Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-37/2023 02.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi (oğlu) X3 və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı gediş-gəliş yolunun açılması tələbinə dair mülki işi üzrə Saatlı Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(055)-1377/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək seriya RX № ******* saylı çıxarışla mülkiyyətinə verilmiş və Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin gediş-gəliş yoluna Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması və həmin yolun açılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən ümumi sahəsi 0.05 (beş sot) hektar həyətyanı torpaq sahəsini cavabdeh X2 almışdır. Sözügedən torpaq sahəsinə, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 06 iyul 2018-ci il tarixli, Seriya RX, №1322954 saylı “Çıxarış” verilmişdir. Bundan əlavə Saatlı şəhəri Bələdiyyəsi tərəfindən mülkiyyətimə verilmiş 0.05 ha həyətyanı torpaq sahəsinin planı da hazırlanıb verilmişdir. Sözügedən torpaq sahəsinə 4.5 metr yol sahəsi ayrılmışdır. Lakin Cavabdeh həmin yol sahəsini zəbt edərək, onu və ailə üzvlərini həmin yoldan istifadə etməyə qoymur. O, yolun açılması məqsədi ilə Saatlı Bələdiyyəsinə ərizə vermiş və Saatlı Bələdiyyəsinin sədri tərəfindən ona 13 sentyabr 2021-ci il tarixdə 176 saylı məktub göndərilmişdir. Həmin məktubda göstərilir ki, mübahisəli yol Cavabdeh tərəfindən bağlanıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddiasını müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisə predmeti olan və iddia ərizəsində qeyd edilmiş torpaq sahəsinə gedən yol cavabdeh tərəfindən zəbt edilməmişdir. İddiaçının iddia etdiyi yol bələdiyyə tərəfindən cavabdehə verilən torpaq sahəsinin yaxınlığından keçir, lakin həmin torpaq sahəsi cavadehlə bələdiyyə arasında rəsmi qaydada alqı-satqı edilməmişdir. İddiaçının torpaq sahəsinə gedən yol başqa yerdən olmuşdur və cavabdehin istifadə etdiyi torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Saatlı Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(055)-1377/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəla, məhkəmə iddia tələbində qeyd olunan dəlillərin heç birini hərtərəfli, tam və obyektiv şəkildə araşdırmadan iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Məhkəmə müəyyən etməmişdir ki, ümumiyyətlə onun iddiaçının torpaq sahəsinə etdiyi maneə nədən ibarətdir. Ümumiyyətlə maneə mövcuddurmu? Məhkəmə müəyyən etməmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən hansı avtomobil yolu tərəfindən baglanmışdır. Mütəxəssis dəvət etməklə yaxud ekspertiza təyin etməklə bu halları aydınlaşdırmalı olduğu halda bunları etmədən, heç bir hüquqi əsas olmadan, heç bir sübutla təsdiq edilməyən tələbi təmin etməklə onun hüquqlarını pozmuşdur. Yalnız mütəxəssis və ekspert rəyi ilə müəyyən oluna bilər ki, onun tərəfindən iddiaçının torpaq sahəsinə maneə edilmişdirmi və onun iddia etdiyi avtomobil yolu onun tərəfidən baglanmışdırmı? İddiaçının qeyd etdiyi avtomobil yolu iddia etdiyi tərəfdən mövcuddurmu? Mövcud olan avtomobil yolu istifadə etdiyi torpaq sahəsi ilə kəsişirmi yaxud, iddiaçının həyətyanı torpaq sahəsinə başqa yol ilə avtomobil yolu varmı? Ən əsası isə, məhkəmə işi hərtərəfli araşdırmadan müəyyən etməmişdir ki, qaldırılmış iddiaya cavab verməli şəxsəm ya yox? Qeyd edimişdir ki, istifadə etdiyi torpaq sahəsi hal-hazırda bələdiyyə mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair sənədləri var, lakin hələ ki, bələdiyyənin səhlənkarlığı səbəbindən rəsmiləşdirilməmişdir. Bələdiyyə bu günədək həmin torpaq sahəsinin alqı-satqısını etmir və bu səbəbdən həmin torpaq sahəsini oğlunun adına dövlət qeydiyyatına aldıra bilmir. Hal-hazırki gündə həmin torpaq sahəsi bələdiyyə mülkiyyəti hesab olunur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda izahat verərək təmin edilməsini xahiş etmişlər. Həmçinin hesab etmişlər ki, təkrar məhkəmə tikinti-texniki ekspertiza təyin olunmalıdır. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən ümumi sahəsi 0.05 (beş sot) hektar həyətyanı torpaq sahəsini cavabdehin qardaşı X2 almışdır. Sözügedən torpaq sahəsinə, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 06 iyul 2018-ci il tarixli, Seriya RX, №1322954 saylı “Çıxarış” verilmişdir. Bundan əlavə Saatlı şəhəri Bələdiyyəsi tərəfindən mülkiyyətimə verilmiş 0.05 ha həyətyanı torpaq sahəsinin planı da hazırlanıb verilmişdir. Sözügedən torpaq sahəsinə 4.5 metr yol sahəsi ayrılmışdır. Lakin Cavabdeh həmin yol sahəsini zəbt edərək, onu və ailə üzvlərini həmin yoldan istifadə etməyə qoymur. O, yolun açılması məqsədi ilə Saatlı Bələdiyyəsinə ərizə vermiş və Saatlı Bələdiyyəsinin sədri tərəfindən ona 13 sentyabr 2021-ci il tarixdə 176 saylı məktub göndərilmişdir. Həmin məktubda göstərilir ki, mübahisəli yol Cavabdeh tərəfindən bağlanıb. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyesterindən seriya RX №1322954 saylı çıxarışdan görünür ki, Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 0.05 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Saatlı Bələdiyyəsinin 13 sentyabr 2021-ci il tarixli 176 saylı məktubundan görünür ki, Cavabdeh İddiaçı avtomobil çıxış yolunu zəbt etmişdir. Mülki işin apellyasiya instansiya məhkəməsində baxışı zamanı təyin olunan məhkəmə tikinti-texniki ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 10/8250 saylı rəyindən görünür ki, ekspertiza qarşısında qoyulmuş suallar aşağıdakı formada cavablandırılmışlar; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri" publik hüquqi şəxsin Şirvan Ərazi İdarəsinin mühəndisi Elçin Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinden seriya RX nömrəli ******* saylı çıxarış ilə xüsusi mülkiyyətə verilmiş 0,05 ha torpaq sahəsinin yerləşmə mövqeyi, ölçüsü, koordinatları yerində dəqiq müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. - Saatlı Bələdiyyəsinin 26 oktyabr 2018-ci il tarixli, 11 saylı iclas protokoluna əsasən Saatlı şəhər sakini İddiaçı verilmiş həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün Saatlı Bələdiyyəsinin ehtiyyat fondu torpağından ölçüsü 4m 50sm olmaqla verilmiş ara yolu Cavabdeh tərəfindən 4.5mx12m=54 kv.m ölçüdə zəbt edilməsi müəyyən edilmişdir. - İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX nömrəli ******* saylı çıxarış ilə xüsusi mülkiyyətə verilmiş 0,05 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməmişdir. - İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX nömrəli ******* saylı çıxarış ilə xüsusi mülkiyyətə verilmiş 0.05 ha torpaq sahəsinə gedən 4.5 metr enində, 12.0 metr uzununda olan yol bələdiyyə mülkiyyətinə aid olması müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: MM-nin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 170.1.-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, mülki işin apellyasiya instansiya məhkəməsində baxışı zamanı təyin olunan məhkəmə tikinti-texniki ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 10/8250 saylı rəyi ilə müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinden seriya RX nömrəli ******* saylı çıxarış ilə iddiaçının xüsusi mülkiyyətə verilmiş 0,05 ha torpaq sahəsinin yerləşmə mövqeyi, ölçüsü, koordinatları yerində dəqiq müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Müəyyən edilmişdir ki, İddiaçı verilmiş həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün Saatlı Bələdiyyəsinin ehtiyyat fondu torpağından ölçüsü 4m 50sm olmaqla verilmiş ara yolu Cavabdeh tərəfindən 4.5mx12m=54 kv.m ölçüdə zəbt edilmişdir. Yəni İddiaçı ******* saylı çıxarış ilə xüsusi mülkiyyətə verilmiş 0.05 ha torpaq sahəsinə gedən 4.5 metr enində, 12.0 metr uzununda olan yol bələdiyyə mülkiyyətinə aiddir və həmin yol Cavabdeh tərəfindən zəbt edilmişdir. Bu isə o deməkdir ki, cavabdehin zəbt etdiyi 4.5 metr enində, 12.0 metr uzununda olan yol gediş-gəliş yolu olmaqla, yaşayış evlərini küçə ilə əlaqələndirən yoldur və həmin yolun eni və ölçüləri yuxarıda qeyd olunan ekspert rəyində göstərilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ******* saylı çıxarış ilə xüsusi mülkiyyətə verilmiş 0.05 ha torpaq sahəsinə gedən 4.5 metr enində, 12.0 metr uzununda olan bələdiyyə mülkiyyətində olan yol Cavabdeh tərəfindən açılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalaranın pozulması şəraitində çıxarılması, normaların düzgün tətbiq edilməməsi, habelə qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmamasından ibarət iddiaçının apellyasiya şikayətinin dəlilləri aparılan araşdırmanın nəticəsi olaraq öz təsdiqini tapmadı. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(055)-1377/2021 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İmza. Hakimlər: İmzalar. Əsli ilə düzdür.Hakim: Cahid İmanov
Məhkəmə qərarları › İş №2(106)-37/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-37/2023
02.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver