Məhkəmə qərarları › İş №2(106)-338/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-338/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-338/2023 14.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(018)-1434/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 fevral 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: İddiaçı ASC Cavabdeh qarşı kredit borcu tələbinə dair məhkəməyə müraciət edərək Cavabdeh 3092 (üç min doxsan iki) manat 93 (doxsan üç) qəpik məbləğdə əsas kredit borcu, 26 (iyirmi altı) manat 5 (beş) qəpik məbləğdə kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 3118 (üç min yüz on səkkiz) manat 98 (doxsan səkkiz) qəpik məbləğdə borcu, həmçinin 51 (əlli bir) manat 19 (on doqquz) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(018)-1434/2022 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddia tələbinin təmin olunması, Cavabdeh 20 dekabr 2019-cu il tarixli 012CASA193610059 saylı güzəştli kredit müqaviləsi üzrə 3092 (üç min doxsan iki) manat 93 (doxsan üç) qəpik əsas, 26 (iyirmi altı) manat 5 (beş) qəpik faiz, cəmi 3118 (üç min yüz on səkkiz) manat 98 (doxsan səkkiz) qəpik və 51 (əlli bir) manat 19 (on doqquz) qəpik məbləğdə ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gəlməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1 və 442-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin mühüm əhəmiyyəti olan faktiki halları hərtərəfli araşdırılmamışdır. Eyni zamanda, cavabdeh öz şikayətində iddia tələbində göstərilən məbləğin böyük olduğunu və onun hesablanma qaydasının qeyd edilmədiyini bildirmişdir. Bundan başqa, o, öz şikayətində hazırkı iddia tələbi üzrə iddia müddətinin buraxıldığını göstərmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Astara Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(018)-1434/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı ASC tərəfindən Cavabdeh apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 394-1.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Odur ki, kollegiya apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılmasına məqsədə müvafiq hesab etmişdir. Apellyasiya baxışının hədləri: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Astara Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(018)-1434/2022 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 408.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları araşdırmış və mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(018)- 1434/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-in 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli 012CASA193610059 saylı güzəştli kredit müqaviləsi üzrə cavabdehə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 12 ay güzəşt müddəti olmaqla 3092 (üç min doxsan iki) manat 93 (doxsan üç) qəpik məbləğində kredit verilmişdir. İş materiallarında 27 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3092 (üç min doxsan iki) manat 93 (doxsan üç) qəpik əsas kredit borcu, 26 (iyirmi altı) manat 5 (beş) qəpik faiz, cəmi 3118 (üç min yüz on səkkiz) manat 98 (doxsan səkkiz) qəpik məbləğdə borcu vardır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, Cavabdeh 20 dekabr 2019-cu il tarixli 012CASA193610059 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə sözügedən kredit müqaviləsi üzrə 3092 (üç min doxsan iki) manat 93 (doxsan üç) qəpik əsas 26 (iyirmi altı) manat 5 (beş) qəpik faiz, cəmi 3118 (üç min yüz on səkkiz) manat 98 (doxsan səkkiz) qəpik məbləğdə borc hesablanmışdır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya bununla əlaqədar qeyd edir ki, iddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Belə ki, Cavabdeh hazırkı iş üzrə kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək nəticədə İddiaçı ASC-nin ödənilməli olan əsas borc və borca görə hesablanmış faizləri ödəməmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını tədqiq edərək cavabdehin apellyasiya şikayətinin dəlillərində göstərilənlərlə bağlı diqqətə çatdırmağı zəruri hesab edir ki, iddia tələbində öz əksini tapmış kredit borcunun (əsas və faiz) hesablanması barədə iş materiallarında sübutlar mövcuddur. Həmin məbləğin hesablanmasının düzgün olmadığı barədə isə cavabdeh tərəfindən məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Buna görə də, cavabdehin iddiaçı qarşısında yuxarıda qeyd edilən 20 dekabr 2019-cu il tarixli 012CASA193610059 saylı kredit müqaviləsi əsasında meydana gəlmiş öhdəlik icra edilməlidir. Habelə, MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 408.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləcə, iddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Bundan başqa, hazırkı iddia tələbi üzrə iddia müddətinin buraxılması barədə cavabdehin dəlilinə dair qeyd edilməlidir ki, tərəflər arasında öhdəliyin yaranma səbəbi kimi 60 ay müddətinə bağlanmış olan 20 dekabr 2019-cu il tarixli 012CASA193610059 saylı kredit müqaviləsinin icra müddəti hazırda bitməmişdir. Bu baxımdan cavabdehin həmin dəlili tamamilə əsassızdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin yuxarıdakı dəlilləri ilə bağlı, həmçinin qeyd edir ki, MPM-in 284-1-ci maddəsinə əsasən “mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.”. Qeyd olunan normanın məzmunundan başa düşülür ki, iddianın qiyməti mülki işlər üzrə 5000 manatdan aşağı olduğunda məhkəmə mülki işlərə tərəflərin iştirakı olmadan iş materiallarında olan sübutlar əsasında baxır. Hal hazırkı mülki iş üzrə iddianın qiyməti 3118 manat 98 qəpik məbləğ təşkil etdiyi üçün mülki işə birinci instansiya məhkəməsində tərəflərin iştirakı olmadan məhkəmə baxışı keçirilmədən baxılmışdır. Kollegiya qeyd edir ki, iş materiallarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, 14 noyabr 2022-ci il tarixdə cavabdehə məhkəmə bildirişi göndərilmiş və bildirişdə cavabdehin hüquq və vəzifələri də qeyd olunmuş, cavabdeh isə verilmiş iddia tələbinə etiraz etməmişdir. Məhkəmə kollegiyası yekun olaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizələrdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Astara Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(018)-1434/2022 saylı qətnaməsinin ləğv edilməsi üçün MPM-in 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(018)-1434/2022 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar