Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-356/2024 12.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)2114/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 12 fevral 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan xx.xx.2012-ci ildə anadan olmuş X5, xx.xx.2013-cü ildə anadan olmuş X2, xx.xx.2014-cü ildə anadan olmuş X3 və xx.xx.2017-ci ildə anadan olmuş X4 xeyrinə Sabirabad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(056)- 1688/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 880 manat sabit pul məbləğində alimentin və ödənilmiş dövlət rüsumu, həmçinin mediasiya xidməti haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh himayəsində olan xx.xx.2012-ci ildə anadan olmuş X9, xx.xx.2013-cü ildə anadan olmuş X6, xx.xx.2014-cü ildə anadan olmuş X7 və xx.xx.2017-ci ildə anadan olmuş X8 adlı uşaqların saxlanması ücün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(056)-1688/2018 saylı qətnaməsi qəbul edilmişdir. Lakin alimentin tutulması qət edildiyi zamandan 6 ilə yaxın müddət keçmişdir ki, bu müddətdə uşaqlar böyümüş və onların tələbatları da artmışdır. Hazırda qət edilmiş məbləğlə uşaqlarının tələbatlarını qarşılaya bilmir. Uşaqların maddi tələbatları artmışdır. Uşaqlar üçün zəruri olan istehlak malların qiyməti dəfələrlə artmışdır. Cavabdehin yaşayış minimumdan dəfələrlə çox miqdarda aliment ödəməyə imkanı vardır. Belə ki, cavabdehin ferması, balıq gölü və cücə sexi vardır. Təkcə fermasında 100 başdan çox heyvan vardır. Özünün uşaqlarından biri İ qrup əlildir. Digər uşaqlar isə məktəblidir. Uşaqlarının mövcud vəziyyətinə görə özü işləmək imkanında deyildir. Həmçinin kirayədə yaşayır. Beləliklə o, məhkəmədən iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 2(056)2114/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Səlim Allahverdiyev), iddianın qismən təmin edilməsi, xx.xx.2012-ci ildə anadan olmuş X9, xx.xx.2013-cü ildə anadan olmuş X6, xx.xx.2014-cü ildə anadan olmuş X7 və xx.xx.2017-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sabirabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(056)-1688/2018 saylı qətnaməsi əsasında Cavabdeh hər ay tutulmalı olan alimentin həcminın artırılaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilməsi, xx.xx.2012-ci ildə anadan olmuş X9, xx.xx.2013-cü ildə anadan olmuş X6, xx.xx.2014-cü ildə anadan olmuş X7 və xx.xx.2017-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1 və 233.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Sabirabad Rayon Məhkəməsinin 2(056)2114/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qətnaməsinın qismən ləğv edilməsini və Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2013cü il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci iltəvəllüdlü X4 yetkinlik yaşalarına çatanadək saxlanmaları üçün hər ay hər birinə 220 manat, cəmi 880 manat sabit pul sabit pul məbləğində alimentin və mediasiya xərci olaraq ödənilmiş rüsumun tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Sabirabad Rayon Məhkəməsinin 2(056)2114/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə, cavabdeh tərəfindən isə iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onun təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onun təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Sabirabad Rayon Məhkəməsinin 2(056)2114/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qətnaməsini İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)2114/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri isə təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı və cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(056)-1688/2018 saylı qətnaməsi ilə xx.xx.2012-ci ildə anadan olmuş X9, xx.xx.2013-cü ildə anadan olmuş X6, xx.xx.2014-cü ildə anadan olmuş X7 və xx.xx.2017-ci ildə anadan olmuş X8 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün Cavabdeh 80 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X16 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı 4 azyaşlı övldı ilə birlikdə ünvan 1 ünvanında müvəqqəti kirayədə qeydiyyatsız yaşayır. xx.xx.2023-cü il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən (kirayə müqaviləsi) görünür ki, X1 şəhəri, Xaqani küçəsi, ev 88, mənzil 61 ünvanını xx.xx.2026-cı il tarixinədək aylıq 200 manat müqabilində İddiaçı kirayəyə vermişdir. İş materiallarına həmçinin “mirzeyevelesger” istifadəçi adlı Tik-tok sosial şəbəkəsindən cüc satışının həyata keçirilməsini, avtomobil idarə edilməsini, balıq gölü ətrafını, ikimərtəbəli, geniş sahəni əhatə edən villa qarşısında görüntünü özündə əks etdirən fotoşəkillər əlavə edilmiş, məhkəmə qey edilən sübutları tədqiq etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır.
1. Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir.
2. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşağın hüquq və mənafeyi ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə istər uşağın hüquq və mənafeyini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləmişdir. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və həm iddiaçı həm də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, tərəflərin ailə və maddi vəziyyətini, habelə diqqətəlayiq olan digər halları nəzərə alıb və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, habelə tərəflərin hər birinin valideyn kimi uşaqlarını saxlamağa borclu olmalarını əsas tutaraq iddianı qismən təmin etmişdir. Odur ki, “Sabirabad Rayon Məhkəməsinin 2(056)2114/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qətnaməsi ilə, xx.xx.2012-ci ildə anadan olmuş X9, xx.xx.2013-cü ildə anadan olmuş X6, xx.xx.2014-cü ildə anadan olmuş X7 və xx.xx.2017-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödəməlidir.” barədə qənaəti qanuni və əsaslıdır. Həmçinin iddiaçı İddiaçı da apellyasiya instansiya məhkəməsində verdiyi izahatında, Sabirabad Rayon Məhkəməsi tərəfindən təyin edilmiş aliment miqdarı, yəni hər uşağa görə 100 manat olmaqla ümumilikdə 400 manat məbləğində aliment miqdarı ilə razı olduğunu bildirmiş, lakin cavabdeh tərəfindən apellyasiya şikayəti verdiyinə görə o, da apellyasiya şikayət vermək məcburiyyətində qalmışdır. Kollegiya iddiaçının və cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, həm iddiaçı həm də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətlərinin təmin edilməsi Sabirabad Rayon Məhkəməsinin 2(056)2114/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından göründüyü kimi Sabirabad Rayon Məhkəməsinin qətnaməsi ilə alimentin məbləği xx.xx.2012-ci ildə anadan olmuş X9, xx.xx.2013-cü ildə anadan olmuş X6, xx.xx.2014-cü ildə anadan olmuş X7 və xx.xx.2017-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilmiş, daha sonra iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv olunmasını və alimentin məbləğininin xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci iltəvəllüdlü X4 yetkinlik yaşalarına çatanadək saxlanmaları üçün hər ay hər birinə 220 manat, cəmi 880 manat sabit pul sabit pul məbləğində müəyyən edilməsini, cavabdeh isə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia rədd edilməsini xahiş etmişdir. Belə olan halda iddiaçının apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 5760 (880-400)x12 manat, cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 960 (400-320)x12 manat təşkil edir. Ona görə də kollegiya hesab edir ki, iddiaçı tərəfindən kassasiya şikayəti verilə bildiyi halda, iddianın cavabdeh tərəfindən mübahisələndirilən hissədə qiyməti 5000 manatdan az təşkil etdiyindən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385, 392, 393 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)2114/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı tərəfindən Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.