Məhkəmə qərarları › İş №2(106)-329/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-329/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-329/2023 15.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, iddiaçının vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(057)-1809/2022 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ona 3200 manat məbləğində pul borcludur. xx.xx.2021-ci ildə şəxsən təqdim etdiyi yazılı müqaviləyə əsasən onunla Cavabdeh arasında 3200 manat dəyərində kredit müqaviləsi bağlanmış, cavabdeh müqaviləyə əsasən borcunu 15 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Bugünə kimi Cavabdeh borcunu ödəməmişdir. Dəfələrlə ona şifahi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq hər dəfə borcunu ödəyəcəyini bildirmiş və bu günə kimi pul ödəməmişdir. Tərəfindən bir daha bildirişi Cavabdeh göndərməklə ona olan 3200 manat pul borcunu 3 gün müddətində geri qaytarmağı tələb etmiş, əks halda qanunvericiliyə müvafiq olaraq borcun alınması məqsədi ilə məhkəmə qaydasında müraciət etməklə borcunu tələb edəcəyini bildirmişdir. Lakin cavabdeh yenə də pulu ödəməmişdir. Həmçinin gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği də nəzərə alınmaqla cavabdehdən 3 il üçün 10 faiz, hər il üçün 32 manat olmaqla cəmi 96 manat tutulmalıdır. Göstərilənləri nəzərə alaraq, 3200 manat əsas, gecikdirilmiş vaxt üçün 96 manat faiz məbləği, 150 manat vəkilə ödənilən pul və 52 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı. Salyan Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(057)1809/2022 saylı qətnaməsi ilə (hakim M.Qasımov) İddiaçı Cavabdeh qarşı kişik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Salyan Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(057)1809/2022 saylı qətnaməsindən iddiaçının vəkili və nümayəndəsi X6 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətində göstərilir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 28 iyun 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh ona verilmiş 3200 manat pul məbləğində borcu 15 ay müddətində qaytarmasını öz üzərinə öhdəlik kimi götürmüşdür. Həmçinin müqavilənin digər şərtinə görə borcun gecikdirilməsi yəni, cavabdehin üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməməsi və ya ümumiyyətlə icra etməməsi nəticəsi olaraq kreditora yəni, borc verənə gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği hesablanır ki, bu faiz borcu da müqavilə şərtlərində göstərildiyi kimi 3 il üçün 10 faiz olmaqla 32 manat, ümumi 96 manat edir. Azərbaycan Respublikası MM-nə əsasən müqavilə həmin məcəlləyə uyğun bağlandığı üçün hər hansı anlaşılmazlıq yoxdur. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə ondan 3200 manat əsas borc, gecikdirilmə üçün 96 manat faiz borcu, vəkilə ödənilən 150 manat pul və dövlət rüsumu üçün 52 manat pulun, ümumi olaraq 3498 manat pulun cavabdehdən alınıb iddiaçı X5 verilməlidir. Göstərilənlərə əsasən Salyan Rayon Məhkəməsinin 2(057)1809/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin İzahatlari Apellyasiya məhkəməsində iddiaçının vəkili və nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək Salyan Rayon Məhkəməsinin 2(057)1809/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı və Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər : Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiya məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik vəçəkişmə prinsiplərinəəsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlışəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir vəşikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhəkməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır”. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı onun düzünə və ya dolayısı ilə idiaçının nümayəndəsi və vəkili tərəfindən nümayəndəsi və vəkili X6 verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq yoxlanılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 2(057)1809/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçilmiş və Salyan Rayon Məhkəməsinin 2(057)-1809/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə icraatı qaydasında baxılması qərara alınmışdır. İş materiallarında olan (i.v. 10) Cavabdeh tərəfindən verilmiş iltizamdan görünür ki, o, hər ay 200 manat ödənmək şərti ilə 3200 (üç min iki yüz) manat pulu götürmüş və hər növbəti ayın 28-də müntəzəm olaraq 200 manat məbləğində pulu ödəyəcəyi barədə iltizamı imzalamışdır. İş materiallarından görünür ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən 52,40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan hüquqi yardım göstərilməsi barədə 42 saylı 20 iyun 2022-ci il tarixli müqavilədən görünür ki, hüquqi yardım göstərilməsi üçün İddiaçı tərəfindən vəkil X4 150 manat ödənilmişdir. İnsan Hüquqlarının və X2 X1 6-cı maddəsinə görə hər kəs onun mülki hüququ və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəlliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir Həmin Məcəllənin 386.2-ci maddəsinə görə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsi qoya bilər. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442- ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 529-cu maddəsinə əsasən 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. İşin bu cür halında, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmamasına dair gəldiyi nəticəni qanuni hesab etmək olmaz. Məhkəmə kollegiyası belə hesab edir ki, iş materialları ilə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməsi iş materialları ilə sübuta yetirilir. İddia tələbindən görünür ki, iddiaçı əsas borca hesablanmış 96 manat məbləğində faiz borcunun da cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh faiz borcunun ödənilməsi barədə öhdəlik götürmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan ödənilmiş dövlət rüsumunun 40 manat hissəsi Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 121-ci maddəsinə əsasən 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları arardırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İstinad edilən Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(057)1809/2022 saylı qətnaməsi ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384, 385, 392, və 402.1ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(057)1809/2022 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3200 (üç min iki yüz) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 150 manat və dövlət rüsumuna görə ödənilmiş 40 (qırx) manat olmaqla, cəmi 3390 (üç min üç yüz doxsan) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar