Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-322/2023 23.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X9 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan Zaminbank ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun, Cavabdeh və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan Zaminbank ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş Salyan rayon məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(057)- 752/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 20 aprel 2015-ci il tarixli 395/15 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh illik 28 faiz olmaqla 36 ay müddətinə 3300 manat məbləğində kredit verilmişdir. Cavabdeh Ləğv prosesində olan İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan əsas borcu 2416,92 manat, faiz borcu 1679,54 manat, cərimə borcu 900,37 manat, 350,88 manat konstitusiya məhkəməsinin qərarına əsasən hesablanmış borcu, cəmi 5347,71 manat borcu mövcuddur. Bu günədək Cavabdeh tərəfindən 20 aprel 2015-ci il tarixli 395/15 saylı kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur və hazırda cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borcunun ödənilməsi üçün heç bir tədbir görmür. Göstərilənləri nəzərə alaraq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehdən onun xeyrinə 2416,92 manat əsas borcu, 1679,54 manat faiz borcu, 900,37 manat cərimə borcu, 350,88 manat konstitusiya məhkəməsinin qərarına əsasən hesablanmış borcu, cəmi 5347,71 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Salyan Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(057)-752/2021 saylı qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh 2416,92 manat məbləğində əsas borc, 1679,54 manat məbləğində faiz borcu, 240 manat məbləğində cərimə borcu, ümumi 4336,46 manat məbləğində pul tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə verilməsi, iddianın qalan hissədə təmin edilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 7 manatı iddiaçıya, 23 manatı cavabdehə aid edilməsi, cavabdehdən 23 manat məbləğində pulun alınaraq, iddiaçıya verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını, iş üzrə iddia tələbinin iddia müddəti keçdiyi və prosessual pozuntularla qəbul edildiyi üçün təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iş üzrə müqavilə bağlayaraq aybaay pulu ödməyi öhdəsinə götürməklə müqavilənin tələbini lazımı qaydada yerini yetirmişdir. Müqavilə bağlanan zaman üzərinə öhdəlik qoyulmuşdur ki, kredit borcu aybaay ödənilsin və tərəfindən bu öhdəlik tam icra edilmiş və sonda ssuda üzrə borc tam ödənilməsi barədə ona qəbz təqdim edilmişdir. O pensiya kartını notarial qaydada təsdiq etməklə bankın işçisi X2 təqdim etmiş və aybaay pensiya kartından pul çıxarılaraq ödəniş edilmiş və qalan məbləğ ona qaytarmışdır. Ardıcıl olaraq qəbzlər üzrə pul köçürülmüş, daimi kredit tərəfindən ödənilmişdir ki, bu qəti olaraq nəzərə alınmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, o, Zaminbank ASC-dən 20 aprel 2015-ci il tarixli, 395/15 saylı kredit müqaviləsi illik 28 faiz olmaqla 36 ay müddətinə 3300 manat məbləğində kredit götürmüşdür. O, iş üzrə müqavilə bağlayaraq ayba-ay pulu ödməyi öhdəsinə götürməklə müqavilənin tələbini lazımı qaydada yerini yetirmişdir. Müqavilə bağlanan zaman üzərinə öhdəlik qoyulmuşdur ki, kredit borcu ayba-ay ödənilsin və tərəfindən bu öhdəlik tam icra edilmiş və sonda ssuda üzrə borc tam ödənilməsi barədə ona qəbz təqdim edilmişdir. O pensiya kartını notarial qaydada təsdiq etməklə bankın işçisi X2 təqdim etmiş və ayba-ay pensiya kartından pul çıxarılaraq ödəniş edilmiş və qalan məbləğ ona qaytarmışdır. Ardıcıl olaraq qəbzlər üzrə pul köçürülmüş, daimi kredit tərəfindən ödənilmişdir ki, bu qəti olaraq nəzərə alınmamışdır. Bildirmiuşdir ki, hal-hazırda onun banka heç bir borcu yoxdur. Cavabdeh nümayəndəsi X4 da eyni məzmunlu izahat vermişdir. İddiaçı Ləğv prosesində olan Zaminbank ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu bildirmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş 26 sentyabr 2017-ci il tarixli Qəbzlə tanış olmuşdur. Həmin qəbzdə 941 manat pödəniş edildiyi görsənir. Həmin qəbzin ödənişin təyinatı qrafasında Ssuda və faiz tam ödənilir yazılmasını heç nə izah edə bilmir. Bildirmişdir ki, bankın Salyan şöbəsində mənimsəmə hallarına çox rast gəlinib. Buna görə də hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müvafiq araşdırmalar aparılır. Hazırda portalda cavabdehin restrukturizasiya məbləği kimi 2416.92 manat borcunun olmasını göstərilir. Sonda qeyd olunan hallarla bağlı xüsusi qərar çıxarılaraq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsini xahiş etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh vermiş olduğu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini və iddianın rədd olunmasını xahiş etməklə, qətnamənin əsaslılığını tam olaraq mübahisələndirilmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının cavabdehə münasibətdə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan 20 aprel 2015-ci il tarixli, 395/15 saylı kredit müqaviləsindən görünür ki, bank Cavabdeh illik 28 faiz olmaqla 36 ay müddətinə 3300 manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məxsus maliyyə arayışından görünür ki, Cavabdeh 15 fevral 2021-ci il tarixə 2416,92 manat əsas borcu, 1679,54 manat faiz borcu, 900,37 manat cərimə borcu, 350,88 manat konstitusiya məhkəməsinin qərarına əsasən hesablanmış borcu, cəmi 5347,71 manat borcu vardır. İş materiallarında olan 01 mart 2021-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh Banka gecikdirilmiş borclarının olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Mülki işin apellyasiya baxışı zamanı problemli kreditlərin kompensasiyası üzrə rəsmi portaldan edilmiş çıxarışdan müəyyən olunur ki, hazırki mübahisənin predmetini təşkil edən kredit müqaviləsi üzrə yaranan borc Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarix 551 nömrəli Fərmanın təsiri altına düşmüşdür və restrukturizasiya olunması təklif olunan kredit borcu isə 2416.92 manat (iddia olunan əsas borc məbləğində) müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqdim edilərək iş əlavə edilmiş ZaminBank ASC tərəfindən verilmiş 26 sentyabr 2017-ci il tarixli Qəbzdən görünür ki, Cavabdeh həmin tarixdə banka 941 manat ödəniş etmiş və qəbzin ödənişin təyinatı hissəsində (Ssuda və faiz tam ödənilir) qeydi yazılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam hərtərəfli araşdırılmaması, mübahisə predmeti üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi cavabdeh ZaminBank ASC tərəfindən verilmiş 26 sentyabr 2017-ci il tarixli Qəbzi məhkəməyə təqdim edərək banka olan borcunu tam ödədiyini bildirmişdir. Həqiqətəndə qəbzdən görünür ki, Cavabdeh 26 sentyabr 2017-ci il tarixdə banka 941 manat ödəniş etmiş və qəbzin ödənişin təyinatı hissəsində (Ssuda və faiz tam ödənilir) qeydi yazılmışdır. Bundan başqa iddiaçı tərəfindən işə əlavə olunmuş xx.xx.2015-ci il tarixli kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2017-ci il tarixinə ödənilməmiş kredit qalığı ümumilikdə 792.94 manat təşkil edir. Cavabdeh isə 6 gün sonra, yəni xx.xx.2017-ci ildə banka 941 manat pul ödəniş etmişdir. Bu onu təsdiq edir ki, cavabdeh banka olan borcunu tam ödəmişdir. Göründüyü kimi cavabdeh kredit borcunu tam ödəməsi ilə bağlı məhkəməyə üzərində bankın möhürünü əks etdirən mötəbər sübut -qəbz təqdim edir. İddiaçı isə qeyd edilən ödəməni inkar olunmasını heç bir sübutla təsdiq edə bilmir. Yəni iddiaçı cavabdehin ona borclu olmasını sübuta yetirə bilmir. MPM-nin 7.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə işin faktiki hallarının tam aydınlaşdırılmaması, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apelyasiya şikayəti təmin olunaraq qətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə qətnamənin cavabdehə münasibətdə mübahisələndirilən hissəsi 5000 manatdan çox olduğundan qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1.1, 385.1.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Salyan rayon məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(057)-752/2021 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı LPO Zaminbank ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-322/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-322/2023
23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver