Məhkəmə qərarları › İş №2(106)-332/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-332/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-332/2024 03.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-1236/2023 saylı, 23 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, etibarsız hesab edilmiş 11 noyabr 2015-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsi əsasında ödənilmiş 5000 manat, gecikdirilmiş müddət üzrə hesablanmış 440,44 manat, ümumilikdə 5440,44 manat pul məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 11 noyabr 2015-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsi bağlanmış, sözügedən müqavilə əsasında Masallı rayonu, Şatıroba kəndində yerləşən cavabdehlərə məxsus 0,18 ha torpaq sahəsindən 0,07 ha sahəsi 5000 manata iddiaçıya satılmışdır. 15 may 2020-ci il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla, həmçinin 05 may 2020-ci il tarixli, 494876 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi ilə iddiaçının sözügedən torpaq sahəsinə dair hüquqları təsdiq olunmuşdur. İddiaçının məlumat və icazəsi olmadan cavabdehlər sözügedən torpaq sahəsinə hasar çəkərək daşınmaz əmlak inşa etməyə başlamışlar. Bu səbəbdən qanunsuz tikilmiş hasarın sökülməsi tələbi ilə Masallı Rayon Məhkəməsinə müraciət edən iddiaçıya məhkəmə mübahisəsinin gedişində məlum olmuşdur ki, həmin torpaq sahəsi miras əmlak olmuş və həmin miras əmlaka yalnız cavabdehlər Cavabdeh1 və Cavabdeh2 deyil, Babayeva (Sadıqova) Gülmirə Edman qızı da vərəsədir və həmin torpaq sahəsində payı var. Məhkəmə mübahisəsinin gedişi zamanı Babayeva (Sadıqova) Gülmirə Edman qızı tərəfindən İddiaçı, Cavabdeh1, Cavabdeh2, həmçinin X16, X17, X18, X21, X4, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Masallı Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisinə qarşı “11 noyabr 2015-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 15 may 2020-ci il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması” tələbi ilə məhkəməyə müraciət edilmişdir. Masallı Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(050)-27/2022 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi rədd edilmiş, X5 tələbi isə təmin edilmişdir. Sözügedən qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2(106)-1444/2022 saylı qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin sözügedən qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hər iki məhkəmə qətnaməsi mübahisə üzrə preyudisial əhəmiyyət daşıdığından və həmin qətnamələrlə sözügedən alğı-satqı müqaviləsi ləğv edildiyi üçün həmin müqavilə əsasında cavabdehlər tərəfindən əldə edilmiş 5000 manat pul vəsaiti də iddiaçıya geri qaytarılmalıdır. Çünki həmin pul məbləğinin cavabdehlərə verilməsi əsası ortadan qalxmış və hazırda həmin məbləğin cavabdehlərdə qalması əsassız varlanma faktıdır. İddiaçının dəfələrlə cavabdehləri bu barədə xəbərdar etməsinə baxmayaraq, bugünədək cavabdehlər tərəfindən iddiaçıya hər hansı bir ödəniş həyata keçirilməmişdir. Müqavilənin dəyəri olan 5000 manat pul vəsaiti üçün 2015-ci ildən bugünədək hesablanmış faiz dərəcəsi 440,44 manat təşkil edir. Masallı Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(050)-1236/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ceyhun Quliyev) iddia qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 3000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 41,02 manat məbləğində pulun birgə qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı, Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, işin hallarından da göründüyü kimi, iddiaçı və cavabdehlər ilə bağlı məhz mübahisəli daşınmaz əmlak barədə əvvəl də məhkəmə mübahisəsi olmuş və daşınmaz əmlak miras əmlaka daxil olduğu üçün həmin daşınmaz əmlakın alğı-satqısı müqaviləsi etibarsız hesab edilmişdir. Müqavilə etibarsız hesab edildiyi üçün bu daşınmaz əmlak iddiaçının mülkiyyətindən çıxarılmış və vərəsələrə geri təqdim edilmişdir. Halbuki, həmin daşınmaz əmlaka vərəsəlik hüququ olan şəxslər tərəfindən aldatma yolu ilə bu əmlak iddiaçıya satılmış və dəyəri də artıqlaması ilə iddiaçıdan alınmışdır. Lakin necə olur ki, əmlak iddiaçının mülkiyyətindən geri alınır, amma iddiaçının vermiş olduğu məbləğlər isə geri qaytarılmır. Sözügedən məhkəmə cavabdehlərə münasibətdə ədaləti bərpa etmiş olsa da, iddiaçıya qarşı ədalətsiz davranış hələ də davam etməkdədir. Ən azından bu işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsi tətbiq edilməli idi. Hazırkı vəziyyətdə əgər iddiaçı ilə cavabdehlər arasında bağlanmış 11 noyabr 2015-ci il tarixli, AN- İ ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdirsə, o halda həmin hüquqi əsas ortadan qalxdığı üçün cavabdehlərin həmin müqavilə üzrə əldə etdiyi pul vəsaitinin geri qaytarılmaması cavabdehlərin əsassız varlanması hesab olunur. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən isə əsassız varlanmış şəxs, yəni cavabdehlər iddiaçının sözügedən daşınmaz əmlaka görə vermiş olduğu pul vəsaitinin tamamını ona geri qaytarmalıdırlar. Lakin Masallı Rayon Məhkəməsinin sözügedən qətnaməsinə əsasən hətta məhkəmə belə cavabdehlərin qeyri-qanuni maraqlarını müdafiə etməyə davam etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(106)-1444/2022 saylı qətnaməsinin 3-cü səhifəsində İddiaçı izahatında göstərilmişdir ki, “...İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, təqribən 2014-cü ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan 3000 manat borc pul almışlar. Belə ki, onların “Molbulak” Bank Olmayan Kredit Təşkilatına kredit borcları olmuşdur. Ondan borc istəyərkən belə razılaşmışlar ki, kredit borcunu təşkilata ödədikdən sonra onlar yenidən kredit götürəcəklər və onun borcunu qaytaracaqlar. Onlarla birlikdə kredit təşkilatının Masallı şəhərində yerləşən filialına getmişlər, pulu orada Elgüngilə vermiş və onlar borcu ödədikdən sonra, təşkilatın nümayəndəsi gəlib bildirmişdir ki, gecikmələri olduğuna görə, onlara növbəti dəfə kredit verə bilməyəcəklər. Bu səbəblə də Elgün və Gültəkin ona borclu qalmışlar. Üzərindən bir il keçsə də, onun pulunu qaytara bilməmişlər. Həmin müddətdə də Elgün ondan əlavə olaraq hissə-hissə 4000 manat da borc almış və nəticədə cavabdehlərin ona 7000 manat borcları yaranmışdır. Ona görə razılaşmışlar ki, borcun əvəzində ona torpaq sahəsi versinlər.” Buradan aydın olur ki, Masallı Rayon Məhkəməsi digər məhkəmə qətnaməsində iddiaçının izahatlarını sübut qismində istifadə etmişdir. Sübut qismində istifadə etməsi hissəsi ilə razı olsa da, iddiaçının izahatının bir qisminin istifadə edilməsi, digər qisminə isə yoxmuş kimi davranılması heç bir halda ədalətli qərarın qəbul edilməsi üçün əsas ola bilməz. Necə olur ki, cavabdehin 3000 manatı etiraf etməsi sübut kimi dəyərləndirilir, lakin geri qalan faktiki 4000 manat, rəsmi isə 2000 manat borc nəzərə alınmır. Halbuki alğı-satqının 5000 manat üzərindən olduğu açıq şəkildə ifadə edilmiş və notarius tərəfindən təsdiqlənmişdir (5000 manatdan yuxarı məbləğin bank üzərindən ödənişi həyata keçirildiyi üçün 7000 manat göstərilməmişdir). Həmçinin sözügedən alğı-satqı müqaviləsi həmin pul məbləğinin cavabdehə verilib-verilməməsi hissəsində deyil, digər şəxslərin mülkiyyət hüquqlarının pozulması ilə bağlanması hissəsində etibarsız hesab edilmişdir. Belə olan halda sübutetmə yükü 5000 manatın ödənilmədiyini iddia edən tərəfin üstünə düşür. Çünki 5000 manat dəyərində alğı-satqı müqaviləsini imzalayan şəxs həmin pulun ona ödənildiyini qəbul etmiş olur. Bu bəsit həqiqətin başa düşülməsi çətin olmamalıdır. Bu faktın özü belə məhkəmənin məsələyə qərəzli, qeyri-obyektiv və xüsusilə qeyri-peşakar yanaşdığını göstərir. Masallı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə iddiaçının hüquqları kobudcasına pozulmuş, ard-arda bir neçə qanunvericilik normasına zidd addım atılmışdır. Masallı Rayon Məhkəməsi tərəfindən alğı-satqı müqaviləsinin hansı əsasla etibarsız hesab edilməsi düzgün araşdırılmamışdır, baxmayaraq ki, cavabdehlərin həmin pul məbləğini alması həm faktiki, həm də hüquqi əsaslarla öz təsdiqini tapmışdır. Bununla bağlı əvvəllər hər hansı bir mübahisənin mövcud olmaması da məhz cavabdehin həqiqətən də həmin pul məbləğini aldığının bariz etirafıdır. Məhkəmə isə cavabdehin belə bir iddiası olmadığı halda, cavabdehin həmin məbləği alıb-almadığını mübahisələndirir. O halda belə bir sual yaranır ki, tərəflər öz aralarında və ya notarial müqavilə bağlayır və üzərlərinə hüquq və öhdəliklər götürürlər. Həmin müqavilə tərəflər arasında indiyə kimi mübahisələndirilmədiyi halda o deməkdir ki, hər iki tərəf öz iradəsi daxilində bu əqdin bağlanmasına razılıq vermişlər və həmin əqddə göstərilmiş hər bir hal tərəflər üçün məcburedici xarakter daşıyır. Həmçinin məhkəmə araşdırmanı daha obyektiv və ədalətli şəkildə aparsa idi, müəyyən edərdi ki, həmin alğı-satqı müqaviləsinin bağlandığı dövrdə həcmi 5000 manata kimi olan əməliyyatlarda həmin məbləğin depozit hesaba qoyulması və bu barədə işin içinə qəbzin daxil edilməsi öhdəliyi mövcud deyildi. Yalnız müqavilə bağlanır və həmin məbləğ real şəkildə digər tərəfə əlbəəl təqdim edilirdi. Bu da o deməkdir ki, həmin məbləğin verilməsinin təsdiqi üçün məhkəmə tərəfindən hüquqi əsası olmayan sənədlərin iddiaçıdan tələb edilməsi qanunazidd addımdır. Masallı Rayon Məhkəməsi sözügedən qətnamədə cavabdehlərin təqdim etmədiyi pul məbləğinə münasibətdə 440,44 manat faiz məbləğinə münasibətdə tamamilə yanlış mövqe nümayiş etdirmişdir. İlk öncə bildirilir ki, münasibətin borc və ya alğı-satqı olmasından asılı olmayaraq, faktiki olaraq cavabdehlərə verilmiş bir məbləğ var və həmin məbləğ qanunsuz şəkildə cavabdehlərdə qalmaqdadır. Cavabdehlər 2015-ci ildən etibarən həmin məbləği qanunsuz şəkildə əldə etmiş və onun faydalarından davamlı olaraq istifadə etməkdədirlər. Alğı-satqı müqaviləsi etibarsız olduqda müqavilə bağlandığı andan etibarsız sayılır. Bundan başqa, etibarsızlığa dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan etibarən cavabdeh vicdansız qanuni sahibdir. Bu öhdəlik mülki qanunvericiliyin açıq və hüquqşünas olmayan şəxslərin belə anlayacağı şəkildə bariz olan maddələrinin tələbidir. Əksi düşünüldükdə durumun absurdluğu ortaya çıxmış olur. Belə ki, cavabdehlər 8 ildir, götürdüyü pulu qaytarmayaraq ondan istifadə edir, alğı-satqı müqaviləsi cavabdehlər ucbatından etibarsız olur və məhkəmə qənaətə gəlir ki, istifadə edilən pula görə faiz ödənilməməlidir. İddiaçı apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(050)-1236/2023 saylı qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsinə və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərini eyni məzmunda belə əsaslandırmışlar ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1236/2023 saylı, 23 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Onlar sözügedən qətnamə ilə razı deyillər, çünki həmin qətnamə onların hüquqlarını kobud şəkildə pozur. Eləcə də, sübutların düzgün tətbiq olunmaması (düzgün qiymətləndirilməməsi) ilə qəbul edilmişdir. İddiaçı onlara qarşı məhkəmədə əsassız olaraq pul tələbi barədə iddia qaldırmışdır. Məhkəmə isə heç bir araşdırma aparmadan əsassız olaraq iddianı qismən təmin etmişdir. Cavabdeh2 mərhum anası İddiaçı 3000 manat faizə pul götürmüş, qarşılığında isə pensiya kartını ona vermişdir. Sonradan İddiaçı anasını aldadaraq torpaq sahəsini qanunsuz olaraq öz adına keçirmiş və bu barədə adına çıxarış almışdır. İddiaçı cavabdehləri məhkəməyə verərək torpaq sahəsindən çıxarılma və torpaq sahəsində olan tikililərin sökülməsi tələbi barədə iddia qaldırmışdır. Onlar İddiaçı adına verilmiş çıxarışın saxta olduğunu bilmirdilər. Bilmədiklərinə görə də İddiaçı Masallı Rayon Məhkəməsində məhkəmə iclasında iş daha da dərinlərə getməsin deyə 3000 manat verməyə razı olduqlarını, lakin həmin 3000 manatı da Cavabdeh2 anasının pensiya kartından çıxartdığını bildirmişlər. Həmçinin, mərhum anasının götürdüyü pulun qarşılığında 2 il İddiaçı ayda 200 manat pul ödəmişdir. Həmin aylıq ödənişləri artıq ödəyə bilmədikdə İddiaçı mərhum anasını aldadaraq torpağı adına keçirmişdir. Faktiki olaraq cavabdehlərin iddiaçıya heç bir borcu yoxdur. O, cavabdehlərdən məhkəmədə 8000 manat pul qarşılığında torpağı geri qaytaracağını bildirmiş, öz növbəsində cavabdehlər isə ona borclarının olmadığı halda işin sülhlə qurtaracağı təqdirdə 3000 manat pulu ona verə biləcəklərini bildirmişlər. Lakin hakim qətnamədə izahatlarına düzgün qiymət verə bilməmişdir. Guya cavabdehlər apellyasiya məhkəməsində izahatları ilə 3000 manat borcu etiraf etmişlər. Bu barədə hakim C.Quliyev öz qətnaməsində qeyd etmişdir. Lakin onlar apellyasiya məhkəməsində iştirak etməmiş və orada izahatlar verməmişlər. Xahiş edirlər ki, bütün məhkəmə iclaslarının video görüntülərinə baxılsın, görülər ki, məhkəmə iclasları həmişə dava-dalaşla keçmiş, cavabdehlərə qarşı qaldırılmış iddianı heç vaxt qəbul etməmiş, birinci instansiya məhkəməsində barışıq olacağı təqdirdə iddiaçıya 3000 manat pulun verilməsinə razı olduqlarını bildirmişlər. Çünki çıxarışın saxta yollarla düzəldildiyini bilmirdilər. Hakim sübutlara düzgün qiymət verə bilmədiyindən qanunsuz bir qətnamə qəbul etmişdir. Məhkəmə işə tələsik baxaraq əsassız bir qətnamə çıxarmışdır. Mülki işi hərtərəfli və obyektiv araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verə bilməmiş, cavabdehlər ilə iddiaçı arasında heç bir borc və yaxud öhdəlik müqaviləsinin olmadığı halda işə bu mahiyyətdə baxmışdır. Məhkəmə İddiaçı onlara 3000 manat pul verdiyini araşdırmamış, cavabdehlərin başqa məhkəmə iclaslarında verdikləri izahatları üstün tutmuşdur. Həmin izahatlara da düzgün qiymət verə bilməmişdir. Torpaq sahəsinin iddiaçının adına olması onları çox gərgin vəziyyətə saldığından və həmçinin çıxarışın qanunsuz olaraq iddiaçının adına olmasından məlumatsız olduqlarından işin sülhlə yekunlaşacağı təqdirdə ona 3000 manat pulun verilməsinə razılıq vermişlər. Bütün bunlara məhkəmə düzgün qiymət verə bilməmişdir. Məhkəmə onların başqa məhkəmə iclasında verdikləri izahatlara formal olaraq yaxınlaşmış və sadəcə hərfi mənasına qiymət vermişdir. Məhkəmə cavabdehlərin izahatlarına geniş pəncərədən baxsaydı, həqiqəti ortaya çıxarmış olacaqdı. Çünki ortada heç bir borc müqaviləsi və yaxud öhdəlik olmadığı halda məhkəmə borc müqaviləsinə qiymət vermişdir. Məhkəmə heç bir sübuta istinad etmədən 3000 manat pulun cavabdehlərdən tutulmasını qət etmişdir. Cavabdehlər birinci instansiya məhkəməsində izahatlarında barışıq olacağı təqdirdə iddiaçıya 3000 manat pulun verilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə isə izahatlarını təhrif edərək guya onlar hər bir halda iddiaçıya 3000 manatın verilməsinə etiraz etmədiklərini bildirmişlər. Cavabdehlər apellyasiya şikayətlərində Masallı Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(050)-1236/2023 saylı qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətlərinin təmin olunaraq, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı çıxış edərək bildirdi ki, o, 11 noyabr 2015-ci il tarixində cavabdehlərlə alğı-satqı müqaviləsi bağlamış, Masallı rayonunun Şatıroba kəndində yerləşən 0,18 ha torpaq sahəsinin 0,07 ha hissəsini almışdır. Bundan sonra torpaq sahəsi üzərində olan hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Lakin Masallı Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli qətnaməsi ilə həmin alğı-satqı müqaviləsi və onun əsasında verilmiş sənədlər etibarsız hesab olunmuşdur. Alğı-satqı müqaviləsində torpaq sahəsinin qiyməti 5000 manat məbləğində göstərildiyinə görə hesab edir ki, həmin məbləğdə pul cavabdehlərdən tam tutulmalıdır. Lakin hazırda Masallı Rayon Məhkəməsi cavabdehlərlə arasında olan borc münasibətlərinə istinad edərək, tələbini 3000 manat həddində təmin etmişdir. Halbuki, cavabdehlərin ona 3000 manat deyil, 7000 manat borcu mövcuddur. O, öz apellyasiya şikayətinin təmin edilməsini, cavabdehlərin verdikləri apellyasiya şikayətlərinin isə təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 eyni məzmunda çıxış edərək bildirdilər ki, onların iddiaçıya ümumiyyətlə borcları yoxdur. Borcu Cavabdeh2 anası, eyni zamanda Cavabdeh1 qaynanası Əcəbnisə Sadıqova götürmüş, sonradan iddiaçı ilə aralarında narazılıqlar yaranan zaman borcu ödəmişdir. Lakin hazırda Cavabdeh2 anası vəfat etmişdir. Borcun iddiaçıya ödənilməsi ilə bağlı hazırda hər hansı sübutları yoxdur. Bundan əlavə, Cavabdeh2 bildirdi ki, iddiaçıya olan 3000 manat borcu mərhum anası ödədiyinə görə ona hər hansı borcları yoxdur. Cavabdeh1 isə qeyd etdi ki, iddiaçıya 3000 manat məbləğində pulun hissə-hissə ödənilməsinə razıdırlar. Onlar iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, öz verdikləri apellyasiya şikayətlərinin isə təmin edilməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin rədd edilmiş hissəsində, cavabdehlər isə apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin verilmiş apellyasiya şikayətlərinin dəlilləri əsasında mübahisələndirilən hissələrdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki AN-İ ******* seriya nömrəli, 11 noyabr 2015-ci il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsinin surətindən görünür ki, satıcılar X22, X25, Cavabdeh2, X19, X23, X28, X24, X1 rayonu, Şatıroba kəndində yerləşən ümumi sahəsi 0,18 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsindən 0,07 ha hissəsini alıcı İddiaçı mülkiyyətinə verirlər. Satıcılar daşınmaz əmlakı 5000 manat qiymətinə satdılar, alıcı isə həmin qiymətə aldı. İş materiallarının 67-ci vərəqində surəti olan Cavabdeh1 tərəfindən notariat kontoruna ünvanlanmış 11 noyabr 2015-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 qeydiyyatda olduğu Masallı rayonunun Şatıroba kəndində yerləşən birgə mülkiyyətlərində olan torpaq sahəsindən əri Cavabdeh2 məxsus olan torpaq sahəsinin satılmasına razılıq vermişdir. İşdəki hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Masallı rayonu, Şatıroba kəndində yerləşən 0,07 ha torpaq sahəsi 15 may 2020-ci ildə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı DƏDRXnin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 05 may 2020-ci ildə A494876 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur. İşdə surəti olan Masallı Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(050)- 27/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ona məxsus 0,07 ha torpaq sahəsində tikilmiş hasarın sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və gələcəkdə torpaq sahəsinə qanunsuz müdaxilələrinə qadağa qoyulması tələbi təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs Babayeva (Sadıqova) Gülmirə Edman qızının iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 və digərləri arasında bağlanmış AN-İ ******* nömrəli, 11 noyabr 2015-ci il tarixli 0,07 ha torpaq sahəsinin satılmasına dair alğı-satqı müqaviləsi, o cümlədən X6 adından X11 verilmiş AR-İ 404079 nömrəli, 07 noyabr 2015-ci il tarixli etibarnamə etibarsız hesab edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 0,07 ha torpaq sahəsinin mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınması barədə 15 mart 2020-ci il tarixli, ********** nömrəli qeyd, o cümlədən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********08 reyestr nömrəli Çıxarış ləğv edilmiş, məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 256 manatın İddiaçı və cavabdehlər Cavabdeh2, X7, X8, X9, X12, X2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2022ci il tarixli, 2(106)-1444/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 2(050)-27/2022 saylı, 14 mart 2022-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Masallı Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(050)-27/2022 saylı qətnaməsinin 2-ci səhifəsində və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2022-ci il tarixli, 2(106)-1444/2022 saylı qətnaməsinin 3-cü səhifəsində (“Birinci instansiya məhkəməsində icraat” başlıqlı hissəsində) İddiaçı izahatında göstərilmişdir ki, “...İddiaçı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, təqribən 2014-cü ildə cavabdehlər Cavabdeh1 və X29 ondan 3000 manat borc pul almışlar. Belə ki, onların “Molbulak” Bank Olmayan Kredit Təşkilatına kredit borcları olmuşdur. Ondan borc istəyərkən belə razılaşmışlar ki, kredit borcunu təşkilata ödədikdən sonra onlar yenidən kredit götürəcəklər və onun borcunu qaytaracaqlar. Onlarla birlikdə kredit təşkilatının Masallı şəhərində yerləşən filialına getmişlər, pulu orada Elgüngilə vermiş və onlar borcu ödədikdən sonra, təşkilatın nümayəndəsi gəlib bildirmişdir ki, gecikmələri olduğuna görə, onara növbəti dəfə kredit verə bilməyəcəklər. Bu səbəblə də Elgün və Gültəkin ona borclu qalmışlar. Üzərindən bir il keçsə də, onun pulunu qaytara bilməmişlər. Həmin müddətdə də Elgün ondan əlavə olaraq hissə-hissə 4000 manat da borc almış və nəticədə cavabdehlərin ona 7000 manat borcları yaranmışdır. Ona görə razılaşmışlar ki, borcun əvəzində ona torpaq sahəsi versinlər. Odur ki, ailə üzvləri X10, X13, Cavabdeh2, X3, X6, X20, X14, X15 razılıqları ilə onların birgə mülkiyyətlərində olan 0,18 ha həyətyanı torpaq sahəsinin 0,07 ha sahəsini ona satmışlar. Bu barədə notarial qaydada 11 noyabr 2015-ci ildə alğı-satqı müqaviləsi bağlanmış və müqavilə əsasında da mülkiyyət hüququ qeydiyyata alınaraq, Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarış almışdır. Alğı-satqı müqaviləsi bağlanan vaxt bankda depozit hesaba, o cümlədən Əcəbnisə Sadıqovaya və digərlərinə pul ödəməmişdir. Həmçinin, az vergi ödəmək üçün alğısatqı müqaviləsində satış qiymətini formal olaraq 5000 manat qeyd etmişlər. 2015-ci ildən 2020-ci ilə qədər aralarında heç bir narazılıq olmamışdır. 2020-ci ilin əvvəllərində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona təklif etmişlər ki, pulunu ona qaytarsınlar, o da torpaq sahəsini geri qaytarsın. Bu səbəblə pulu qaytarmaq üçün 5-6 ay vaxt istəmişlər, sonradan ona əvvəlcə 3000, daha sonra 5000 manat pul təklif etsələr də, az pul verdiklərinə görə onlarla razılaşmamışdır. Çünki 7000 manat borcdan əlavə o, 1000 manata qədər torpaq sahəsinin sənədləşmə işlərinə xərc çəkmişdir. Bundan sonra cavabdehlər ona məxsus torpaq sahəsində hasar çəkməklə yanaşı, digər daşınmaz əmlaklar inşa etməyə başlamışlar. O da bu səbəblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı dövründə ona 3000 manat pul təklif olunmuş, lakin cavabdehlər ona 8000 manat borcludurlar. Bundan başqa, cavabdehlər ondan və qardaşından hüquq mühafizə orqanlarına əsassız şikayətlər etmişlər. Bu səbəblə münasibətləri pozulmuşdur, cavabdehlərlə barışmaq istəmir, iddiasını müdafiə edir. Məhkəmə qətnaməsi gələcəkdə icra olunan müddətdə pulu ödənildiyi halda, söküntünün aparılmasından imtina edə bilər”. Masallı Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(050)-27/2022 saylı qətnaməsinin 3-cü səhifəsində və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2022-ci il tarixli, 2(106)-1444/2022 saylı qətnaməsinin 3-4-cü səhifələrində (“Birinci instansiya məhkəməsində icraat” başlıqlı hissəsində) Cavabdeh1 izahatında göstərilmişdir ki, “...Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, onların həqiqətən “Molbulak” Bank Olmayan Kredit Təşkilatına kredit borcları olmuşdur. Borcu bağlayıb yenidən kredit götürmək istəmişlər. Bu səbəblə 2014-cü ildə (ayı xatırlamır) Mətləb Ağayevdən faizə 3000 manat borc pul almışlar ki, borcu ödəyib, yenidən kredit götürsünlər və faizi ilə birlikdə Mətləbin pulunu qaytarsınlar. Lakin ödənişlərində gecikmələri olduğuna görə növbəti dəfə onlara kredit verməmişlər və bu səbəblə də Mətləbə borclu qalmışlar. Bundan sonra hər ay Mətləbə 300 manat faiz ödəmişlər. Hətta qaynanası Əcəbnisənin pensiya kartını da Mətləbə vermişlər ki, Mətləb pensiya pulunu özü götürsün. Pulu ödəyə bilmədiklərinə görə Mətləb onlara gələrək, əri Elgünün idarə etdiyi “Vaz 2106” markalı, avtomobilin açarlarını və sənədlərini almış, borc qaytarılacağı halda qaytaracağını bildirmişdir. Elgün də onun bu kimi hərəkətlərindən bezərək özünü intihar edəcəyini bildirmişdir. Bütün bu hallara görə mərhum qaynanası Əcəbnisə təklif etmişdir ki, Mətləbi çağırsınlar və borc məsələsini bir də danışsınlar. Mətləbə onlara gəlmiş və təklif etmişdir ki, bir şərtlə borcun tam qaytarılmasına vaxt verə bilər ki, torpaq sahəsini girov qoysunlar. Beləliklə, İddiaçı ilə razılaşmışlar ki, girov olaraq torpaq sahəsinin 0,07 ha hissəsini İddiaçı adına keçirsinlər. Pulu nə vaxt qaytarsalar, o zaman Mətləb də torpaq sahəsini geri qaytarar. Ona görə də ailə üzvlərinə borc və alğı-satqı barədə bir söz demədən onlara da alğı-satqı müqaviləsinə imza etdirmişlər. Lakin həmin alğı-satqıdan Gülmirənin məlumatı olmamışdır. Çünki o, Bakı şəhərində yaşamış və əri çox gəlibgetməyə icazə vermirdi. Alğı-satqı vaxtı onlara Mətləb heç bir pul ödənişi etməmiş, bundan başqa onlara əlavə hissə-hissə 4000 manat borc verməsi yalandır. Mətləb yalnız əlavə xərc kimi torpaq sahəsinin sənədləşmə işlərinə pul xərcləmişdir. Həmin məbləğin də nə qədər olmasını bilmir. 2015-2020-ci illərdə aralarında heç bir narazılıq olmamışdır. 2020-ci ilin əvvəllərində Mətləbə borc olan 3000 manat pulu qaytarmaq istəmişlər. Mətləb isə onlardan 8000 manat pulu tələb etmişdir. Əsası da bu olmuşdur ki, o, borc pul verdikdən sonra üzərindən uzun müddət keçmiş, pul inflyasiyaya uğramış, alğı-satqı sənədlərinə görə əlavə 1000 manata qədər xərc çəkmişdir. Ona görə də 8000 manat onlardan pul tələb etmişdir. Həmin məbləği qaytara bilmədiklərinə görə hətta Mətləbə 5000 manat pul təklif etmişlər, lakin Mətləb yenə də 8000 manat pul verildiyi halda, torpaq sahəsini rəsmi olaraq onlara qaytaracağını bildirmişdir. Hesab edir ki, həmin alğı-satqı müqaviləsi qanunsuz bağlanmışdır. O və əri yenə də borc alınmış 3000 manat pulu geri qaytarmağa razıdırlar, lakin Mətləb buna razı deyil. Göstərilənlərə əsasən iddianı əsassız hesab edir və İddiaçı iddiasının rədd olunmasını xahiş edir”. Masallı Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(050)-27/2022 saylı qətnaməsinin 3-cü səhifəsində və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2022-ci il tarixli, 2(106)-1444/2022 saylı qətnaməsinin 4-cü səhifəsində (“Birinci instansiya məhkəməsində icraat” başlıqlı hissəsində) Cavabdeh2 izahatında göstərilmişdir ki, “...Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, Cavabdeh1 ilə eyni məzmunda izahat vermişdir.” Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2022-ci il tarixli, 2(106)-1444/2022 saylı qətnaməsinin 11-ci səhifəsində göstərilmişdir ki, “...Hazırkı mübahisədən görünür ki, 11 noyabr 2015-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin bağlanmasına səbəb məhz İddiaçıla müstəqil tələb irəli sürən X6 bacısı Cavabdeh1 və qardaşı Cavabdeh2 arasında olan borc müqavilələri üzrə öhdəliyin uzun müddətdə yerinə yetirilməməsi və yaranmış mübahisəni həll etmək üçün cavabdehlərin ailəlikcə İddiaçı ilə danışıqlar aparılması və yaranmış mübahisəni həll etməklə borc müqavilələri üzrə borcun silinməsi məqsədi daşımışdır”. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2022-ci il tarixli, 2(106)-1444/2022 saylı qətnaməsinin 12-ci səhifəsində göstərilmişdir ki, “...Kollegiya əvvəlki vəziyyəti bərpa etmək məsələsi ilə bağlı həmçinin qeyd edir ki, işin mübahisəsiz halı kimi, müqavilədə satış məbləği 5000 manat qeyd olunsa da, alğı-satqı müqaviləsi bağlanan müddətdə İddiaçı depozit hesaba, o cümlədən müqavilənin digər tərəfləri olan Mahirə Sadıqovaya və digərlərinə pul ödəməmişdir. Onun borc münasibəti Cavabdeh2 və Cavabdeh1 arasında olmuşdur. Həmçinin iddiaçı tərəf 7000 manat borc pul verməsini, cavabdeh tərəf isə 3000 manat borc pul almasını etiraf edir. Bundan başqa İddiaçı 8000 manat pulun qaytarılması halında, torpaq sahəsini geri qaytarması barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə danışıqlar aparması barədə izahatı, bu halı cavabehlərin də təsdiq etməsi, məhz qaytarılmalı olan borc pulun məbləği ilə bağlı razılaşma olmadığına görə iddiaçının alğı-satqı müqaviləsinin bağlanmasından 5 ilə yaxın müddətdən sonra DƏDRX-də mülkiyyət hüququna dair çıxarış alaraq məhkəməyə müraciət etməsi ona əsas verir ki, tərəflər arasında olan alğı-satqının faktiki mahiyyəti qarantiya məqsədi daşımış, tərəflər əslində borc münasibətini pərdələmək məqsədi ilə formal olaraq alğı-satqı müqaviləsi bağlamışlar. İşin halları onu göstərir ki, iddiaçının hazırkı iddia ilə faktiki niyyəti cavabdehləri 8000 manat pulu ödəmək məcburiyyətində buraxmaqdır. Çünki məhkəməyə müraciət edilmədən öncə, hətta məhkəmə mübahisəsi müddətində cavabdehlər 8000 manat pulu qaytaracaqları halda, Mətləb Ağayevin izahatına əsasən, o, torpaq sahəsini geri qaytaracaqdı. Belə vəziyyətdə geri qaytarılmalı olan pul məbləğinin nə qədər olması mübahisəlidir. Ona görə də məhkəmə həqiqətə nail olmaq və ədalətli məhkəmə araşdırması prinsipinə əsasən həmin məsələyə hazırkı vəziyyətdə hüquqi qiymət verə bilmir. Əks halda tərəflərdən hər hansı birinin mənafeyi pozulmuş olar. Odur ki, məhkəmə İddiaçı gələcəkdə pul tələbi ilə bağlı ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququnu izah edir”. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 05 iyul 2022-ci il tarixli, 2(106)-1444/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, müqavilədə satış məbləği 5000 manat qeyd olunsa da, alğı-satqı müqaviləsi bağlanan müddətdə İddiaçı depozit hesaba, o cümlədən müqavilənin digər tərəfləri olan Mahirə Sadıqovaya və digərlərinə pul ödəməmişdir. Onun borc münasibəti Cavabdeh2 və Cavabdeh1 arasında olmuş, o cümlədən borc müqaviləsinin predmeti pul məbləği olmuşdur. Tərəflər arasında olan alğı-satqının faktiki mahiyyəti qarantiya məqsədi daşımış, tərəflər əslində borc münasibətini pərdələmək məqsədi ilə formal olaraq alğı-satqı müqaviləsi bağlamışlar. Hazırda İddiaçı alğı-satqı müqaviləsinə görə pul tələb etsə də, əslində o, əvvəlki mübahisə üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 05 iyul 2022-ci il tarixli, 2(106)-1444/2022 saylı qətnaməsi ilə tərəflər arasındakı borc münasibəti kimi qiymət verilmiş münasibətə görə pul tələb edir. Bu baxımdan məhkəmə kollegiyası bildirir ki, hazırkı mübahisəyə birinci instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətində qeyd etdiyi Mülki Məcəllənin 337.5-ci maddəsini deyil, Mülki Məcəllənin borc müqaviləsi ilə bağlı normalarını tətbiq etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 739.1-ci maddəsinin tərəflər arasında borc münasibətlərinin yarandığı zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırda mübahisəli məsələ iddiaçı tərəfindən cavabdehlərə hansı məbləğdə borcun verilməsi ilə bağlıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İddiaçı əsas məbləğ olaraq 5000 manat pul tələb etsə də, onun tərəfindən məhz 5000 manat pulun verilməsi barədə nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim edilməmiş, 5000 manat məbləğində pulu tələb edərkən, həmin məbləğin 11 noyabr 2015-ci il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsində göstərilməsinə istinad etmişdir. Lakin məhkəmə kollegiyası iddiaçının həmin dəlili ilə razılaşmayaraq bildirir ki, Masallı Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(050)-27/2022 saylı və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2022-ci il tarixli, 2(106)-1444/2022 saylı qanuni qüvvəyə minmiş qətnamələrindən də göründüyü kimi, həmin məhkəmə icraatı çərçivəsində İddiaçı öz izahatında qeyd etmişdir ki, alğı-satqı müqaviləsi bağlanan vaxt bankda depozit hesaba, o cümlədən Əcəbnisə Sadıqovaya və digərlərinə pul ödəməmişdir. Həmçinin, az vergi ödəmək üçün alğı-satqı müqaviləsində satış qiymətini formal olaraq 5000 manat qeyd etmişlər. Beləliklə, İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən göründüyü kimi, alğı-satqı müqaviləsində satış qiymətinin formal olaraq 5000 manat göstərildiyini və həmin müqavilə bağlanan zaman nə bankda depozit hesabına, nə də müqavilənin digər tərəfi olan şəxslərə hər hansı bir pul ödəmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 3000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və bildirir ki, iddiaçı apellyasiya şikayətində əslində cavabdehlərin ona 7000 manat borclu olduqlarını qeyd etsə də, nə 5000 manat, nə də 7000 manat məbləğində pulun cavabdehlərə verilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Bununla belə, Masallı Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(050)-27/2022 saylı və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2022-ci il tarixli, 2(106)-1444/2022 saylı qanuni qüvvəyə minmiş qətnamələrindən də göründüyü kimi, həmin məhkəmə icraatı çərçivəsində cavabdehlər öz izahatlarında bildirmişlər ki, onların “Molbulak” BOKT-yə kredit borcları olmuş, borcu bağlayıb yenidən kredit götürmək istədiklərindən 2014-cü ildə Mətləb Ağayevdən 3000 manat borc pul almışlar. Hazırda cavabdehlər həmin 3000 manat məbləğində borcu əslində Cavabdeh2 anası, eyni zamanda Cavabdeh1 qaynanası Əcəbnisə Sadıqovanın götürdüyünü, sonradan iddiaçı ilə aralarında narazılıqlar yaranan zaman borcun Əcəbnisə Sadıqova tərəfindən ödənildiyini, iddiaçıya hər hansı borclarının olmadığını qeyd etmişlər. Lakin onlar həmçinin qeyd etmişlər ki, borcun iddiaçıya ödənilməsi ilə bağlı hazırda hər hansı sübutları yoxdur. Halbuki, MPM-in 77.1-ci maddəsində də qeyd edildiyi kimi, hər bir tərəf öz tələb və etirazlarının əsasını təşkil edən halları sübut etmək vəzifəsi daşıyır. İddiaçı 3000 manat deyil, daha yüksək məbləğdə cavabdehlərə pul verməsini sübuta yetirə bilmədiyi kimi, cavabdehlər də iddiaçıya hər hansı borclarının olmadığını və borcun ödənildiyini sübuta yetirə bilməmişlər. Bundan əlavə, apellyasiya məhkəməsinin iclasında Cavabdeh2 3000 manat borcun mərhum anası tərəfindən ödənilməsinə görə hər hansı borclarının olmadığını bildirməsi ilə Cavabdeh1 3000 manatı onun hissə-hissə ödənilməsi şərti ilə ödəməyə razı olduqlarını qeyd etməsi də cavabdeh tərəfin dəlillərinin bir-biri ilə ziddiyyət təşkil etdiyini göstərir. Bundan başqa, iddia tələbi 440,44 manat faizə aid hissədə də təmin edilməmişdir. Məhkəmə kollegiyası həmin hissədə iddia tələbinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, iddiaçı məhz alğı-satqı müqaviləsinin dəyəri olan 5000 manat pula görə ona faizlər ödənilməsini tələb etmiş, borc verilmiş pula görə faiz tələbi irəli sürməmiş, bununla yanaşı, həmin faizi hansı qaydada hesabladığını göstərməmişdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşdəki 17 mart 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi qismən təmin edildiyindən, birinci instansiya məhkəməsi təmin edilmiş iddia tələbi məbləğinə mütənasib olaraq cavabdehlərdən 41,02 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi ilə bağlı hissədə də düzgün nəticəyə gəlmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən hissələrdə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamış, düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmişdir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 2(050)-1236/2023 saylı, 23 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə qəbul edilmiş qətnamənin iddiaçı tərəfindən mübahisələndirilən hissəsində iddianın qiyməti 2440,44 manat, cavabdehlər tərəfindən mübahisələndirilən hissəsində iddianın qiyməti isə 3000 manat olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-1236/2023 saylı, 23 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar