Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-365/2023 01.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(036)-2664/2022 saylı qətnaməsindən (hakim Q.Hacıyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, 20000 (iyirmi min) manat məbləğində pulun və 150 (bir yüz əlli) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə qeyri-rəsmi nikah münasibətində olmaqla yaşamışdır. 2021-ci ildə cavabdeh ona bildirmişdir ki, özünə məxsus rəsmi sənədləri olmayan İmişli şəhəri, İ.Əliyev küçəsi 27 ünvanında yerləşən evini 20000 manata satır. Cavabdehi əvvəlcədən tanıdığı üçün ona inanıb həmin evi almaq üçün ona 20000 manat pul vermişdir. O da həmin evin yerləşdiyi torpaq sahəsinə aid bələdiyyə sənədini ona vermişdir. Hazırda cavabdeh evi ona vermir. Bununla bağlı İmişli rayon Polis Şöbəsinə müraciət etsə də, oradan məhkəməyə müracət etməsi məsləhət görülmüşdür. Cavabdeh ona 20000 manat deyil, daha artıq maddi ziyan vurmuşdur. Çünki pulunu aldığı müddətdə o həmin pulu dövriyyəyə buraxsaydı, xeyli qazanc əldə edərdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, iddiaçıya ev satmamışdır, ona borcu yoxdur, iddia əsassızdır. İmişli Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(036)-2664/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmədiyindən, həmin hallar mövcud olmayan hallar kimi qiymətləndirilməli və iddia tələbi rədd olunmalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni əsassız hesab edir, belə ki, məhkəmə işi hərtərəfli, tam və obyektiv şəkildə araşdırmadan iddianın rəd olunması barədə qətnamə qəbul etmişdir. İşin faktiki halları ilə baglı qeyd edir ki, İmişli rayon Polis Şöbəsinin təhqiqat bölməsinin 26 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən Cavabdeh vermiş olduğu izahatında göstərmişdir ki, özünə məxsus mənzili İddiaçı 20000 manata deyil 18000 manata satmasını razılaşmışlar, həmin evin pulunun 10000 manatını almış, qalan 8000 manat pulu isə 3 ay müddətinə verəcəyinə Gülbəniz söz versədə, həmin pulu verə bilmədiyi üçün evi satmaq fikirindən daşınmışdır. Evi başqa şəxsə satıb İddiaçı 10000 manat pulunu qaytaracaq. Məhkəmə iddianı tam rədd etsə də, işin hansı hallarına görə, hansı əsasla İmişli rayon Polis şöbəsində olan araşdırmanı, cavabdehin polis şöbəsində olan izahatını öz qətnaməsində əks etdirməmiş və qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı olaraq cavabdehə əvvəlcədən tanıdığı üçün inanıb həmin evi almaq üçün 20000 manat pul vermişdir. O da, həmin evin yerləşdiyi torpaq sahəsinə aid bələdiyyə sənədini ona vermişdir. Sadəcə olaraq cinayət işinin rədd olunması barədə qərdarda Zaur pulun almasının bir qismini etiraf edir, lakin elə deyil Cavabdeh 20000 manat pul verib torpaqa aid sənədləri almışdır. Kapital bankdan kredit götürərak cavabdehə 20000 manat pul vermişdir. Həmin hissə birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. əlavə olaraq izahatında göstərdi ki, cavabdehlə bir il əvvəl ər-arvad kimi ona məxsus olmaqla imişli şəhərində yerləşən evdə yaşamışlar. Bankdan 15000 manat pul çıxararaq evində olan 3000 manat pulu da üstünə qoyub 18000 manat pulu öz evində cavabdehə vermişdir. Qalan 2000 manat pulu isə cavabdeh hissə-hiisə olmaqla ondan almışdır. Evə görə cavabdehə cəmisi 300 manat borcu qalmışdı, çünki həmin evdə cavabdehin "xxxx" ASCnə 300 manat borcu qalmışdı. Evin pulunu ödəyəndən sonra Zaur evi boş halda ona təhvil vermişdi. İşlənmiş adyallarını həmin evə yığaraq evi kirayə vermək niyyəti var idi. Kirayənişini də cavabdeh tapmışdı, kirayənişin cavabdehin qohumu idi. Kirayənişin evin bir aylıq kirayə haqqı olaraq ona 150 manat vermiş, sonra kirayə haqqını ödəməkdən imtina etmişdir. Sonradan isə cavabdeh nə evi ona vermiş, nədəki pulunu qaytarmamışdır. Cavabdehə pulu öz evində vermişdir və cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan savayı sübutu yoxdur, çünki cavabdehə inamı olmuşdur. Məhkəmədə cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanlımasını xahiş etdi. İzahatında göstərdi ki, Əvvəllər iddiaçı Gülbənizin evində usta işləmiş, 5-6 ay onunla faktiki ər-arvad münasibətlərində yaşamışlar. İmişli şəhərində evi vardır və həmin evi 18000 manata satmaq istəyirdi. Gülbəniz evi almaq üçün bankdan 15000 manat pul götürərək 10000 manatını öz evində ona vermiş, qalan 8000 manat pulu isə hissə-hissə olmaqla 3 ay ərzində ödəyəcəyinə söz vermişdi. Bir il gözləmiş, lakin Gülbəniz pulu verməmişdir. Gülbəniz evə görə borclu qaldığı 8000 manatı ödəmədiyindən, ondan aldığı 10000 manatı qaytararaq, evini geri almışdır. Həmin ərəfədə Gülbənizin qızının toyu idi, 4000 manat əvvəlcədən, 6000 manat isə sonradan vermişdir. Gülbənizə heç-bir borcu yoxdur. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri əsasında tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş İmişli şəhəri, R.Rzayev küçəsində yaşayan İddiaçı müraciəti əsasında toplanmış HK-1 № 1239 saylı material üzrə İmişli rayon Polis Şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Calal Azadovun 26 iyun 2022-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarından görünür ki, aparılan təhqiqat zamanı Cavabdeh aşağıdakı məzmunda izahat vermişdir; "özünə məxsus mənzili İddiaçı 20000 manata deyil, 18000 manata satmış, evin pulunun 10000 manatını almış, qalan 8000 manatını isə 3 ay ərzində ödəyəcəyinə Gülbəniz söz vermişdir. Lakin həmin pulu vermədiyi üçün evi satmaq fikrindən daşınmışdır. Evi başqa şəxsə satıb İddiaçı 10000 manat pulunu qaytaracaq". İş materiallarında olan cavabdehin birinci instansiya məhkəməsinə verdiyi yazılı izahatında göstərmişdir ki, iddiaçıya 6min borcu qalmışdı, onuda qaytarmışdır. Hazırda iddiaçıya borcu yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir, 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur, 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir, 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İşin mübahisəsiz müəyyən olunan halları ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh müəyyən müddət İmişli şəhərində iddiaçıya məxsus evdə ər-arvad münasibətlərində yaşamışlar. Cavabdeh özünə məxsus olmaqla İmişli şəhərində yerləşən sənədsiz evini satmaq istədiyini bildirmiş, iddiaçı da, həmin evi almaq istəmişdir. İşin mübahisəli halları isə ondan ibarətdir ki, iddiaçı evə görə cavabdehə 20000 manat pul verərək aldığını, lakin sonradan cavabdeh evi ona verməkdən imtina etdiyini və pulunu qaytarmadığını bildirir. Cavabdeh isə evini 20000 manata deyil, 18000 manata satdığını, bununla bağlı iddiaçı ilə razılığa gəldiklərini, iddiaçının ona öz evində 10000 manat pul verdiyini, qalan 8000 manat hissəsini isə 3 ay ərzində ödəyəcəyinə söz versə də, ödəmədiyini, bu səbəbdən evini satmaqdan imtina etdiyini, sonradan isə iddiaçıdan aldığı 10000 manat pulu 2 dəfəyə, 4000 və 6000 manat olmaqla qaytardığını bildirir. Kollegiya işin mübahisəli halları ilə bağlı qeyd etmək istəyir ki, iddiaçı almaq istədiyi evə görə cavabdehə 20000 manat pul verdiyini bildirsə də, təqdim etmiş olduğu sübut yalnız İmişli rayon Polis Şöbəsinin 26 iyun 2022-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarı olmuşdur, hansındaki cavabdeh iddiaçıdan 10000 manat pul aldığını etiraf etmiş, qaytaracağına söz vermişdir. Cavabdeh isə qeyd olunan qarardakı izahatından savayı apellyasiya baxışı zamanı verdiyi izahatında da, bir daha iddiaçıdan 10000 manat pul aldığını etiraf etmiş, qaytardığını bildirsə də, buna dair sübut verə bilməmişdir. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən tələb olunan 20000 manat pulun cavabdehə verilməsini təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, iddia cavabdeh tərəfindən etiraf olunan 10000 manat pulun verilməsi hissədə təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış məhkəmə araşdırmasının nəticəsi olaraq apellyasiya şikayətinin dəlilləri qismən öz təsdiqini tapdığından, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçı cavabdehin hesabına əsassız varlanan şəxs olmuşdur ki, əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, məhkəmədə iddia qadırılmasından ötrü iddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumunun iddianın təmin olunan 50% hissəsinə mütənasib olan 75 manatı cavabdhdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(036)-2664/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 10000 (on min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 75 manat hissəsi tutularaq İddiaçı verilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kasasiya şikayəti verilə bilər. Kasasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-365/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-365/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver