Məhkəmə qərarları › İş №2(106)-353/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-353/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-353/2025 11.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X5 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli 2(036)-1892/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8100 manat pulun, 350 manat vəkil xidmətinə görə ödənilmiş məbləğin və 102 manat ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abbasov X11 rayonunun Aşqallar kəndində yaşayır. O, İmişli şəhərində yaşayan Cavabdeh tanıyır. Belə ki, Cavabdeh atası X3 mülkiyyətində olan “Kamaz 5410” yük markalı ** TC *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istədiyini bildirmiş və iddiaçı həmin yük avtomobilini 14500 manata almaq barədə razılığa gəlmişdir. Həmin pulun 4450 manatını 03 aprel 2024-cü ildə həmkəndlisi X2 və X4 iştirakları ilə İmişli şəhərində Cavabdeh vermişdir. Həmin pulu verdikdən sonra Cavabdeh etibarnamə ilə “Kamaz 5410” yük markalı ** TC *** avtomobilini sürücü X6 adına etibarnamə ilə nəqliyyat vasitəsini idarə etmək üçün vermiş və bundan bir həftə keçdikdən sonra o, Cavabdeh ona dediyinə görə Kamran adlı şəxsin kart hesabına əvvəlcə 2000 manat, ikinci dəfə isə 3000 pul atmışdır. Bundan sonra 15 aprel 2024-cü il tarixdək həmin avtomobildən yük avtomobili kimi istifadə etmişdir. Bir müddət keçdikdən sonra Cavabdeh ona zəng edib qalan 5000 manatı bir həftəyə ödəməli olduğunu və əgər bir həftə ərzində pulu verə bilməzsə, avtomobili geri qaytarmasını tələb etmişdir. O da, hazırda tələb etdiyi pulu ödəmək imkanının olmadığını, vaxt verəcəyi təqdirdi qalan borcu ödəyəcəyini bildirmiş, lakin Mülkün razılaşmamışdır. Bundan sonra iddiaçı yük maşınını İmişli daş bazarında təhvil vermişdir. Bir neçə gün keçdikdən sonra iddiaçı cavabdehdən verdiyi 9450 manat məbləğdə pul tələb etmişdir. Lakin cavabdeh ona maşını satdığını, alan şəxsin pulu hissə-hissə verdiyini bildirmiş və kartında olan 1000 manat pulu onun kart hesabına atmışdır. 3-4 gün keçdikdən sonra Mülkün onun kart hesabına 400 manat məbləğdə pul atdı. Daha sonra Cavabdeh onun telefon zənglərinə cavab verməmişdir. Ancaq əvvəllər telefon danışığında ona olan borcunu etiraf etmişdir. Bununla bağlı X16 17 iyul 2024-cü il tarixdə Quba rayonunda vətəndaşların qəbulu zamanı qəbulunda olmuş və Cavabdeh barəsində yazdığı şikayət ərizəsini cənab Nazirə təqdim etmişdir. Bununla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılmışdır. Cavabdeh ondan aldığı pulu etiraf etmiş və həmin araşdırma materialı üzrə cinayət işi başlanılması rədd edilərək ona mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. İmişli Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli 2(036)-1892/2024 saylı qətnaməsi ilə (hakim Orxan Mahmudov) iddianın təmin edilməsi, Cavabdeh 8100 manat məbləğində pul, ödənilmiş 102 manat məbləğində dövlət rüsumu və 350 manat vəkil xərcinin tutularaq İddiaçı ödənilməsi qət etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini və məhkəmə xərclərinin iddiaçıya aid edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun polis şöbəsində verdiyi izahatı əsas götürərək qətnamə qəbul edib. Lakin həmin izahatın doğruluğunu, habelə izahatın verildiyi tarixdən qətnamənin qəbul edildiyi tarixədək iddiaçı ilə aralarında olan pul mübahisəsinin həll edilib-edilmədiyini araşdırmamışdır. Məhkəmə onun səs yazısını sübüt növü kimi qəbul etmiş, lakin həmin səs yazısının ona məxsus olubolmamasını araşdırmamışdır. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, “Kamaz” markalı yük maşını barəsində 14500 manat məbləğlə razılıq əldə etmişdilər. Ümumi iddiaçıya qaytarmış olduğu puldan əlavə olaraq, 100 manat da vermişdi. İddiaçı isə həmin pulun 50 manatını özündə saxlayıb, 50 manatını ona geri qaytarmışdı. “Kamaz” markalı yük maşını hazırda onun sahibliyindədir. İddiaçı isə həmin avtomobili 2 ay ərzində tikinti şirkətlərinə kirayə vermiş və ondan xeyli miqdarda gəlir əldə etmişdir. Həmin müddət ərzində onun avtomobili tamamilə yararsız vəziyyət düşmüşdür.O, həmin avtomobili yenidən əvvəlki vəziyyətinə qaytarması üçün xərclər çəkmişdir. İddiaçı həmin avtomobili 2024-cü ilin may-iyun aylarında tamamilə yararsız vəziyyətdə qaytarılmışdır. Ona görə də, o, iddiaçıya heç bir məbləğdə pul qaytarmalı deyildir. Məhkəmə iclasında tədqiq edilən səs yazısı ona məxsusdur. O, həmin vaxt iddiaçıya olan borcunu etiraf etmişdir. Qeyd edir ki, həmin səs yazıları ona məxsus olsa da, onun bundan xəbəri olmamışdır. İddiaçı “Kamaz” markalı yük maşınını ona gecə saatlarında qaytardığı üçün onda olan qüsurları görmək imkanı olmamışdır. İddiaçının ona vurduğu ziyan barədə hal-hazırda məhkəmədə iddia qaldırmamışdır. “Kamaz” markalı yük maşını üçün iddiaçıya verilmiş etibarnaməni 2024-cü ilin sonunda ləğv etdirmişdir. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Beyləqan rayonu Aşqallar kəndində yaşayır. Ümumi pulları qaytardıqdan sonra cavabdeh ona əlavə olaraq 100 manat vermişdir. O isə bəzi xərclərin qarşılanması, habelə etibarnamə üçün həmin puldan 50 manatı cavabdehə geri qaytarmışdır. Qeyd edir ki, ondan sonra cavabdehin ona olan borcunun 8100 manat məbləğində iddia qaldırmış və həmin vaxt cavabdehin ona əlavə olaraq vermiş olduğu 50 manatı nəzərə almamışdır. Həmin ödənişi nəzərə alarsa, ümumi borc 8050 manat məbləğində qalmış olardı. Avtomobili təhvil alanda və qaytaranda ona heç bir ziyan vurulmamışdır. Cavabdeh “Kamaz 5410” yük markalı avtomobili ondan geri alaraq verdiyi etibarnaməni də ləğv etdirmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli 2(036)-1892/2024 qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. İ Ş İ N H A L L A R İ: İşdə olan: İmişli rayon polis şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı Cavabdeh izahat verərək, İddiaçı tanıdığını, onunla heç-bir düşmənçilik və ədavətinin olmadığını, 2024-cü ilin aprel ayının əvvəlində özünə məxsus Kamaz markalı ** TC *** dövlət nömrə nişanlı avtomobilini və həmin avtomobilin ** ZA *** markalı yarım qoşqusunu Beləqan rayon sakini İddiaçı 16500 manata razılaşıb satdığını, həmin vaxt İddiaçı ona 4500 manat pul verdiyini, aprel ayının sonuna qədər ona olan borcunu tam olaraq ödəyib qurtaracağını söz verdiyinə görə o avtomobili idarə etmək üçün Temurun sürücüsünə etibarnamə verdiyini, bir neçə gündən sonra Temurun onun hesabına 5000 manat pul göndərdiyini, o avtomobilini temura satdığı vaxt avtomobili və qoşqunun tam saz vəziyyətdə olduğunu, Temurun avtomobili ondan aldıqdan sonra 4000-5000 manata şirkətə icarəyə verdiyini, dəfələrlə Temurla əlaqə saxlayıb ondan borclu olduğu 7000 manatını tələb etdiyini, Temurun isə onu hər dəfə müxtəlif bəhanələr gətirərək aldatdığını və onun pulunu vermədiyini, sonradan İddiaçı ona avtomobili icarədən geri qaytardığını dediyinə görə o Temurda “avtomobil işləmirsə ya avtomobili qaytar gətir yada mənim borcumu ver, ǝks halda səndən şikayət edəcəm” sözlərini dedikdən sonra Temurun avtomobili və qonşunu qaytarıb ona təhvil verdikdən sonra avtomobilin “karobkasının, feredo çaşkasının və iki ədəd təkərlərinin” nasaz olduğu müəyyən etdiyini, həmin nasazlıqları aradan qaldırmaq üçün avtomobilə və qoşqusuna 3500 manata yaxın məbləğdə pul xərclədiyini, İddiaçı avtomobilə görə ona verdiyi 9500 manat pulu ondan tələb etdiyini, o isə Temura 1400 manat pul göndərdiyini, avtomobilini iki ay ayı 4000-5000 manata şirkətə icarəyə verib avtomobili istismar edib 10000 manat pul qazandığını, onun pulunu qaytarmaq üçün onun avtomobilinə dəyən maddi ziyanı ödəməyi ondan tələb etdiyini, əks halda isə ona olan borcunu avtomoilə vurduğu ziyanla və şirkətə icarəyə verib avtomobilini istismar etməklə əvəz edəcəyini bildirdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli 945338 etibarnamədən görünür ki, “Kamaz 5410” yük markalı ** TC *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olan X3 adından Cavabdeh avtomobili X8 nəqliyyat vasitəsini 5 il 7 ay 16 gün müddətinə - xx.xx.2029-cu il tarixə qədər idarə etmək üçün etibar etmişdir. xx.xx.2023-cü il tarixli 945337 nömrəli etibarnamədən görünür ki, “ODAZ 9370” markalı ** ZA *** dövlət qeydiyyat nişanlı yarımqoşqu mülkiyyətçisi olan X7 adından Cavabdeh qoşqunu X8 nəqliyyat vasitəsini 5 il 7 ay 16 gün müddətinə - xx.xx.2029-cu il tarixə qədər idarə etmək üçün etibar etmişdir. İddiaçı ilə İmişli Rayon Vəkil Bürosu arasında bağlanmış 50 nömrəli xx.xx.2024-cü il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, hüquqi yardıma görə haqq 350 manat müəyyən edilmişdir. 8411 nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı İmişli Rayon Vəkil Bürosunun hesabına 350 manat məbləğində pul vəsaitini ödəmişdir. “Flashcard”da olan səs yazısından (4-5-ci dəqiqələr) görünür ki, cavabdeh iddiaçıya pul verməli olduğunu etiraf etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh 14500 manat dəyərində “Kamaz 5410” yük markalı ** TC *** dövlət qeydiyyat nişanlı avtomobil almış və həmin avtomobilin dəyərindən xx.xx.2024-cü il tarixə 4500 manat, müxtəlif vaxtlarda isə 2000 manat və 3000 pul ödəmişdir. Lakin daha sonra cavabdeh pulun qalan hissəsini tələb etmiş və iddiaçı vaxt veriləcəyi təqdirdə, pulun qalan hissəsini ödəyə biləcəyini bildirsə də, cavabdeh razı olmamış və avtomobili geri almışdır. Avtomobili geri alındıqdan sonra iddiaçı pulunu tələb etmiş və Cavabdeh müxtəlif vaxtlarda, ümumilikdə 1400 manat məbləğdə ona pul qaytarmışdır. İş materiallarında olan İmişli rayon polis şöbəsinin xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından da göründüyü kimi şöbədə Cavabdeh dindirilərkən iddiaçıya həmin borcun olmasını etiraf etmişdir. TƏTBİQEDİLƏNHÜQUQ: Kollegiya diqqətə çatdırır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamışdır. Belə ki, kollegiya mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi təqdim edilmiş bütün mötəbər sübutları hərtərəfli şəkildə araşdırmayaraq iş üçün əhəmiyyət kəsb edən faktiki halları müəyyən etməmişdir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, hüququn tətbiqində sərbəst olan birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlərə işin faktiki hallarına əsasən düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə mövcud münasibətlərə alğı-satqıya dair maddi hüquq normaları əsasında qiymət vermişdir. Halbuki, tərəflər niyyətlərini alğısatqı əvəzinə hazırkı iş üzrə iddiaçıya etibarnamə (təmsilçilik səlahiyyətinin) verilməsi formasında həyata keçirmişlər ki, hazırda (2024-cü ilin sonundan) adıçəkilən etibarnamə ləğv edilmiş və mübahisəli “Kamaz 5410” yük markalı ** TC *** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçıda qalması üçün heç bir hüquqi əsas yoxdur və əsassız varlanma halı mövcuddur. İşin müəyyən edilmiş mübahisəsiz faktiki hallarından göründüyü kimi, iddiaçı “Kamaz 5410” yük markalı ** TC *** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehdən almaq üçün istədiyini bildirmiş və onlar həmin avtomobili 14500 manat məbləğə almaq barədə razılığa gəlmişlər. İddiaçı adıçəkilən avtomobili faktiki olaraq cavabdehdən almış və öz sahibliyinə keçirmişdir. Qarşılığında iddiaçı tərəfindən cavabdehə ümumilikdə 9450 manat pul verilmişdir. Daha sonra cavabdeh “Kamaz 5410” yük markalı avtomobili iddiaçıdan geri alaraq avtomobilə dair vermiş olduğu etibarnaməni ləğv etdirmiş və aldığı pulun 1400 manat hissəsini qaytarmışdır. Beləcə, cavabdeh iddiaçıdan aldığı pulun 8050 manat məbləğ hissəsini qaytarmamışdır. Yuxarıda qeyd edilən hallar iddia ərizəsi, tərəflər arasında baş tutmuş səsyazı, tərəflərin polisdə verdiyi izahat, həmçinin hazırkı icraat daxilində onların məhkəmədə verdikləri məlumatlarla təsdiqini tapmışdır. Cavabdehin “Kamaz 5410” yük markalı ** TC *** dövlət qeydiyyat nişanlı avtomobilə iddiaçıda olduğu müddətdə zərər dəyməsi barədə dəlili üzrə diqqətə çatdırılmalıdır ki, cavabdeh bununla bağlı məhkəmədə iddia qaldırmamış və həmin zərərin müəyyən edilməsi istiqamətində hər hansı araşdırmanın aparılması hazırkı iddianın predmeti sayıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, habelə maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam şəkildə araşdırılmamışdır. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli 2(036)-1892/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, əsassız varlanma üzrə 8050 manat məbləğdə pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu – 102 manat və vəkilə ödənilmiş xidmət haqqı qismində - 350 manat məbləğlərdə pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli 2(036)-1892/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 8050 (səkkiz min əlli) manat, vəkilə ödənilmiş xidmət haqqı qismində 350 (üç yüz əlli) manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu 102 (yüz iki) manat, ümumilikdə 8502 (səkiz min beş yüz iki) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar