Məhkəmə qərarları › İş №2(106)-390/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-390/2024

26.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-390/2024 26.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «mülkiyyət hüququna müdaxilənin aradan qaldırılması» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)2149/2023 saylı, 21 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 fevral 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən Cavabdeh məxsus olan evin onun həyətinə baxan hissəsində olan pəncərələrinin cavabdehin hesabına bağlanması və ödənilmiş 100 manat dövlət rüsumun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Qonşusu Cavabdeh aralarında olan hasardan təxmini 0.80 sm aralıqda ikimərtəbəli ev tikili inşa etməyə başlamışdır. Onlar ailəvi olaraq Bakı şəhərində yaşadıqları üçün sözügedən evin tikintisi başladığı zaman onun bu barədə məlumatı olmamışdır. 2020-ci ilin iyul ayının əvvəlindən başlayaraq cavabdeh sözügedən evin ikinci mərtəbəsinin tikintisinə başlamışdır. Evin onun evinə demək olar ki, bitişik olması və evin onlara tərəf olan hissəsində 1 ədəd otaq, 2 ədəd sanitar qovşağın pəncərələrinin olması barədə aralarında mübahisə olsa da cavabdeh qanunvericiliyin tələblərini heçə sayaraq tikintiyə davam etmişdir. Bundan sonra tərəfindən xx.xx.2020-ci ildə Lənkəran ŞİH–ə müraciət edilmiş və icra hakimiyyətinin nümayəndəsi tərəfindən tikintiyə dair sənədlər tələb edildikdən sonra məlum olmuşdur ki, cavabdehin ümumiyyətlə tikintiyə dair heç bir sənədi yoxdur. xx.xx.2020-ci il tarixdə tərəfindən Lənkəran şəhər-rayon polis şöbəsinə müraciət edilmişdir. Sahə inspektoru əraziyə baxış keçirdikdən sonra cavabdeh tikintini dayandırdı. Bundan sonra cavabdeh layihəni qanunsuz yolla razılaşdırsa da, şəhərsalma və tikinti normalarına riayət etməyərək tikintiyə davam etmişdir. İcra hakimiyyətinin məsul şəxsləri tərəfindən dəfələrlə ona xəbərdarlıq edilsə də, hər dəfə onlara “kişi sözü” adı ilə yalan vədlər verir, kərpicləri evin içindən düzərək guya bağladığı görüntüsünü yaradır. Lakin bir müddət sonra yenidən həmin kərpicləri götürərək öz çirkin niyyətini ortaya çıxarır. Aleksandr Düma “Qafqaz səfəri”ndə deyirdi: "Elə xalqlar var ki, öz əli ilə imza qoyduğu, möhür vurduğu sənəddən də boyun qaçırır. Azərbaycanlılarda isə kişi sözü var. Onlarla bir şey barədə sövdələşəndə sənəd, imza, möhür tələb etmək lazım deyil. Azərbaycanlı verdiyi sözdən heç vaxt dönməz". Bundan başqa, sanitar qovşağının onların evinə bitişik tikilməsi onun pəncərəsindən gələn pis üfunət qoxusu və su səsləri onun ümumiyyətlə eyvanda oturmağını, öz mülkiyyətindən sərbəst istifadə etməyinə maneə yaradır. Cavabdeh və onun ailə üzvləri ilə qohum olsa da onunla heç bir faktiki münasibəti yoxdur. Sözügedən pəncərələrin olması onun şəxsi həyatına birbaşa müdaxilədir və gələcəkdə daha böyük münaqişələrə yol açacaqdır. Həmin otaqda başqa pəncərənin də olması bunun birbaşa əyani sübutudur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)2149/2023 saylı, 21 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (Hakim:Nicat Ağabəyov), İddiaçı Cavabdeh qarşı «mülkiyyət hüququna müdaxilənin aradan qaldırılması» tələbinə dair iddiasının rədd edilməsi, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu və ekspertiza tədqiqatının dəyərinin İddiaçı aid edilməklə, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Lənkəran Rayon Məhkəməsinin 2(049)2149/2023 saylı, 21 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının və cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Lənkəran Rayon Məhkəməsinin 2(049)2149/2023 saylı, 21 noyabr 2023-cü il tarixli qətnaməsini İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən isə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin rədd edilməsini, iddiaçı tərəfindən onun mülkiyyət hüququnun pozulmasını təsdiq edəcək sübutların təqdim etməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)2149/2023 saylı, 21 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 210.3 kv.m olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 260.5 kv.m olan fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə **********4 qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ əsasında Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədazil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmasından ötrü 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2- 10/6184 №-li, 24 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evə dair tərtib olunmuş Texniki Pasport sənədi təqdim edilmədiyindən iddiaçıya məxsus evin texniki pasporta uyğun inşa edilib- edilmədiyini müəyyən etmək mümkün olmamışdır.Cavabdeh məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin planlı yerləşməsi, ölçüləri və digər texniki parametrlərinin həmin evə dair tərtib edilmiş texniki pasport sənədinə uyğun olduğu və cavabdehə məxsus evin xx.xx.2022-ci il tarixli, **********23-10301 reyestr nömrəli texniki pasporta uyğun inşa edildiyi müəyyən edilmişdir.Cavabdeh məxsus, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə məxus xx.xx.2022-ci il tarixli, **********23-10301 reyestr nömrəli texniki pasport sənədində mübahisələndirilənpəncərələrin (birinci mərtəbə 3 saylı yaşayış otağında, ikinci mərtəbədə 8 saylı sanitar qovşağında və 6 saylı mətbəxdə) nəzərdətutulduğu və həmin pəncərələrin planlı yerləşməsinin texniki pasporta uyğunolduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında mülkiyyət hüqunun müdafiəsi ilə bağlı hüquq münasibəti olmuşdur. İddiaçı cavabdehə məxsus fərdi yaşayış evindən onun yaşayış sahəsinə baxan pəncərələrin cavabdehin hesabına bağlatdırılmasını tələb etmişdir. İddiaçının tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir. təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İddiaçı iddia tələbində cavabdehə məxsus yaşayış sahəsindən onun yaşayış sahəsinə baxan pəncərələrin şəxsi həyatına birbaşa müdaxilə olduğunu və həmin müdaxilənin də gələcəkdə daha böyük münaqişələrə yol açacağını qeyd etmişdir. Lakin iddiaçı mübahisə predmenti olan həmin pəncərələrin hansı səbəblərdən bağlanılmasını, həmin pəncərələrin onun mülkiyyətinə nə kimi məhdudiyyət törətdiyini, bu məhdudiyyətin nədən ibarət olmasını, nəticədə isə mülkiyyət hüquqlarının pozulmasını əsaslandıra bilməmişdir. Kollegiya qeyd edir ki, əgər iddiaçı öz iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim edə bilmirsə və cavabdeh iddianı qəbul etmirsə, məhkəmə üçün əlavə araşdırma aparılması üçün zərurət aradan qalxır və bu halda iddia məhz sübut olunmaması əsası ilə təmin edilməməlidir. Həmçinin iş materiallarından da görünür ki, cavabdehin inşa etdiyi ev öz mülkiyyətində olan torpaq sahəsi daxilindədir və inşa plan sxeminə uyğun həyata keçirilmişdir. Bundan başqa, yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/6184 №-li, 24 oktyabr 2023-cü il tarixli rəyindədə qeyd olunmuşdur ki,Cavabdeh məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin planlı yerləşməsi, ölçüləri və digər texniki parametrlərinin həmin evə dair tərtib edilmiş texniki pasport sənədinə uyğundur və cavabdehə məxsus evin texniki pasporta uyğun inşa edildiyi müəyyən edilmişdir. Eyni zamanda, Cavabdeh məxsus, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə məxus xx.xx.2022-ci il tarixli, **********23-10301 reyestr nömrəli texniki pasport sənədində mübahisələndirilən pəncərələrin nəzərdə tutulmuşdur və həmin pəncərələrin planlı yerləşməsi texniki pasporta uyğundur. Məhkəmə kollegiyası aparılmış dəyərləndirmə üzrə yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin “iddia tələbi təmin edilməməlidir”. mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qərarda təkrarlamağa zərurət görmür. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Lənkəran Rayon Məhkəməsinin 2(049)2149/2023 saylı, 21 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)2149/2023 saylı, 21 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar