Məhkəmə qərarları › İş №2(106)-337/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-337/2023

07.02.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-337/2023 07.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X3 iştirakı ilə, İddiaçı cavabdeh Neftçala Mənzil Kommunal X1rşı «mənzilin sənədləşdirilməsi» tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qərardadından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin şikayətinə baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Neftçala Mənzil Kommunal X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Neftçala Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən, onun hüquq və maraqlarına toxunduğunu iddia edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir Neftçala Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qərardadı ilə, apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi şikayət vermək hüququ olmayan şəxsdir. Qərardaddan narazı qalan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi şikayət vermiş, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə qətnaməsi onun maraqlarına toxunur, İdarə iş üzrə maraqlı şəxs qismində göstərilmişdir, onun qətnamədən şikayət vermək hüququ vardır. Neftçala Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması ilə əlaqədar apellyasiya baxışında tərəflər və şikayətçi iştirak etməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-in) 376.2-ci maddəsinə əsasən şikayətə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək apellyasiya şikayəti qəbul edilməlidir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytararkən ona əsaslanmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Neftçala Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli qətnaməsindən şikayət vermək hüququ yoxdur və ya qətnamə onun hüquqlarına toxunmur. Kollegiya aşağıdakılara əsasən məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Ərazi İdarəsi ən azı prosesə cəlb edilən şəxsdir, proses iştirakçısıdır. Birinci instansiya məhkəməsi qərarında qeyd etməsə də o, üçüncü şəxs qismində cəlb edilməlidir. Bundan başqa, qətnamənin nəticə hissəsində mülkiyyət hüququnun tanınması ilə yanaşı, bu hüququn qeydə alınması və müvafiq çıxarışın verilməsi də nəzərdə tutulmuşdur. Bu vəzifələr də həmin idarənin səlahiyyətinə aiddir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. “M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 iyun 2017-ci il tarixli qərarında göstərmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər qanunvericiliyin tələblərinə əməl etməklə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququna malikdirlər. Qanunverici bir-birini təkzib edən nəticələri olan məhkəmə aktlarının mövcud olmamasını təmin etmək məqsədi ilə qanuni qüvvəyə minmiş qətnamələrə yuxarı instansiya məhkəmələri tərəfindən yenidən baxılması imkanını nəzərdə tutur. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında dəfələrlə istinad etdiyi hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir və hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyrimüəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının MPM-nin 387.2-ci maddəsinin tələbinə görə, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılması (387.2.2), eləcə də məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsi (387.2.4) şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsasdır. Kollegiya hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin apellyasiya şikayət vermək hüququ vardır. Göstərilənlər onu deməyə əsas verir ki, şikayətçinin maraqlı şəxs qismində prosesə cəlb edilməsinə baxmayaraq, onun apellyasiya şikayətini qaytarmaqla birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuşdur ki, bu da qərardadın ləğvi üçün əsasdır. Beləliklə, Kollegiya hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, apellyasiya şikayəti icraata qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.3-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin şikayəti təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(053)-733/2022 saylı qərardadı ləğv edilsin. Neftçala Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(053)-733/2022 saylı qətnaməsindən, qətnamənin hüquq və maraqlarına toxunduğunu iddia edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin apellyasiya şikayəti qəbul edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar