Məhkəmə qərarları › İş №2(106)-372/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-372/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-372/2025 06.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qaşı “pul” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-372/2025 Açar sözlər: pul tələbi X1 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qaşı “pul” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(064)-1267/2024 saylı qətnaməsindən (hakim S.Məmmədli) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qaşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3000 manat pulun, 800 manat banka ödədiyi faiz pulunun və 58 manat dövlət rüsumu olmaqla, cəmi 3858 manat iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, o, tərəfindən verilmiş iddia ərizəni müdafiə edərək, iddia ərizəsinin tələblərini dəqiqləşdirərək və artıraraq iddia ərizənin mətnində və “xahiş edirəm” hissəsində “800 (səkkiz yüz) manat banka ödədiyi faiz pulunun” sözlərinin əvəzinə “2000 manat banka ödədiyi faiz pulunun” sözlərinin yazılmasını və “58 (əlli səkkiz) manat dövlət rüsumunun” sözlərinin əvəzinə “90 (doxsan) manat dövlət rüsumunun sözlərinin yazılmasının və iddia tələblərinin həcminin dəqiqləşdirərək artırılmasını məhkəmə tərəfindən qəbul edilməsini, Cavabdeh 3000 (üç min) manat pulun, 2000 (iki min) manat banka ödədiyi faiz pulunun və 90 (doxsan) manat dövlət rüsumunun - cəmi 5090 (beş min doxsan) manat pulun alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, keçmiş hərbiçidir. Erməni işğalçılarına qarşı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 2-ci Qarabağ müharibəsinin Zəngilan istiqamətində gedən döyüşlərin iştirakçısı olmuşdur. Ehtiyyatda olan zabitdir. Bildirir ki, təxminən 1 il yarım bundan əvvəl, əvvəllər tanıdığı Cavabdeh ondan 3000 (üç min) manat pul istəmişdir. Beləliklə 2022-ci ilin sentyabr ayında o, Cavabdeh Bakıxanov qəsəbəsində “Unibankın” Bakıxanov filialının qarşısında “Albalı- Plyus” kartından 3000 (üç min) manat pul cıxardıb vermişdir. “Albalı-Plyus” kartından çıxarış iddia ərizəsinə əlavə edilir). Cavabdeh ona söz vermişdir ki, 2 ay müddətinə bu pulu-yəni ondan aldığı pulu qaytaracaqdır. O, cavabdehin yerinə banka 800 (səkkiz yüz) manat faiz pulu da ödəmişdir. Lakin Cavabdeh ondan aldığı pulu qaytarmamışdır. Dəfələrlə pulu tələb etsədə, heç bir faydası olmamışdır. Hal-hazırda Seymur ondan qacır, telefonlarına cavab vermir. Bir sözlə Cavabdeh onun etibarından sui- istifadə edərək, dələduzluq yolu ilə onu aldatmış və nəticədə ona xeyli miqdarda ziyan vurmuşdur. Bundan sonra o, dəfələrlə Cavabdeh 3000 (üç min) manat pulunun və 800 (səkkiz yüz) manat faiz pulunun tələb etməyinə baxmayaraq həmin pulu ondan ala bilməmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirir və pulu qaytarmaqdan yayınır. Ona görədə hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin artırılmış həcmdə təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o, iddiaçıdan 3000 manat borc pul almışdır, həmin borcundan ödənişlər etmişdir, onun hazırda iddiaçıya cəmi 1780 manat borcu var. İddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(064)-1267/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş və Cavabdeh 1780 manat pul və 23,20 manat dövlət rüsumu olmaqla, cəmi 1803,2 manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Füzuli rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli iş № 2(064)1267/2024 saylı qətnaməsinin qismən “İddia qalan hissədə təmin edilməməsi” hissəsində ləğv edilməsini və İddiaçı Cavabdeh qarşı “pul tələbinə” barədə iddiasının tamamilə təmin edilməsi və Cavabdeh 3000 (üç min) manat pulun, 2000 (iki min) manat banka ödədiyi faiz pulunun və 90 (doxsan) manat dövlət rüsumunun - cəmi 5090 (beş min doxsan) manat pulun alınaraq iddiaçının xeyrimə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə tərəfimdən cavabdehin ona iddia tələbi həcmində borclu olmasını nəzərə almamışdır. Məhkəmə iddianı tamamilə təmin etməli idi. Beləliklə iddiaçının əsaslı iddiasını tam təmin etmək əvəzinə qismən təmin etmişdir, qətnaməsini formal mülahizələrlə bir cümlə ilə əsaslandırmağa calışmışdır. Belə ki, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi ondan ibarətdir ki, məhkəmə nəzərə almamışdır ki, onun iddia tələbi tamamilə əsaslı olduğu halda məhkəmə iddianı qismən təmin etmişdir. Məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi ondan ibarətdir ki, məhkəmə iddia verilərkən yalnız cavabdehin mövqeyindən çıxış etmişdir, iddiaçının, yəni, onun mövqeyi ilə maraqlanmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, verilmiş apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddiasının tam təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdehlə 44 günlük Vətən Müharibəsində birgə iştirak etmiş və tanışlıqları da oradan yaranmışdır. Cavabdeh ondan borca pul istəmiş o da bankdan 3000 manat kredit götürərək 2 ay sonra qaytarmaq şərtilə ona vermişdir. Lakin cavabdeh bu günədək ona olan borcunu geri qaytarmamışdır. Cavabdeh yalnız bankdan götürmüş olduğu pulun faizlərindən ödəniş etmişdir. Həmin ödənişlərin məbləği 1220 manat təşkil etmişdir. Yenə də qeyd edir ki, cavabdeh ona vermiş olduğu 3000 manat borcdan heç bir pul vəsaitini ona qaytarmamış, yalnız həmin pulun faiz hissəsindən 1220 manat ödənişlər etmişdir. Həmçinin qeyd etmişdir ki, cavabdehlə aralarında Bankdan götürmüş olduğu pulun faizinin ödənilməsi ilə bağlı hər hansı razılaşma olmamışdır. Cavabdehə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində Füzuli rayon məhkəməsinin xx.xx.2024cü il tarixli iş 2(064)1267/2024 saylı qətnaməsinin qismən “İddia qalan hissədə təmin edilməməsi” hissəsində ləğv edilməsini xahiş etməklə o qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə qismən yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -740.3-cü maddəsinə əsasən borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3cü maddəsinə əsasən hesablanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. İş materiallarında olan Unibank ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı 3000 manat pul kredit götürmüşdür. Sabunçu rayon Polis İdarəsinə Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, o, bildirmişdir ki, İddiaçı 3000 manat borc pul almışdır. Həmin borcdan 2 ilə yaxın ödəniş etmişdir. Hazırda onun iddiaçiya cəmi 1780 manat borcu vardır. Göründüyü kimi iddiaçı vermiş olduğu iddia tələbi üzrə cavabdehdən pulunu tələb edir. Birinci instansiya məhkəməsi iddianı 1780 manat hissədə qismən təmin etmişdir. İddiaçı qətnamə ilə razılaşmamış və apellyasiya şikayəti vermişdir. Şikayətin dəlili ondan ibarətdir ki, qətnamə ilə onun iddia tələbi tam təmin olunmayıb. Kollegiyanın iclası zamanı iddiaçı göstərmişdir ki, cavabdehlə 44 günlük Vətən Müharibəsində birgə iştirak etmiş və tanışlıqları da oradan yaranmışdır. Cavabdeh ondan borca pul istəmiş o da bankdan 3000 manat kredit götürərək 2 ay sonra qaytarmaq şərtilə ona vermişdir. Lakin cavabdeh bu günədək ona olan borcunu geri qaytarmamışdır. Cavabdeh yalnız bankdan götürmüş olduğu pulun faizlərindən ödəniş etmişdir. Həmin ödənişlərin məbləği 1220 manat təşkil etmişdir. Yenə də qeyd edir ki, cavabdeh ona vermiş olduğu 3000 manat borcdan heç bir pul vəsaitini ona qaytarmamış, yalnız həmin pulun faiz hissəsindən 1220 manat ödənişlər etmişdir. Həmçinin qeyd etmişdir ki, cavabdehlə aralarında Bankdan götürmüş olduğu pulun faizinin ödənilməsi ilə bağlı hər hansı razılaşma olmamışdır. Göründüyü kimi iddiaçı cavabdehə 3000 manat verməsini qeyd edir və cavabdeh tərəfindən ona və banka 1220 manat ödənişlər etdiyini bildirir. Cavabdeh 1220 manatı ona borc olaraq verilmiş 3000 manat üzrə ödənişlər etdiyini bildirsə də iddiaçı həmin ödənişlərin faiz ödənişləri olmasını iddia edir. Müəyyən edilir ki, iddiaçı cavabdehə 3000 manat borc pul vermiş, cavabdeh həmin puldan iddiaçıya 1220 manat geri ödənişlər etmiş və hazırda cavabdehin iddiaçıya 1780 manat borcu qalmışdır. Cavabdehin 1220 manat ödənişlər etməsini iddiaçı kollegiyanın iclası zamanı özü də etiraf edərək qəbul etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Müəyyən edilir ki, iddianın mübahisələndirilən hissəsi 5000 manatdan çox deyil, buna görə də iddiaçı qətnamədən kassasiya şikayəti verə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(064)-1267/2024 saylı qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş rüsum məbləği iddiaçıya aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar