Məhkəmə qərarları › İş №2(106)-317/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-317/2025

27.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-317/2025 27.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Sığorta ASC-yə və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-21/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 Sığorta ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə 27 yanvar 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 Sığorta ASC-yə və Cavabdeh1 qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş ziyanın sığorta şəhadətnaməsi ilə nəzərdə tutulan 5000 manat hissəsinin, iddia qaldırılması üçün ödənilmiş 70 manatın, həmçinin qiymətləndirmə rəyinin alınması üçün ödənilmiş 118 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 13:20 radələrində Sabirabad rayonu Bulaqlı kəndi ərazisində Cavabdeh1 idarə etdiyi KAMAZ-5511 yük markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə araməsəfəsini düzgün seçməyərək onun istifadəsində olan - idarə etdiyi “Ekskavator Yükləyici JCB 3CXSM 4T” markalı ** BA *** dövlət qeydiyyat nişanlı texnikayla toqquşmuşdur. Nəticədə ekskavatorun qaldırıcı qolunun yəni BOOM-una ziyan dəymişdir. Bundan sonra qeyd olunan hadisə ilə bağlı Cavabdeh1 əməllərində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərinin pozulması qərara alınmışdır. Bundan sonra o, dəfələrlə ekskavatorun qaldırıcı qolunu təmir etdirməyə çalışsa da alınmamış və təmir etdirdikdən 2-3 gün müddət keçdikdən sonra BOOM qəza nəticəsində aldığı vəziyyətə geri dönmüşdür. Cavabdeh1 idarə etdiyi Kamaz - 5511 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 Sığorta ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. Belə ki, qeyd olunan sığorta hadisəsi tam sübuta yetirilmişdir. Belə olan halda Atəşgah Sığorta ASC onun texnikasına dəymiş ziyanın onların üzərinə düşən hissəsini ona ödəməli olduğu halda, əsassız olaraq süründürməçilik hallarına yol verərək, guya qeyd olunan hadisə zamanı mənə 250 (iki yüz əlli) manat ziyan dəyməsini bildirmişlər. Lakin o, qeyd olunan ziyan məbləği ilə razılaşmamış və təkrar ekspertiza təyin edilməsini xahiş etmişdir. Bundan əlavə o, "xxxx" MMC-də dəymiş ziyanın məbləğinin müəyyən edilməsi barədə rəy almış və rəydə qeyd olunan hissəsinin təmiri üçün ümumi məbləğin 8995 manat olması müəyyən edilmişdir. Bunan əlavə Aztexnika tərəfindən verilmiş ehtiyyat hissələrinin qiymətindən görünür ki, Boom qiyməti 35000 manat və onun demontajı, həmçinin montajı 1000 manat qiymətləndirilir. İşə məhkəmə iclasında baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi bardə ərizə təqdim edərək, Cavabdeh2 Sığorta ASC-dən 5000 manat və Cavabdeh1 3895 manat və hər iki cavabdehdən müştərək qaydada ödəmiş olduğu 108,95 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 2(056)-21/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli qətnaməsi (Hakim: Səlim Allahverdiyev) ilə, iddianın təmin edilməsi, cavabdehlər Atəşgah” Sığorta ASC-dən 5000 manat və Cavabdeh1 3895 manat və hər iki cavabdehdən müştərək qaydada iddiaçının ödəmiş olduğu 108,95 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 (bir yüz on) manat vəsaitin cavabdehlər Atəşgah” Sığorta ASC-dən və Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh2 Sığorta ASC-nin nümayəndəsi X2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. İş materiallarında ekskavatorun boom hissəsinə dəyən zərər üzrə sığortaçı tərərfindən təqdim edilmiş “Bakı Ekspertiza Mərkəzi” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli rəydə zərər məbləği 250 manat, sığortaçı tərəfindən tərtib edilmiş 2-ci rəydə isə zərər məbləği 1500 manat müəyyən edilmişdir. İddiaçının öz təşəbbüsü ilə sığortaçı ilə razılaşdırmadan "xxxx" MMC tərərfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli və “Aztexnika” tərəfindən tərtib edilmiş xx.xx.2022- ci il tarixli qüsur aktlarında texnikaya dəyən zərər əhəmiyyətli dərəcədə şişirdilərək 13.512,76 manat və 8895 manat göstərilmişdir. Belə ki, həmin qüsur aktlarında texnikanın təmirlə bərpa oluna biləcək qurğusu dəyişdirilməli hissə kimi göstərilmiş, məbləğ daha da şişirdilmiş bu da təbii olaraq məbləğin çox olmasına səbəb olmuşdur. İş üzrə əlavə edilmiş fotoşəkillərdən, hadisə barədə raportdan, tərəfimizdən əlavə edilmiş qüsur aktlarından da göründüyü kimi görülən işlər sterilkanın sökülüb-yığılması və dəmirçi işləridir. Hadisə zamanı texnikaya baxış keçirmiş qəza komissarı tərəfindən tərtib edilmiş raportda da texnikanın zədə hissəsində sadəcə arxa qurğu göstərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh abirabad Rayon Məhkəməsinin 2(056)-21/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli qətnaməsini ləğv edib yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 Sığorta Şirkəti ASC və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş (nümayəndənin iştirakını təmin etməmiş), səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə istinadən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: iddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Sabirabad Rayon Məhkəməsinin 2(056)- 21/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq cavabdehlər Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsinə və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin cavabdehlər keçirilən məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, kollegiya MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə cavabdehlərin iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab edir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Sabirabad Rayon Məhkəməsinin 2(056)-21/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 Sığorta ASC-nin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vuran şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən,.....və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi, işin faktiki hallarına münasibətdə- iddiaçı “İddiaçı mülki hüquq pozuntusu (delikt) nəticəsində maddi zərərin dəyməsinə münasibətdə düzgün nəticəyə gəlsə də, Cavabdeh2 Sığorta ASC-yə münasibətdə dəymiş maddi zərərin miqdarının müəyyən edilməsi və həmin hissədə iddianın tam təmin edilməsi ilə bağlı yanlış nəticəyə gəlmiş və qətnamənin apellyasiya qaydasında həmin hissədə mübahisələndirilərək dəyişdirilməsi üçün əsaslar yaratmışdır. Kollegiya əlavə olaraq qeyd edir ki, qətnamə yalnız Cavabdeh2 Sığorta ASC tərəfindən mübahisələndirilmiş, digər Cavabdeh1 apelyasiya şikayəti verməmişdir. Odur ki, kollegiya Sabirabad Rayon Məhkəməsinin 2(056)-21/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli qətnaməsini Cavabdeh2 Sığorta ASC-nin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası «Bakı Ekspertiza Mərkəzi» tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AT00086/22 saylı ekspert rəyindən görünür ki, təqiqatın nəticəsi olaraq 2007-ci buraxılış ili Ekskavator CSB markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə, ekspert baxışına təqdim olunan Ekskavator CSB markalı avtomobilə hazırki vəziyyətdə ümumi qiyməti təxminən 250 (iki yüz əlli) manat müəyyən olunur. İş materiallarında olan Atəşgah Sığorta şirkəti ASC tərəfindən xx.xx.2024-cü il tarixdə vəsatətə əlavə olaraq elektron kabinetə yüklənmiş zərər barədə arayışdan görünür ki, Ekskavator CSB markalı, 49- BA-096 dövlət qeydiyyat nişanlı avtomobilə 1500 manat ziyan dəymişdir. İş materiallarında olan Aztenika tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli təmir xərci rəyinə əsasən Ekskavator CSB markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri 35.150,86 manat sürtgü yağları toplam 361,90 manat və işçilik toplam 1000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 220456 saylı rəydən görünür ki, Ekskavator yükləyici JCB 3CXSM 4 T yük qaldırıcı qolunun bir tərəfinin təmir qolun sökülməsi, əzilmiş hissəsinin təmiri, rənglənməsi və yenidən yığılması – 8895 manat və qssur aktının tərtib olunması – 100 manat təşkil etmiş və qeyd: texnikanın Bakı şəhərinə gətirilməsi və qaytarılması müştəri tərəfindən təmin olunacaq və təmir müddəti 2 ay müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/8179 saylı ekspert rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Aztexnika" tərəfindən tərtib edilmiş qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007ci il buraxılışlı “Ekskavator Yükləyici JCB 3CXSM 4T” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı texnikanın təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 13512,76 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Profix" MMC tərəfindən tərtib edilmiş qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Ekskavator Yükləyici JCB 3CXSM 4T” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı texnikanın təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8895 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/8179 saylı «Ekspertiza xərclərinə dair bildiriş»dən görünür ki, ekspertiza xərclərinin dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/3744 saylı ekspert rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Aztexnika” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındaki məlumatlara əsasən 2007-ci il buraxılışlı “Ekskavator Yükləyici JCB 3CXSM 4T” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı texnikanın təmir- bərpa xərci təxminən 13512,76 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 12512,76 manat; Təmirbərpa işlərinin qiyməti - 1000,0 manat. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındaki məlumatlara əsasən 2007-ci il buraxılışlı “Ekskavator Yükləyici JCB 3CXSM 4T” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı texnikanın təmir-bərpa xərci təxminən 8895,00 manat müəyyən edilir. O cümlədən: Təmir-bərpa işlərinin qiyməti - 8895,00 manat. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Bakı Ekspertiza Mərkəzi” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli rəydəki məlumatlara əsasən 2007-ci il buraxılışlı “Ekskavator Yükləyici JCB 3CXSM 4T” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı texnikanın təmir-bərpa xərci təxminən 250,00 manat müəyyən edilir. O cümlədən: Təmir-bərpa işlərinin qiyməti - 250,00 manat. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındaki məlumatlara əsasən 2007-ci il buraxılışlı “Ekskavator Yükləyici JCB 3CXSM 4T” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı texnikanın təmir-bərpa təxminən 1500,00 manat müəyyən edilir. O cümlədən: Təmir-bərpa işlərinin qiyməti - 1500,00 manat. İş materiallarında olan 4 müxtəlif qüsur aktlarında fərqli məlumatlar (dəyişilməli hissələrin və görüləcək işlərin həcminin müxtəlif olması) olduğundan həmin aktlara əsasən müəyyən edilmiş ziyanın məbləği fərqli olmuşdur. “Ekskavator Yükləyici JCB 3CXSM 4T” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı texnikaya dəymiş ziyanla bağlı iş materiallarında olan qüsur aktlarından hansının real olduğunun müəyyən edilməsi (bu barədə metodika mövcud deyil) məhkəmə- əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyildir. “Ekskavator Yükləyici JCB 3CXSM 4T” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı texnikaya dəymiş ziyanla bağlı obyektiv nəticə, həmin nəqliyyat vasitəsinə dəymiş ziyanla əlaqədar yekun qüsur aktı təqdim edildikdən sonra mümkündür. Qeyd edilir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan 2007-ci il buraxılışlı “Ekskavator Yükləyici JCB 3CXSM 4T” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı texnikanın bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişdirilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(056)-21/2024 nömrəli mülki iş materiallarında olan qüsur aktları əsasında hesablanır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/3744 saylı «Ekspertiza xərclərinə dair bildiriş»dən görünür ki, ekspertiza xərclərinin dəyəri 60 manat təşkil edir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqazidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən,.....və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 13:20 radələrində Sabirabad rayonu Bulaqlı kəndi ərazisində Cavabdeh1 idarə etdiyi KAMAZ-5511 yük markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə araməsəfəsini düzgün seçməyərək İddiaçı istifadəsində olan - idarə etdiyi “Ekskavator Yükləyici JCB 3CXSM 4T” markalı ** BA *** dövlət qeydiyyat nişanlı texnikayla toqquşmuşdur. Nəticədə ekskavatorun qaldırıcı qolunun yəni BOOM-una ziyan dəymişdir. Bundan sonra qeyd olunan hadisə ilə bağlı Cavabdeh1 əməllərində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərinin pozulması qərara alınmışdır. Cavabdeh1 idarə etdiyi Kamaz - 5511 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil digər Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. Kollegiya qeyd edir ki, Cavabdeh1 törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “Ekskavator Yükləyici JCB 3CXSM 4T” markalı ** BA *** dövlət qeydiyyat nişanlı texnikaya ziyan vurulması, Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən ilk dəfə 250 manat, daha sonra 1500 məbləğində ziyan müəyyən edilməsi işin mübahisəsiz halıdır. İddiaçı Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən ona ödənilməli olan məbləğlə razılaşmamış, daha sonra birinci dəfə Aztenika tərəfindən rəy almış, 2-ci dəfə isə "xxxx" MMC tərəfindən rəy almışdır. Birinci instansiya məhkəməsində 2 dəfə ekspertiza təyin edilmiş, hər bir rəyin özünə münasibətdə həmin rəylərdə göstərilən həddə ziyan müəyyən edilmişdir. Bu xüsusda məhkəmə zərər məbləğinin iddiaçının təqdim etdiyi rəylərə münasibətdə müəyyən edərək, həmçinin iddiaçının ona məxsus texikaya daha yüksək məbləğdə ziyan dəyməsi ilə bağlı əlavə sübut təqdim edə bilmədiyindən zərər məbləğini "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 220456 saylı rəyə uyğun olaraq 8895 manat müəyyən etmiş, Sığorta Şirkəti yuxarıda vurğulanmış Qanunun tələbinə uyğun olaraq 5000 manat həcmində mülki məsuliyyət daşıdığından zərərin 5000 manat hissəsi "xxxx" ASC-yə aid edilmiş, qalan 3895 manat hissə isə inzibati xəta hadisəsini törətmiş digər Cavabdeh1 aid edilmişdir. Apelyasiya icraatı zamanı məhkəmə kollegiya İddiaçı onun tərəfindən alınmış hər iki rəylə bağlı həmin rəylərin hansı formada əldə edilməsi, nəqliyyat vasitəsinə həmin rəyləri vermiş şəxslər tərəfindən fiziki baxış keçirilib-keçirilməməsi ilə bağlı suallar verilmiş, iddiaçı isə nəqliyyat vasitəsinin servisə daşınma xərcinin 1000 olduğunu bildirərək "xxxx" MMC-yə qüsur aktı verilməsi üçün nəqliyyat vasitəsinin şəkillərini təqdim etdiyini, həmin şəkillər əsasında oxşar texnikaya baxılaraq qüsur aktı tərtib edildiyini, Aztexnika ilə isə telefon vasitəsi ilə əlaqə saxlayaraq nəqliyyat vasitəsinin ilini və markasını dedikdən sonra (Boomun qiymətinin 35000 manat və onun demontajı, həmçinin montajının qiymətinin isə 1000 manat olduğu) qusur aktı verildiyini bildirmişdir. İddiaçı eyni zamanda Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən qüsur aktı verilərkən onun iştirakı ilə tərtib edildiyini, lakin ilk dəfə sığorta şirkətinin dəymiş zərəri 250 manat, daha sonra isə 1500 qiymətləndirdiyini bildirmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi vurulmuş zərərin həcmini müəyyən edərkən iş materiallarında olan qüsur aktlarını işin faktiki hallarına uyğun surətdə qiymətləndirməmiş, iş üzrə ekspertiza təyin edərkən ekspert tədqiqatının obyekti kimi sığorta şikrətinin iştirakı olmadan və nəqliyyat vasitəsinə baxış keçirilmədən tərtib edilmiş "xxxx" MMC və Aztexnika tərəfindən qüsur aktlarını əsas götürməklə ekspertiza təyin etmiş və nəticədə "xxxx" MMC tərəfindən verilmiş qüsur aktı əsasında vurulmuş zərərin həcmini 8995 manat müəyyən etmişdir. Halbuki məhkəmə təqdim edilmiş qüsur aktlarını işin faktiki halları ilə əlaqəli şəkildə qiymətləndirməli, verilmiş təşkilatın qüsur aktlarının mötəbərliyini, iddiaçı tərəfindən hansı qaydada əldə edildiyini yoxlamalı, bundan sonra həmin aktlar əsasında vurulmuş zərərin həcmini müəyyən etməli idi. Belə ki, ekspert tərəfindən təqdim edilmiş rəydə də texnikaya dəymiş ziyanla bağlı iş materiallarında olan qüsur aktlarından hansının real olduğunun müəyyən edilməsinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmaması göstərilmişdir. Ona görə kollegiya hesab edir ki, hər nə qədər ki, iddiaçı tərəfindən həm özünün həm də sığorta şirkətinin iştirakı olmadan texnikaya baxış keçirilməklə zərərin həcmini müəyyən edən ziyan aktı təqdim edilə bilməmişdir, o zaman Atəşgah Sığorta şirkəti ASC tərəfindən təqdim edilən 1500 manat dəyərində ziyan aktı MPM-in 88-ci maddəsinin tələbləri baxımından mötəbər sübut kimi əsas götürülməklə cavabdeh təşkilat olan sığorta şirkətinin məsuliyyəti 1500 manat həddində müəyyən edilməlidir. Kollegiya əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi dəymiş zərərin hər iki cavabdehdən müştərək qaydada tutulması ilə bağlı nəticəyə gəlsə də, Atəşgah Sığorta ASC ziyanın yalnız 5000 hissəsində məsuliyyət daşıya bilər. Ona görə də kollegiya hesab edir ki, qətnamə həmin hissədə də əsassız olduğundan dəyişdirilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, Cavabdeh2 Sığorta ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 2(056)-21/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli qətnaməsi dəymiş zərərin hər iki cavabdehdən müştərək qaydada tutulması hissəsində və Cavabdeh2 Sığorta ASC-dən 5000 manat pul vəsaitinin tutulması hissəsində dəyişdirilərək, Cavabdeh2 Sığorta ASC-dən 1500 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya qeyd edir ki, qətnamənin iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan kassasiya şikayəti verilə bilməz Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385.2,393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh2 Sığorta ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-21/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli qətnaməsi dəymiş zərərin hər iki cavabdehdən müştərək qaydada tutulması hissəsində və Cavabdeh2 Sığorta ASC-dən 5000 manat pul vəsaitinin tutulması hissəsində dəyişdirilsin. Cavabdeh2 Sığorta ASC-dən 1500 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnaməsi qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar