Məhkəmə qərarları › İş №2(106)-360/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-360/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-360/2025 02.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 7 oktyabr 2024-cü il tarixli 2(050)-804/2024 saylı qətnaməsindən (hakim Z.Zeynalov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, 25000 manat pulun və ödənilmiş dövlət rüsümunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2022-ci ilin noyabr ayında əvvəllər tanıdığı Masallı rayon sakini Cavabdeh ona yaxınalaşaq borcu olduğundan pula ehtiyacı olduğunu və yaxın vaxtlarda qaytaraçağını bildirmişdir. Ona inandığından onunla razılaşmış və borcu ona yalnız müqavilə ilə verə biləçəyini bildirmişdir, o da, onunla razılaşmışdır. 4 noyabr 2022-ci ildə borc müqaviləsi bağlayaraq Rəşada 25000 manat borc vermişdir. Müqavilə bağlayarkən aralarında belə razılaşmışlar ki, həmin pulu Rəşad ona 6 aya qaytaraçaqdır. Lakin Cavabdeh ondan aldığı pulu həmin tarixə geri qaytarmamışdır. Müqavilə üzrə götürmüş öhdəliklərini cavbadeh pozduğundan bir neçə dəfə telefon danışıqları olmuş, lakin heç bir nəticə çıxmamışdır. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək rədd olunmasını, iddiaçının məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, İddiaçı rayonda yüksək faizlə faizə pul verən biri kimi tanımışdır. Təxminən iki il öncə ona təcili pul lazım idi. Həmin vaxt o, İddiaçı zəng edib, ondan 6 (altı) aya qaytarmaq şərti ilə 4000 (dörd min) manat istəmişdir. O, hər 1000 (min) manata görə əlavə olaraq ondan 300 (üç yüz) manat əlavə faiz alacağını bildirmişdir. O, məcbur olduğu üçün İddiaçı dediyi şərtlə razılaşmışdır. Yəni, 4000 (dörd min) manata görə İddiaçı əlavə olaraq 1200 (min iki yüz) manat əlavə faiz verməli idi. Beləliklə o, İddiaçı 6 (altı) ay müddətində hər ay 867 manat olmaqla ümumilikdə 5200 (beş min iki yüz) qaytaracağı barədə razılaşmışlar. O, İddiaçı ilə 4000 (dörd min) manata görə iki vərəqdən ibarət və bir nüsxə olmaqla xx.xx.2022-ci il tarixli borc müqaviləsi bağlamışlar. Həmin müqaviləni hər iki vərəqi borc verən və borc alan tərəfindən imzalandı. Müqavilənin şərtlərinə uyğun olaraq o, hər ay İddiaçı vaxtı-vaxtında pul ödəmişdir. Təxminən xx.xx.2023-cü il tarixdə sonuncu qalıq pulu verəndə İddiaçı ona demişdir ki, ondan 25000 manat almışdır, 5200 manatını vermişdir. Hazırda ona 19800 manat borcu qalır. İddiaçı demişdir ki, ondan 4000 (dörd min) manat pul almışdır və həmin məbləğdən əlavə olaraq 1200 manat faiz qaytarmalı idi. O, İddiaçı 5200 manat verməklə öz öhdəliyini yerinə yetirmiş olmuşdur. Bundan sonra İddiaçı verəcək borcu qalmadığını qeyd etmişdir. Bu sözlərdən sonra İddiaçı ilə ayrılmışdır. Bu söz-söhbətin üzərindən iki ilə yaxın vaxt keçəndən sonra İddiaçı onu məhkəməyə vermişdir. O, dərhal Masallı Rayon Məhkəməsinə yaxınlaşıb iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin surətini əldə etmişdir. İddia ərizəsinə əlavə edilmiş borc müqaviləsi saxtalaşdılrıldığı üçün hazırki iş üzrə sübut kimi qəbul edilməsi yolverilməzdir. Belə ki, yuxarıda da qeyd etdiyi kimi onunla İddiaçı arasında xx.xx.2022-ci il tarixdə iki vərəqdən ibarət borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin hər iki vərəqi borc verən və borc alan tərəfindən imzalanmışdır. Ancaq İddiaçı məhkəməyə təqdim etdiyi borc müqaviləsinin birinci vərəqində heç bir tərəfin (borc verən və borc alan) imzası yoxdur. Belə olan halda həmin müqavilə saxtalaşdırıldığı üçün onun hüquqi əsası yoxdur və sübut kimi qəbul edilməsi yolverilməzdir. Bundan başqa, həmin borc müqaviləsi İddiaçı tərəfindən saxtalaşdırıldığı üçün onun məsuliyyətə cəlb edilməsi vacibdir. Bütün bunlardan sonra o, öyrənmişdir ki, İddiaçı neçə şəxsə qarşı buna bənzər hərəkətləri olmuşdur. Hətta belə əməllərə görə onunla bağlı hüquq mühafizə orqanlarına dəfələrlə şikayətlər edildiyi deyilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 7 oktyabr 2024-cü il tarixli 2(050)-804/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini, İddiaçı qanunsuz olaraq kredit vermək fəaliyyəti ilə məşğul olduğu üçün araşdırma aparılmasından ötrü Masallı Rayon Prokurorluğuna məlumat verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya qarşı verilən yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə maddi hüquq normalarının tələblərini pozmuşdur. İddiaçıdan aldığı borcu faizi ilə birgə qaytarmışdır, ona borcu yoxdur. Öhdəlik münasibətlərində öhdəliyini icra etmişdir. İddiaçı Masallı rayonunda yüzlərlə şəxslərə qarşı dələduzluq etmiş, hamını saxta müqavilələrə aldadaraq imza etdirməklə külli miqdarda pul mənimsəmişdir. Məhkəmələrin icraatında İddiaçı ayrı-ayrı şəxslərə qarşı onlarla mülki işlər vardır, İddiaçı bank deyil ki, bu qədər borc verir. Bunlar sübut edir ki, onun fəaliyyəti qanunsuzdur və məhkəmə əslində bununla bağlı prokurora məlumat verməlidir ki, həmin şəxsin əməlləri araşdırılsın. O da, İddiaçı əməllərindən əziyyət çəkir. İddia ərizəsinə əlavə edilmiş borc müqaviləsini görəndə onun saxtalaşdırıldığını bilmişdir. Belə ki, aralarında iki vərəqdən ibarət borc müqaviləsi bağlanmışdır. Müqavilənin hər iki vərəqi borc verənin və borc alanın imzası ilə təsdiq edilmişdir. Sonra İddiaçı həmin müqavilənin birinci vərəqini dəyişib, məbləği saxtalaşdırmışdır. Birinci instansiya məhkəməsində bu məsələ üzrə düzgün araşdırma aparılmamışdır. Bütün hallarda məhkəmə hər iki vərəqi tərəflərin imzası ilə təsdiq edilmiş müqaviləni tələb etməli, onun əsasında araşdırma aparmalı və qətnamə çıxarmalı idi. Məhkəmə tərəfindən müqavilənin sonundakı yazıların və imzanın mənə məxsus olması barədə ekspertiza keçirilmiş, lakin müqavilənini birinci vərəqində olan yazıların, yəni əlyazma xəttlərinin kimə məxsus olması barədə ekspertiza keçirilməmişdir. İddiaçı onu aldatmış, müqaviləninin ikinci vərəqinə imza etmiş, birinci vərəqə imza etməmişdir və sonradan birinci vərəqi dəyişmişdir. İmzalara və yazıya baxdıqda açıq aşkar aydın olur ki, birinci səhifədəki yazılar ona məxsus deyildir, xəttlər arasında gözlə görünəcək fərq vardır. Müqaviləyə sonradan İddiaçı dəyişiklik etmiş, göründüyü kimi məbləğ hissəsi qələmlə sonradan yazılmışdır, hətta müddət hissəsində dəyişiklik də olunmuşdur. Buda sübut edir ki, Bəxtiyar müqaviləyə qanunsuz olaraq müdaxilə edərək məbləği dəyişdirmişdir. Bəxtiyar təkcə ona yox, Masallıda yüzlərcə şəxslərin başına bu oyunları açmışdır. Hamısına eyni tərzdə dələduzluq etmişdir. Müqavilənin məbləği yazılan hissə boş saxlanmış və sonradan doldurulmuşdur. Çünki xəttlər fərqlidir və onun xətti deyildir. Əgər təkrar ekspertiza keçirilsə müqavilədəki birinci vərəqdəki yazıların başqa şəxs tərəfindən yazılması təsdiq olunacaqdır. Həmin vərəqdə onun imzası olmalıdır, lakin imzası yoxdur. Həmçinin, məhkəmə sənədlərin texniki ekspertizası keçirməklə birinci vərəqdəki yazıların sonradan icra olunub-olunmamasını müəyyən edə bilərdi. Lakin məhkəmə əsassız olaraq araşdırma aparmadan qətnamə qəbul etmişdir. Bunun üçün mütləq şəkildə ekspertiza keçirilməli və həmin yazıların sonradan icra olunub-olunmaması müəyyən olunmalıdır. Məhkəmə zamanı hakimdən müqavilənin əsli (orjinal) ilə tanış omağı xahiş etmiş, hakim borc müqaviləsinin əslinin iş materiallarında olmadığını demişdi. Buna görə İddiaçı məhkəməyə dəvət edilmiş, lakin o, hər dəfə teleqram göndərərək, məhkəmə prosesində iştirak etməmişdi. Çünki onun saxtakarlıq etməsi məhz məhkəmədə aşkar olunacaqdı. Düzdür, birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli borc müqaviləsini ekspertizaya təqdim edib. Ancaq ekspertiza qarşısında məsələlər düzgün qoyulmamışdır. Beləiklə də həmin saxtalaşdırılmış müqaviləni iş üzrə sübut kimi qəbul edən məhkəmə bilərəkdən ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə xüsusi diqqət yetirməli olan ən vacib məsələnin üzərindən sükutla keçmişdir. Belə ki, bütün hallarda borc müqaviləsinin hər iki vərəqi istər borc verən, istərsə də borc alan tərəfindən imzalanaraq təsdiq edilməlidir. Başqa halda imzalanmamış vərəq sübut kimi qəbul edilə bilməz. Çünki müəyyən vasitələrlə müqavilənin üzərində dəyişiklik etmək mümkündür. Başqa bir vacib məsələ odur ki, müqavilə tərəflərin birinin xətti ilə yazılmış olur. Bu zaman mütləq hər iki vərəq imzalanmalıdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iki vərəqdən ibarət borc müqaviləsi bağlanan zaman hər iki vərəqin arxası boş qalır. Yəni, orada heç nə yazılmır. Sonradan müqavilənin birinci vərəqini cıraraaq, müəyyən texniki avadanlıqlar (Printer) vasitəsi ilə ikici vərəqin yazılmamış hissəsinə istənilən sözü və fikri yazmaq mümkündür. Beləliklə, İddiaçı xx.xx.2022-ci il tarixli borc müqaviləsinin məbləğ yazıldığı hissəsini dəyişərək, orada uydurma məbləğ yazaraq müqaviləni saxtalaşdırmışdır. Həmin müqavilənin məbləğ yazılan vərəğində onun imzası yoxdur. Məhkəmə ilk öncə müqavilənin etibarlılığını yoxlamalıdır, əgər müqavilə etibarlı deyilsə onun hüquqi nəticələr yaratması qanuni deyildir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmədə iştirak etməmiş, hər dəfə teleqram vuraraq xəstə olması səbəbindən işə iştirakı olmadan baxılmasını, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə müvafiq olaraq işə apellyasiya şikayətinin dəlilləri üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın isə rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş borc verən İddiaçı ilə borc alan X4 arasında 4 noyabr 2022ci ildə bağlanmış müqavilədən görünür ki, borc verən tərəfindən borc alana 25000 manat məbləğində pul vəsaitinin borca verilməsi, borc alan tərəfindən isə borcun müqavilə şərtlərinə uyğun olaraq borc verənə qaytarılması müqavilənin predmetini təşkil etmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən borcun faiz üzrə verilməsi nəzərdə tutulmur. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc məbləğinin 6 ay müddətinə qaytarılması borc alanın öhdəliyi kimi müəyyən edilmişdir. Müqavilənin hər iki tərəfy imzalamış, borc alan əlavə olaraq qeyd etmişdir ki, borc müqaviləsi iştirakımla yazıldı, pulu əvəzsiz götürdüm, 6 ay müddətinə qaytaracam. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş sənədlərin texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3 iyul 2024-cü il tarixli 5/649 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş xx.xx.2022-ci il tarixli borc müqaviləsinin (i.v 49) üzərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s.) müəyyən edilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 6.2 Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.1. və 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 448.1 Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1 Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1 Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2 Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü öhdəliklərin icrası tələbi qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçı ilə rəsmi şəkildə bağlamış olduğu müqavilədə göstərilən məbləğdə deyil, daha az məbləğdə borc götürməsini və götürdüyü krediti artıqlaması ilə qaytarmasını bildirsə də, bunları təsdiq edə biləcək hər hansı bir sübutunu birinci instansiya məhkəməsinə verməmişdir. Müqavilənin saxtalaşdırılması dəlilinə gəlincə isə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş sənədlərin texniki ekspertizasının rəyi ilə borc müqaviləsinin üzərində hər hansı bir düzəlişin edildiyi (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s.) müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin müəyyən olunan halları və sadalanan qanunvericilik aktı normaları baxımından əsassızdır, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 7 oktyabr 2024-cü il tarixli 2(050)-804/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar