Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-363/2023 02.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Sabirabad Rayon Məhkəməsinin 2(056)1110/2022 saylı, 16 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 mart 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı - Cavabdeh qarşı «ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya dəymiş 8400 manat məbləğində maddi zərərin əvəzinin və ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestiri əsasında Çıxarışla ona verilmiş 5 ha pay torpağı üzərində sərəncamlıq hüququ vardır. Həmin 5 ha torpaq sahəsinə pambıq əkmişdir. Lakin qonşusu Qarağac kəndində yaşayan cavabdeh xx.xx.1976-cı təvəllüdlü Cavabdeh özünə məxsus çoxsaylı iri və xırda buynuzlu malqarasını pambıq sahəsinə salaraq məhv etmiş və ona xeyli miqdarda ziyan vurmuşdur. O, dəfələrlə cavabdehdən xahiş və tələb etmişdir ki, heyvanlarını pambıq sahəsinə salmasın. Lakin cavabdeh onu eşitməmişdir. Bu ona qarşı olan qərəzli münasibətin nəticəsi olduğundan məcbur olub şikayət ərizəsi ilə Sabirabad rayon Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə ərizə ilə müraciət etməli olmuşdur. Müraciəti nəzərə alınaraq xx.xx.2021-ci il tarixdə sahəyə baxış keçirilərək xx.xx.2021-ci il tarixli AKT tərtib edilmişdir. Akta və rəyə əsasən müəyyən edilmişdir ki, 5 ha sahədə pambıq əkilmişdir. Akta və rəyə əsasən ona dəymiş ziyan 8400 manat müəyyən edilmişdir. Cavabdehə bu barədə şifahi bildirsə də, cavabdeh ona borcu ödəməkdən qərəzli olaraq yayınmış və onun sözlərinə məhəl qoymamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 vermiş olduğu ifadəsində göstərmişdir ki, oğlu İddiaçı həqiqətən MKT Sabirabad Filialı ilə 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 21279459 nömrəli müqavilə bağlamış və həmin müqavilə əsasında qeyd olunan sahədə pambıq əkmişdir. Həmkəndlisi Cavabdeh özünə məxsus mal-qarasını həmin pambıq sahəsində otararaq məhsulu məhv etmiş və ona edilmiş xəbərdarlığa baxmayaraq, qərəzli olaraq əməllərini davam etdirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 2(056)1110/2022 saylı, 16 avqust 2022-ci il qətnaməsi ilə (Hakim:N.Bağırov), iddianın təmin edilməsi, Cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 8400 (səkkiz min dörd yüz) AZN məbləğində pul vəsaiti və məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumu və xidmət haqqının əvəzi 50,40 (əlli manat qırx qəpik) AZN Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096, 1097, 1115cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Sabirabad Rayon Məhkəməsinin 2(056)1110/2022 saylı, 16 avqust 2022-ci il qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Sabirabad Rayon Məhkəməsinin 2(056)1110/2022 saylı, 16 avqust 2022-ci il qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini şifahi etiraz edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini Sabirabad Rayon Məhkəməsinin 2(056)1110/2022 saylı, 16 avqust 2022-ci il qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Sabirabad Rayon Məhkəməsinin 2(056)1110/2022 saylı, 16 avqust 2022-ci il qətnaməsini Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə bağlana bilər. Beləliklə, yalnız qanunla müəyyən edilmiş formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 577.1-ci maddəsinə əsasən alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. 577.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır. 2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındanbiri kimi təsbit edilmişdir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini tələbin təmin olunması üçün təqdim edilmiş sübutların kifayət etməsi ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətində Sabirabad Rayon Məhkəməsinin 2(056)1110/2022 saylı, 16 avqust 2022-ci il qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli dəyərləndirmə aparmayaraq, prosessual qanunvericiliyin tələblərini pozmuş, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normalarını səhv tətbiq və təfsir etmişdir. Bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Çıxarışdan görünür ki, Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2,92 hektar torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN 164 90916018 kod saylı Torpağa Mülkiyyət Hüququna dair dövlət aktından görünür ki, Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2,09 hektar torpaq sahəsi X2 və 4 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan MKT İstehsalat Kommersiya MMC ilə İddiaçı arasında bağlanmış “2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair” 21279459 nömrəli Müqavilənin surətindən görünür ki, həmin Müqaviləyə əsasən X5 özünə məxsus Sabirabad rayonu, Minbaşı kəndində yerləşən torpaq sahəsində pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmayan məhsulu istehsal edib və MKT İstehsalat Kommersiya MMC-yə satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan X4 ilə X5 arasında bağlanmış Tapşırıq Müqaviləsinin surətindən görünür ki, Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 3,34 ha torpaq sahəsində xam-pampığın istehsalıda dair X3 tapşırıq verilmişdir. İş materiallarında olan və Sabirabad rayon Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin baş aqronomu - Ramazan Aydınovun, mərkəzin aqronomu – Əliyar Vəliyevin, Sabirabad rayonu, Minbaşı kənd bələdiyyəsinin sədri – Fərid İmanovun, Sabirabad rayonu, Qarağac kənd sakini – İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli AKTdan görünür ki, iri və xırda buynuzlu heyvanları pambıq əkilmiş 5 ha hissədən ibarət sahədə otarılması nəticəsində sahəyə ziyan dəyməsi çoxsaylı yeyilmiş bitki qalıqları və heyvan ifrazatları aydın görülmüşdür. İş materiallarında olan Sabirabad rayon X7 aqronom işləyən “Alim-aqronom” ixtisaslı X6 tərəfindən tərtib olunmuş rəydən görünür ki, mülkiyyətçi İddiaçı dəymiş maddi zərər 8400 manat heablanmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin hüquqi əsasını Mülki məcəllənin 21,22,567,577.1,577.2,599.3,1096,197,1110,1115-ci maddələri təşkil edir. Kollegiya gəlinənən nəticənin dahada anlaşıqlı olması üçüçn aşağıdakıları qeyd edir. Belə ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsi təşkil edir. Həmin maddəyə görə «Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir.» Qeyd olunan mülki hüquq normasının dispozisiya şərtlərinə əsasən iddianın təmin edilməsi üçün aşağıdakılar sübuta yetiriməlidir:
1. Zərər vurulmuş əmlakın şəxsə məxsus olması
2. Heyvanın başqa şəxsə zərər vurması
3. Heyvanın sahibinin kimliyi
4. Vurulmuş zərərin məbləği İddia tələbinin əsaslılığını təsdiq edən aşağıdakı sübutlar işə əlavə edilmişdir: Zərər vurulmuş əmlakın iddiaçının sahibliyində və istifadəsində olmasını təsdiq edən sənəd – ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Çıxarışdan görünür ki, Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2,92 hektar torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. JN 164 90916018 kod saylı Torpağa Mülkiyyət Hüququna dair dövlət aktından görünür ki, Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2,09 hektar torpaq sahəsi İddiaçı və 4 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmişdir. X4 ilə X11 arasında Tapşırıq müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə görə isə, Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 3,34 ha torpaq sahəsində xam-pampığın istehsalı üçün ilə bağlı aqrotexniki tədbirlərin icrasını təmin etmək üçün aqrokimyəvi maddələrin, Restisidlərin və toxumun alınmasını tapşırıq verənin tapşırığına əsasən əldə edir, tapşırıq verən isə alınmış zəruri aqrokimyəvi maddələrin və toxumun dəyərini özünə məxsus ödəniş plastik kartı ilə tapşırıq alanın vasitəsi ilə satıcıya ödəyir. Sabirabad rayon Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin baş aqronomu - Ramazan Aydınovun, mərkəzin aqronomu – Əliyar Vəliyevin, Sabirabad rayonu, Minbaşı kənd bələdiyyəsinin sədri – Fərid İmanovun, Sabirabad rayonu, Qarağac kənd sakini – İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli AKTdan görünür ki, iri və xırda buynuzlu heyvanları pambıq əkilmiş 5 ha hissədən ibarət sahədə otarılması nəticəsində sahəyə ziyan dəyməsi çoxsaylı yeyilmiş bitki qalıqları və heyvan ifrazatları aydın görülmüşdür. Sabirabad rayon X7 aqronom işləyən “Alim-aqronom” ixtisaslı X6 tərəfindən tərtib olunmuş rəydən görünür ki, mülkiyyətçi İddiaçı dəymiş maddi zərər 8400 manat hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə məxsus olan heyvanlar tərəfindən ziyanın vurulmasını – torpaq sahəsində otlayan mal-qaranın fotoşəkillərini, həmçinin Cavabdeh fotoşəkili sübut kimi təqdim olunmuşdur. İddiaçının iddiasına görə o, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestiri əsasında Çıxarışla ona verilmiş 5 ha pay torpağı üzərində sərəncamlıq hüququ vardır. Həmin 5 ha torpaq sahəsinə pambıq əkmişdir. Lakin qonşusu Qarağac kəndində yaşayan cavabdeh xx.xx.1976-cı təvəllüdlü Cavabdeh özünə məxsus çoxsaylı iri və xırda buynuzlu malqarasını pambıq sahəsinə salaraq məhv etmiş və ona xeyli miqdarda ziyan vurmuşdur. O, dəfələrlə cavabdehdən xahiş və tələb etmişdir ki, heyvanlarını pambıq sahəsinə salmasın. Lakin cavabdeh onu eşitməmişdir. Bu ona qarşı olan qərəzli münasibətin nəticəsi olduğundan məcbur olub şikayət ərizəsi ilə Sabirabad rayon Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə ərizə ilə müraciət etməli olmuşdur. Müraciəti nəzərə alınaraq xx.xx.2021-ci il tarixdə sahəyə baxış keçirilərək xx.xx.2021-ci il tarixli AKT tərtib edilmişdir. Akta və rəyə əsasən müəyyən edilmişdir ki, 5 ha sahədə pambıq əkilmişdir. Akta və rəyə əsasən ona dəymiş ziyan 8400 manat müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı həm özünə məxsus 2,53 ha torpaq sahəsində əkilən pambığa vurulan ziyanla yanaşı, X10 məxsus olan 2,92 ha torpaq sahəsində əkilən pambıq sahəsinin cavabdeh tərəfindən otarılmasına görə vurulmuş ziyanı da tələb etmişdir. 5 hektar torpaq sahəsində əkilən pambığa ümumilikdə ziyan 8400 manat məbləğində ziyan hesablanmışdır. Halbuki iddiaçının MKT kommersiya təşkilatı ilə bağladığı müqavilədə 2.53 hektar torpaq sahəsində pambıq əkib becərməyi və MKT-ya satmağı öhdəsinə götürmüşdür. Burdan belə nəticəyə gəlmək olur ki, iddiaçı həm özünün mülkiyyətində olan torpaq sahəsində əkilmiş pambığa dəymiş ziyanı, həm də Ağqız Xalıqlının mülkiyyətində olan 2.92 hektar torpaq sahəsində əkilmiş pambığa dəymiş ziyanı tələb edir. Lakin iddiaçı yalnız özünə məxsus olan torpaq sahəsində əkilmiş pambığa dəymiş ziyanı tələb edə bilər. 17 dekabr 2021-ci il tarixdə tərtib olunmuş rəydə 5 hektar pambıq əkin sahəsinin cavabdeh tərəfindən otarılması nəticəsində dəymiş ziyan kimi (yəni 1 kq xam pambığın satış qiyməti 0.70 manat hesabı ilə 12000 kq x 0.70 manat = 8400 manat) 8400 manat məbləğində hesablanmışdır. 5 hektarın yarısı üzrə ziyanın məbləği isə 4304 manat təşkil edir. 2.92 hektar torpaq sahəsində əkilən pambığa görə ziyan isə 4096 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi işin bu faktiki halı üzrə araşdırmanı tərəflərin qarşılıqlı münasibətinə uyğun aparmamış, nəticədə iddia etmək hüququ olmayan şəxsin iddiası ilə cavabdehdən başqa şəxsə dəymiş ziyan məbləğini də təmin etmişdir. Məhkəmə kollegiyası iddianın 2.92 hektar torpaq sahəsində əkilən pambıq sahəsinin cavabdeh tərəfindən otarılması nəticəsində ziyan vurulması hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı X8 mülkiyyətində olan torpaq sahəsində əkilmiş pambığın cavabdeh tərəfindən otarılması nəticəsində dəymiş ziyanın 4096 manat ziyan məbləğinin ona aid olması və ya Ağqız Xalıqlının cavabdehin vurduğu ziyanın ödənilməsinin tələb etmək səlahiyyətinin ona verildiyini, yəni ziyan olaraq hesablanmış həmin pulu subyektiv olaraq tələb etmək hüququnun olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İlk əvvəl iddiaçının subyektiv hüququ sübut olunmadığı üçün iddia tələbi 2.92 hektar torpaq sahəsində əkilən pambıq sahəsinin cavabdeh tərəfindən otarılması nəticəsində ziyan vurulması hissədə cavabdehə münasibətdə təmin edilə bilməz. İşdə olan tapşırıq müqaviləsi isə Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 3,34 ha torpaq sahəsində xam-pampığın istehsalı üçün ilə bağlı aqrotexniki tədbirlərin icrasını təmin etmək üçün aqrokimyəvi maddələrin, Restisidlərin və toxumun alınmasını tapşırıq verənin tapşırığına əsasən əldə edir, tapşırıq verən isə alınmış zəruri aqrokimyəvi maddələrin və toxumun dəyərini özünə məxsus ödəniş plastik kartı ilə tapşırıq alanın vasitəsi ilə satıcıya ödəməsi tapşırığı ilə bağlı olmuşdur. İddiaçının istəyinə uyğun olaraq bu subyektiv hüquq əldə edildikdən sonra İddiaçı və ya Ağqız Xalıqlı tərəfindən birbaşa müraciət edilməklə ayrıca mülki icraat qaydasında 2.92 hektar torpaq sahəsində əkilən pambıq sahəsinin cavabdeh tərəfindən otarılması nəticəsində ziyan vurulması hissəsi ilə bağlı mübahisəyə baxılarkən işin bu halları araşdırıla bilər. Hazırkı icraatda iddiaçının subyektiv hüququ olmaması əsası ilə 2.92 hektar torpaq sahəsində əkilən pambıq sahəsinin cavabdeh tərəfindən otarılması nəticəsində dəymiş ziyan olaraq 4096 manat məbləğində ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbi qanuni hesab oluna bilməz. Kollegiya işdə olan sübutlardan müəyyən edir ki, MKT İstehsalat Kommersiya MMC ilə İddiaçı arasında “2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair” 21279459 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı ona məxsus Sabirabad rayonu, Minbaşı kəndində yerləşən 2,53 ha torpaq sahəsində pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmayan məhsulu istehsal edib və MKT İstehsalat Kommersiya MMC-yə satmağı öhdəsinə götürmüşür. Sabirabad rayonu, Minbaşı kəndində yerləşən və İddiaçı onun ailə üzvlərinə məxsus 2.53 hektar torpaq sahəsində əkmiş olduğu pambıq sahəsi Cavabdeh tərəfindən iri və xırda buynuzlu heyvanların otarılması nəticəsində pampıq məhsulu məhv edilmiş və İddiaçı 4304 manat həcmində maddi ziyan vurulmuşdur. Mülki Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındanbiri kimi təsbit edilmişdir. Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, cavabdehin törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair kollegiya qeyd edir ki, bu məsələ iş üzrə tərtib edilmiş Sabirabad rayon X9 rəyinə uyğun həll edilməli və rəyə uyğun olaraq Sabirabad rayonu, Minbaşı kəndində yerləşən və İddiaçı (4 nəfər ailə üzvü ilə birlikdə) məxsus 2.53 hektar torpaq sahəsində əkmiş olduğu pambıq sahəsi Cavabdeh tərəfindən iri və xırda buynuzlu heyvanların otarılması nəticəsində dəymiş ziyan olaraq 4304 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə heç bir sübutu qiymətləndirməmiş, işinn faktiki hallarını araşdırmamış, iddiaçının iki hektar torpaq sahəsi olmasına baxmayaraq ondan beş hektara görə dəymiş ziyan tələb etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə qismən razılaşır. Belə ki, 17 dekabr 2021-ci il tarixdə tərtib olunmuş rəydə 5 hektar pambıq əkin sahəsinin cavabdeh tərəfindən otarılması nəticəsində dəymiş ziyan kimi (yəni 1 kq xam pambığın satış qiyməti 0.70 manat hesabı ilə 12000 kq x 0.70 manat = 8400 manat) 8400 manat məbləğində hesablanmışdır. 5 hektarın yarısı üzrə ziyanın məbləği isə 4304 manat təşkil edir. 2.92 hektar torpaq sahəsində əkilən pambığa görə ziyan isə 4096 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi işin bu faktiki halı üzrə araşdırmanı tərəflərin qarşılıqlı münasibətinə uyğun aparmamış, nəticədə iddia etmək hüququ olmayan şəxsin iddiası ilə cavabdehdən başqa şəxsə dəymiş ziyan məbləğini də təmin etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin “Beləliklə “iddia təmin edilsin, Cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 8400 (səkkiz min dörd yüz) AZN məbləğində pul vəsaiti və məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumu və xidmət haqqının əvəzi 50,40 (əlli manat qırx qəpik) AZN Cavabdeh tutulub İddiaçı ödənilsin” mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmamışdır. Odur ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)1110/2022 saylı, 16 avqust 2022-ci il tarixli qətnaməsi Cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 8400 (səkkiz min dörd yüz) AZN məbləğində pul vəsaitinin alınıb İddiaçı ödənilməsi hissəsində dəyişdirilməli, Cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 4304 (dörd min üç yüz dörd) AZN məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki,Sabirabad Rayon Məhkəməsinin 2(056)1110/2022 saylı, 16 avqust 2022-ci il tarixli qətnaməsi Cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 8400 (səkkiz min dörd yüz) AZN məbləğində pul vəsaitinin alınıb İddiaçı ödənilməsi hissəsində dəyişdirilməli, Cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 4304 (dörd min üç yüz dörd) AZN məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılamlıdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Kollegiya onu da qeyd edir ki, iddiaçının iddia tələbi qiymətləndirilən iddia tələbi olmaqla iddianın təmin edilən hissəsi 4304 manat, təmin edilməyən hissəsi isə 4096 manat və hər biri üzrə iddianın qiyməti beş min manatdan az olduğundan bu tələblər üzrə qətnamələrdən kassasiya şikayəti verilmir. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385.2, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)1110/2022 saylı, 16 avqust 2022-ci il tarixli qətnaməsi, Cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 8400 (səkkiz min dörd yüz) AZN məbləğində pul vəsaitinin alınıb İddiaçı ödənilməsi hissəsində dəyişdirilərək, Cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 4304 (dörd min üç yüz dörd) AZN məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.