı var ki, yeni ailə qura bilib. Cavabdeh 2 işlə məşğul olur. Maşın alveri ilə və meyxana söyləməklə məşğuldur. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh izahatında növbəti dəfə ailə qurduğunu, yoldaşının anasının evində qaldığını, hazırda fəhlə işlədiyini bildirmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, tərəflərin nikahından iki uşaq- 06 iyun 2016-cı il təvəllüdlü Amil və 26 dekabr 2017-ci il təvəllüdlü Hüseyn doğulmuşdur. Əvvəllər tərəflər arasında alimentə dair mübahisə olmuş, Masallı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat miqdarında aliment tutularaq X12 ödənilməsi qərara alınmışdır. İddiaçı hazırkı tələbində əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını, ayda hər uşağa görə 250 manat, cəmi hər ay 500 manat müəyyən edilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 01 yanvar 2024-cü ildən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 26 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən uşaqların mənafeyini, tərəflərin maddi durumunu, əmlak vəziyyətini, yaşayış minimumunun da artdığını nəzərə almışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən halları nəzərə alaraq alimentin miqdarını artırarkən əsaslı qənaətə gəlmişdir. İddiaçı apellyasiya şikayətində iddianın tam təmin edilməsini, alimentin miqdarının 250 manat müəyyən edilməsini tələb etmişdir. Lakin işin hallarından görünür ki, cavabdehin rəsmi iş yeri yoxdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarını ağlabatan miqdarda müəyyən etmişdir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin həqiqi hallarına uyğundur; qətnaməni ləğv etmək və ya dəyişdirmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti (artırılması tələb edilən məbləğin illik həcmi) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı X6 apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(050)-3386/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar