Məhkəmə qərarları › İş №2(106)-374/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-374/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-374/2023 28.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1 iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: 22 noyabr 2021-ci il tarixli, RGTK4435241A219 saylı kredit müqaviləsinə uyğun olaraq İddiaçı ASC tərəfindən Cavabdeh 72 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə 5849,06 manat məbləğində kredit verilmişdir. Hazırkı tələbində İddiaçı ASC tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" ASC-nin xeyrinə 5849,06 manat əsas borc, 1040,77 manat faiz borcu, cəmi 6889,83 manat borcun və 88,89 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Masallı Rayon Məhkəməsinin (hakim F.Əliyev) 17 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 22 noyabr 2021-ci il tarixli, RGTK4435241A219 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 5849,06 manat, faiz borcuna görə 1040,77 manat və dövlət rüsumuna görə 88,89 manat, cəmi 6978 (altı min doqquz yüz yetmiş səkkiz) manat 72 qəpik məbləğində pul tutularaq "xxxx" ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə borcun məbləğini araşdırmamışdır, halbuki məhkəmə tərəflərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. Prosessualməsələlər İddiaçının nümayəndəsi apellyasiya baxışında iştirak etməmiş, məhkəməyə ərizə göndərərək, iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlər məhkəməyə təqdim etdiyini, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, onun iştirakı olmadan məhkəmənin keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında müvafiq kredit müqaviləsi bağlanmışdır. Belə ki, 22 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə uyğun olaraq iddiaçı Bank tərəfindən cavabdehə 72 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə 5849,06 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin mövcudluğu mübahisəli deyil. Təqdim edilmiş sənədlərdən görünür ki, borcun ödənilməsində pozuntular olduğuna, müqavilə şərtlərinə əməl edilmədiyinə görə, Bank əvvəlcə yazılı surətdə cavabdehdən borcunu tələb etmiş, borcun ödənilməsi təmin edilmədiyindən məhkəməyə müraciət etmişdir. İddiaçı borcunu vaxtından əvvəl tələb etmiş, bununla da iddiaçı mahiyyətcə müqavilə şərtlərinə vaxtından əvvəl xitam verilməsini istəmişdir. Cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulmasına yol verildiyi halda iddiaçının tələbi keçərlidir. İşin hallarından görünür ki, cavabdeh (borclu) borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdeh borcunu qrafikə uyğun olaraq vaxtında ödəməməklə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçının xəbərdarlığına baxmayaraq, mövcud borcunu ödəmədiyindən bu icranı gecikdirmə sayılmalıdır. Ona görə də iddiaçı kredit borcunu və borca hesablanmış faizi haqlı olaraq tələb etmiş, məhkəmə də tələbi təmin etmişdir. Cavabdeh apellyasiya şikayətində ümumi olaraq məhkəmənin borcun məbləğini araşdırmadığını, tərəflərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsini vurğulamış, lakin şikayətini konkret dəlillərlə əsaslandırmamışdır. Cavabdeh borcun mübahisələndirilməsi ilə, yaxud müvafiq ekspertiza təyin edilməsi ilə bağlı konkret dəlil irəli sürmədiyindən Kollegiya ekspertiza təyin edilməsi ilə bağlı əsas tapmamışdır. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, e-2(050)-2978/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar