Məhkəmə qərarları › İş №2(106)-38/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-38/2024

16.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-38/2024 16.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Kəmaləddin oğlunun, cavabdehlərdən Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yetirilmiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(022)-825/2022 saylı qətnaməsindən (hakim P.Əhmədov) cavabdehlərdən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yetirilmiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, əmlakına dəymiş ziyan nəticəsində təmir üçün çəkilmiş 19363 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı sığorta tərəfindən ödənilən 4670 manat vəsait hissədə tələbinin həcmini azaldaraq, cavabdehlərdən 14843 manat məbləğində maddi zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 0.0314 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir və etibarnamə üzrə oğlu Nümayəndə Kəmaləddin oğlunun istifadəsindədir. Həmin qeyri-yaşayış sahəsinin önü tərəfindən təmir edilmiş, ora “Cam balkon” və tac formasında Terrasa giriş yığılmışdır. 18 dekabr 2021-ci il tarixdə Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi Cavabdeh2 məxsus **-EZ-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək ona məxsus “Təndir” restoranına çırpılmış və nəticədə onun əmlakına külli miqdarda ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq araşdırılma aparılmış, Sumqayıt şəhəri polis idarəsinin təhqiqat şöbəsi tərəfindən 29 dekabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi, Sumqayıt şəhər DYPŞ tərəfindən Cavabdeh1 təqsirli bilinməsi barədə TP ******* saylı qərar qəbul edilmişdir. Etibarnamə üzrə nümayəndəsi və oğlu Nümayəndə tərəfindən dəymiş ziyanın müəyyən olunması üçün "xxxx" MMC-yə müraciət edilmiş və əmlakına 19363 manat dəyərində maddi ziyan vurulduğu müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. 22 sentyabr 2022-ci il tarixində keçirilən məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, cavabdehlərdən cəmi 14843 manat məbləğində pul tələb edir. Hadisə Cavabdeh1 tərəfindən 18 dekabr 2021-ci il tarixdə törədilmiş, hadisədən dərhal sonra Nihadla əlaqə saxlamağa və dəymiş ziyanın ödənilməsinə cəhd etsə də, Nihad onunla görüşməmiş və ziyanın ödənilməsi üçün heç bir addım atmamışdır. Hadisədən 1 aya yaxın müddət keçsə də, Nihad ziyanı ödəməyə gəlməmişdir. Zərər dəyən obyekt isə Novxanı kəndində dənizə yaxın ərazidə yerləşdiyindən yüksək gəlir gətirməsi səbəbindən öz gəlirindən məhrum olmuşdur. Cavabdeh1 ilə əlaqə saxlamaq və onu tapmaq mümkün olmadığı üçün hadisədən bir ay sonra "xxxx" MMC-yə müraciət edilmişdir. Həmin MMC-nin rəyinə əsasən əmlaka 19363 manat dəyərində maddi ziyan vurulduğu müəyyən edilmişdir. Cavabdeh1 heç bir tədbir görməməsi səbəbindən məcbur qalıb həmin obyekti özləri təmir etmiş və başqa şəxsə satmışlar. Hazırda həmin obyekt başqa şəxsin mülkiyyətindədir. "xxxx" MMC-nin rəyinə əsasən dəymiş ziyanın müəyyən hissəsini sığorta şirkəti qarşıladığı üçün iddia tələbinin həcmini azaldaraq, cavabdehlərdən 14843 manat məbləğdə pul tələb edir. 22 sentyabr 2022-ci il tarixində keçirilən məhkəmə baxış iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, dəymiş ziyan nəticəsində çəkilmiş xərcin əvəzi qismində 19363 manat məbləğində pul vəsaitinin müəyyən hissəsini sığorta şirkəti ödədiyi üçün, həmin ziyan məbləğinin qalan hissəsi ilə razıdır. Həmin hadisəni qəsdən törətməmişdir. İddiaçıya ziyan ehtiyatsızlıqdan baş vermiş avtoqəza nəticəsində vurulmuşdur. 12 oktyabr 2022-ci il tarixində keçirilən məhkəmə baxış iclasında Cavabdeh1 əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC rəy verərkən iştirak etməmişdir. Belə ki, dəymiş ziyanın nə qədər olmasını dəqiq bilmir. Hadisə ilə ona görə maraqlanmamış və dəymiş ziyanın məbləğini hesablayarkən orada olmamışdır ki, barəsində polis əməkdaşları protokol tərtib edərkən “məsələnin bitdiyini” bildirmişlər. Məhz bu səbəbdən hadisə ilə maraqlanmamışdır. Biləsuvar Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(022)-825/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh1 əmlaka dəymiş ziyan nəticəsində təmir üçün çəkilmiş xərcin əvəzi qismində 14843 (on dörd min səkkiz yüz qırx üç) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1 və 1108.1-ci maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, hadisə Cavabdeh1 tərəfindən **-EZ-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə törədilmişdir, sonuncu həmin avtomobili qanuni əsaslarla (etibarnamə ilə) idarə edən şəxs olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, eksperiza təyin olunmaqla əmlaka yetirilmiş real zərərin məbləğinə uyğun qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsalandırılmışdır ki, qeyd edilmiş ziyan avtoqəza hadisəsi nəticəsində baş vermişdir. Lakin əmlaka qeyd edilmiş miqdarda ziyan dəyməmişdir. Əmlaka dəymiş ziyan bütünlüklə təmir işləri nəzərə alınmaqla 5000 manata qədər olar. Ziyan süni şəkildə şişirdilərək 19363 manata qədər əsassız artırılmışdır. İdarə etdiyi avtonəqliyyat vasitəsinin sığortası olduğundan, sığorta şirkəti tərəfindən 4673.26 manat ödəniş edilmişdir. Hazırda ziyana və təmir işlərinə görə mülkiyyətçiyə 326.74 manat borcu vardır. Ziyan qeyd etdiyi məbləğdən artıq ola bilməz. Buna görə də hesab edir ki, apellyasiya baxışında Biləsuvar Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilərək ondan 326.74 manatın alınıb tələbkara verilməsi barədə qəarar qəbul edilməlidir. Həmçinin qeyd edilməlidir ki, "ARTCON” MMC-dən alınmış 18 yanvar 2022-ci il tarixli qiymətləndirmə hesabatı sübut kimi qəbul edilə bilməz. Çünki qanunun tələbi baxımından mütəxəssisin qiymətləndirmə hesabatı sübut kimi qəbul edilməsi yolverilən deyildir. Qətnamə qəbul edən birinci insdtansiya məhkəməsi bunu nəzərə almamışdır. Qətnamədə qeyd edilmişdir ki, guya bildirmişdir ki, hadisədən sonra ziyanla maraqlanmamışdır. Əslində hadisədən sonra sığorta şirkətininin nümayəndəsini hadisə yerinə dəvət etmişdir. Onlar hadisə yerinə dərhal gələrək araşdırma aparmış, obyektə dəymiş ziyanın 5000 manat civarında olmasını, ziyana görə sığorta şirkəti tərəfindən 5000 manata yaxın mülkiyyətçiyə sığorta haqqı ödəniləcəyini bildirmişlər və mülkiyyətçi bunula razılaşmışdır. Sığorta şirkəti tərəfindən pul ödənildiyindən dedilər ki, məsələ bunula da bitdi. Lakin sonradan İddiaçı iştirakı və məlumatı olmadan hazırkı mütəxəssis rəyini qeyri-qanuni yolla alaraq məhkəmədə ondan 19363 manat pul tələbi barədə iddia qaldırmış, daha sonra isə iddia tələbini dəqiqləşdirərək iddiasının həcmini 14843 manata endirmişdir. Qiymətləndirmə zamanı iştirakı təmin edilməmişdir. Əgər ziyan tərəfindən vurulmuşdursa, ziyan müəyyən edilərkən iştirakı təmin edilməli idi. İştirakı təmin edilmədiyindən hesab edir ki, qanunla qorunan hüquqları pozulmuşdur. Mülki iş üzrə yalnız ekspert rəyi sübut kimi qəbul edilə bilər. Lakin göründüyü kimi, ziyanla bağlı müvafiq ekspert rəyi alınmamışdır. Qərar qəbul edən məhkəmə isə bunu nəzərə almamışdır. Lakin məhkəmə qətnamədə göstərmişdir ki, guya yenidən qiymətləndirmə aparılmasını tələb etməmişdir. Bu tamamilə yalnış fikirdir. Məhkəmədə yenidən obyektə baxaraq ziyanın yenidən dəqiq olaraq hesablanmasını xahiş etmişdir. Lakin məhkəmə qətnamədə fikrini təhrif etmişdir. Heç bir vaxt bildirməmişdir ki, ziyanla bağlı rəylə razıdır. Həmişə demişdir və hazırda da bildirir ki, ziyan həddindən artıq şişirdilib. Əgər obyektə 19363 manat ziyan dəysəydi, sığorta ödənişi ilə bağlı aktda bu mütləq qeyd edilməliydi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh1 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə Kəmaləddin oğlu apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsi vasitəsilə təmsil olunmamışdır və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini zərərin müəyyən olunan məbləği hissədə mübahisələndirir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdkılar müəyyən edilir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13 iyul 2017-ci ildə verilmiş **********21 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri Novxanı bağ massivi 1540E ünvanında yerləşən 0.0314 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur; Sumqayıt şəhər DYPŞ-nin 16 fevral 2022-ci il tarixli TP ******* saylı “İnzibati tənbehvermə haqqında” qərarından görünür ki, “Mercedes Benz E230 minik” markalı **- EZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 18 dekabr 2021-ci il tarixində saat 02:45-də əks istiqamətli hərəkət zolağına çımadan manevr etməsi nəticəsində baş vermiş yol nəqliyyat hadisəsinə görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinmiş, barəsində 40 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; Müstəqil qiymətləndirici "xxxx" MMC-nin 18 yanvar 2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, 18 dekabr 2021-ci il tarixdə Cavabdeh1 tərəfindən İddiaçı mülkiyyətində və oğlu Nümayəndə Kəmaləddin oğlunun istifadəsində olan ünvan 1 ünvanda yerləşən 0.0314 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsinə ümumilikdə 19363 manat dəyərində maddi ziyan yetirilmişdir; Mülki işin apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4120 saylı 2 noyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən, **********21 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş qeyriyaşayış sahəsi (Təndir restoranı) ilkin vəziyyətdə saxlanılmadığından, faktiki olaraq təmir edildiyindən, qeyri-yaşayış sahəsinin divarlarında, döşəməsində, tavanında hər hansı bir qüsur olmadığından, ekspertiza qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Aparlmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir; Mülki işin apellyasiya baxışı zamanı iş materiallarına əlavə edilmiş zərərə məruz qalan qeyri-yaşayış sahəsinin fotoşəkilləri əsasında rəy verilməsindən ötrü yenidən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunsa da, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti İsa Eyvazzadə “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinə, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimtat”ın 3.2-ci bəndinə istinadla 21 avqust 2024-cü il tarixli məlumatla məhkəmə ekspertizasının aparılmasından imtina etmiş, iş materialları məhkəməyə qaytarılmışdır; Mülki işin apellyasiya baxışı zamanı Dövlət Sığorta Kommersiya Şirkətinə verilən sorğuya alınan cavab məktubu ilə müəyyən edilmişdir ki, şirkətdə icbari qaydada sığortalanmış “Mercedes Benz E230 minik” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi törədərək “Küçə İşıqları” THXS-a məxsus işıq dirəyinə və Nümayəndə Kəmaləddin oğluna məxsus “Təndir” restoranına maddi zərər vurmuşdur. Hadisə nəticəsində “Küçə İşıqları” THXS-a məxsus işıq dirəyinə dəymiş zərər 1353.79 manat, Nümayəndə Kəmaləddin oğluna məxsus “Təndir” restoranına dəymiş zərər isə 19363 manat məbləğində müəyyənləşdirilşmişdir. Zərərçəkənlərə dəymiş ziyanın ümumi məbləği 5000 manatdan artıq olduğuna görə “İcbari sığortalar haqqında” Qanunun 58.3-cü maddəsinə əsasən sığorta ödənişi məbləği onlara dəymiş zərərə görə mütənasib olaraq hesablanmış, “Küçə İşıqları” THXS-a məxsus işıq dirəyi üzrə 362.74 manat, Nümayəndə Kəmaləddin oğluna məxsus “Təndir” restoranı üzrə4673.26 manat sığorta ödənişləri faydalanan şəxslərin bank hesablarına köçürülmüşdür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2 maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin qərarında verilmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 21-ci maddəsinin müddəalarına əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin məzmununa görə, öhdəliyin əmələ gəlmə əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 81-ci maddəsinə əsasən, həmin qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1 maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və.i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cavabdehin apellyasiya şikayətinin dəlillərini iş materiallarında olan sübutlarla birlikdə tədqiq edən kollegiya hesab edir ki, yetərincə uzun müddət ərzində aparılan araşdırmalar nəticəsində apellyasiya şikayətinin dəlilləri təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin dəlilləri üzrə aparılan araşdırmalar çərçivəsində ilk dəfə təyin olunmuş məhkəmə ekspertizasının rəyinə əsasən zərərə məruz qalmış qeyri-yaşayış sahəsinin təmir olunması səbəbilə yetirilən zərərin məbləğinin müəyyən olunması mümkün olmamışdır. Qeyri-yaşayış sahəsinin fotoşəkilləri əsasında isə ekspert rəyi verməkdən imtina etmişdir. Bununla belə yol nəqliyyt hadisəsi törədilən minik avtomobilinin icbari qaydada sığortalanmış olduğu Dövlət Sığorta Kommersiya şərkətinin rəsmi məlumatı və təqdim etdiyi sənədlərlə müəyyən edilmişdir ki, hadisə nəticəsində “Küçə İşıqları” THXS-a məxsus işıq dirəyinə və Nümayəndə Kəmaləddin oğluna məxsus “Təndir” restoranına maddi zərər vurulmuşdur. “Küçə İşıqları” THXS-a məxsus işıq dirəyinə dəymiş zərər 1353.79 manat, Nümayəndə Kəmaləddin oğluna məxsus “Təndir” restoranına dəymiş zərər isə 19363 manat məbləğində müəyyənləşdirilşmişdir. Zərərçəkənlərə dəymiş ziyanın ümumi məbləği 5000 manatdan artıq olduğuna görə “İcbari sığortalar haqqında” Qanunun 58.3-cü maddəsinə əsasən sığorta ödənişi məbləği onlara dəymiş zərərə görə mütənasib olaraq hesablanmış, “Küçə İşıqları” THXS-a məxsus işıq dirəyi üzrə 362.74 manat, Nümayəndə Kəmaləddin oğluna məxsus “Təndir” restoranı üzrə 4673.26 manat sığorta ödənişləri faydalanan şəxslərin bank hesablarına köçürülmüşdür. Cavabdeh isə apellyasiya şikayətində yetirilən zərərin məbləğinin sığorta əməkdaşları tərəfindən 5000 manatdan az müəyyən edildiyini bildirirdi. Bundan başqa apellyasiya şikayətinin dəlillərinin təsdiqi kimi yetirilən zərərin daha aşağı məbləğdə olmasına dair cavabdeh tərəfindən hər hansı bir sübut verilməmişdir. Hərçənd ki, Cavabdeh1 22 sentyabr 2022-ci il tarixində birinci instansiya məhkəməsində keçirilən məhkəmə baxış iclasında zərərin məbləği hissədə iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, dəymiş ziyan nəticəsində çəkilmiş xərcin əvəzi qismində 19363 manat məbləğində pul vəsaitinin müəyyən hissəsini sığorta şirkəti ödədiyi üçün, həmin ziyan məbləğinin qalan hissəsi ilə razıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən zərərin məbləği hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinə daha az məbləğdə real zərərin vurulması ilə bağlı sübutlar verilmədiyindən, iddianı işdə olan sübutlar əsasında qismən təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat ekspertiza xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(022)-825/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat ekspertiza xərci Cavabdeh1 alınaraq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar