Məhkəmə qərarları › İş №2(106)-345/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-345/2023

27.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-345/2023 27.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(057)-578/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı Salyan Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ərizəsində 05 noyabr 2021-ci il tarixdə Cavabdeh törətdiyi yol-nəqliyyat qəzası nəticəsində iddiaçıya məxsus “Toyota RAV-4” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismara yararsız vəziyyətə düşməsi ilə əlaqədar vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 11.288 manat, avtomobilin əmtəəlik görünüşünü itirməsinə görə 15.000 manat, taksi xidmətindən istifadəyə görə çəkilmiş xərcin əvəzi olaraq 500 manat, «qiymətləndirmə aktı»nın tərtib edilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq 250 manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 1.000 manat, cəmi 28.038 manat, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 176 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər birgə nikah dövründə “Toyota RAV-4” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili almışlar. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi İddiaçı2 adınadır və İddiaçı2 tərəfindən İddiaçı1 avtomoili idarə etmək üçün etibarnamə verilmişdir. İddiaçı1 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, A.Cəlilov küçəsində “Toyota RAV-4” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman iş üzrə Cavabdeh idarə etdiyi mopedi avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. Nəticədə iddiaçıların avtomobilinə zərər dəymişdir. Hadisəni araşdırmış Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin xx.xx.2021-ci il tarixli qərarı əsasında Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin AR İXM-nin 338.4-cü maddəsi ilə tərtib etdiyi xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında müvafiq qərarla 40 manat məbləğində cərimə olunmuşdur. Ziyanın məbləğini müəyyənləşdirmək üçün "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktı alınmışdır. Həmin akta əsasən yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə 11.288 manat zərər dəyməsi müəyyən olunmuşdur. Cavabdehdən dəymiş zərərin ödənilməsi tələb edilsə də sonuncu tələbi icra etməmişdir. Bundan əlavə, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-dən ehtiyat hissələri olan 45 manat dəyərində bir ədəd ponper və rezini alınmışdır. xx.xx.2021-ci il tarixdə 250 manat dəyərində bir ədəd yağ karterinin şaybasını, xx.xx.2022-ci il tarixdə isə 1390 manat dəyərində isə avtomobilin alın şüşəsi alınmışdır. Bundan başqa digər ehtiyat hissələri də alınmışdır, lakin avtomobilin təmir və boya işləri başqa yerdə aparılmışdır. Çəkilmiş xərclərlə bağlı sənəd yoxdur. Ehtiyat hissələri 3 ay ərzində alınmışdır. "xxxx" MMC-də təmir işlərinin gördürülməsinin səbəbi görüləcək işlərlə bağlı pulun qabaqcadan nağd şəkildə ödənişinin istənilməsi olmuşdur. Bundan əlavə, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli qiymətəndirmə aktının alınması üçün isə 250 manat ödəniş edilmişdir. Avtomobilin əmtəəlik görünüşünü itirməsinə görə 15.000 manat, taksi xidmətindən istifadəyə görə çəkilmiş xərcin əvəzi olaraq 500 manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 1.000 manat tələb edilir. Birinci instansiya məhkəməsində iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmiş və ekspertin rəyinə etirazlarının olmadığını bildirmişlər. Cavabdeh birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində izahat verən Cavabdeh qardaşı X3 bildirmişdir ki, 05 noyabr 2021-ci il tarixdə hadisə baş vermiş və qardaşı 40 manat cərimə edilmişdir. Hadisədən sonra qardaşı xəsarət aldığı üçün onlar da şikayət etməmişlər. Məhkəmə bildirişini aldıqdan sonra iddiaçıların məhkəməyə təzminat tələbi ilə bağlı ərizə vermələrini bilmişlər. Onlara imkanları olmadığını demişlər. xx.xx.2022-ci ildə qardaşı Rusiyaya getmiş və hazırda Moskva şəhərindədir. Bu səbəbdən məhkəməyə gələ bilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Salyan Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(057)-578/2022 nömrəli qətnaməsi ilə (hakim Ağarza Səmədov) iddia qismən təmin edilmiş, Cavabdeh 9566,10 manat və iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 60 manat pul alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Salyan Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(057)- 578/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçılara dəymiş zərərin məbləği düzgün hesablanmamış, ondan real ziyan deyil, şişirdilmiş ziyan tutulmuşdur. Ekspert rəyində avtomobilin hansı ehtiyat hissələrinə ziyan dəyməsi və onların hazırkı bazar qiymətlərinin nə qədər olması göstərilməmişdir. Bundan əlavə, hadisə nəticəsində ziyan dəymiş avtomobilin real olaraq qiymətləndirilməsi həyata keçirilməmiş, iddia ərizəsində və qətnamədə avtomobilin qabaq hissəsinin toqquması göstərilmişsə, ziyan bu qədər şişirdilmiş olmamalıdır. Ərazidəki müşahidə kameralarına baxılsa, görünər ki, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra iddiaçı öz avtomobilindən düşərək onu qucaqlamış, aralarında xoş niyyətli söhbət olmuş, iddiaçı ona demişdir ki, “--- Yaxşı ki, sənə bir şey olmadı, qarşdaş, maşın düzələn şeydir, yoldaşım hamilədir, yoxsa mən nə edərdim? Narahat olma heç nə üçün. Mənim sığortam da kaskom da var. Özüm hər şeyi həll edəcəyəm”... Hadisə fevral ayının 19-da baş verməsinə baxmayaraq iddiaçı noyabr ayında məhkəməyə müraciət etmişdir. Demək ki, iddiaçının belə bir fikri olmamışdır və kasko sığortası olduğu üçün onun avtomobilinə çəkilən xərclər kasko sığortası tərəfindən qarşılanmışdır. Eyni zamanda hadisənin araşdırılması ilə bağlı Xətai RPİ TŞ-dən material tələb olunmalı və birbaşa həmin material araşdırılmaqla ziyan barədə qənaətə gəlinməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək Salyan Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(057)-578/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasına gəlməmişlər və iştirak etməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər. İş materialında olan Bakı şəhəri, Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh təqsirli olması müəyyən edilmiş və cinayət işinin başlanması rədd edilmişdir. İş materialında olan Bakı şəhəri, Xətai Rayon DYPŞ-nin tərtib etdiyi xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materialında olan Bakı şəhəri, Xətai Rayon DYPŞ-nin tərtib etdiyi xx.xx.2022-ci il tarixli, TP4860699 saylı inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə olunmuşdur. İş materialında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Toyota RAV-4” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin cəmi dəyəri 6520, 34 manat, görülmüş işlər 3045,76 manat və ƏDV 1721.90 manat olmaqla cəmi 11288 manat müəyyən edilmişdir. İş materialında olan "xxxx" MMC-nin hesab-fakturasından görünür ki, qiymətləndirmə ilə bağlı 250 manat ödəniş ödənilmişdir. İş materiallarında Azərbaycan Respublikas Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 avqust 2022-ci il tarixli, 9/4298 saylı ekspert rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Toyota RAV-4” markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 9566,10 manat müəyyən edilir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən belə qənaətə gəlmişdir ki, İddiaçı1 “Toyota RAV-4” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman Cavabdeh idarə etdiyi moped avtomobilin qabaq şüşəsi ilə toqquşmuş və nəticədə “Toyota RAV-4” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Yol nəqliyyat hadisəsində cavabdehin təqsirli olması cavabdehin təhqiqat zamanı verdiyi ifadələrlə, Bakı şəhəri, Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı və Bakı şəhəri, Xətai Rayon DYPŞ-nin tərtib etdiyi xx.xx.2022-ci il tarixli, TP4860699 saylı inzibati xəta haqqında qərarla sübuta yetirilmişdir. Cavabdeh qeyd olunan hadisəyə görə inzibati qaydada məsuliyyətə cəlb olunmuş, barəsində qəbul olunmuş inzibati tənbeh tətbiq etmə barədə qərar qanuni qüvvəsini almışdır. Avtomobilə vurulmuş maddi ziyanın əvəzi kimi Azərbaycan Respublikas Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 avqust 2022-ci il tarixli, 9/4298 saylı ekspert rəyi əsas götürülməlidir. Ona görə də iddia qismən təmin olunmalı, Cavabdeh 9566,10 manat tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2.6.Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 21.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1-ci və 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115.Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissələrdə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı1 “Toyota RAV- 4” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman Cavabdeh idarə etdiyi moped avtomobilin qabaq şüşəsi ilə toqquşmuş və nəticədə “Toyota RAV-4” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Yol nəqliyyat hadisəsində cavabdehin təqsirli olması cavabdehin təhqiqat zamanı verdiyi ifadələrlə, Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı və Bakı şəhəri Xətai Rayon DYPŞ-nin tərtib etdiyi xx.xx.2022-ci il tarixli, TP4860699 saylı inzibati xəta haqqında qərarla sübuta yetirilmişdir. Məıhkəmə kollegiyası hazırkı işin müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq bildirir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan şərtlər mövcuddur və iş materialında olan sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə də razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinə əsasən, tədqiq edilən 2011-ci il buraxılışlı “Toyota RAV-4” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 9566,10 manat müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası avtomobilə dəymiş zərərlə bağlı apellyasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, cavabdeh apellyasiya şikayətində ekspert rəyinin qeyri-mötəbər sübut hesab etməsinə əsaslansa da, bu hal məhkəmənin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, ekspert tərəfindən rəy tərtib edilərkən rəydə qüsur aktı iddiaçının avtomobilinin zərər dəymiş ehtiyat hissələrin müəyyən edilməsi üçün nəzərə alınmış, həmin hissələr üzrə bazar dəyərinə uyğun qiymətləndirmə aparılması göstərilmişdir. Cavabdeh isə məhkəməyə həmin rəyin qeyri-mötəbərliyini təsdiq edəcək hər hansı sübutu və ya iddiaçıya məxsus avtomobilin zərər dəymiş hissələrinin düzgün qeyd olunmadığı, bu əsasla zərər məbləğinin düzgün hesablanmadığı barədə hər hansı sübutu təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(057)-578/2022 nömrəli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar