Məhkəmə qərarları › İş №2(106)-337/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-337/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-337/2024 14.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun tutulması barədə” kiçik iddiasına dair sadələşdirilmiş icraat qaydasında baxılmış mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-1950/2023 saylı, 01 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 283,51 ABŞ dolları əsas, 0 ABŞ dolları faiz, cəmi 283,51 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla X2 arasında bağlanmış 1306tkİMS/15 saylı, 14 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit) 500 ABŞ dolları məbləğində kredit limiti ayırır, ona bank hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. X8 26 dekabr 2015-ci ildə vəfat etmişdir. İmişli Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin məlumatına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhumun vərəsəsi olduğu müəyyən edilmişdir. Bu isə cavabdehlərin mərhumun hüquqi varisi olmaları anlamına gəlir. Cavabdehlər Mülki Məcəllənin 1309-cu maddəsinə uyğun hərəkət etməyərək mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişlər. İddiaçı isə bu barədə məlumatı özü əldə etmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş, kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdehlər iddia ərizəsinə yazılı qaydada etiraz edərək bildirmişlər ki, tələb üzrə iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür. Belə ki, oğulları olan Valeh Əmirovun vəfatından 8 ilə yaxın müddət keçmişdir. İmişli Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(036)-1950/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ülvi Qənbərov) iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən təmin olunmamışdır. Qətnamədən narazı qalan iddiaçı "xxxx" KB ASC apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(036)- 1950/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə X2 arasında bağlanmış 1306tkİMS/15 saylı, xx.xx.2015-ci il Kredit xətti və bank hesabı müqaviləsinin 1.1-ci bəndinə əsasən, bank borcalana 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit) xx.xx.2022-ci il tarixinədək 500 ABŞ dolları məbləğində kredit limiti ayırır, ona bank hesabı (cari, ssuda) açır və plastik kart təqdim edir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. X2 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İmişli Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin məlumatına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhumun vərəsələri olduğu müəyyən edilmişdir. Odur ki, "xxxx" KB ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə cəmi 283,51 ABŞ dolları yalnız əsas borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2023 tarixli, 2(036)-1950/2023 saylı qətnaməsi ilə "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbi rədd edilmişdir. Məhkəmə qətnamə çıxararkən Azərbaycan Respiblikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsaslanaraq hesab etmişdir ki, kreditor "xxxx" KB ASC ilə X2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1306tkİMS/15 saylı kredit xətti və bank hesabı müqaviləsi üzrə öhdəliyin icra müddəti bitdikdən sonra üç il müddətində bank iddia qaldırmayaraq tələb üzrə iddia müddətini ötürmüşdür. Lakin məhkəmə qətnamə çıxararkən "xxxx" KB ASC ilə X2 arasında bağlanmış 1306tkİMS/15 saylı, xx.xx.2015-ci il kredit müqaviləsinin 84 ay müddətinə bağlanmasını, həmin kredit müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitməsini və belə olan halda müqavilə üzrə iddia müddətinin xx.xx.2025-ci il tarixdə başa çatmasını, iddiaçı tərəfindən isə kredit müqaviləsi üzrə borcun borcalanın vərəsələrindən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət etməsini nəzərə almamışdır. Qeyd olunanlardan və iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş sübutlardan göründüyü kimi, iddiaçı iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. Ona görə də İmişli Rayon Məhkəməsinin sözügedən qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və "xxxx" KB ASC-nin iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 377.2-ci maddəsinə və Konstitusiya Məhkəməsinin Plenum qərarına görə hazırkı iş üzrə 3 illik iddia müddətinin hesablanması "xxxx" KB ASC ilə X2 arasında 84 ay müddətinə bağlanmış 1306tkİMS/15 saylı, xx.xx.2015-ci il kredit müqaviləsinin müddəti bitdikdən sonra, yəni xx.xx.2022-ci tarixdən sonra başlanır və xx.xx.2025-ci il tarixdə başa çatacaqdır. Məhkəmə iş üzrə təqdim edilmiş kredit müqaviləsinin bitmə müddəti, iddia müddətinin isə kredit müqaviləsinin müddətinin bitdiyi günün ertəsi günündən etibarən başlaması məsələlərinə baxmamış, nəticədə yanlış qətnamə çıxarmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının apellyasiya qarşı yazılı qaydada etiraz etmiş, etirazda iddiaçının tələbinin təmin olunmamasını xahiş etmişlər. İddiaçı "xxxx" KB ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İmişli Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 16 saylı məktubunda xx.xx.2015-ci il tarixdə vəfat etmiş X3 qanun üzrə vərəsələrinin müraciətləri əsasında xx.xx.2020-ci ildə vərəsəlik işinin açılması və atası Cavabdeh2 və anası Cavabdeh1 qanun üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi göstərilmişdir (Mirasın tərkibi kimi isə torpaq sahəsi qeyd olunmuşdur). Odur ki, mərhum X2 ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1306tkİMS/15 saylı kredit xətti və bank hesabı müqaviləsi üzrə qalıq borcun yuxarıda adları qeyd olunan şəxslərdən tutulması üçün iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin cavabdehlər isə iddiaçı tərəfindən mərhumun ailə üzvlərinin (valideynlərinin) avtomatik olaraq vərəsə hesab edildiyi üçün onlara qarşı iddia qaldırıldığını hesab edirlər. "xxxx" KB ASC ilə X2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1306tkİMS/15 saylı kredit xətti və bank hesabı müqaviləsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli, 551 saylı Fərmanının təsirinə düşmüş və hesablanmış 262,88 manat kompensasiya qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilmişdir. Qeyd olunan məbləğ 154,63 ABŞ dolları xx.xx.2019-cu il tarixdə ödəniş kimi köçürülərək kredit müqaviləsi üzrə əsas borcun ödənilməsinə yönəldilmiş və bundan sonra həmin kredit müqaviləsi üzrə cəmi 283,51 ABŞ dolları əsas məbləğ üzrə borc qalmışdır. Kredit müqaviləsi üzrə qalıq məbləğin (283,51 ABŞ dolları təxminən 481,95 manat) restrukturizasiya olunması nəzərdə tutulsa da, məlum səbəbdən bu mümkün olmamışdır. Göstərilənlər nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 394-1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda iddiaçı birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qətnamənin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki xx.xx.2015-ci il tarixli, 1306tkİMS/15 saylı kredit xətti və bank hesabı müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən "xxxx" KB ASC müştəri X4 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit) xx.xx.2022-ci il tarixədək 500 ABŞ dolları məbləğində kredit limiti ayırır, ona bank hesabı (cari, ssuda) açır və plastik kart təqdim edir. Müştəri isə həmi kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. İşdəki "xxxx" KB ASC tərəfindən tərtib olunmuş 07 iyun 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, "xxxx" KB ASC-nin müştərisi olan X3 1306tkİMS/15 saylı kredit müqaviləsi üzrə 07 iyun 2023-cü il tarixinə olan borcu aşağıdakı kimidir: 283,51 ABŞ dolları əsas məbləğ üzrə borc, 0 ABŞ dolları faiz üzrə borc, 0 ABŞ dolları cərimə faizləri, 0 ABŞ dolları komisyon haqqı olmaqla, cəmi 283,51 ABŞ dolları. İşdəki AZ-İ 763540 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 26 dekabr 2015-ci ildə ölmüşdür. X5 “ASAN Xidmət” Mərkəzində notariat ofisinin 11 yanvar 2023-cü il tarixli, 16 nömrəli məktubundan görünür ki, xx.xx.2015-ci ildə vəfat etmiş X3 qanun üzrə vərəsələrinin müraciətləri əsasında xx.xx.2020-ci ildə vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X1 İmişli Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisinə müraciət etmiş qanun üzrə vərəsələrinin əhatə dairəsi aşağıdakı kimidir: 1) Cavabdeh2 (atası); 2) Cavabdeh1 (anası). İşdəki xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verilməsi və iddia müddətinin tətbiqi barədə cavabdehlər tərəfindən ərizə verilməsi səbəbi ilə iddianı rədd etmişdir. İddiaçı da apellyasiya şikayətində iddia müddətinin ötürülmədiyini bildirmişdir. İddia müddətinin ötürülüb-ötürülməməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında qeyd edilir ki, MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. "xxxx" KB ASC ilə mərhum X2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit xətti və bank hesabı müqaviləsinin 3.1-ci bəndinə əsasən, kreditin və kreditdən istifadəyə görə faizlərin və əsas borcun Valeh Əmirov tərəfindən banka qaytarılmasının dövriliyi tərəflər arasında yazılı razılaşdırılmış ödəniş şərtləri ilə müəyyən olunur. Müştəri bu müqavilə üzrə ödənişləri “ödəmə müddəti” ərzində ödəməlidir, kreditin verildiyi tarix olmaqla növbəti ayın həmin tarixi və sonrakı 40 gün “ödəmə müddəti” adlanır. İş materiallarından da müəyyən edilir ki, X2 onun üçün ayrılmış kredit xəttindən sonuncu dəfə məhz 2015-ci ildə istifadə etmiş, elə həmin ilin dekabr ayının 26-da vəfat etmişdir. Valeh Əmirov 2015-ci ildə kredit xəttindən istifadə etsə də, müqavilənin 3.1-ci bəndinə uyğun olaraq müəyyənləşdirilən ödəmə müddəti ərzində ödənişləri etməmiş, iddiaçı bank isə ödənişlərin həyata keçirilməməsi səbəblərini araşdırmamış, yalnız bundan 7 ildən də artıq müddət keçdikdən sonra iddia qaldırmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu iddia müddətini belə izah etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mərhum Valeh Əmirovun vərəsələri onun ölməsi və mirasın açılması barədə banka hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq bildirir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu baxımdan iddiaçının həmin dəlili əsaslı sayıla bilməz. Belə ki, bank tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsinin səbəbinin araşdırılmaması onun intizamsızlığının göstəricisi kimi çıxış edir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli Qərarında qeyd edilir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009cu il tarixli və s. Qərarlar). Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi yanaşmalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin iddia müddəti ötürülməklə verilməsi faktı təsdiq olunduğundan birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi rədd edilməklə maddi hüquq normaları düzgün tətbiq və təfsir edilmiş və iş üzrə düzgün nəticəyə gəlinmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq bildirir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumuna dair hissədə də iddianı təmin etməməkdə haqlı olmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 119.5-ci maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(036)-1950/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Apellyasiya şikayətinin verilməsinə görə iddiaçı "xxxx" KB ASC tərəfindən ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar