Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-316/2023 03.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(022)-142/2019 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 2(022)-142/2019 saylı, 21 yanvar 2019-cu il tarixli qətnaməsi ilə “X3 Azərbaycan” QSC-nin iddiası qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “X3 Azərbaycan” QSC-nin xeyrinə 08 yanvar 2014-cü il tarixli bank hesabı, debet kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə ödənilməmiş əsas borc qismində 581,53 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində isə 57,09 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiya haqqı üzrə borc qismində 20,20 manat, cərimə qismində 50 manat, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 15 manat, cəmi 723,82 manat məbləğində pul vəsaitinin tutulması qət edilmiş, “X3 Azərbaycan” QSC-nin iddiası qalan hissədə rədd edilmişdir. Həmin qətnamə məhkəmənin 23 yanvar 2019-cu il tarixli göndəriş məktubu ilə tərəflərə göndərilmişdir. İş materiallarının 78-ci vərəqində olan poçt xəbərnaməsindən görünür ki, Cavabdeh2 göndərilmiş qətnamə xx.xx.2019-cu il tarixində imzalanaraq qəbul edilmiş, imzanın qarşısında “Abbaszadə” soyadı qeyd edilmişdir. xx.xx.2019-cu il tarixində Cavabdeh2 ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, işə baxılıb qətnamə çıxarıldığı təqdirdə, qətnamənin surətinin onun ünvanına göndərilməsini xahiş etmişdir. Həmin ərizəyə Biləsuvar Rayon Məhkəməsi tərəfindən 27 mart 2019-cu il tarixində cavab verilmiş, cavabda Biləsuvar Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(022)-142/2019 saylı qətnaməsinin surətini Cavabdeh2 poçt xəbərnaməsinə imza etməklə 29 yanvar 2019-cu il tarixində alması bildirilmişdir. xx.xx.2022-ci il tarixində Cavabdeh2 teleqramla Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, qətnamənin surətinin 25 saylı Vəkil Bürosunun vəkili olan və cavabdehin hüquqlarını müdafiə edən X1 göndərilməsini xahiş etmişdir. Belə ki, vəkil tərəfindən xx.xx.2022-ci il tarixində sorğu verilmiş, sorğu məhkəmənin dəftərxanasına qəbul edilmiş, lakin hazıradək qətnamənin surəti göndərilməmişdir. Biləsuvar Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli məktubu ilə Cavabdeh2 bildirilmişdir ki, qətnamənin surətinin təkrar alınması üçün “Dövlət rüsumu haqqında” Qanunun 8.7-ci maddəsinə əsasən 10 manat məbləğində dövlət rüsumu ödənilməli, bu barədə qəbz ərizəyə əlavə edilməklə təkrar məhkəməyə müraciət edilməlidir. Həmçinin, hazırkı iş üzrə cavabdehin hər hansı vəkili tərəfindən məhkəməyə sorğu daxil olmamışdır. xx.xx.2022-ci il tarixində Cavabdeh2 buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verərək, Biləsuvar Rayon Məhkəməsinin qəbul etdiyi 2(022)- 142/2019 saylı qətnamədən apellyasiya şikayəti verilməsi üçün 1 ay müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh2 ərizəyə apellyasiya şikayətini əlavə etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(022)-142/2019 saylı qərardadı ilə Biləsuvar Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(022)-142/2019 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi haqqında cavabdehin xahişi təmin edilməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iş materiallarında olan poçt xəbərnaməsindən göründüyü kimi, Cavabdeh2 Biləsuvar Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(022)-142/2019 nömrəli qətnaməsinin surətini 29 yanvar 2019-cu il tarixində poçt xəbərnaməsinə imza etməklə qəbul etmişdir. Beləliklə də, Cavabdeh2 tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddətin 3 il 3 ay ərzində hər hansı üzrlü səbəbdən ötürülməsi öz təsdiqini tapmamışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh2 şikayət vermiş, şikayətində Biləsuvar Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(022)-142/2019 saylı qərardadının ləğv edilməsini və ötürülmüş prosessual müddətin bərpa edilməsi ilə əlaqədar ərizənin təmin edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 şikayətini onunla əsaslandırmışdır ki, o, bugünkü tarixədək nə Biləsuvar Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qətnaməsindən xəbərdar olmuş, nə də xəbərnaməyə imza edərək həmin qətnaməni qəbul etmişdir. Qərardadda qeyd olunan xəbərnamədəki imza ona məxsus deyil. Məhkəmə isə xəbərnamədə olan imzanın ona aid olmamasına baxmayaraq, heç bir araşdırma aparmadan ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizəni təmin etməmişdir. Biləsuvar Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(022)-142/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş, buraxılmış müddətin bərpa edilməsindən imtina olunması haqqında Biləsuvar Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(022)- 142/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, Cavabdeh2 apellyasiya şikayəti adlandıraraq verdiyi şikayət iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2(106)-1931/2022 saylı qərardadı ilə Cavabdeh2 şikayəti qismən təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(022)-142/2019 saylı qərardadı ləğv edilmiş və Biləsuvar Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş prosessual müddətin bərpasına dair ərizəyə baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iş materiallarından məhkəmə qətnaməsinin kimə təqdim edilməsi bəlli deyil, belə ki, məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadından başqa, adını, atasının adını, ünvan sahibinə münasibətini göstərməli olduğu halda, bunları tam göstərməmişdir. Cavabdeh ərizəsində ünvan göstərilməyən və “Abbaszadə” soyadı yazılmış qəbzdəki imzanın ona məxsus olmadığını bildirmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin çatdırılması iş materiallarından müəyyən edilmir. Halbuki, bu halı sübuta yetirmək məhkəmənin üzərindədir. Birinci instansiya məhkəməsində məhkəmə sənədinin çatdırılması barədə poçt qəbzindəki imzanın kimə (cavabdehə, ailə üzvünə və s.) məxsus olması, nəticə etibarı ilə məhkəmə sənədinin təqdim edilib-edilməməsi məsələsi araşdırılmamışdır. Bundan sonra, iş materialları Biləsuvar Rayon Məhkəməsinə qaytarılmış və xx.xx.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Biləsuvar Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(022)-142/2019 saylı qərardadı ilə (sədrlik edən hakim Rəfayil Əliyev) Biləsuvar Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(022)-142/2019 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi haqqında cavabdehin xahişi təmin edilməmişdir. Qərardad digər əsaslarla yanaşı, həm də onunla əsaslandırılmışdır ki, Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizəyə baxılmasına dair məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, mülki iş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qətnaməsinin surətinin Cavabdeh2 çatdırılması barədə poçt xəbərnaməsindəki imzanın kimə məxsus olmasını müəyyən etmək imkanı yoxdur. Həmin qərardaddan narazı qalan Cavabdeh2 şikayət vermiş, şikayətində Biləsuvar Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(022)-142/2019 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, ona məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edildiyi qərardadda qeyd olunsa da, nə onun yaşadığı ünvana məhkəmə iclasının vaxtı bildiriş gəlmiş, nə də ki ən azından telefon vasitəsilə əlaqə saxlayıb məhkəmə iclasının vaxtı barədə məlumat verilməmişdir. Apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizəyə baxılması ilə bağlı qərardadı mübahisələndirdiyi halda, necə ola bilər ki, o məhkəmə iclasında gəlib iştirak etməsin və məhkəmə-xətşünaslıq ekspertizasının həyata keçirilməsi üçün imza nümunələrini təqdim etməsin? Göründüyü kimi, qərardad çıxarılarkən məhkəmə cavabdehdən imza nümunələrinin alınması ilə bağlı bildirişin xəbərnaməli poçt qəbzinin göndərilməsini qeyd etsə də, cavabdehin həmin bildirişi qəbul edib-etməməsini araşdırmamışdır. Biləsuvar Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(022)-142/2019 saylı qərardadı ilə buraxılmış müddətin bərpa edilməsindən imtina olunması haqqında Biləsuvar Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(022)-142/2019 saylı qərardadından Cavabdeh2 verdiyi və apellyasiya şikayəti adlandırdığı şikayət təmin edilməmiş, buraxılmış müddətin bərpa edilməsindən imtina olunması haqqında Biləsuvar Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(022)-142/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, Cavabdeh2 apellyasiya şikayəti adlandıraraq verdiyi şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(022)-142/2019 saylı qərardadı ləğv edilməli və Biləsuvar Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Biləsuvar Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2(106)-1931/2022 saylı qərardadında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işə yenidən baxarkən məhkəmə qətnaməsinin surətinin Cavabdeh2 və ya onun ailə üzvlərindən birinə təqdim edilib-edilməməsini araşdırmalı, təqdim edildiyi halda kimə və nə vaxt təqdim edilməsi məsələsinə və bundan sonra müddətin ötürülüb-ötürülməməsinə qiymət verməlidir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sözügedən qərardadında birinci instansiya məhkəməsi üçün yuxarıdakı göstərişlər müəyyən edilsə də, birinci instansiya məhkəməsi qeyd edilən halları müəyyən etməmiş, həmin halların araşdırılması və Cavabdeh2 imza-xətt nümunələrinin alınması üçün onun məhkəmə iclasında iştirakını təmin etməmişdir. Biləsuvar Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(022)-142/2019 saylı məhkəmə bildirişindən görünür ki, apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəyə baxılması 24 noyabr 2022-ci il tarixinə təyin edilmiş, bu barədə tərəflərə məlumat göndərilmiş, bununla bağlı bildirişdən sonraya 27 oktyabr 2022ci il tarixli reyestr əlavə edilmişdir. Həmin bildirişin iddiaçı tərəfindən qəbul edilməsini təsdiq edən poçt xəbərnaməsi iş materiallarında olsa da, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı özündə əks etdirən bildirişi almasını təsdiq edən hər hansı sənəd işdən müəyyən edilmir. Bununla yanaşı, cavabdeh şikayətində iş materiallarında mobil telefon nömrəsinin qeyd edildiyini bildirmişdir. Lakin iş materiallarından Cavabdeh2 ərizəyə baxılmasına dair məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üçün mobil telefon nömrəsi ilə də hər hansı əlaqə saxlanılmadığı müəyyən edilir. İşə yenidən baxacaq olan məhkəmə Cavabdeh2 ərizəyə baxılmasına dair məhkəmə iclasında iştirakının təmin edilməsi üçün bütün tədbirləri görməli, ona məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verməlidir. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş və apellyasiya instansiyası məhkəməsinin məcburi göstərişlərinə əməl edilməmişdir. Odur ki, Biləsuvar Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(022)-142/2019 saylı qərardadı ləğv edilməli, Biləsuvar Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Biləsuvar Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 385.1.1.-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 385.1.1, 397, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(022)-142/2019 saylı qərardadı ləğv edilsin. Biləsuvar Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Biləsuvar Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-316/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-316/2023
03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver