Məhkəmə qərarları › İş №2(106)-35/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-35/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-35/2023 24.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(064)-566/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC məhkəmədə iddia qalıdıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 7198 ABŞ dolları 86 sent əsas borc, 4144 ABŞ dolları 14 sent faiz borcu, 1124 ABŞ dolları 46 sent cərimə borcu olmaqla, cəmi 12467 ABŞ dolları 46 sent məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh zayev İxtiyar Qarahüseyn oğlu ilə iddiaçı "xxxx" ASC arasında xx.xx.2014-cü tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 28 faiz olmaq şərti ilə 7700 ABŞ dolları məbləğində kredit götürmüşdür. Müqavilənin təminatı olaraq Cavabdeh2 ilə həmin tarixli zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh1 vermişdir. Lakin cavabdeh həmin müqavilələr üzrə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş və bu günə kimi olan borclarını ödəməmişlər. Cavabdeh1 ilə iddiaçı arasında bağlanılmış kredit müqaviləsinin şərtlərini pozaraq üzərlərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi, yəni kredit borcunu ödəmədiyi üçün borclunun iddiaçıya xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 7198.86 ABŞ dolları əsas borc, 4144.14 ABŞ dolları faiz borcu, 1124.46 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12467.46 ABŞ dolları məbləğində borcu yaranmışdır. Odur ki, həmin borc məbləğinin cavabdehlərdən tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul olunması xahiş olunmuşdur. Füzuli Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(064)-566/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7198.86 ABŞ dolları əsas borc, 1487.19 ABŞ dolları faiz borcu, 720 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 9406.05 ABŞ dollarının qətnamənin icra olunduğu vaxta Azərbaycan manatına olan məzənnəsi ilə borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi "xxxx" ASC-nin xeyrinə tutulması və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı "xxxx" ASC Füzuli Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(064)- 566/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən - faiz və cərimə borcu hissələrində ləğv edilərək, iddia tələbinin həmin hissələrdə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ: İddiaçı "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işdə olan sübutlara obyektiv qiymət verməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslanmamış və işə birtərəfli baxmaqla yalnış nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsində qeyd edilir ki, məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/2728 saylı ekspert rəyində, iş materiallarında olan maliyyə arayışı məlumatlarına əsasən 04 dekabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh1 İddiaçı ASC-yə olan borcu, əsas borc üzrə 7198 ABŞ dolları 86 sent, faiz borcu üzrə 4144 ABŞ dolları 14 sent olması göstərilmişdir. Məhkəmə maliyyə arayışı məlumatları əsasında verilmiş ekspert rəyini, həmçinin, müqavilənin bitdiyi tarixdən sonra faizlərin hesablanmasını əsaslı hesab etməyərək və eyni zamanda, mütəxəssis rəyi olmadan 04 dekabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə 1 saylı əlavədə banka ödəniləcək ümumi faiz məbləğindən maliyyə arayışında qeyd edilən faizdən ödənilən cəmi məbləği çıxaraq, qalan 1487 ABŞ dolları 19 sent faiz borcunun cavabdehlərdən tutulmasını əsaslı hesab etmişdir. Tərtib olunmuş maliyyə arayışı hesabdan çıxarış məlumatlarını tam əks etdirdiyindən müqavilə müddətinin sonuna olan faiz borcu Bank tərəfindən əsaslı olaraq 4144 ABŞ dolları 14 sent məbləğ müəyyən edilmişdir. Məhkəmə qətnaməsini cərimə hissəsində azaldarkən qanunun bu normasını, yəni tənasüb müəyyənləşdirilərkən “kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki, cərimə pulunun 720 ABŞ dolları məbləği həddində müəyyən edilməsi 7198 ABŞ dolları 86 sent məbləğində əsas borc ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, özləri və ya nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2014 tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-dən 24 ay müddətinə illik 28 faiz olmaq şərti ilə 7700 ABŞ dolları məbləğində kredit götürməsi barədə razılaşmışlar. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-dən imza edərək 7700 ABŞ dolları məbləğində pul götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli ********* ZM saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə "xxxx" ASC arasında qeyd olunan kredit müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmışıdr. İş materiallarına əlavə edilmiş xx.xx.2014 tarixli ********* saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, banka ödəniləcək ümumi faiz məbləği 2447 ABŞ dolları məbləğ təşkil edir. İş materiallarına əlavə edilmiş Kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, müqavilənin bitdiyi xx.xx.2016-cı il tarixə Cavabdeh1 ödəniş cədvəlinə uyğun olaraq 7700 ABŞ dolları əsas borcu olmaqla, faiz borcu 2445.45 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borclarının yaxın müddətlərdə ödəməsi barədə rəsmi xəbərdarlıq edilmişlər. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə xx.xx.2021-ci il tarixli 9/2728 saylı ekspert rəyində, iş materiallarında olan maliyyə arayışı məlumatlarına əsasən xx.xx.2014 tarixli ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 "xxxx" ASC-yə olan borcu, əsas borc üzrə 7198,86 ABŞ dolları, faiz borcu üzrə 4144,14, ABŞ dolları olması göstərilmişdir. xx.xx.2017-ci il tarixdə tərtib olunmuş maliyyə arayışında əsas borcun qalığının 7198,86 ABŞ dolları, faiz borcunun məbləği 4144,14, ABŞ dolları, faizdən ödənilən cəmi məbləğin 958,26 ABŞ dolları olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Habelə, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Bu baxımdan, hazırkı Füzuli Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(064)- 566/2021 saylı qətnaməsi iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinə münasibətdə yoxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(064)-566/2021 saylı qətnaməsi faiz borcunun tutulması hissədə dəyişdirilməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlardan – işin apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 iddiaçıya ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 04 dekabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 04 dekabr 2016-cı il tarixə (kredit müqaviləsinin son tarixə) iddiaçıya olan əsas və faiz borcu 10295 ABŞ dolları 56 sent məbləğində müəyyən edilir. O cümlədən: 04 dekabr 2016-cı il tarixə əsas borc üzrə 7198 ABŞ dolları 80 sent, faiz borcu üzrə 3096 ABŞ dolları 76 sent. QEYD: 04 dekabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına görə 04 dekabr 2016-cı il tarixdən (kredit müqaviləsinin son tarixi) sonra əsas borcdan 6119 manat 52 qəpik məbləğində kompensasiya ödənişi və 429 ABŞ dolları 33 sent məbləğində ödəniş edilmişdir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, məhkəmə tərəfindən iş üzrə zəruri olan və mühüm əhəmiyyət kəsb edən bütün hallar düzgün qiymətləndirilməmiş və lazımi qaydada ekspertiza keçirilərək müvafiq rəyin mötəbər sübut olaraq əldə edilməsi üçün vacib olan addımlar atılmamışdır. Belə ki, işdən də göründüyü kimi, birinci instansiya məhkəməsi faiz borcunun tutulması hissədə düzgün hesablama aparmamışdır. Bundan başqa, MM-in 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. MM-in 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. MM-in 467-ci maddəsinə görə məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən cərimə borcunun tutulması hissədə qətnamənin dəyişdirilməsi üçün əsasların olmadığı qənaətinə gəlir. Belə ki, kollegiya işin hallarını, qanunvericiliyin qeyd edilən imperativ tələblərini, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən cərimə məbləğinin 720 ABŞ dolları məbləğinədək azaldılmasını qanunamüvafiq və mövcud məhkəmə praktikasına uyğun hesab edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləlikə, kollegiya diqqətə çatdırır ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər. Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda, ödənişi tam etməmiş, nəticədə iddiaçı onun və digər cavabdehlərin əsas, faiz və cərimə borcu yarandığını iddia etmiş və məhkəməyə iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sənədlərin (sübutların) təhlilinə əsasən belə qənaətə gəlir ki, Füzuli Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(064)-566/2021 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1487 ABŞ dolları 19 sent faiz borcunun (qətnamənin icra olunduğu vaxta Azərbaycan manatına olan məzənnəsi ilə) "xxxx" ASC-nin xeyrinə tutulması hissədə dəyişdirilməli və faiz borcunun məbləği 3096 ABŞ dolları 76 sent müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilməməlidir. Kollegiya diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2022-ci il tarixli ekspert rəyinin “QEYD” hissəsinə əsasən 04 dekabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə, təqdim edilmiş hesabdan çıxarış məlumatlarına görə 04 dekabr 2016-cı il tarixdən (kredit müqaviləsinin son tarixi) sonra əsas borcdan 6119 manat 52 qəpik məbləğində kompensasiya ödənişi və 429 ABŞ dolları 33 sent məbləğində ödəniş edilmişdir. Hazırkı halda, qətnamə iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti üzrə faiz və cərimə hissələrdə yoxlanıldığı üçün 04 dekabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə ödənişlərin əsas borcdan silinməsi halı nəzərə alınmalıdır və bu məbləğ mübahisələndirilə bilməz. Bu baxımdan, qeyd edilməlidir ki, apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 mart 2023-cü il tarixli ekspert rəyində göstərilənlər mötəbər sübut hesab edilə bilməz və iş üzrə nəzərə alına bilməz. Belə ki, həmin rəyə görə 04 dekabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə kredit borcu 31 may 2022-ci il tarixə aşağıdakı kimidir: əsas borc üzrə 7198 ABŞ dolları 80 sent, faiz borcu üzrə 1045 ABŞ dolları 38 sent. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Bununla bərabər, məhkəmə kollegiyası hesab edir ki iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətində Füzuli Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(064)- 566/2021 saylı qətnaməsinin ləğvi və ya digər hissələrdə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2022-ci il tarixli ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 200 manat və 09 mart 2023-cü il tarixli ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 50 manat məbləğlərdə pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(064)-566/2021 saylı qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1487 (min dörd yüz səksən yeddi) ABŞ dolları 19 (on doqquz) sent faiz borcunun (qətnamənin icra olunduğu vaxta Azərbaycan manatına olan məzənnəsi ilə) "xxxx" ASC-nin xeyrinə tutulması hissədə dəyişdirilsin və faiz borcunun məbləği 3096 (üç min doxsan altı) ABŞ dolları 76 (yetmiş altı) sent (qətnamənin icra olunduğu vaxta Azərbaycan manatına olan məzənnəsi ilə) müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2022-ci il tarixli ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 200 (iki yüz) manat və 09 mart 2023-cü il tarixli ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat məbləğlərdə pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar