Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-381/2023 14.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, Cavabdeh nümayəndəsi vəkil İsmayılova Günay Abid qızının iştirakları ilə, İddiaçı 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı təbiətə vurulmuş zərərə görə 5120 manat miqdarında ziyan tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(049)-2843/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi vəkil İsmayılova Günay Abid qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(049)-2843/2022 saylı qətnaməsi ilə (hakim Toğrul Məmmədov) iddia təmin edilərək Cavabdeh 5120 manat ziyan pulunun alınaraq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin benefisiar (alan) bank hesabına (DXA kod: 210005, VOEN **********, müxbir hesab AZ 41NABZ**********00003944, S.W.İ.F.T BİK CTREAZ 22 müştəri hesabı AZ02CTRE**********000 ******* VÖEN **********, təsnifat kodu 142330, kod 1) ödənilməsi və Cavabdeh 71,2 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi vəkil İsmayılova Günay Abid qızı tərəfindən Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(049)-2843/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək, qətnamənin tam ləğv edilməsi xahiş edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin iddiası onunla əsaslandırılmışdır ki, İdarənin əməkdaşları tərəfindən keçirilən xidməti reyd zamanı Lənkəran rayonunun Ləj kəndi ərazisində yerləşən məscidin həyətində 15 ədəd “sərv cinsli ağacların kəsilməsi aşkar edilmiş, həmin faktla əlaqədar 74201 saylı akt tərtib edilmiş və təbiətə vurulmuş ziyanın məbləği 5120 manat məbləğ müəyyən edilmişdir. Törədilmiş əməldə cinayət tərkibi olduğu üçün tərtib olunmuş materiallar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekologiya Təhlükəsizlik Xidmətinə göndərilmişdir. Xidmət tərəfindən həmin sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş və cinayət işi başladılmışdır. Aparılmış istintaq nəticəsində ağacları kəsən şəxsin 12 noyabr 1983-cü il tarixdə Lənkəran rayonu Ləj kəndində anadn olmuş və həmin ünvanda qeydiyyatda olan vətəndaş Cavabdeh olması müəyyən edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona Lənkəran Rayon Məhkəməsi tərəfindən 6000 manat məbləğində cərimə cəzası təyin edilmiş, ancaq təbiətə dəymiş 5120 manat dəyərində ziyanın əvəzinin ödənilməsi üçün heç bir tədbir görülməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh nümayəndəsi vəkil İsmayılova Günay Abid qızının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsi hazırkı iş üzrə iddia ərizəsi mülki prosessual qanunvericiliyə uyğun tərtib edilmədiyi üçün onu icraata qəbul etməyərək geri qaytarılmalı idi. Belə ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi MPM-in 149-cu maddəsində nəzərdə tutulmuş formaya əməl etməyərək iddia ərizəsini məhkəməyə göndərib və Lənkəran Rayon Məhkəməsi də MPM-in 152.1.1-ci maddəsini pozaraq iddia ərizəsini icraata qəbul edərək qətnamə qəbul etmişdir. Eyni zamanda, vəkilin işdə iştirakına şərait yaradılmalı idi. Ancaq məhkəmə bunları nəzərə almadan qətnamə çıxarmışdır. Belə ki, vətəndaş Cavabdeh ilə müqavilə bağlayaraq işə qoşulmağı barədə elektron kabinet vasitəsi ilə müraciət göndərərək işə buraxılmağını, eyni zamanda işin təxirə salınmasını xahiş etmişdir. Belə ki, həmin tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində əvvəlcədən təyin edilmiş proses olmuşdur. Ancaq onun müraciəti nəzərə alınmadan 29 noyabr 2022-ci il tarixində qətnamə çıxarılmışdır. Məhkəmə bu maddi hüquq normasını pozub, çünki cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya üzrsüz olduqda məhkəmə cavabdeh olmadan işə baxmağa haqlıdır. Ancaq bu normanı Lənkəran Rayon Məhkəməsi düzgün tətbiq etməmişdir. Cavabdeh məhkəmədə təmsilçilik üçün onunla müqavilə bağladığı üçün prosesə getməmiş və o, da gələ bilməməyinin üzrlü olması barədə məhkəməyə əvvəlcədən məlumat vermişdir. Cavabdeh nümayəndəsi vəkil İsmayılova Günay Abid qızı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(049)-2843/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, iş üzrə Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(049)-2843/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan ş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran Rayon Məhkəməsinin 1(049)-230/2022 saylı 04 may 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 6000 (altı min) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Həmin hökmdə təqsirləndirilən şəxs Cavabdeh cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının zərərçəkmiş şəxsin nümayəndəsi Əhmədov Elnur Təyyar oğluna izah edilməsi göstərilmişdir. Həmin hökmdən görünür ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2022-ci il tarixli 9/1401 saylı rəyinə əsasən sərv cinsli diametrləri 14 sm ölçüdə 01 ədəd, 16 sm ölçüdə 05 ədəd, 18 sm ölçüdə 02 ədəd, 20 sm ölçüdə 05 ədəd, 22 sm ölçüdə 02 ədəd, ümumilikdə 15 ədəd ağacın köküstə yaş olmaqla qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 5120 manat müəyyən edilmişdir. Habelə, hömdə olan 05 yanvar 2022-ci il tarixli 74201 saylı aktdan görünür ki, sərv cinsli diametrləri 14 sm ölçüdə 01 ədəd, 16 sm ölçüdə 05 ədəd, 18 sm ölçüdə 02 ədəd, 20 sm ölçüdə 05 ədəd, 22 sm ölçüdə 02 ədəd, ümumilikdə 15 ədəd ağacın köküstə yaş olmaqla qanunsuz kəsilməsi faktı təsdqini tapmışdır. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində təqdim edilmiş və məhkəmədə tədqiq olunan sübutlarla işin müəyyən edilmiş mübahisəsiz hallarına əsasən Cavabdeh tərəfindən sərv cinsli diametrləri 14 sm ölçüdə 01 ədəd, 16 sm ölçüdə 05 ədəd, 18 sm ölçüdə 02 ədəd, 20 sm ölçüdə 05 ədəd, 22 sm ölçüdə 02 ədəd, ümumilikdə 15 ədəd ağac qanunsuz kəsilmiş və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mülkiyyətinə qəsd edilməsi nəticəsində ona 5120 manat məbləğində zərər dəymişdir. Həmin fakt və zərərin məbləği Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2022-ci il tarixli 9/1401 saylı rəyi və digər sübutlara təsdiqini edilmiş və Lənkəran Rayon Məhkəməsinin 1(049)-230/2022 saylı 04 may 2022-ci il tarixli hökmündə öz əksini tapmışdır. MPM-in 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarında olan iddia ərizəsinə nəzər saldıqda onun mülki prosessual qanunvericiliyə (MPM-in 149-cu maddəsinə) əməl edilərək tərtib edildiyi aşkar olunur. Bu baxımdan birinci instansiya məhkəməsi iddia ərizəsini icraata götürərkən haqlı olmuş və qanunun tələbini pozmamışdır. Habelə, diqqətə çatdırılmalıdır ki, MPM-in 149.2.2-ci maddəsinin tələbinə görə iddia ərizəsində – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatlarının (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməsi zəruri şərt deyil, ancaq olduğu halda onların da göstərilməsinin mümkünlüyü ehtiva edilir. Bundan başqa, MPM-in 387.2.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, ləğv edilməlidir. Ancaq işdən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmişdir. İşdə iştirak edən şəxslərin öz hüquqi müdafiəsini qurmaq və təşkil etmək forması onların hüquqi seçimidir. Bu da onun məlumatlandırılmaması, sübut təqdim etmək imkanının məhdudlaşdırılması, yaxud çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri olaraq göstərilən prosessual əsaslarla ləğvi üçün əsaslar müəyyən edilmir. Bununla yanaşı, kollegiya nəzərə almağı zəruri hesab edir ki, MPM-in 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Habelə, qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətində sadalanan dəlilləri hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə də, qeyd edilənlərə əsasən Cavabdeh nümayəndəsi vəkil İsmayılova Günay Abid qızının apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(049)-2843/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 78.1, 89.1, 217.2, 372, 376.2, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh nümayəndəsi vəkil İsmayılova Günay Abid qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(049)-2843/2022 saylı qətnaməsi dəyişdirilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-381/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-381/2023
14.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver