Məhkəmə qərarları › İş №2(106)-324/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-324/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-324/2025 05.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şirvan Şəhər Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(032)-1208/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, X4 məxsus “VAZ 21120” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı verilmişdir. İş materiallarında olan Pirallahı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(094)- 16/2023 saylı hökmü ilə X9 Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Pirallahı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(094)-16/2023 saylı hökmündə göstərilmişdir ki, təqsirləndirilən şəxs qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, 2022-ci ilin mart ayının sonlarında o, icarəyə götürdüyü avtomobilini Orxan Şahpələngovun atası Novruza məxsus təmir sexində təmir etdirərkən, həmin vaxt Novruz Şahpələngov ona oğlu üçün iş yeri axtardığını bildirərək, oğlu Orxanın işə düzəlməsində ondan kömək istəmişdir. O da onunla razılaşaraq kömək edəcəyini bildirmişdir. Həmin vaxt Novruz oğlu Orxana zəng edərək, onu sexə çağırmışdır. Bir müddət sonra Orxan və Tural sexə gəlmişlər. O, Orxan və Turala onları işlədiyi “Azneft” İstehsalat Birliyi 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində fəhlə kimi işə düzəldə biləcəyini və aylıq maaşlarının 1800 manat olacağını bildirmiş və onlara hər birinin işə düzəlmələri üçün 5000 manat pul verməli olduqlarını bildirmiş və əlavə olaraq demişdir ki, o da həmin pulları işlərin düzəlməsi üçün idarəyə verəcək. Tural və Orxan onunla razılaşmışlar, lakin Tural demişdir ki, onun hal hazırda pulu yoxdur, idarə etdiyi “VAZ 21120” markalı ** BJ *** d.q.n-lı avtomobilini satıb yaxın vaxtlarda ona 5000 manat pulu verəcək. O isə Turala demişdir ki, ona avtomobilinə dair baş etibarnamə versin, avtomobili satıb və əldə olunan puldan həmin işin pulunu verəcək, qalan pulu ona qaytaracaq. Həmin vaxt Tural onunla razılaşaraq avtomobilinin qiymətinin 7000 manat olduğunu bildirmişdir. 2022-ci ilin aprel ayının 22-də o, Turalla şəhərin H.Əliyev prospektində yerləşən Şirvan Notariat Kontorunda görüşmüş, həmin vaxt orada o, arvadı Cavabdeh, Tural və Orxanda olmuşlar. Həmin vaxt Tural özünə məxsus “VAZ 21120” markalı, ** BJ *** d.q.n-lı avtomobilə dair baş etibarnaməni onun şəxsiyyət vəsiqəsi itdiyi üçün arvadı Cavabdeh adına vermişdir. O da həmin “VAZ 21012” markalı ** BJ *** d.q.n-lı avtomobilə alıcı taparaq, avtomobili 3000 manat pula Sumqayıt şəhər sakininə satmış, lakin avtomobili 3000 manata satması barədə Turala bir söz deməmişdir. 2022-ci ilin aprel ayının 23-də Orxandan da ilkin olaraq 2500 manat pulu almışdır. Qalan 2500 manat puluda sonuncudan hissə-hissə bir ay yarım müddətində, yəni aprel-may aylarında almışdır. Həmin vaxt Tural və Orxana bildirmişdir ki, 2-3 ay müddətində işləri həll olacaq. O, həmin əldə etdiyi 8000 manat pulu başqa şəxslərə olan borclarına sərf etmişdir. Sonra da o, Tural və Orxanın işlədiyi idarədə işə düzəlməsinə dair maraqlansa da, onların işlərini həll edə bilməmişdir. İş materiallarına əlavə edilmiş Masallı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)- 1776/2023 saylı qətnaməsi ilə iddiaçı X5 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı 4300 manat məbləğində pul alınaraq iddiaçı X7 verilməsi qət edilmişdir. Sözügedən qətnamədə cavabdeh İddiaçı məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, müəyyən məbləğ qarşılığında X7 ümumi etibarnamə əsasında “VAZ 21012” markalı, ** BJ *** d.q.n-lı avtomobili satmışdır. Satış zamanı hər hansı bir problem olmamışdır. Sonradan problem yaranmış və etibarnamə ləğv edilmişdir. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)- 1135/2023 saylı qətnaməsi ilə X2 cavabdehlər Cavabdeh, İddiaçı və X7 qarşı avtomobilin qanunsuz sahibliyindən alınması tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X3 “VAZ 21120” minik markalı, 2000-ci il buraxılışlı, ** BJ *** qeydiyyat nişanlı avtomobil alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3100 manat pulun, 51 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətçi X4 məxsus “VAZ 21120” minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə Cavabdeh verilmiş 3860 reyestr nömrəli xx.xx.2022-ci il tarixli baş etibarnamə əsasında 3100 manat dəyərində nasaz vəziyyətdə almışdır. Özü avtomobil ustası olduğundan qeyd edilən nəqliyyat vasitəsini təmir etdirməklə xx.xx.2022-ci il tarixdə X6 adına özgəninkiləşdirmişlər. Bir neçə müddət sonra X10 tərəfindən ona müraciət edilərək qeyd edilən nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuş, bu səbəbdən nəqliyyat vasitəsini istifadə edə bilmir. Öz növbəsində qeyd edilən nəqliyyat vasitəsini etibarnamə əsasında adına nə üçün rəsmiləşdirməyi soruşmuşdur. Daha sonra araşdırma nəticəsində məlum olmuşdur ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi ona baş etibarnamə vermiş Cavabdeh qarşı pul tələbinə dair şikayət olmuş, bu səbəbdən də nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. X10 nəqliyyat vasitəsini mülkiyyətçisinə qaytardığından ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə Masallı rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. İddia tələbi təmin edilmiş tərəfindən X8 4300 manat pul məbləğinin qaytarılması qət edilmişdir. Şirvan Şəhər Məhkəməsinin (hakim Ceyhun Mustafayev) 2(032)-1208/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 3100 manat və ödənilmiş dövlət rüsumuna görə 51 manat olmaqla, ümumilikdə 3151 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 1091, 1092.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 82.4, 65.4, 14.2, 77.1, 107, 217.3, 217.4 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçı tərəfindən gəlir əldə etmək məqsədi ilə nəqliyyat vasitəsi alınmış, sonradan həmin nəqliyyat vasitəsi üçüncü şəxslərə satılmışdır. Lakin nəqliyyat vasitəsi iddiaçı tərəfindən əldə edilərkən onun mülkiyyətçisinin iradəsinə zidd olaraq satılmışdır. Bu hal isə sonda iddiaçının əldə edəcəyi gəlirlərdən məhrum olması, cavabdehin isə əsassız olaraq varlanması ilə nəticələnməsinə səbəb olmuşdur. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasındaCavabdeh izahatında bildirmişdir ki, yoldaşı bir nəfəri işə düzəltmək adı ilə pul əvəzinə avtomobilini almış, yoldaşının şəxsiyyət vəsiqəsi özündə olmadığından onu notariusa aparmış və notariusda onun adına etibarnamə almışdır. Etibarnaməni imzalamış, daha sonra yoldaşı yenidən notariusa gedərək avtomobili başqasının adına satmışdır. İddiaçının yoldaşına nə qədər pul verməsindən heç bir məlumatı olmamış, pulu yoldaşına vermişdir. Yoldaşı dələduzluq etdiyinə görə Pirallahı rayon Məhkəməsini hökmü ilə həbs olunmuşdur. Bütün bu hallar araşdırılmalı olduğu halda araşdırılmamış və yuxarıda göstərilən maddi hüquq normalarının tətbiqində yol verilmiş pozuntular olaraq qalmışdır. Qətnamənin əsaslandırıcı hissəsində iddianın şahid hissəsi ilə bağlı hallarına hüquqi qiymət verilməmişdir. Hansı ki, MPM-də sübut növlərindən biri də şahid ifadəsidir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı konteksindən işə yanaşdıqda belə nəticəyə gəlmək olur ki, sübutlar, tam, hərtərəfli və obyektiv qimətləndirilməmiş, iş üzrə məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir və məhkəmənin qənaəti qanunsuz və əsassızdır. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apelyasiya baxışında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu bildirərək, dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışında iştirak etməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, hazırda apellyasiya instansiya məhkəməsi qətnaməni mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquq və vəzifələrin yaranmasına əsasdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas nolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2.-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1.-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2.-ci maddəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2.-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3.-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4- cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, “VAZ 21120” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 mülkiyyətində olmuşdur. Sözügedən nəqliyyat vasitəsi etibarnamə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh, xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək İddiaçı verilmişdir. Nəqliyyat vasitəsi Cavabdeh verilmiş olan etibarnamə əsasında İddiaçı 3100 manat müqabilində satılmışdır. İddiaçı tərəfindən isə həmin nəqliyyat vasitəsi X1. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh X9 ilə nikahda olmuşlar və Pirallahı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(094)-16/2023 saylı hökmü ilə X9 Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmənin sözügedən hökmündən müəyyən edilir ki, “VAZ 21120” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibardan sui istifadə etmə yolu ilə əldə edilmiş və sonradan Cavabdeh verilmiş olan etibarnamə əsasında satılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə aşağıdakı kimi münasibət bildirir. Şikayətdə cavabdeh tərəf qeyd etmişdir ki, etibarnaməni imzalamış, daha sonra yoldaşı yenidən notariusa gedərək avtomobili başqasının adına satmışdır. İddiaçının yoldaşına nə qədər pul verməsindən heç bir məlumatı olmamış, pulu yoldaşına vermişdir. Kollegiya qeyd edir ki, iş materiallarının 6-cı vərəqində mövcud olan “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamədən aydın olur ki, mübahisəyə səbəb olan hüquq münasibətində nümayəndə qismində Cavabdeh çıxış etmişdir. Bu baxımdan təsdiq olunur ki, hüquq münasibəti İddiaçı və Cavabdeh arasında yaranmışdır. Bundan əlavə, cavabdehin əsassız varlanması faktı iş materiallarında mövcud olan məhkəmə qətnamələri ilə sübuta yetirilmişdir. Məhkəmə tərəfindən təqdim olunan sübutlar və hüquqi qiymətləndirmə nəticəsində müəyyən edilmişdir ki, İddiaçı iddia tələbi hüquqi əsaslara malikdir və haqlı hesab edilməlidir. Cavabdeh apellyasiya şikayətində irəli sürdüyü dəlilləri əsaslandırmaq üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də onun iddiaları yalnız subyektiv mülahizələrdən ibarət olmaqla, hüquqi və faktiki əsaslardan məhrumdur. Məhkəmə işə baxarkən yalnız tərəflər tərəfindən təqdim olunmuş və işin mahiyyətinə aidiyyəti olan sübutları nəzərə alır. Sübutların məhkəməyə təqdim edilməsi kifayət etmir; onlar eyni zamanda işin halları ilə əlaqəli olmalı və onların həqiqiliyinə, mötəbərliyinə şübhə yeri qalmamalıdır. Sübutlar qanuni qaydada əldə edilməli və prosessual normalara uyğun təqdim olunmalıdır. Qətnamənin çıxarılması zamanı məhkəmə iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv şəkildə qiymətləndirir. Hakim sübutların dəyərini müəyyən edərək, iş üçün əhəmiyyətli olan halların təsdiqlənib-təsdiqlənmədiyini araşdırır. Eyni zamanda, məhkəmə tərəflərin hüquqi münasibətini müəyyən edir və mübahisənin həlli üçün tətbiq edilməli olan qanun normalarını dəqiqləşdirir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın hüquqi əsası kimi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinin nəzərdən keçirilməsi ilə bağlı gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, hüquqqoruyucu öhdəlik münasibətləri müqavilə əsasında əmələ gəlmir. Bu cür münasibətlər zərər vurmaqdan, ziyan yetirməkdən və ya əsassız varlanmadan əmələ gəlir. Həmin münasibətlər iki cür olur: delikt öhdəlik münasibətləri; əsassız varlanma ilə bağlı olan öhdəlik münasibətləri. Əsassız varlanma münasibətləri şəxsin hüquqi əsas olmadan, yəni qanunsuz əmlak əldə etməsidir. Qanunvericilik əsassız varlanmanın qarşısının alınması üçün həmin əmlakın və ya maddi dəyərinin geri qaytarılmasını tələb edir. Əsassız varlanma münasibətləri ədalət prinsipinə əsaslanaraq şəxslər arasında hüquqi balansın pozulmasının qarşısını almağa yönəlmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirələn hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1208/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar