Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-320/2025 16.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- maddi ziyan, pul tələbi, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yol nəqliyyat hadisəsi zamanı "Mersedes-Benz E-240" minik markalı, **-CO-*** dövlət qeydiyat nömrə nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 12 sentyabr 2024cü il tarixli 2(020)-200/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh yol nəqliyyat hadisəsi zamanı ona məxsus "Mersedes-Benz E-240" minik markalı, 90- CO-252 dövlət qeydiyat nömrə nişanlı avtomobilə, Cavabdeh İsmayil oğlu tərəfindən törətdiyi qəza nəticəsində ona dəymiş ziyana görə hesablanmış məbləğ 5283 (beş min iki yüz həşdad üc) manat, hüquqi yardım almaq ücün vəkilə 200 (iki yüz) manat, müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair rusuma 51 (əlli bir) manat, ziyan aktı rüsumu 106 (yüz altı) manat, dəymiş zərərin ödənilməsinə dair iddia ərizəsi rüsumu 101 (yüz bir) manat, taksi xidmətinə görə hər gün üçün 20 (iyirmi) manat olmaqla, 31 günə qədər 620 (altı yüz iyirmi) manat hesablanaraq cəmi 6361 (altı min üç yüz atmış bir) manat ziyan məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, mülki iş üzrə məhkəmə tərəfindən təyin olunmuş əmtəəşünaslıq ekspertizasının rəyində Cavabdeh İsmail oğlu tərəfindən “Mersedes Benz E-240” minik markalı **-CO-*** qeydiyyat nömrə nişanlı avtomobilə təmir-bərpa xərci 4653.00 manat ziyan vurulması müəyyən edilmişdir. Ekspertin hesabladığı 4653.00 manat məbləğ onun avtomobilinə vurulmuş ziyanı qarşılamadığından ekspert tərəfindən Avtoservis müəssəsinin təmir səviyyəsindən aslı olaraq avtomobil əmtəə dəyərin 10% itirilməsi qeyd etmişdir. Cavabdeh İsmail oğlundan yol nəqliyyat hadisəsi zamanı avtomobilə vururulan ziyana görə, yəni Sərxan avtomotoservisə ödənilən ziyan aktı rüsumu 106.00 manat, müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair 51.00 manat rüsumun, dəymiş ziyanın ödənilməsinə dair iddia ərizəsini verilməsi üçün ödənilən 101.00 manat rüsumun, əmtəəşünaslıq ekspertizasının hesabladığı 4653.00 manat, taksi xidmətinə görə 10 ay üçün hesablanmış 1000.00 manat, avtomobilin 15.500 manat itirilmiş 10% əmtəə dəyəri 1550.00 manat, cəmi 7461.00 manat məbləğində ziyanın alınaraq iddiaçı X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Beyləqan Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli 2(020)-200/2024 saylı qətnaməsi ilə (hakim R.Nurullayev) iddia qismən təmin edilmiş, Cavabdeh avtomobilə dəymiş ziyana görə 4653.00 manat, avtomobilin təmir olunduqdan sonra əmtəə dəyərinin itirilməsinin 7% hissəsi 1085.00 manat, “Sərxan” Avtomotoservisə ziyan aktının alınması üçün ödənilən 106.00 manat, cəmi 5844.00 (beş min səkkiz yüz qırx dörd) manat, dövlət rüsumuna görə ödənilmiş 101 (bir yüz bir) manat alınıb İddiaçı verilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh idarə etdiyi avtomobillə avtoqəza törədərək iddiaçıya məxsus avtomobili əzməklə iddiaçıya ziyan vurmuşdur. “Sərxan” Avtomotoservis tərəfindən iddiaçıya məxsus avtomobilə 5283 (beş min iki yüz səksən üç) manat ziyan dəyməsi göstərilsə də, iş üzrə təyin edilmiş ekspertizanın rəyi ilə həmin dəymiş ziyanın məbləği 4653,00 manat qiymətləndirilmişdir. Həmçinin ekspertizanın rəyində avtoservis müəsisəsinin təmir səviyyəsindən aslı olaraq yəni təmir olunduqdan sonra əmtəə dəyərinin təxminən 5-10% itirməsi istisna olunmadığı göstərilmişdir. İş üzrə alınmış "xxxx" MMC-nin 12 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, “Mercedes-Benz E-240” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtoqəzadan sonra avtomobilin orta bazar qiyməti 15500 manat müəyyən edilir. İddiaçı iddiasında avtomobilin itirilmiş dəyərinin 10%-ni tələb etməsinə baxmayaraq ekspertizanın rəyində itirilmiş dəyər 5-10% arası qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh idarə etdiyi avtomobillə avtoqəza törədərək iddiaçıya məxsus avtomobili əzməklə iddiaçıya ziyan vurmuşdur. “Sərxan” Avtomotoservis tərəfindən iddiaçıya məxsus avtomobilə 5283 (beş min iki yüz səksən üç) manat ziyan dəyməsi göstərilsə də, iş üzrə təyin edilmiş ekspertizanın rəyi ilə həmin dəymiş ziyanın məbləği 4653,00 manat qiymətləndirilmişdir. Ona görə iddia həmin hissədə 4653,00 manat təmin edilməlidir. Həmçinin ekspertizanın rəyində avtoservis müəsisəsinin təmir səviyyəsindən aslı olaraq yəni təmir olunduqdan sonra əmtəə dəyərinin təxminən 5-10% itirməsi istisna olunmadığı göstərilmişdir. İş üzrə alınmış "xxxx" MMC-nin 12 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, “Mercedes-Benz E-240” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtoqəzadan sonra avtomobilin orta bazar qiyməti 15500 manat müəyyən edilir. İddiaçı iddiasında avtomobilin itirilmiş dəyərinin 10%-ni tələb etməsinə baxmayaraq ekspertizanın rəyində itirilmiş dəyər 5-10% arası qiymətləndirilmişdir. Ona görə də məhkəmə iddianı həmin hissədə avtomobilin təmir olunduqdan sonra əmtəə dəyərinin itirilməsini 7% hissəsinin, yəni 1085 manat, “Sərxan” Avtomotoservisə ödənilən ziyan aktını alınması üçün 106.00 manat məbləğində təmin edilməsini qanuna müvafiq hesab edir. Bundan əlavə iddiaçı hüquqi yardım almaq üçün ödədiyi 200 manat və avtomobili təmir etdirərkən istifadə etdiyi taksi xidmətinə görə 10 ay ücün 1000.00 manat pul tələb etsə də, bununla əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ona görə məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddianın müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair 51.00 rüsum tələbi əsaslı deyildir, ona görə də rədd edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, və 217.4-cü maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilən məbləğ yol nəqliyyat hadisəsi zamanı qeyd edilən avtomobilə dəymiş real zərəri əks etdirmir. Belə ki, İddiaçı nümayəndəsi Nümayəndə ilə dəymiş zərərin real məbləğinin 1750 manat olduğu barədə razılığa gəlinmiş, ona həmin məbləğ təklif edilmiş ya da əgər istəyirsə avtomobilini onun tərəfindən təmir edilməsini təklif etmişdir. Lakin o, ona təklif edilən məbləğlə, nə də ki avtomobilinin tərəfindən təmir edilməsi ilə razılaşmayaraq daha yuxarı məbləğ istəmiş və məhkəməyə müraciət etmişdir. Məhkəmə bu halı nəzərə almamış və real zərəri əks etdirməyən həddən artıq şişildilmiş məbləği təmin etmişdir. Ona görə də, Beyləqan Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli 2(020)-200/2024 saylı qətnaməsinin ləğv edilməsinin və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron kabinet vasitəsi ilə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində hüquqi sahibi Anası İddiaçı olduğu, lakin etibarnamə əsasında idarə etdiyi “Mersedes- Benz E-240” minik markalı, 90-CO252 dövlət qeydiyat nömrə nişanlı avtomobili Beyləqan şəhəri, Sevil Qaziyeva küçəsində yolun hərəkət istiqamətinin sağında saxlayıb dayanan zaman qəfildən “Ford Kuqa” markalı, O 0851 TM 62 Rusiya Federasiyası dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsus “Mersedes-Benz E-240” minik markalı, **-CO-*** dövlət qeydiyat nömrə nişanlı avtomobili arxa hissəsindən vuraraq yararsız vəziyyətə salmışdır. Bundan sonra hadisə yerinə Beyləqan rayon Pş-nin DYP Bölməsinin əməkdaşları gələrək hadisə yerinin qəza sxemini və hadisənin baş vermə səbəblərini araşdırmış və araşdırmalar zamanı məlum olmuşdur ki, Ford Kuqa” markalı, O 0851 TM 62 Rusiya Federasiyası dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Beyləqan rayonu Əlinəzərli kənd sakini Cavabdehdur. Həmçinin polis əməkdaşları tərəfindən hər ikisinin sərxoşluq vəziyyətinin yoxlanılması üçün Beyləqan rayon Mərkəzi xəstəxanasında müayinə olunarkən Ford Kuqa” markalı, O 0851 TM 62 Rusiya Federasiyası dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünün avtomobili sərxoş vəziyyətdə olması faktı müəyyən olunmuş və bu barədə Beyləqan rayon Mərkəzi xəstəxanası tərəfindən “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə” 06 noyabr 2023-cü il tarixli 679 saylı protokol tərtib olunaraq Cavabdeh hadisə vaxtı sərxoş vəziyyətdə olması təsdiq olunmuşdur. Bundan sonra ona məxsus “Mersedes-Benz E- 240” minik markalı, **-CO-*** dövlət qeydiyat nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləğini müəyyən etmək üçün “Sərxan” avtomotoservis və ticarəti firmasına müraciət etmişdir. “Sərxan” avtomotoservis və ticarəti firmasının 11 noyabr 2023-cü il tarixli, 108 nömrəli yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin müəyyən edilməsi üçün tərtib olunmuş Ziyan aktından görünür ki, yol nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus (etibarnamə ilə) Nümayəndə məxsus olan “Mersedes-Benz E-240” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 5283 (beş min iki yüz səksən üç) manat olaraq qiymətləndirilmişdir.Beyləqan rayon Polis şöbəsində yol-nəqliyyat hadisəsi ilə əlaqədar araşdırma aparıldıqdan sonra Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarxli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 3(020)- 956/2023 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İnzibati xəta haqqında protokola baxan zaman Cavabdeh özü də məhkəmə iclasında ona məxsus “Mersedes- Benz E-240” minik markalı, **-CO-*** dövlət qeydiyat nömrə nişanlı avtomobilə dəymiş zərəri ödəmədiyini etiraf etmişdir.Lakin 11 (on bir ay) vaxt kecməsinə baxmayaraq Cavabdeh İsmail oğlu avtomobilə vurduğu ziyanı ödəməkdən boyun qaçırır. Yol-nəqliyyat hadisəsi zamanı ona məxsus avtomobilə dəymiş maddi zərərlə bağlı Beyləqan Rayon Məhkəməsində mülki qaydada pul tələbinə dair iddia qaldırmışdır. Beyləqan Rayon Məhkəməsi İddiaçı nümayəndəsi Nümayəndə vəsatəti əsasında Məhkəmə Əmtəəşünaslıq Ekspertizası təyin olunmuşdur.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 19 İyul 2024-cü il tarixli,9/2331 saylı ekspertiza rəyindən görünür ki, Cavabdeh İsmail oğlu tərəfindən mənə məxsus “Mersedes- Bens E-240 markalı,**-CO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə təmir-bərpa xərci 4653.00 manat ziyan vurması müəyyən edilmişdir. Ekspert rəyində qeyd olunub ki, avtomobil avtoservis müəsisəsinin təmir səviyyəsindən asıl olaraq, yəni təmir olunduqdan sonra əmtəə dəyərin 5-10% itirmişdir. İşə əlavə edilmiş "xxxx"MMC-nin 12 Sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, Mersedes- Bens E-240 markalı,**-CO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, avtoqəzadan sonra avtomobilin bazar dəyəri 15500 manat müəyyən edilmişdir. Beyləqan Rayon Məhkəməsi toplanmış hüquqi sənədləri nəzərə alaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Cavabdeh Kərimov X1 şikayətində qətnamənin konkret hansı hissədən narazı qalması ilə bağlı iddia ərizəsində qeyd etməmişdir.Burdan belə nəticəyə gəlmək olur ki,cavabdehin verdiyi Apellyasiya şikayəti süründürməcilik xarakteri daşıyır. Odur ki, Beyləqan rayon məhkəməsinin çıxartdığı 2(020)-200/2024 saylı qətnamə qanuni və ədalətli olduğundan dəyişdirilmədən öz qüvvəsində saxlanılsın. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Ekspert qiymətləndirməsi ilə razı deyil. Məsələn, 900 manat dəyərində qeyd edilən avtomobil ehtiyat hissəsinin qiyməti 600 manatdır. İçkili olmuşdur və yol nəqliyyat hadisəsində təqsirin onda olduğunu etiraf edir, məsuliyyətdən yayınmır. Sadəcə olaraq ekspert rəyində dəymiş ziyanın məbləği şişirdilmişdir. Hesab edir ki, avtomobilə dəymiş ziyanın məbləği 1600-1700 manat civarındadır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin ilk iclası ərəfəsində avtomobil iddiaçı tərəfindən təmir edilmişdir. İddiaçı ilə barışıq əldə etmək olar. 3000 manat məbləğində pulu ödəmək imkanına malik olmasa da, həmin məbləğlə razılaşmaq olar. Yenidən ekspertiza keçirilməsini istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, cavabdeh avtomobilə ziyan vurmuş və bunun qarşılığında heç bir maddi yardım göstərməmişdir. Apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Cavabdehlə razılığa gəlmək mümkün deyildir. 3000 manat məbləğ dəymiş ziyanın ödənilməsi üçün kifayət etmir. Qüsur aktında cavabdehin iştirakını təmin etmək mümkün olmamışdır. Çünki o, avtomobilin təmir olunması üçün pul verməyə razı olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya Məhkəmə tərkibilarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya Məhkəmə tərkibilarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Beyləqan Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli 2(020)-200/2024 saylı qətnaməsinin ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Məhkəmə tərkibisı prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də Məhkəmə tərkibi Beyləqan Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli 2(020)-200/2024 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli 2(020)-200/2024 saylı qətnaməsi iddanın təmin edilən 1085 manat hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli məsələyə baxarkən qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslığı konteksindən işə yanaşdıqda belə nəticəyə gəlmək olur ki, sübutlar tam, hərtərəfli və obyektiv qiymətləndirilməmiş, iş üzrə məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir və məhkəmənin qənaəti qanunsuz və əsassızdır. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilinə qiymət verərək qeyd edir ki, şikayətin dəlilləri qismən əsaslı olduğundan təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli 2(020)-200/2024 saylı qətnaməsi iddanın təmin edilən 1085 manat hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, işdə olan ekspert rəyindən görünür ki, dəymiş ziyanın məbləği 4653,00 manat qiymətləndirilmişdir. Ona görə iddia həmin hissədə 4653,00 manat hissədə təmin edilməlidir. Həmçinin ekspertizanın rəyində avtoservis müəsisəsinin təmir səviyyəsindən aslı olaraq yəni təmir olunduqdan sonra əmtəə dəyərinin təxminən 5-10% itirməsi istisna olunmadığı göstərilmişdir. Göründüyü kimi ekspertizanın rəyində avtomaşın təmir olunduqdan sonra təmir səviyyəsindən asılı olaraq əmtəə dəyərinin təxminən 5-10% itirilməsi istisna olunmadığı göstərilmişdir. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Həmin Məcəllənin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir Məhkəmə tərkibinin qənaətinə görə ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyildir. İşdən görünür ki, qüsur aktı tərtib edilərkən cavabdehin iştirakı təmin edilməmişdir. Ekspert rəyindən də görünür ki, rəy mübahisəli avtomobil tədqiq edilərək verilməmiş, ekspertiza tədqiqatı zamanı nəqliyyat vasitəsinə baxış keçirilməmiş və tədqiqata cəlb olunmamışdır. Rəy yalnız təqdim olunmuş “Sərxan” avtomotoservis tərəfindən verilmiş ziyan aktı əsasında verilmişdir. Bu da onu deməyə əsas verir ki, ekspert rəyi kifayət qədər əsaslandırılmamışdır. Ekspert tərəfindən rəy vermək üçün heç bir ətraflı araşdırma aparılmamışdır. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Beləliklə, şikayətin dəlilləri ilə qismən razılaşan məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli 2(020)-200/2024 saylı qətnaməsi iddanın təmin edilən 1085 manat hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli 2(020)-200/2024 saylı qətnaməsi iddanın təmin edilən 1085 manat hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-320/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-320/2025
16.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver