Məhkəmə qərarları › İş №2(106)-376/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-376/2024

27.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-376/2024 27.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), X7 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(064)-862/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(064)-862/2023 saylı qətnaməsi ilə (hakim Yaşar Həşimov) iddia qismən təmin edilərək, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli 2(020)-394/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş və birgə nikahdan olan uşaqları 08 yanvar 2017-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək xx.xx.2019-cu il tarixdən başlayaraq saxlanılması üçün hər ay iddiaçının xeyrinə cavabdehin gəlirinin 1/3 hissəsi qədər aliment tutulması qət olunmuşdur. Hal-hazırda uşaqların böyüməsi, sağlamlıq və tərbiyə edilməsi, təhsillə əlaqədar zəruri və digər xərclər, həmçinin qayğısına qalınması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment kifayət etmir. Belə ki, yuxarıda qeyd olunan qətnamə ilə birgə nikahdan doğulmuş X6 və X1 üçün qət edilən aliment məbləği bugünki günün iqtisadi göstəriciləri ilə uzlaşmır. Qiymətlərin qalxması və digər zəruri amillər uşağın maddi təminatlarının artmasına səbəb olmuşdur. Əli və Raulun saxlanılmasında onun bir valideyn kimi iştirak etməsinə baxmayaraq, övladlarının maddi təminatlarının təminində bəzi problemlərlə üzləşir. X6 və X3 maddi təminatlarının təmini onunla yanaşı cavabdehin də vəzifə borcudur. Uşaqların saxlanılmasında onun iştirakından başqa qətnamə ilə müəyyən edilmiş məbləğ çox azlıq təşkil edir. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, atası xəstədir və yeriyə bilmir. Evin yeganə qazanc gətirəni odur və valideynlərinə baxmaq məcburiyyətindədir. Onun məhkəmə qətnamələri ilə Fuad Əsgərova 16000 manat və İddiaçı isə 15.608.5 manat borcu vardır və həmin məhkəmə qətnamələri ilə kəsilmiş pullar hər ay onun əmək haqqından tutulur. Məhkəmə qaydasında əvvəl kəsilmiş alimenti ödəməyə etiraz etmir, lakin iddiaçının tələb etdiyi və qətnamə ilə müəyyən edilən 340 manat məbləğində alimenti ödəməyə imkanı yoxdur. Əvvəlki məhkəmə qətnaməsi ilə hər uşağa görə gəlirlərin üçdə bir hissəsi müəyyən edilmişdir. Bu formada alimenti bir təhər ödəmək olur və alimentin həmin səviyyədə saxlanması onun yaşaması üçün şərait yaradardı. İmkanı olduqca uşaqlarına daha yaxşı baxır və hər dəfə görüşəndə uşaqların yaxşı yaşaması üçün əlavə xərclər çəkir. Özü Beyləqanda yaşayır, lakin uşaqlar Füzuli rayonunda olduqları üçün hər həftə gedib gəlmək və görüş üçün daha çox xərci çıxır. Dəfələrlə Füzuli rayonu İcra və Probasiya Şöbəsinin əməkdaşları xəbərdarlıq etsələr və çağırıb izahatlarını alsalar da, iddiaçı və anası onun övladları ilə normal görüşməsinə şərait yaratmırlar. Qanunvericiliyin tələbinə əsasən ana və ata uşaqların tərbiyəsi, təhsili, sağlamlığı, mənəvi inkişafı və digər işləri ilə məşğul olmaqda eyni hüquqa malikdirlər. O, ata kimi üzərinə düşəni lazımınca yerinə yetirir, yaxşı təhsil almaları üçün bütün tədbirləri görür. Eyni zamanda, uşaqların saxlanması üçün ana da işləməli və uşaqları saxlamaq üçün dəstək olmalıdır. Şikayətə əlavə etdiyi sənəddən də göründüyü kimi, İddiaçı yüksək səviyyədə ünvanlı sosial yardım alır. Qətnamədə onun gəlirinin artmadığı və yaşayış səviyyəsinin qalxmadığı qeyd edilsə də, aliment əsassız olaraq artırılmışdır. Hakim sübutlar araşdırmadan, yəni ən azından iddiaçının ünvanlı sosial yardım alıb-almamasını araşdırmamış və bu barədə müvafiq dövlət orqanlarına sorğu yönəltməmişdir. Aliment elə məbləğdə müəyyən edilməlidir ki, onu əlverişsiz vəziyyətə salmasın. Xəstə bir insan kimi valideynləri, həm də özü yaşaya bilsin. Ailəsi və o, çətinliklə aylıq xərclərini təmin edirlər. Ailənin yükünün bir hissəsi də onun üzərindədir. Məhkəmə alimenti artırarkən onun və valideynlərinin işsizliyini, yaşamaq üçün işinin olmamasını, ağır xəstə olmaqla əmək qabiliyyətinin olmamasını, yəni maddi və ailə vəziyyətini nəzərə alaraq ona daha az miqdarda aliment kəsməlidir. Əlavə olaraq, özü də güclü diabetli şəkər xəstəliyindən əziyyət çəkir. İşə baxılarkən hakimlər onu da nəzərə almalıdırlar ki, həyatını davam etdirmək üçün o, yenidən ailə qurmalıdır. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı işləyir, hazırlıqla məşğul olur və ünvanlı sosial yardım alır. İddiaçının anası da işləyir, maddi imkanları yaxşıdır. Özü Beyləqan rayonunda hərbçi işləyir və aylıq maaşı 809 manat məbləğ təşkil edir. Həmin məbləğin hər ay 72 manatını kirayə haqqı, 62 manatını yemək pulu üçün ödəyir, 40% isə xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı tutulur. Bütün tutulmalar və xərclər çıxılmaqla ona aylıq cəmi 327 manat məbləğdə pul qalır. Özü şəkər xəstəsidir və müalicə alır. Himayəsində xəstə ata və anası var. Vətən müharibəsi iştirakçılarına aylıq ödənilən 80 manat məbləğində pulun yükləndiyi kartı dostu olan şəhid ailəsinə hədiyyə etmişdir. 16000 manat məbləğində krediti və aliment öhdəliyi var. Əlavə olaraq, övladları ilə görüşə bilmir və uşaqların təsir altında olduğunu düşünür. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı anasıdır. Qızı məcburi köçkündür. İddiaçı özü 3-cü kurs tələbəsidir və Mingəçevir şəhərində universitetdə oxuyur. Onun yol xərcləri kifayət qədər çoxdur. İşə 1 aydır ki, qəbul olmuş, amma maaşı hələ ki, əmək haqqı kartına köçməmişdir. Aldığı əməkhaqqından başqa gəliri yoxdur. İşlədiyi üçün ünvanlı sosial yardım da almır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Füzuli Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(064)-862/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Beyləqan Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli 2(020)-394/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş və birgə nikahdan olan uşaqlar - 08 yanvar 2017-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək xx.xx.2019-cu il tarixdən başlayaraq saxlanılması üçün hər ay iddiaçının xeyrinə cavabdehin gəlirinin 1/3 hissəsi qədər alimentin tutulması qət olunmuşdur. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1 və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Habelə “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu baxımdan qeyd edilməlidir ki, alimentin miqdarı müəyyən olunarkən tərəflərdən hər birinin ailə və ya maddi vəziyyəti nəzərə alınmalı, məhkəmə tutulacaq alimentin miqdarının tərəflərin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında özünün şəkər xəstəsi olduğunu, himayəsində xəstə valideynlərinin olduğunu və aylıq 809 manat əməkhaqqından tutulmalar çıxılmaqla 327 manatla dolandığını bildirsə də, kollegiya, qeyd edir ki, sadalanan hallar valideyni uşaqları saxlamaq vəzifəsindən azad etmir. Eləcə də, yuxarıda qeyd edilən qanundan da göründüyü kimi ölkə üzrə bir uşağa görə 2024-cü il üçün yaşayış minimumu 235 manatdır. Birinci instansiya məhkəməsi cavabdehin qeyd etdiyi xüsusatları nəzərə alaraq bir uşaq üçün 170 manat məbləğində aliment müəyyən edilməsini ağlabatan hesab etmişdir. Qeyd edilməlidir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən şəxsin gəlir məlumatları barədə edilmiş çıxarışdan görünür ki, Cavabdeh vətən müharibəsi iştirakçısı olduğu üçün aylıq 80 manat məbləğində pensiya alır. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında həmin məbləğin yüklü olduğu kartı dostuna hədiyyə etdiyini bildirsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən sözügedən gəlir məlumatlarından müəyyən edilir ki, iddiaçı Çəmənli X2 Regional Təhsil İdarəsində “tərbiyəçi, uşaq bağçaları/peşəkar” vəzifəsində işləyir və aylıq əməkhaqqı 458 manat məbləğ təşkil edir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçının aylıq ünvanlı sosial yardım aldığını qeyd etsə də, iş materiallarına əlavə edilmiş müvafiq çıxarışdan müəyyən edilir ki, İddiaçı Füzuli rayon üzrə ünvanlı yardım alanların siyahısına daxil edilmiş, həmin sosial yardımın başlama tarixi xx.xx.2022-ci il, bitmə tarixi isə xx.xx.2023-cü il tarix olaraq qeyd edilmişdir. Buradan da görünür ki, iddiaçı artıq ünvanlı sosial yardım almır. Birinci instansiya məhkəməsi yetkinlik yaşına çatmayan uşaqların mənafelərini, yəni onların artıq böyüyərək tələbatlarının artmasını, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, iddiaçı ananın özünün də uşaqlarını saxlamaq vəzifəsinin olmasını və sair diqqətəlayiq halları nəzərə alaraq iddia tələbinin qismən təmin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekun dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair hazırkı iddiasının qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, cavabdehin verdiyi apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, Füzuli Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(064)-862/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası diqqətə çatdırır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Hornsby Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 217, 218, 372, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(064)-862/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar