Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-350/2025 23.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı – Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızı ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(036)-1651/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4000 manat məbləğində borcun və 60 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İmişli rayonunun Sarıxanlı kəndində yaşayır. X2 ailəsi ilə birlikdə Rusiya Federasiyasının Sankt- Peterburq şəhərində yaşayır. Cavabdeh ilə qohumluq münasibəti vardır. Namiq qardaşı Natiqin olduğu şəhərdə yaşamış və bir qohum kimi qardaşı Natiq ona Sankt-Peterburq şəhərində şərait yaradaraq işləyib qazanc əldə etməsinə köməklik göstərmişdir. Hətta, 08 sentyabr 2022ci il tarixdə Namiq Natiqin yanına iş üçün müraciət etmiş, Namiq Rusiya Federasiyasında ayrı-ayrı banklardan külli miqdarda kredit götürmüş, lakin vaxtında krediti ödəmədiyinə görə barəsində axtarış işi olmuş, bu səbəbdən Namiq öz adı ilə orada işləyib özünü dolandıra bilməmişdir. Qardaşı Natiq də qohum kimi ona köməklik göstərməkdən ötrü həyat yoldaşı Abbasova Həvvanın adına kreditlə “Kia Ceed” markalı avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olmasına şərait yaratmışdır. Şərtə əsasən kreditin aylıq ödənişi və avtomobilin texniki xərclərinə görə ayda cəmi Azərbaycan Respublikasının pul vahidi ilə 1500 manat, Rusiya Federasiyasının pul vahidi ilə 65000 rubl ödəməyi öhdəsinə götürmüşdür. 2023-cü ilin yanvar ayına kimi Namiq kredit borcunu ödəmiş, bundan sonra isə heç bir ödəniş etməmişdir. Sonradan məlum olmuşdur ki, Namiq həmin avtomobili əzmiş, sığorta ilə bağlı iş görülmək istəyərkən sonuncu avtomobili gizlətmişdir. Hətta qardaşı Natiq müəyyənləşdirmişdir ki, Namiq özbaşına olaraq 2022-ci ilin noyabr ayının 4-də 1 700 000 rubla satışa çıxarıbmış. 2023-cü ildən Namiq Həvvanın adına kreditə götürülmüş “Kia Ceed” markalı avtomobili Sankt-Peterburq şəhərində gizlədib Azərbaycan Respublikasına yaşadığı Sarıxanlı kəndinə qayıtmışdır. Namiq avtomobili gizlətməsinin səbəbi kimi guya 23 il əvvəl Ukrayna Respublikasına apardığı meyvəyə görə 4500 manat ziyan vurması olmuşdur. O, bir qardaş kimi Namiqin yaşadığı evə gedib bu məsələ ilə maraqlanmış və Namiq onu inandırmışdır ki, Natiq onu ziyana saldığına görə ona kreditlə alınıb verilmiş avtomobili gizlətmişdir. Ona görə də Natiqin pulu qaytaracağı təqdirdə o da avtomobili qaytaracağına dair söz vermişdir. O, həmin vaxt Namiqə pulu qaytaracağını, Namiq qaynı Nizaminin yanında ona 500 manatı keçdiyini, 4000 manatı ödədiyi halda gizlətdiyi avtomobili qaytaracağına söz verdi. O, Namiqin həmin təklifi ilə razılaşmışdır. Heyvanını satıb 4000 manatı toplamış və Namiq də qaynı Nizami ilə onun yaşadığı evə gəlmişlər. Həyat yoldaşı Abbasova Lalənin, Nizaminin və oğlu Abbaslı Elgizin yanında 4000 manatı sayıb Namiqə vermişdir. Namiq həmin pulu ondan götürdükdən sonra avtomobili geri qaytarmamış hətta qardaşının ona 20000 ABŞ dolları məbləğində borcu olduğunu bildirmişdirlər. Namiq hətta bu sözü deyib şikayət edəcəyi təqdirdə qardaşı Natiqin həyatına son qoyacağı hədəsi ilə onu hədələmişdir. Bu səbəbdən həmin vaxt Azərbaycan Respublikasında olan gəlinləri X1 Rayon Polis Şöbəsinə şikayət etmişdir. Həvvanın şikayəti üzrə aparılmış araşdırma zamanı Namiq özü izahatında da, ondan 4000 manat pul aldığını etiraf etmişdir. Aralarıında olan razılaşmanı pozduğuna görə ona verdiyi 4000 manatı tələb etmiş, ona məsələni qardaşı Natiqlə həll etməsini və onun pulunu qaytarmasını tələb etmişdir. Namiq isə ona pulu qaytarmayacağını və qardaşı Natiqin ona borcu olduğunu bildirmişdir. Dəfələrlə Namiqdən verdiyi 4000 manat pulu tələb etsə də, sonuncu həmin pulu qaytarmaqdan qəti imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat İmişli Rayon Məhkəməsinin ( hakim O.Mahmud ) 24 oktyabr 2024-cü il tarixli, 2(036)- 1651/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 4000 (dörd min) manat məbləğində pul və 60 (altmış) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı Cavabdeh 4000 manat məbləğində borc pul vermişdir. Cavabdeh borcu qaytarmağı öhdəsinə götürsə də, buna əməl etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İmişli Rayon Polis Şöbəsində aparılmış araşdırma zamanı Namiq özü izahatında İddiaçı 4000 manat pul aldığını etiraf etmişdir. İddiaçının iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh 4000 (dörd min) manat məbləğində pul və 60 (altmış) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 106.3, 191.3, 220.4, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, Namiqlə Məhəmmədəlinin qardaşı arasında olan pul mübahisəsini tam dəqiqləşdirməmiş, Natiqin qardaşı Namiqə borcu olduğuna görə Məhəmmədəlinin könüllü olaraq qardaşı Natiqin əvəzində ödədiyi 4000 manat pulun Namiq və Natiqin arasında yaranmış pul məbləğindən aşağı olmasına, Məhəmmədəlinin də Namiqə ödədiyi 4000 manat pulun da Natiqin ona olan borcuna görə ödəməsini tam nəzərə almamış, nəticədə məhkəmə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Qeyd edilənləri nəzərə alaraq, İmişli Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(036)- 1651/2024 saylı qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə tərkibinin iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçı ilə arasında heç bir problem olmamış, ondan pul almamışdır. İddiaçının qardaşı Natiq ilə işgüzar münasibətləri olmuş, sonuncunun ona illər əvvəl borcu olmuşdur. Həmin borcun bir qismini, yəni 4000 manat məbləğində pulu iddiaçı evdə, ailəsinin yanında qardaşı Natiq ilə birlikdə ona ödəmişdir. Özü Rusiyada sürücü işləmişdir. Belə ki, 2016-17-ci illərdə Natiqin şəxsi sürücüsü olmuş, sonra isə müstəqil şəkildə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Sözügedən avtomobil Natiq həyat yoldaşı Həvvanın adına olmuşdur. O, həmin avtomobili Natiqə günlük təxminən 50 manat ödəmək müqabilində idarə etmişdir. Avtomobili ölkəyə gələrkən Sankt-Peterburq şəhərində küçədə saxlamış, açarları maşının içində olmuşdur. Bundan sonra axtarış edilmiş, polislər həmin maşını tapmışlar. Apellyasiya şikayətinin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli, 2(036)-1651/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərkibinin iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, cavabdeh onun bacısının həyat yoldaşıdır. Cavabdeh onun qardaşı Natiqin illər öncə ona borcu olduğunu bildirmiş, o da həmin borcu cavabdehə qaytarmışdır. Belə ki, cavabdehdən Natiqin nə qədər borcu olduğunu soruşduqda 4500 manat olduğunu, 500 manatını qohumluq xatirinə çıxdığını bildirmiş, o da yerdə qalan 4000 manatı ailəsinin yanında, əlbəəl cavabdehə vermiş, qarşılığında sözgedən avtomobili qaytarmasını tələb etmişdir. Cavabdeh ondan pulu aldıqdan sonra avtomobili gizlətmiş, nə həmin maşını ona vermiş, nə də ki, onun pulunu ona qaytarmışdır. Qeyd edir ki, pulu ona borc kimi verməmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini, İmişli Rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli, 2(036)-1651/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin Məcəllənin 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Həmin Məcəllənin 403.1-ci maddəsinə görə Üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. Həmin Məcəllənin 426.1-ci maddəsinə görə Öhdəliklərin icrası yeri, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 431.1-ci maddəsinə görə Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Həmin Məcəllənin 739.1-ci maddəsində borcalanın (kredit alanın) vəzifəsi belə göstərilib: “... digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, İmişli Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(036)-1651/2024 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya qeyd edir ki, tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını apellyasiya şikayətinin dəlillərinə münasibətdə tam həcmdə yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur.Ona görə də kollegiya İmişli Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(036)-1651/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə İmişli Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(036)-1651/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi hesab edir ki, şikayətin dəlilləri əsaslıdır. Məhkəmə tərkibi qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, iddiaçı iddia tələbini sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh, 2020-ci ilin avqust ayının sonlarında o, işləmək üçün Rusiya Federasiyasına getmiş, İddiaçı qardaşı Natiq orada olarkən ona avtomobil götürüb taksi kimi fəaliyyət göstərməyini təklif etmiş və o, onlardan “Kia ceed” markalı avtomobili götürmüşdür. O, günlük Natiqə təxminən 50 manat icarə pulu verməli olmuşdur. O, Rusiyada 8 ay Natiqin şəxsi sürücüsü işləmiş, lakin, sonuncu ona 4000 manat verməli olduğu halda pulunu verməmişdir. Natiqin Namiqə 4000 manat borcu olduğuna görə, eyni zmanda Cavabdeh götürmüş olduğu avtomobili qaytarması üçün Məhəmmədəli könüllü olaraq qardaşı Natiqin əvəzindən Cavabdeh 4000 manat pul ödəmişdir. Ancaq Cavabdeh yuxarıda qeyd edilən avtomobili qaytarmamış, Sankt- Peterburq şəhərində avtomobili küçəyə ataraq İmişli rayonuna qayıtmışdır. Məhkəmə tərkibi qeyd edir ki, hazırkı iş üzrə iddiaçı olan İddiaçı könüllü olaraq qardaşı Natiqin əvəzindən Cavabdeh 4000 manat ödədiyindən həmin məbləğdə olan pulu Cavabdeh geri tələb edə bilməz. Mülki Məcəllənin 403.1-ci maddəsinə görə üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. Həmin Məcəllənin 426.1-ci maddəsinə görə öhdəliklərin icrası yeri, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 431.1-ci maddəsinə görə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Göründüyü kimi hazırkı iş üzrə İddiaçı könüllü olaraq qardaşı Natiqin əvəzindən Cavabdeh 4000 manat ödəməklə borclu olan qardaşının öhdəliyini icra etmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, iddiaçının iddia tələbi əsassız olmaqla təmin edilə bilməz. Bundan başqa məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırkı mübahisə üzrə 4000 manata aid iddiaçı ilə cavabdeh arasında yazılı müqavilə mövcud deyildir. Odur ki, məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə İmişli Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(036)-1651/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi rədd edilməlidir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(036)-1651/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilməsin. Məhkəmə xərci iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-350/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-350/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver