Məhkəmə qərarları › İş №2(106)-371/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-371/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-371/2023 02.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(071)-889/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh nisyə satdığı nar məhsulunun dəyəri olan 7.000 manat borcun və ödənilmiş 90 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, ailəsinin dolanışığını təmin etmək məqsədi ilə həyətyanı torpaq sahəsində əkdiyi nar ağaclarından əldə etdiyi məhsulu satmaqla qazanc əldə edir. 2019-cu ilin oktyabr ayında Hacıqabul rayonu 2-ci Udulu kənd sakini Cavabdeh ona yaxınlaşıb nar məhsullarını almaq istədiyini bildirmişdir. Cavabdeh ona uzaq qohumluq əlaqələrinin olduğunu bildirərək, nar məhsullarının ona nisyə satmasını və qısa müddətdə pulunu verəcəyini bildirmişdir. O, cavabdehə inanaraq nar məhsulunun hər yeşiyini 8 manatdan cavabdehə satmışdır. Cavabdeh ümumilikdə ondan 7.070 manat dəyərində nisyə nar məhsulu almış və aralarında olan razılaşmaya əsasən həmin vaxt o, cavabdehin ona borclu olduğu 7.070 manatdan 70 manatını çıxmış və cavabdehin ona 7.000 manat borcu olduğunu bildirmişdir. Cavabdeh nar məhsulunu satdıqdan sonra ona 7.000 manat borcunu qaytarmağı öhdəsinə götürsə də, həmin vaxtdan bu günə kimi ona olan 7.000 manat borcunu qaytarmamışdır. Artıq iki ildən çoxdur ki, cavabdeh pulu ödəmir. O, cavabdehdən dəfələrlə pulu tələb etsə də, cavabdeh ona olan borcunu ödəməkdən yayınır. Bu səbəbdən məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Hacıqabul Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(071)-889/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh nisyə aldığı nar məhsulunun dəyəri olan 4.000 manat borc və ödənilmiş 90 manat dövlət rüsumu olmaqla, cəmi 4.090 (dörd min doxsan) manat pul tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək Hacıqabul Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(071)-889/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon Məhkəməsi tərəfindən qəbul edilən qətnamə ona maddi və mənəvi ziyan dəyməsi ilə, iddiaçının isə onun hesabıma əsassız olaraq varlanmasına səbəb olmuşdur. Belə ki, iddiaçı məhkəməyə ona qarşı şər və böhtan xarakterli iddia ərizəsi təqdim edərək heç bir əsaslı səbəb olmadan iddianın qismən təmin olunmasına nail olmuşdur. O, cavabdehin ona qarşı olan iddiasını qəbul etməsə də, hakim onun iddiaçıdan nar almağını iddianın etiraf edilməsi kimi qiymətləndirmişdir. Halbuki, o məhkəməyə kifayət qədər səmimi ifadə vermiş və iddiaçıdan nar almağını gizlətməmişdir. Məhkəməyə səmimi ifadə verərkən məhkəmənin adil və ədalətli qətnamə qəbul edəcəyinə inanmışdır. İddiaçı isə bundan istifadə etmiş və məhkəmədə yalan ifadə verərək aldığı narın pulunu verməyini danmış və bununla da iddiasının qismən təmin edilməsinə nail olmuşdur. Hesab edir ki, onun cavabdehdən nar almağını iddianın etiraf edilməsi kimi qiymətləndirməsinin heç bir hüquqi əsası yoxdur və hakim bu qərarı hansı qanunvericiliyə uyğun qəbul etməsini də, qətnamədə əsaslandırmamış və həmin qanun qətnamədə göstərilməmişdir. İddiaçıdan aldığı narın pulunu qaytarmışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə prosesində iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə eədərk şikayətinin təmin edilməsini və Hacıqabul Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(071)-889/2022 saylı qətnaməsinin ləğv edilərək yeni qərar çıxarılmasını xahiş etmişdir. Həmçinin göstərmişdir ki, iddiaçıdan nar almış və narın pulunu tam ödəmişdir. Lakin borcunun ödəməsi ilə bağlı heç bir sübutu yoxdur. Onun iddiaçıya heç bir borcu qalmamışdır. İddiaçı bu yolla ondan qisas almışdır. Belə ki, bundan əvvəl iddiaçıya kənddə olan mağazasında araq satmaması ilə bağlı ona irad tutmuşdur. Buna görə də iddiaçı ona qarşı məhkəmədə əsassız iddia qaldırmışdır. İddiaçı bildirmişdir ki, cavabdehin ona nara görə 7000 manat borcu olmuşdur. Cavabdehlə qohumdurlar. Belə ki, cavabdehin anası onun əmisi qızıdır. İddiası 4000 manat həddində təmin olunsa da o ürək xəstəsi olduğu üçün qətnamədən şikayət verməmişdir. Apellyasiya şikayətini əsassız hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Hacıqabul Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(071)-889/2022 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə ilə razılaşmadığını, Hacıqabul Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(071)- 889/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, Hacıqabul Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(071)-889/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 2-ci Udulu kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 09 nömrəli Hacıqabul rayon 2-ci Udulu kənd İƏD-si üzrə nümayəndəliyinin 2021-2025-ci illərə aid olan 01 saylı təsərrüfat başına kitabın 45-46 saylı səhifəsindən çıxarışdan müəyyən edilir ki, İddiaçı həqiqətən də, Hacıqabul rayon Qubalı kəndində bacısı X2 ilə birgə yaşayır və istifadələrində olan 0,34 ha həyətyanı torpaq sahəsində narçılıq təsərrüfatı ilə məşğul olurlar. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Cavabdeh apellyasiya şikayətində qətnamənin qanunsuz və əsassız olmasını bildirsə də, konkret olaraq birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını və düzgün tətbiq edilməməsinin həmçinin gəlinən nəticənin işin faktiki hallarına uyğun olmamasının nədən ibarət olmasını göstərməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olduğundan apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq birinci instansiya məhkəməsinin “Cavabdeh nisyə aldığı nar məhsulunun dəyəri olan 4.000 manat borc və ödənilmiş 90 manat dövlət rüsumu olmaqla, cəmi 4.090 (dörd min doxsan) manat pul tutularaq İddiaçı ödənilməsi” mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş mühüm əhəmiyyətli olan bütün faktiki halları araşdırmış gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Hacıqabul Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(071)-889/2022 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə qətnamənin cavabdehə münasibətdə mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(071)-889/2022 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar