Məhkəmə qərarları › İş №2(106)-322/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-322/2025

05.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-322/2025 05.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-235/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurduğu ziyana görə 5000 manat, mənəvi ziyana görə 5000 manat olmaqla, ümumilikdə 10000 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 120 manat olmaqla, cəmi 10120 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Kürdəmir şəhəri şəhid T.Qurbanov küçəsində tikdirdiyi evi təmir etmək və pilləkən tikdirmək üçün tanışı İlqarın ona usta kimi təqdim etdiyi usta Cavabdeh ilə görüşüb evində təmir və tikinti işləri gördürmək istədiyini bildirmiş və Daşdəmir onunla razılaşmışdır. Usta lazım olan tikinti materiallarının siyahısını ona verib. Tikinti materallarının bir qismini əvvəlcədən, bir qismini isə cavabdeh təmir və tikinti işlərini apardıqca alıb. Cavabdeh onun evində 2023-cü ilin aprel ayının axırlarına dək təmir-tikinti işləri aparıb. O, cavabdehin yararsız təmir və tikinti işlərinə usta pulu qarşıq 5000 manat pul xərcləyib. 5000 manat puldan cavabdehin özünə 1080 manat şkatur vurulması, 820 ədəd kərpicin hörülməsi üçün 240 manat, şpaklovka vurulması üçün 360 manat, pilləkən tikinti üçün 500 manat olmaqla, cəmi 2180 manat pul verib. Qalan pulu isə materalların alınmasına verib. Cavabdeh onun evində təmir və pilləkən tikintisi işləri gördüyü təxminən 2 ay müddətində onun gördüyü işlərin keyfiyyəti ilə maraqlandıqda o hər dəfə onun etibarından istifadə edərək onu aldadıb yaxşı iş gördüyünü və işləri sonda ona tam normal şəkildə təhvil verəcəyini bildirmişdir. Sonradan pulu qurtardığı üçün müvəqqəti işi dayandırmışdır. Qısa müddət ərzində cavabdehin tikdiyi pilləkən bir neçə yerdən partladı və əyildi. Yaxın başı çıxan adamlar cavabdehin gördüyü digər işlərin də yararsız olduğunu bildirdilər. Cavabdeh onunla üzləşməkdən belə yayınırdı. Artıq cavabdeh özüdə ona gördüyü işlərin yararsız olduğunu bilirdi. İyul ayının ortalarında onun məndə qalan direlinin arxasınca gəldi. O, cavabdehə həmin vaxt gördüyü yararsız işləri göstərib. Cavabdeh şplovka işini baha gördüyü üçün imtina etdi. Hördüyü divarın və pilləkəni söküb yenidən düzəldəcəyini bildirdi. O evdə olmayanda gəlib gizli şəkildə pilləkəni sökmüş və yenidən tikməmişdir. Bütün səylərinə baxmayaraq cavabdeh onu aldatmış, telefonlarına cavab verməmişdir. Cavabdeh Haqverdi adlı köməkçisi vasitəsi ilə ona 500 manat pul qaytarmışdır. Onu dəfələrlə aldatmış, qalan pulu ona qaytarmamışdır. Beləliklə, cavabdeh ona mənəvi əzab vermiş, psixoloji təsir etmişdir. O, məcbur olub barəsində Kürdəmir RPŞyə ərizə ilə müraciət etmişdir. Polis şöbəsində toplanmış materiallar əsasında cinayət işinin başlanması rədd edilmiş və ona məhkəməyə müraciət etməsi izah olunmuşdur. Cavabdehin onun evində gördüyü yararsız təmir və pilləkən tikintisi işlərinə görə 5000 manat məbləğində maddi ziyan, evinin təmir işlərini yarımçıq və yararsız hala qoymaqla onun əmlak hüquqlarının pozulması nəticəsində ona mənəvi ziyan vurmuşdur. Cavabdehin ona vurduğu mənəvi ziyan 5000 manat hesab edir. Ona görə də, cavabdehdən vurduğu ziyana görə 5000 manat, mənəvi ziyana görə 5000 manat olmaqla, ümumilikdə 10000 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 120 manat olmaqla, cəmi 10120 manat məbləğdə pulun alınıb ona verilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, 40 ilə yaxın müddətdir ki, ev tikintisi və təmiri ilə məşğul olur. Həqiqətən 2023-cü ilin fevral ayında tanışı İlqar onunla əlaqə saxlayaraq İddiaçı evini təmir etdirmək istədiyini bildirmişdir. Bundan sonra o, iddiaçının Kürdəmir şəhəri T.Qurbanov küçəsində tikdiyi evə gedərək işin həcminə uyğun olaraq tələb olunan tikinti materiallarının siyahısını iddiaçıya vermişdir. İddiaçıya məxsus evdə 600 kv/metr suvaq vurulmasına görə dəyəri 80 manat olan yarım maşın qum, dəyəri 357 manat olan 55 torba sement və suvaq işlərinin görülməsinə onunla birgə işləyəcək usta Haqverdinin görəcəyi iş də nəzərə alınmaqla 900 manata razılaşmışlar. Suvaq işinin görülməsinə iddiaçı əmək haqqı və materiala cəmi 1337 manat pul xərcləmiş və onlar da işi görüb iddiaçıya təhvil vermişlər. Bundan sonra iddiaçı evin giriş hissəsində pilləkən hörülməsini onlara tapşırmış və həmin işin görülməsinə 120 manat dəyərində 200 ədəd mişar daşı və 65 manat dəyərində 10 torba sement almış və həmin işin görülməsinə onlara 500 manat pul vermişdir. Həmin işləri keyfiyyətlə başa vurandan sonra görülmüş işləri iddiaçıya təhvil vermiş və həmin vaxt iddiaçı görülən işlərə heç bir irad bildirməmişdir. Bundan bir neçə ay sonra Kürdəmir rayonunda 5,7 bal gücündə zəlzələ baş vermiş və iddiaçıya məxsus evin girişində hördükləri pilləkəndə çat əmələ gəlməsi barədə iddiaçı onlara məlumat verdikdən sonra pilləkəni yenidən pulsuz hörəcəklərini bildirsələr də, iddiaçı onların təklifi ilə razılaşmayaraq gördükləri digər işlərin də keyfiyyətsiz olduğunu bildirmişdir. İddiaçı bununla bağlı Kürdəmir rayon polis şöbəsinə də müraciət etmiş və araşdırma aparıldıqdan sonra iddiaçının ona qarşı heç bir sübutunun olmadığı müəyyən edilmiş və onun müraciəti rədd edilmişdir. Ona görə də, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-235/2024 saylı qətnaməsi ilə (hakim Müseyib Bayramov) iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 2764 manat və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 57,64 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2821,64 (iki min səkkiz yüz iyirmi bir manat altmış dörd qəpik) manat pulun alınaraq iddiaçıya verilməsi, cavabdehdən 50 (əlli) manat ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmə cavabdehin mənafeyinə uyğun olan qanunsuz və ədalətsiz bir qətnamə qəbul etmişdir. Məhkəmə cavabdehin formal izahatlarına və heç bir sübut əlavə olunmayan etirazlarına hüquqi qiymət verib qanuni iddia tələbini qəsdən qismən təmin etmişdir. Ümumiyyətlə işə baxan hakimin məhkəmə prosesində çəkişmə prinsipinə əməl etməyərək işdə olan və iddia ərizəsində göstərdiyi fakt və sübutların heç birini araşdırmamış və heç bir sübuta istinad etmədiyi izahata əsasən qanunsuz bir qətnamə qəbul etmişdir. Cavabdeh məhkəmə iclasında yalandan ifadə verərək guya onun başqa bir usta çağırmaqla bu işə aydınlıq gətirilməsi təklifindən imtina etmişdir. Bundan başqa, o məhkəmə iclasında cavabdehin ona 500 manat verməsi ifadəsini işlətməmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. O, məhkəmə iclasında bildirmişdir ki, 2023-cü ilin fevral ayında evində əsaslı təmir-tikinti işləri aparmaq qərarına gəlmişdi. Tanışı vasitəsilə hazırkı iş üzrə Cavabdeh usta olduğunu öyrənib, evində olan təmir tikinti-işlərini ona həvalə etmək qərarına gəlmişdir. Qeyd edir ki, cavabdehi əvvəllər tanımamış və onu qeyd etdiyi kimi tanışı vasitəsilə tanımışdır. Cavabdehlə evdə hansı işlərin görüləcəyi ilə bağlı danışarkən evində 2 metr hündürlükdə olan pilləkən, evinin 3 otağında, dəhliz, zal və mətbəxdə isə “şkatur” işlərinin görülməli olduğunu ona bildirib. Bundan sonra o, qeyd edilən işləri görəcəyini öz öhdəsinə götürmüş və təmir-tikinti işlərinə başlamışdır. Bundan sonra o, bünövrəsini inşa etmədən pilləkən tikmişdi. Həmin ilin aprel ayında onun səhhətində olan problemlərlə bağlı maddi vəziyyəti çətinləşmiş və pulunun bitməsinə görə təmir-tikinti işlərini dayandırmışdır. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, təmir-tikinti işlərindən bir neçə ay sonra Kürdəmir rayonunda 5,7 bal gücündə zəlzələ baş vermiş və iddiaçıya məxsus evin girişində hördükləri pilləkəndə çat əmələ gəlməsi barədə iddiaçı onlara məlumat verdikdən sonra pilləkəni yenidən pulsuz hörəcəklərini bildirsələr də, iddiaçı onların təklifi ilə razılaşmayaraq gördükləri digər işlərin də keyfiyyətsiz olduğunu bildirmişdir.Qeyd edir ki suvaqda heç bir problem olmayıb. Usta haqqı olaraq iddiaçıdan ümumilikdə 1400 manat məbləğdə pul almışdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə qismən ləğv edilərək həmin hissədə iddia qismən təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.Hazırkı halda, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilməklə qətnamə tam olaraq mübahisələndirilmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində işin araşdırılmış halları və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/2092 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evinin giriş hissəsinə 1.9, uzunluğu 5,7 metr, hündürlüyü təqribən 2,2 metr olan təkqat mişar daşından inşa olunmuş, ortasında qrabel tökülmüş, özülünə armatursuz beton verilmiş pilləkən inşa olunduğu, faktiki vəziyyətdə isə həmin pilləkənin əksər hissəsinin dağıldığı müəyyən edilmişdir. Fərdi evin daxilinə baxış keçirilən zaman eni 2,15 m, uzunluğu 2,6 m, hündürlüyü isə 3 metr olan hamam otağının bir divarı kərpicdən hörülmüşdür. Həmin divara baxış keçirilən zaman divarın şaquli xətti boyu əyriliklər olduğu, müxtəlif hissələrdə bu əyrinin 4-5sm-ə çatdığı müəyyən olundu. Həmçinin kərpicdən hörülən divarın üzərində çatlar müşahidə olunur. Həmçinin fərdi yaşayış evinin digər otaqlarında divarına vurulmuş suvaq qatında 1- 2,5 sm aralığında əyriliklərin olduğu müşahidə olunurdu. Bundan əlavə otaqların divarlarına vurulmuş şpatlovka qatı bəzi hissələrində yuxarı hissə aşağı hissədən qalın, bəzi hissələrdə isə aşağı hissə yuxarı hissədən qalındır. Smetaya əsasən dəyən ziyan 2764 manat müəyyən edilmişdir. Buna görə də, cavabdehdən 2764 manat məbləğdə pul vəsaitinin tutulması qət edilmişdir. Bundan əlavə, cavabdeh apellyasiya instansiya məhkəməsində məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçıya məxsus evin girişində hördükləri pilləkəndə çat əmələ gəlməsini iddiaçı onlara məlumat verdikdən sonra bilmişlər. Ancaq bu onun təqsirindən olmamışdır. Bütün görülən bu işlərə görə iddiaçıdan usta haqqı qismində ümumilikdə 1400 manat məbləğdə pul almışdır. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləcə, məhkəmə tərkibi görülmüş işlərdə meydana çıxan qüsurların onun təqsirindən yaranmaması barədə etirazını sübut etmədiyi təqdirdə cavabdehin təqsirli olması qənaətinə gəlir. Bu baxımdan da, iddiaçıdan alınmış qeyd edilən haqqın - 1400 manat məbləğdə pul vəsaitinin də qaytarılması təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. MM-in 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Bundan başqa, MM-in 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-in 755-ci maddəsinə görə podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. MM-in 762-ci maddəsinin tələblərinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Habelə MM-in 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən – təmin edilməyən hissədə qismən ləğv edilərək həmin hissədə iddia qismən təmin edilməli, usta haqqı qismində cavabdehə verilmiş ümumilikdə 1400 manat məbləğdə pul vəsaiti ondan alınaraq iddiaçıya verilməlidir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-235/2024 saylı qətnaməsi mübahisələndirilən – iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh 1400 (min dörd yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar